Azərbaycan alternativ enerji
istehsal edən dövlətə
çevrilir
Dünya ölkələrinin uzun illər ərzində
istifadə etdikləri ənənəvi enerji mənbəyi
sayılan karbohidrogen ehtiyatları getdikcə tükənməkdədir. Mütəxəssislərin
proqnozlarına görə, bu ehtiyatlar ən yaxşı halda
80-100 ilə kifayət edə bilər. Eyni zamanda, texnikanın
sürətli inkişafı, istilik effekti yaradan yanacaq növlərindən
istifadə ətraf mühitin çirklənməsinə səbəb
olur. Neft-qaz ehtiyatlarının tükənməsi,
eləcə də ekoloji tarazlığın qorunması
dünyada alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə zərurətini yaradır. Yer
kürəsi isə alternativ və bərpa olunan enerji mənbələri
ilə zəngindir. Bəs həmin mənbələr
hansılardır və ölkəmizin bu sahədəki
potensialı necə dəyərləndirilir?
İstənilən ölkənin malik
olduğu daimi təbii enerji mənbəyi sayılan külək
enerjisindən istifadə energetikanın daha tez inkişaf edən
sahələrindən biridir. Külək
enerjisi özünün maya dəyərinə, ekoloji təmizliyinə
və tükənməzliyinə görə son dərəcə
sərfəlidir. Təcrübə göstərir
ki, Azərbaycanın bir çox rayonlarında da külək
enerjisi qurğularının tətbiqinin böyük
perspektivi vardır. Hesablamalara görə,
ölkəmiz özünün coğrafi və təbii şəraitinə,
iqtisadi infrastrukturuna görə 800 meqavata yaxın illik külək
enerji potensialına malikdir. Bu da ildə 2,4
milyard kilovat-saat elektrik enerjisi, bir milyon tona yaxın şərti
yanacağa qənaət, ən əsası isə külli
miqdarda tullantıların atmosferə atılmasının
qarşısının alınması deməkdir.
Çoxillik müşahidələr nəticəsində
müəyyən edilmişdir ki, ölkəmizdə ən əlverişli
külək şəraiti Abşeron yarımadasında, Xəzər
dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb
hissəsində olan adalardadır. Azərbaycanın qərbində–Gəncə-Daşkəsən
zonasında və Naxçıvan Muxtar Respublikasının
Şərur-Culfa ərazisində küləyin orta illik
sürəti saniyədə 3-5 metr təşkil etdiyindən
bu regionlarda da külək elektrik qurğularından istifadə
səmərəli ola bilər.
Dünyada alternativ və bərpa olunan
enerji növləri arasında mühüm yer tutduğuna
görə daha cəlbedici sayılan günəş
energetikası planetimizin hər bir nöqtəsi
üçün əlçatandır. Ona görə
də bütün ölkələrdə istifadəsi
mümkün ola bilən günəş
enerjisi dövlətlərin energetika müstəqilliyi
baxımından da faydalıdır. Təsadüfi
deyil ki, hazırda dünyanın 70-ə yaxın dövlətində
günəş elektrik stansiyaları fəaliyyət göstərir.
Azərbaycanın da təbii iqlim şəraiti
günəş enerjisindən istifadə etməklə elektrik
və istilik enerjisinin istehsalını artırmağa
geniş imkanlar yaradır. Belə ki, günəşli
saatların miqdarı il ərzində
ABŞ-da və Orta Asiya ölkələrində 2500-3000 saat,
Rusiyada 500-2000 saat olduğu halda, ölkəmizdə bu göstərici
2400-3200 saat təşkil edir.
Göründüyü kimi, Azərbaycanda
bu növ enerjinin istehsalına sərmayələrin yönəldilməsi
iqtisadi və kommersiya baxımından əlverişlidir.
Azərbaycan Respublikasının ümumi
enerji sistemində su elektrik stansiyalarının (SES) istehsal
gücünün xüsusi çəkisi hazırda təqribən
7 faiz təşkil edir. 2013-cü ildə ölkə
üzrə istehsal olunan elektrik enerjisinin 1 milyard
kilovat-saatı məhz su elektrik stansiyalarının payına
düşmüşdür. Bununla belə,
ölkəmizdə indiyə qədər istifadə edilməmiş
hidroenergetika ehtiyatlarının mənimsənilməsi
üçün geniş imkanlar vardır.
Bu istiqamətdə aparılmış tədqiqat
işləri nəticəsində Azərbaycandakı
çayların tam hidroenerji potensialının 40 milyard
kilovat-saat, texniki cəhətdən əlverişli potensialın
isə 16 milyard kilovat-saat olduğu müəyyən
edilmişdir ki, bunun da 5 milyard kilovat-saatı kiçik su
elektrik stansiyalarının payına düşür. Məhz buna görədir ki, son illər bu
potensialın hərəkətə gətirilməsi istiqamətində
əməli fəaliyyətə
başlanılmışdır. Təkcə
onu qeyd etmək kifayətdir ki, yaxın perspektivdə ölkəmizdə
60-dan çox kiçik SES-in tikintisi məqsədəuyğun
hesab edilir.
İqtisadiyyatın bütün sahələrində
istehsal tullantılarının tərkibinin çox hissəsini
biokütlə maddələri təşkil edir. Həmin maddələrdən elektrik enerjisinin
istehsalında istifadə olunan bioqaz, biomaye və bərk
biokütlənin alınması mümkündür. Biomaddələrə isə yanma qabiliyyəti olan sənaye,
kənd təsərrüfatı məhsulları və
üzvi birləşmə, eləcə də məişət
və kommunal sahələrinin tullantıları, ağac
yonqarı və s. daxildir.
Artıq bir çox Avropa ölkələrində
əhalisi sıx olan ərazilərdə inşa olunmuş
zibil emalı zavodlarında məişət tullantıları
yandırılır. Zibillərin
yandırılmasından alınan enerji hesabına ətrafdakı
yaşayış məntəqələri istilik və elektrik
enerjisi ilə təmin edilir. Yandırılmış
tullantıların qalıqlarından isə gübrə kimi
torpaqların münbitliyini artırmaq məqsədilə
geniş istifadə olunur. Azərbaycanda da
sənaye, kənd təsərrüfatı və sosial xidmət
sahələrinin sürətli inkişafı biokütlədən
istifadə etməklə enerji istehsalı üçün
geniş imkanlar açır.
Dünyanın əksər inkişaf
etmiş ölkələrində günəş və
külək enerjisi, kiçik su elektrik stansiyaları, termal
sular və biokütlə enerjisi kimi bərpa olunan mənbələrdən
geniş istifadə edilir. Bu sahədə
ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka,
İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe
tuturlar. Statistik məlumatlara görə,
inkişaf etmiş ölkələrdə istehsal olunan
ümumi enerjinin təqribən 15 faizi su elektrik stansiyaları
da daxil olmaqla məhz alternativ enerji mənbələrinin
payına düşür.
Ənənəvi enerji mənbələrinin
tədricən tükənməsi, həmçinin onlardan
istifadə zamanı ətraf mühitə vurulan külli
miqdarda ziyan hazırda, bütün dünyada olduğu kimi, Azərbaycanda
da alternativ enerji növlərindən istifadə zərurətini
yaradır. Ölkəmiz özünün əlverişli
təbii və iqlim şəraitinə görə alternativ və
bərpa olunan enerji mənbələri ilə zəngin olsa da,
ötən illərdə bu potensialdan lazımınca istifadə
olunmamışdır. Müasir dünyamızın
qlobal inkişaf meyillərini,
çağırışlarını vaxtında və
böyük uzaqgörənliklə dəyərləndirən
ölkə Prezidenti İlham Əliyev 2004-cü il oktyabr ayının 21-də özünün
şəxsi təşəbbüsü ilə işlənib
hazırlanmış “Azərbaycan Respublikasında alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycanın enerji təhlükəsizliyinin gələcək
təminatına mühüm töhfə verə biləcək
Dövlət Proqramının məqsədi ölkənin təbii
potensialından istifadə etməklə bərpa olunan və
ekoloji cəhətdən təmiz mənbələrdən
enerji istehsalını genişləndirməkdən və
karbohidrogen enerji resurslarından daha səmərəli istifadəni
təmin etməkdən ibarətdir.
Bu mühüm dövlət sənədinin əsas vəzifələri
isə elektrik enerjisinin istehsalında alternativ və bərpa
olunan enerji mənbələrinin potensialını müəyyənləşdirmək,
bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə
ölkənin enerji resurslarından istifadənin səmərəliliyini
yüksəltmək, yeni enerji istehsalı sahələrinin
yaradılması hesabına əlavə iş yerlərinin
açılmasını təmin etmək, respublikamızda ənənəvi
enerji mənbələrinin mövcud ümumi gücü nəzərə
alınmaqla alternativ enerji mənbələrinin hesabına
enerji gücünün artırılması və bununla da, Azərbaycanın
enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə
nail olmaqdır.
Dövlət Proqramından irəli gələn vəzifələrin
ardıcıl və səmərəli həyata keçirilməsini
təmin etmək məqsədilə Prezident İlham
Əliyevin müvafiq sərəncamları ilə 2009-cu ildə
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi, 2012-ci ildə Dövlət Şirkəti,
ötən il fevral ayının 1-də isə dövlətimizin
bu sahəyə verdiyi xüsusi əhəmiyyətin təzahürü
olaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi yaradılmışdır. Xatırladaq ki, agentlik alternativ və bərpa olunan
enerji mənbələrindən səmərəli istifadə
olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini,
bununla bağlı fəaliyyətin əlaqələndirilməsini
və dövlət nəzarətini həyata keçirən mərkəzi
icra hakimiyyəti orqanıdır. Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin fəaliyyətə başlamasından cəmi bir il keçməsinə baxmayaraq, ölkəmizdə
günəş, külək və bioqaz mənbələrindən
elektrik enerjisi almaq məqsədilə mühüm işlər
görülmüşdür.
2011-ci ilin sentyabr ayında Qobustan
Eksperimental Poliqonu və Tədris Mərkəzinin istifadəyə
verilməsi Azərbaycanın günəş, külək və
bioqaz enerjisi istehsalı sahəsində
reallaşdırılan ilk iri layihə olmuşdur. Poliqonun yaradılmasında məqsəd Azərbaycanda
alternativ və bərpa olunan enerjinin inkişafı
üçün istiqamət və təcrübə
formalaşdırmaq, eləcə də bu sahənin
inkişafına təkan verməkdir.
Xatırladaq ki, dünyada ilk hibrid stansiya
sayılan bu obyektin ərazisi 38 hektar təşkil edir. Burada 2,7 meqavat külək, 1,8 meqavat günəş
və 0,6 meqavat bioqaz enerjisi istehsal edən stansiyalar fəaliyyət
göstərir. Alternativ enerjinin külək, günəş
və bioqazla əldə edilməsi ilə poliqon ərazisində
hər birinin gücü 0,9 meqavat təşkil edən
üç külək turbini, 1,8 meqavat gücündə
günəş enerjisi stansiyası və 1 meqavat
gücündə bioenerji qurğusu
quraşdırılmışdır. Ötən ilin may
ayında Qobustan Hibrid Stansiyasında ölkəmizdə ilk dəfə
olaraq alternativ və bərpa olunan enerji istehsalının
müasir texnologiyalar əsasında istehsalına
başlanılmış, oktyabr ayının ortalarınadək
isə burada bir milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək
ölkənin enerji paylayıcı sisteminə təhvil
verilmişdir. Bütövlükdə isə 2013-cü ilin
sonunadək Qobustandakı hibrid stansiyada 1,5
kilovat-saat enerji istehsal edilmişdir. Yeri gəlmişkən, gələcəkdə
Qobustan Eksperimental Poliqonunun gücünün 5,5 meqavata
çatdırılması nəzərdə tutulur ki, bunun da
2,7 meqavatı külək qurğuları, 1,8 meqavatı
günəş, 1,1 meqavatı isə bioqaz stansiyaları tərəfindən
istehsal ediləcək.
Hazırda Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində
Qobustan şəhərinin enerji təminatı məqsədilə
“ağıllı şəbəkə”nin
yaradılması işləri davam etdirilir. Xatırladaq ki, bu
sistem ölkənin regionlarında yerləşən alternativ
və bərpa olunan enerji mənbələri üzrə enerji
stansiyalarının iş rejimlərinin avtomatik idarə edilməsinə
imkan yaradacaqdır. Azərbaycanda alternativ enerjinin istehsalı
sahəsində ilk və uğurlu layihə sayılan bu
obyektin fəaliyyətini yüksək qiymətləndirən
dövlət başçısı İlham Əliyev
demişdir: “Qobustandakı stansiya çox gözəl təcrübədir,
bu layihələrin böyük perspektivi vardır... Alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz
texnologiyalardır. İndi dünyada ən
qabaqcıl təcrübə nədirsə, burada
quraşdırılır. Ondan da əlavə,
dünya miqyasında birinci hibrid tipli elektrik
stansiyasıdır. Əlbəttə ki,
bu, ölkəmiz üçün yeni bir təşəbbüsdür.
Ancaq mən hesab edirəm ki, bir neçə ildən sonra bu
gün burada göstərilən imkanlardan Azərbaycan vətəndaşları
səmərəli şəkildə istifadə edəcəklər”
Prezident İlham Əliyevin müəllifi olduğu
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə üzrə dövlət strategiyasının
uğurla həyata keçirildiyini bildirən Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov
deyir ki, ölkəmizin bu sahədə qısa müddətdə
əldə etdiyi uğurlar dövlət
başçısı cənab İlham Əliyevin diqqət və
qayğısının, siyasi iradəsinin, eləcə də
qabaqcıl ölkələrin qazandığı
uğurlardan, təcrübədən səmərəli istifadə
edilməsinin nəticəsidir.
2012-ci il aprel ayının 24-də
Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda
inşa olunmuş Azgüntex zavodu istifadəyə
verilmişdir. Müəssisədə günəş panelləri
və LEd lampaları istehsalı xətləri işə
salınmışdır. Avropa ölkələrinin
aparıcı şirkətlərinin ən müasir
texnologiyaları əsasında yaradılan günəş
modulları xətti də artıq istifadəyə
hazırdır. Zavod tam kompyuterləşdirilmiş,
“Wi-Fi” şəbəkəsi yaradılmışdır.
Zavodda ilkin mərhələdə il ərzində
120 min, gələcəkdə isə 240 min günəş
paneli istehsal olunacaq.
Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanın
alternativ və bərpa olunan enerji mənbələri sahəsindəki
potensialı da dünya səviyyəsində yüksək dəyərləndirilir. Belə ki, əksər beynəlxalq ekspertlər və
mütəxəssislər enerji resurslarına tələbatın
ildən-ilə artdığı müasir şəraitdə
ölkəmizdə bu istiqamətdə görülən
işləri təqdir edirlər. Azərbaycan
da öz növbəsində beynəlxalq qurumlar və
dünyanın alternativ və bərpa olunan enerji istehsalı
sahəsində qabaqcıl təcrübəsi olan ölkələrlə
əməkdaşlığı getdikcə genişləndirir.
Azərbaycan Respublikası “İqlim Dəyişmələri
haqqında” Çərçivə Konvensiyasın və Kioto
protokolunu ratifikasiya etmiş, hökumətimiz təmiz
inkişaf mexanizminə dair müvafiq sənədlərə
qoşulmuşdur. Eyni zamanda, Azərbaycan Beynəlxalq
Bərpa Olunan Enerji Agentliyinə üzv qəbul edilmiş,
beynəlxalq qurumlarla işgüzar əlaqələr
qurulmuşdur. Ölkəmiz bir mənbədən
enerji asılılığının azaldılması, enerji
təhlükəsizliyi və enerji səmərililiyi məsələlərinin
həlli, həmçinin vahid enerji siyasətinin
hazırlanması və ətraf mühitə vurulan ziyanın
aşağı salınması məqsədilə
“20-20-20" direktivinə də tərəfdar
çıxmışdır. Xatırladaq ki, həmin
direktivin tələblərinə əsasən, 2020-ci ilə qədər
Avropa İttifaqı ölkələrində alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə etməklə
enerji istehlakının payının 20 faizə
çatdırılması, enerji səmərəliliyinin 20
faiz artırılması və istixana qazlarının
emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz
azaldılması öhdəlikləri müəyyən
olunmuşdur.
Yaxın vaxtlarda Azərbaycan Prezidenti tərəfindən
sahənin gələcək inkişaf perspektivlərini müəyyən
edən, əlaqədar dövlət qurumlarının, mütəxəssislərin
iştirakı ilə hazırlanmış dövlət
strategiyasının təsdiqi gözlənilir. Eyni zamanda, Azərbaycan alternativ və bərpa olunan
enerji mənbələri ilə zəngin olduğundan yaxın
illərdə bu sahədə bir sıra mühüm layihələrin
reallaşdırılması nəzərdə tutulur. Bu baxımdan Sumqayıtda yaradılacaq Yüksək
Texnologiyalar Parkı ölkəmizdə və regionda ən nəhəng
müəssisələrdən biri olacaq. Belə
ki, parkın ərazisində alternativ və bərpa olunan
enerji və enerjidən səmərəli istifadə
texnologiyasına əsaslanan 15 zavodun inşası
planlaşdırılır. Bu yaxınlarda
inşasına başlanacaq Samux Aqrotexniki Kompleksinin layihələndirmə,
texniki-iqtisadi əsaslandırma işləri
aparılmışdır. Xatırladaq ki, kompleksdə
birinci mərhələdə 300 ailənin məskunlaşması,
10-dan çox istehsal təyinatlı obyektin
açılması, iki mindən çox adamın işlə
təmin edilməsi nəzərdə tutulur.Yeri gəlmişkən,
lazımi infrastrukturun yaradılacağı bu kompleksin fəaliyyəti
ekoloji cəhətdən təmiz günəş, su, geo,
bioqaz enerjisi mənbələri hesabına təmin ediləcək.
2020-ci ilədək isə ölkəmizin əksər
rayonlarında gücü ilkin mərhələdə 15-20
meqavat, sonradan isə 45-50 meqavata çatdırıla bilən
hibrid stansiyaların inşası nəzərdə tutulur.
Bundan əlavə, agentlik tərəfindən “1
ev-1 elektrik stansiyası” layihəsinin konsepsiyası
hazırlanaraq energetika mütəxəssislərinə və
ictimaiyyətə çatdırılmışdır.
Göründüyü kimi, Azərbaycanda
alternativ enerji mənbələrinin istismarı istiqamətində
ilk addımlar atılır. Bu isə,
qeyd etdiyimiz kimi, ölkəmizin elektroenergetika sahəsinin gələcək
inkişafına, dövlətin enerji siyasətinin uğurla həyata
keçirilməsinə mühüm töhfələr verməklə
yanaşı, ekoloji tarazlığın qorunması
üçün də geniş imkanlar yaradacaqdır.
Mirbağır
YAQUBZADƏ,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2014.- 9 yanvar.- S.4.