Poeziyanın rəngi–rənglərin
poeziyası
və ya Nigar Rəfibəylinin şeirləri
Məryəm Ələkbərovanın
fırçasında
İnsan özünə qapılaraq sözlə ürəyinin, hisslərinin, duyğularının şəklini çəkdiyi an yaranır poeziya. Bu an kainat səninlə həmfikir olur, göylər qəlbinə darlıq edir, yerlər kiçilir gözündə, Tanrı gücü hiss edirsən nəfəsində, qəlbində! Hamı sənə doğma gəlir, sən hamının doğmasına çevrilirsən!
Şübhəsiz, böyük Səməd Vurğun
bu hissləri yaşayaraq
demişdir bu ölməz
misranı: “Allah da çox sevir şeirin səsini!”. Ələlxüsus da bu şeiri
zərif, həssas, incə duyğulu, daxili və zahiri gözəlliklərlə
dolu nəcib bir əsilzadə,
gözəl bir xanım yaza!
Qarşımda
maraqlı bir kitab var. Gözəl, kövrək, həssas çiçəklərlə süslənmiş
bir kitab. Tanınmış ziyalı,
Azərbaycan Yazıçılar
Birliyi sədrinin müavini Nazim İbrahimovun xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinə həsr etdiyi “Çiçəklər”
kitabı.
“Letterpress” nəşriyyat
evində, nəfis tərtibatla, rəngli formatda dərc edilmiş kitabda gənc, istedadlı rəssam Məryəm Ələkbərovanın çəkdiyi
əlvan çiçək
şəkillərindən istifadə
olunmuşdur.
Sanki heyrətamiz dərəcədə ruh oxşarlığı, fikir
həmrəyliyi, zövq
eyniliyi var bu üç şəxsiyyətin - Nigar
Rəfibəylinin, Nazim
İbrahimovun və Məryəm Ələkbərovanın
arasında. Zaman, məkan
və yaş anlayışı yoxdu bu kitabda. Elə bil ki, hər
üç insan üzbəüz oturaraq ürəkləri, zövqləri,
gözəllik duyumları
ilə çələng
toxumuşdur. Burada rənglər,
gözün, hissin yaddaşı, hikmətin dili, müşahidə və anlam eyni
müstəviyə çıxarılmış,
canlı bir söhbətin, məsləhətləşmənin
nəticəsi olan zövqlü, ruhlu, diri bir toplu
yaradılmışdır. Hər şeydə gözəllik, hər şeydə davamlılıq,
axıcılıq, bütün
görüntü və
yaşantılarda heyrətamiz
əlvanlıq mövcuddur!
Kitab yüksək bir zövq mücəssəməsidir.
“Ağ çiçəklər”,
“Yasəmən”, “Lalə”,
Nərgiz gülü",
“Neyləyim”, “Çiçəklər”
şeirlərinə gənc
rəssam Məryəm
Ələkbərovanın çəkdiyi
ayrı-ayrı tablolar
çox yaşantılı,
uyğun və sirayətedicidir. Bu rəssam qızın balaca ürəyində nə qədər gözəllik duyğusu, nə qədər ruh, nə qədər
əlvanlıq varmış?
Bu qız ruhən
Nigar Rəfibəyliyə
nədən belə yaxınmış? Yoxsa, o da
rənglərin dili ilə poeziyamı yaratmaq istəmişdir?
Bəlkə də bu bir təsadüfdür,
bəlkə də yox! Bu xalqın körpələri şair
doğulur!
Nazim İbrahimov kitabının “Ön söz”ündə Nigar Rəfibəyli poeziyasının
və Məryəm Ələkbərovanın rənglər
dünyasının həmahəngliyinə
belə qiymət verir: “...Onun şeirlərini oxuyanda gözlərini yumub əlvan gözəllikləri
aydın görə bilirsən - “Nərgiz”, “Yasəmən”, “Qərənfil”,
“Lalə”, çəmən
güllərindən dəstələr
və ən nəhayət, “Qızıl
gül” toplayırsan.
Təbiət Nigar xanıma
çox böyük səxavətlə gözəllik
duyumu bəxş edib...Lakin kitabda
siz onun güllərə həsr olunmuş şeirlərini
gənc rəssam Məryəm Ələkbərovanın
əlvan şəkilləri
ilə birgə görəcəksiniz. Nigar
Rəfibəylinin gülləri
vəsf edən şeirlərini oxuyanda, rəsmlərə nəzər
salanda bir anlıq gözlərini yumursan və xalq artisti, bəstəkar
Emin Sabitoğlunun şairin sözlərinə
bəstələdiyi mahnını
eşidirsən...”. Əlbəttə, hisslərin, gözəlliyin,
rənglərin, musiqinin
və ruhun harmoniyası kimi eşidirsən.
Kitabda oxucuya
10 şeir, 19 çiçək
təqdim olunmuşdur:
Yasəmənin ilk budağını
mənə verin,
qızlar, mənə
verin.
Axı siz onu iyləyib,
qoxlayıb
solan kimi atacaqsınız,...
Mən onu ürəyimin başına
qoyacağam.
Nə iyindən, nə rəngindən,
Nə tamaşasından
doyacağam.
Mən ona şeirlər,
nəğmələr qoşacağam
– deyən Nigar Rəfibəyli
bilirdi ki, xalqı da onu
gözəl bir gül, zərif bir çiçək kimi həmişə sevib, ürəyinin başına qoyacaqdır!
Nigar Rəfibəylinin
özünün dediyi
kimi:
Sarı
nərgiz, nazlı bənövşə, reyhan,
Sizdən
ayrı könlüm olur pərişan,
Siz də yad eyləyin
məni bircə an...
Anadan olmasının 100 illik yubileyi bir çox xalqlar tərəfindən böyük təntənə ilə qeyd olunan, Azərbaycanın bütün mədəniyyət ocaqlarında əziz xatirəsi yad edilən xalq şairi Nigar Rəfibəyli daim doğma xalqının qəlbində yaşayacaqdır. Hələ çox-çox Nazim İbrahimovlar onun şeir çələngindən dəstə tutacaq, Məryəm Ələkbərovalar tablolar yaradacaqlar. Bu şeirlərin rayihəsi və Nigar xanımın xatirəsi xalqının ürəyində elə gül yaraşığı, çiçək çələngidir! Əbədi, solmaz!..
Zərəngiz MANSUROVA
AzərTAc-ın müxbiri
Xalq
qəzeti.- 2014.- 8 yanvar.- S.6.