Azərbaycan aliminin
“Şəms və Mövlana” adlı
kitabı İranda əski əlifbada işıq
üzü görmüşdür
O Xəttat
üç cür yazı yazdı:
Birini Ondan başqa heç kəs oxumadı,
Birini həm O oxudu, həm də başqaları.
Birini isə nə O oxudu, nə də başqaları -
O üçüncü yazı
mənəm!
Şəms Təbrizi
Görkəmli
Azərbaycan şərqşünası,
filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin
“Şəms və Mövlana” adlı kitabı İranda əski əlifbada işıq üzü görmüşdür. Kitab Tehrandakı “Təkderəxt”
nəşriyyatında 500 tirajla
nəşr olunmuşdur.
Kitaba
sufizmin və bütövlükdə Şərq
bədii-fəlsəfi düşüncəsinin
ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin
məqalələri, eləcə
də onların yaradıcılığından etdiyi tərcümələr
daxil edilmişdir.
Müəllif
orta əsr qaynaqlarına əsaslanaraq
Şəms Təbrizinin
gerçək şəxsiyyəti
və düşüncələri
üzərinə işıq
salmış, onun bioqrafiyasının bəzi
qaranlıq və mübahisəli məqamlarına
aydınlıq gətirməyə
nail olmuşdur.
Kitabda
həmçinin Mövlananın
irəli sürdüyü
fəlsəfi-ictimai təlimin
yığcam və anlaşıqlı şərhi
verilmiş, onun ədəbi irsinin bu gün də
aktual və müasir olmasını şərtləndirən başlıca
amillərdən bəhs
edilmişdir. Şəms və
Mövlana münasibətlərini
araşdıran müəllif
yazır ki, Şəms təsəvvüfdə
ən yüksək məqama yetişsə də, özü ətrafında müridlər
toplamadı. Şəms
bunu “Söhbətlər”də
çöx maraqlı
şəkildə izah
edir: “Mən mürid tutmuram. Məndən çox yapışdılar ki, sənin müridin olaq, bizə xirqə ver, qaçdım... Mən mürid tutmuram,
şeyx tuturam, özü də hər şeyxi yox, kamil şeyxi!”
Məlumat
üçün bildirək
ki, kitab Məsiağa Məhəmmədinin
2010-cu ildə Bakıda
çap olunmuş eyni adlı əsəri əsasında
tanınmış naşir
və tədqiqatçı
doktor Hüseyn Şərqi tərəfindən
nəşrə hazırlanmışdır.
İbrahim NİZAMİOĞLU
Xalq qəzeti.- 2014.- 8 yanvar.- S.8.