“Davamlı inkişaf və
ekoloji
sivilizasiyanın əsasları”
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun yeni çapdan çıxmış dərsliyi belə adlanır: “Davamlı inkişaf və ekoloji sivilizasiyanın əsasları”. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yeni dərsliyin əhəmiyyəti və elmi məziyyətləri barədə geniş məqalə yazmışdır. AzərTAc məqaləni təqdim edir.
Azərbaycan
Respublikası sürətlə inkişaf etməkdədir.
Ölkənin qısa zaman kəsiyində iqtisadi və sosial sahədə
qazandığı yüksək nailiyyətləri, ümumbəşəri
humanitar problemlərin, XXI əsrin
çağırışlarının həllinə yönəldilmiş
dünya əhəmiyyətli təşəbbüsləri,
gündən-günə artan beynəlxalq nüfuzu Azərbaycanı
bir çox istiqamətlərdə regional və qlobal liderə
çevirmişdir. Bu fakt bir çox beynəlxalq təşkilatlar,
o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər
nüfuzlu qurumların rəsmi sənədlərində,
müstəqil ekspertlər tərəfindən
hazırlanmış hesabatlarda öz təsdiqini tapmışdır.
Əldə edilmiş nailiyyətlərin əsasında
Prezident İlham Əliyevin həyata keçirdiyi
düşünülmüş innovativ inkişaf
strategiyası durur. Bu strategiyanın
reallaşdırılmasında dövlət qurumları ilə
yanaşı, vətəndaş cəmiyyətinin, xüsusilə
Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın rolu xüsusi qeyd edilməlidir.
Azərbaycanda
qazanılmış nailiyyətlər iqtisadi və sosial sahələrdə
kəmiyyət göstəricilərinin artması ilə məhdudlaşmır.
Ölkədə həyata keçirilən siyasət, eyni
zamanda, keyfiyyət göstəricilərinin yüksəlməsi
ilə səciyyələnir. Bu, ondan irəli gəlir ki, biliyə,
insan potensialına əsaslanan inkişaf ölkənin əsas
prioriteti kimi müəyyənləşdirilmişdir və
innovativ cəmiyyətin qurulmasına xidmət edir. Azərbaycan
Prezidenti İlham Əliyevin “qara qızıl”ın insan
potensialına çevrilməsinə
yönəldilmiş siyasəti, bu istiqamətdə əldə
edilmiş və gələcəkdə əldə ediləsi
nailiyyətlər bilavasitə insan potensialının, onun
bilik və bacarığının əsasını təşkil
edən elm və təhsildən keçir. Ölkədə
bu istiqamətlərə xüsusi önəm verilməsi, elmi
təşkilatların gücləndirilməsi, yeni təhsil
müəssisələrin yaradılması, mövcud ali və
orta məktəblərin binalarının yenidən
qurulması, bütün tədris ocaqlarının ən
müasir avadanlıqla təchiz edilməsi həmin siyasətin
vacib təzahürlərindəndir. Elm və təhsilin
bazasının gücləndirilməsinə, eyni zamanda, yeni tədris
proqramlarının, müasir dərslik və dərs vəsaitlərinin
yaradılması da aid edilə bilər. Bütün bu
addımlar insan potensialının inkişafına və
güclənməsinə yönəldilmiş siyasətin tərkib
hissələridir.
Müasir dövrdə
ölkədə müxtəlif istiqamətlərdə əldə
edilmiş yüksək nəticələr və onun əsasında
duran insan potensialının inkişafına yönəldilmiş
siyasət ümummilli lider Heydər Əliyevin fəaliyyətinin
başlıca istiqamətlərindən idi. Bu istiqamətdə
həyata keçirilən siyasət çox zaman dünyada
gedən prosesləri qabaqlayırdı. Məsələn, ulu öndər tərəfindən
təsdiq edilmiş təhsil strategiyasına görə, Azərbaycan
Respublikasında davamlı insan inkişafı fənninin orta
ümumtəhsil məktəblərinin proqramlarına daxil
edilməsi prosesinə 2001-ci ildə başlanmış və
bu, Təhsil Nazirliyinin 2001-ci il 14 sentyabr tarixli 964 nömrəli
əmrində öz əksini tapmışdır. 2003-cü
ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin
175 və 688 nömrəli əmrləri əsasında orta məktəblər
üçün davamlı insan inkişafına dair dünyada
ilk tədris proqramı və dərs vəsaiti dərc
edilmişdir.
Bu sahədə Azərbaycanın
birinciliyi barədə məlumat BMT-nin Nyu-Yorkda yerləşən
Baş Qərargahı tərəfindən
dünyaya “innovativ ideya və fəaliyyət”
kimi yayılmışdır. Qlobal miqyasda isə bu prosesə
4 il sonra - 2005-ci il martın 1-də BMT-nin baş katibi Kofi
Annan və UNESCO-nun baş direktoru Koişiro Matsuura arasında
imzalanan sənədlə təkan verilmişdir. Bu sənədlə
2005-2014-cü illər dünya üzrə davamlı
inkişaf sahəsində tədris onilliyi elan edilmişdir.
Bu məlumatlar akademik
Urxan Ələkbərovun müəllifi olduğu “Davamlı
inkişaf və ekoloji sivilizasiyanın əsasları” dərsliyində
geniş təqdim edilmişdir. Dərslikdə ölkədə
yaranmış digər innovativ ideya və fəaliyyətlər
haqqında biliklərin tədris prosesinə daxil edilməsi gənc
nəslin formalaşması baxımından olduqca əhəmiyyətlidir.
Həmçinin “Davamlı inkişaf və ekoloji
sivilizasiyanın əsasları” dərsliyi bu sahədə hələ
ki, nadir əsərdir. Belə ki, hazırda ekoloji sivilizasiyaya
aid dünyada digər dərsliyin olması barədə məlumat
mövcud deyildir. Bu istiqamətdə
biliklərin tədris prosesinə daxil edilməsi, eyni
zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2013-cü il oktyabrın 24-də
imzaladığı “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın məntiqinə
tam uyğundur.
Bu gün Prezident
İlham Əliyev tərəfindən Azərbaycanda gerçəkləşdirilən
və prioritet kimi müəyyənləşdirilən siyasi
kurs əslində innovativ və yüksək rəqabətli
qabaqlayıcı iqtisadi inkişaf strategiyasına əsaslanır.
Ölkədə reallaşdırılan dövlət
proqramları, müxtəlif layihələr, “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası Azərbaycan iqtidarının sosial prioritetləri
əsas tutan olduqca uğurlu innovativ inkişaf strategiyası
seçməsindən xəbər verir.
Məlumdur ki, qəbul
edilmiş beynəlxalq standartlara görə innovativ tərəqqinin
əsas və həlledici amili olan insan potensialının
inkişaf səviyyəsini qiymətləndirmək, insan
inkişafı əmsalını hesablamaq üçün
üç əsas meyar nəzərə alınır:
sağlamlıq, təhsil və adambaşına düşən
ümumi daxili məhsul (ÜDM). Təqdim edilmiş dərslikdə
bu istiqamətdə ölkəmizdə həyata keçirilən
uğurlu siyasət haqqında dəqiq bilgilər -
sağlamlıq üçün vacib olan müasir idman və
səhiyyə ocaqlarının paytaxt və əyalətlərdə
yaradılması, milli tədris şəbəkəsinin
köklü surətdə modernləşdirilməsi,
ÜDM-in sürətlə artması, bu proseslərin idarə
edilməsi zamanı istifadə olunmuş innovativ idarəetmə
texnologiyaları barədə biliklər öz əksini
tapmışdır. Dərslikdə göstərilmişdir ki,
bu ardıcıl siyasətin həyata keçirilməsi nəticəsində
BMT-nin rəsmi hesabatlarında Azərbaycan hazırda insan
potensialının inkişafı sahəsində yüksək
nəticələr əldə etmiş ölkələr
qrupuna aid edilir. 2010-cu ilə qədər Azərbaycan insan
inkişafı sahəsində orta nəticələr əldə
etmiş ölkələr qrupuna daxil idi.
Ölkəmizdə
davamlı inkişafa yönəldilmiş dövlət siyasətinin
uğurları bir çox beynəlxalq təşkilatlar tərəfindən
xüsusi qeyd edilməkdədir. Məlum olduğu kimi, ölkədə
ÜDM sürətlə artır. Çox önəmlidir ki,
bu kəmiyyət artımı keyfiyyət artımı ilə
müşayiət olunur. Dərslikdə bu istiqamətdə tətbiq
edilən idarəetmə texnologiyalarına, davamlı
inkişafın planlaşdırılması məsələlərinə
xüsusi diqqət yetirilmişdir. Məsələn, göstərilir
ki, son on ildə ÜDM-in hər
bir vahidinin istehsalı üçün enerji sərfiyyatı
sürətlə azalmışdır. Bu isə davamlı
inkişaf və yaşıl iqtisadiyyatın ən önəmli
göstəricilərindən sayılan bərpa olunan və bərpa
olunmayan ehtiyatların səmərəli istifadəsindən xəbər
verir. Eyni zamanda, milli səviyyədə həyata keçirilən
bu uğurlu fəaliyyət dünya üçün prioritet təşkil
edən iqlim dəyişmələrinin
qarşısının alınması baxımından da
olduqca əhəmiyyətlidir.
Dərslikdə
göstərilir ki, BMT tərəfindən təklif edilmiş
və bütün dünyada qəbul olunmuş davamlı
inkişaf və iqtisadiyyatın şaxələndirilməsi səviyyəsini
əks etdirən göstəricilər mövcuddur. Bu göstəricilərdən
biri və ən əhəmiyyətlisi enerjinin hər bir
vahidinin istifadəsi nəticəsində sənaye, kənd təsərrüfatı
və xidmət sahələrində istehsal olunan məhsulun dəyəridir.
Beynəlxalq müqayisələrin keçirilməsini təmin
etmək, qabaqcıl təcrübənin yayılmasına dəstək
vermək məqsədilə aparılan təhlillərdə
enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin ekvivalenti
götürülür, istehsal olunan məhsul və yaxud xidmətin
qiyməti isə ABŞ dolları ilə dəyərləndirilir.
Akademik U.Ələkbərovun
hazırladığı dərslikdə Azərbaycan
üçün bu göstəricilər beynəlxalq təşkilatlar
tərəfindən hesablanmış məlumatlar əsasında
verilmişdir. Bu təşkilatların 2013-cü ilin sonunda
yaydığı məlumatlara və dərc edilmiş rəsmi
hesabatlara əsasən, ölkədə miqdarca hər bir
kiloqram neftdəki enerjinin istifadəsi nəticəsində
2011-ci ildə dəyəri 7,22 ABŞ dolları olan məhsul
istehsal edilmiş və yaxud xidmət göstərilmişdir.
Dərslikdən aydın olur ki, Dünya Bankı tərəfindən
aparılmış təhlillərə və onların əsasında
dərc edilmiş rəsmi hesabatlara görə Azərbaycanda
bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin
göstəricilərindən daha yüksəkdir. Bu, həm
bizim yaxın qonşu ölkələrə, həm də digər
qitələrdə yerləşən ölkələrə
aiddir. Sözügedən göstəriciyə görə
ölkəmiz bu qrup ölkələr sırasında
yalnız Norveçdən geri qalır, yəni dünyada
ikinci yerə yüksəlmişdir. Birinci yerdə olan
Norveçdə hər bir kiloqram neftdə olan enerji
miqdarının istifadəsi nəticəsində istehsal
olunmuş məhsul və xidmətlərin dəyəri 10
ABŞ dolları təşkil edir. Lakin Azərbaycan
Respublikasında bu davamlı inkişaf göstəricisinin
artım dinamikası Norveçdən daha sürətlidir. Tələbələrin
və oxucuların diqqətinə çatdırılır
ki, həmin beynəlxalq təşkilatların 2003-cü ilin nəticələrinə
görə hazırlanmış və dərc edilmiş
hesabatlarında Azərbaycanda bu rəqəm yalnız 2,1,
2005-ci ildə isə 2,7 ABŞ dolları təşkil edirdi.
Bu məlumatlar bir daha
vurğulamağa əsas verir ki, ölkə davamlı
inkişaf və ekoloji sivilizasiya, onun vacib elementi olan
yaşıl iqtisadiyyatın formalaşması istiqamətində
inamla irəliləməkdədir. Akademik U.Ələkbərovun
kitabında Azərbaycanda enerjinin istifadəsinin səmərəliliyinin
2003-cü il ilə müqayisədə 2011-ci ildə 3,1 dəfədən
çox artması barədə
beynəlxalq təşkilatların hazırladığı məlumatlar
da işıqlandırılmış və bu nailiyyəti əldə
etmək üçün ölkədə
reallaşdırılan innovativ idarəetmə strategiyası,
onun həyata keçirilməsi texnologiyaları barəsində
biliklər əksini tapmışdır. O da qeyd edilməlidir
ki, 8 il müddətində enerji istifadəsinin səmərəliliyinin
300 faizdən çox artması özlüyündə nadir
bir hadisədir və müqayisə edilən ölkələrin
heç birində müşahidə olunmamışdır.
Davamlı insan
inkişafını əngəlləyən amillərdən
biri yoxsulluqdur. Yoxsulluqla mübarizə XXI əsrin əvvəlində
Dünya Sammitində qəbul olunmuş “Minilliyin
çağırışları” sənədində ən əsas
məqsədlər arasında yer almışdır. Yoxsulluq
problemi qlobal miqyasda bu gün də aktualdır. BMT tərəfindən
hazırlanan dünya üçün 2015-ci ildən sonrakı
dövrün çağırışları adlı sənədin
layihəsində də yoxsulluqla mübarizə
qırmızı xətlə keçən məsələlər
sırasındadır. “Davamlı inkişaf və ekoloji
sivilizasiyanın əsasları” kitabında Azərbaycanda yoxsulluqla mübarizə sahəsində əldə
edilmiş uğurlar da öz əksini tapmışdır.
Olduqca qısa müddətdə ölkədə yoxsulluq 49
faizdən 5 faizə enmişdir. Kitabda, eyni zamanda, göstərilir
ki, ölkədə ümumiyyətlə yoxsulluq
anlayışı dəyişmiş və bu, öz əksini
yoxsulluq həddinin müəyyənləşməsində
tapmışdır. Qeyd olunan fakt isə özlüyündə
ölkədə həyata keçirilən siyasətin
sosialyönümlü olmasından xəbər verir.
Kitabda ölkədə
sosialyönümlü siyasətin həyata keçirilməsinə
dair digər innovativ planlaşdırma və idarəetmə
texnologiyası da təhlil edilmişdir. Bu təhlil Prezident
İlham Əliyevin təşəbbüsü ilə 2012-ci
ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin yaradılması ilə bağlıdır. Dərslikdə
qeyd edilir ki, XXI əsrin əvvəllərində Prezident
İlham Əliyevin təşəbbüsü ilə məhz
Azərbaycanda insan inkişafı və davamlı gəlir əldə
olunması üçün dünyada yaşayış yerinə,
onun əhalisinə məxsus olan ilk sosial müəssisələr
yaradılmışdır. Hələ o zaman insan
inkişafına əsaslanan bu təşəbbüs və
qeyri-ənənəvi qərarlar dünya ictimaiyyəti tərəfindən
yüksək qiymət almışdır. BMT 2005-ci ildə həmin
təşəbbüsü “innovativ ideya və fəaliyyət”
kimi bütün dünyaya tanıtmışdır. Belə təşəbbüslərin
innovativ, sosial məsuliyyətli idarəetmədə rolu dərslikdə
xüsusi qeyd edilmişdir.
Ekoloji sivilizasiya konsepsiyasının
yaranması və inkişafı da Azərbaycan elm və təhsili
ilə əlaqədardır. Konsepsiya Azərbaycan Milli Elmlər
Akademiyasında XX əsrin 90-cı illərində
formalaşmışdır. Ekoloji sivilizasiya
anlayışı da dünyada ilk dəfə ümumtəhsil
orta məktəblərin dərsliklərinə 2007-ci ildə
məhz Azərbaycanda daxil edilmişdir. 2013-cü ildə III
Bakı Beynəlxalq Humanitar Forumunun proqramı çərçivəsində
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA Beynəlxalq
İctimai Birliyinin prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə “Davamlı inkişaf və ekoloji sivilizasiya”
mövzusunda “dəyirmi masa” keçirilmişdir. İlk dəfə
təşkil edilmiş həmin “dəyirmi masa”nın
iştirakçıları arasında görkəmli alimlər,
dövlət xadimləri, Nobel mükafatı
laureatlarının olması qeyd edilən mövzunun
böyük əhəmiyyət daşıması və maraq
kəsb etməsinin göstəricisidir. Azərbaycanda bu
mövzuda dərsliyin hazırlanması forum
iştirakçıları tərəfindən də olduqca
yüksək qiymətləndirilmiş və bu əsərin tələbələrlə
yanaşı, planlaşdırma və idarəetmə sahəsində
çalışanlar üçün əhəmiyyətli
olduğu qeyd edilmişdir.
Bütövlükdə,
sadalananların məntiqi yekunu olaraq qeyd etmək
lazımdır ki, davamlı inkişaf, insan potensialının
inkişafı məsələləri, ekoloji sivilizasiyaya
keçid yalnız inkişafın
planlaşdırılması və idarə edilməsi sahəsində
çalışanların deyil, bütün sahələr
üzrə mütəxəssislərin maraq dairəsində
olmalıdır. Bu baxımdan davamlı inkişafla
bağlı həm orta məktəblərdə, həm də
ali təhsil ocaqlarında bütün ixtisaslar
üçün yeni tədris proqramları, metodik vəsaitlər,
dərsliklər işlənməli, bu sahədə əhalinin,
xüsusilə gələcək kadrların biliklərinin
artırılması üçün kompleks tədbirlər həyata
keçirilməlidir. Akademik U.Ələkbərovun “Davamlı
inkişaf və ekoloji sivilizasiyanın əsasları” dərsliyini
bu sahədə ilk və mühüm addım kimi dəyərləndirmək
olar.
Akif ƏLİZADƏ, Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik
Xalq qəzeti.- 2014.- 9 yanvar.- S.3.