Neft strategiyasının uğurları ölkəmizin
iqtisadi gücünü və beynəlxalq nüfuzunu
artırır
Azərbaycanın müstəqillik dövrünün uğurlarla zəngin daha bir ili tarixə qovuşdu. Yola saldığımız 2013-cü ildə Azərbaycanın dinamik sosial-iqtisadi tərəqqisi davam etmiş, ölkəmiz dünyanın inkişaf etməkdə olan dövlətlərinin sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmişdir. Ən əsası isə son 10 ildə makroiqtisadi mühit göstəricisinə görə dünya ölkələri arasında 8-ci yerdə qərarlaşan Azərbaycan planetimizin ən yaxşı inkişaf potensialı və inkişaf siyasətinə malik olan dövlətləri sırasına qoşulmuşdur. Sevindirici haldır ki, Azərbaycan bu gün dünya birliyinə dinamik inkişaf edən, yüksək orta gəlirli ölkə kimi təqdim olunur.
Bütövlükdə
isə son illər dünyada
gedən iqtisadi proseslərin, nəhəng
enerji və nəqliyyat layihələrinin
təşəbbüskarı və fəal
iştirakçısına çevrilmiş
Azərbaycan Respublikasının beynəlxalq aləmə
inteqrasiyası getdikcə sürətlənir, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu əhəmiyyətli dərəcədə artır. Ötən il dünyanın bir
sıra nüfuzlu beynəlxalq təşkilatları
Azərbaycanda gedən inkişaf prosesini yüksək qiymətləndirmiş,
ölkəmizin kredit reytinqini
əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışlar. Belə ki, Davos Ümumdünya İqtisadi Forumunun
hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə
görə 39-cu yerdədir. Heç
şübhəsiz, dünya miqyasında ilk 40 ölkə sırasına daxil olmaq Prezident
İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə həyata keçirilən islahatların, düşünülmüş və bitkin siyasətin nəticəsidir.
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış yeni
neft strategiyasının müstəsna əhəmiyyəti
olmuşdur. Belə ki,
“Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin
çıxarılması Azərbaycanda neft
hasilatının sürətli
inkişafına təkan verməklə yanaşı,
ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə
imkan yaratmışdır. Yola saldığımız
2013-cü ildə “Çıraq” yatağından neft hasilatına başlanmasının
16-cı ili tamam oldu. Ötən dövrdə ölkə
üzrə neft hasilatı təqribən 5 dəfəyə
yaxın artaraq 1997-ci ildəki 9 milyon tondan 2013-cü
ildə 43,5 milyon
tona çatdırılmışdır.
Ölkəmizdə ən yüksək illik
neft hasilatı isə 2010-cu ildə qeydə
alınmışdır. Xatırladaq ki, həmin
il Azərbaycanda 50,7 milyon
ton neft
çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord
göstərici hesab olunur.
Bütövlükdə isə ötən illər ərzində
“Azəri-Çıraq-Günəşli” yataqlar
blokundan təqribən 334 milyon
ton neft və 80 milyard kubmetr qaz hasil edilmişdir.
2013-cü
il Azərbaycanın yeni
neft strategiyasının əsasını
təşkil edən “Əsrin müqaviləsi” çərçivəsində
daha bir uğurla addım atıldı. Belə ki, 2010-cu ilin mart ayında həyata vəsiqə
almış “Çıraq” neft layihəsi
çərçivəsində nəzərdə tutulmuş tikinti-quraşdırma işləri ötən il müvəffəqiyyətlə başa çatdırıldı. Aprel ayında platformanın dayaq
bloku dənizə yola
salnaraq həmişəki yerində
quraşdırıldı. Daha sonra isə sentyabrda bu unikal qurğunun
üst modulları da
dənizə aparılaraq dayaq blokunun üzərində bərkidildi. Xatırladaq ki, ümumi
çəkisi 19 min 500 ton
təşkil edən “Qərbi-Çıraq” platforması Xəzər
dənizində indiyədək quraşdırılmış ən
ağır qurğu hesab
olunur. “Çıraq” neft
layihəsi çərçivəsində hasilata
isə bu ilin əvvəllərində
başlanması nəzərdə tutulur.
Özünün zəngin karbohidrogen
ehtiyatlarına arxalanan Azərbaycan
Respublikası bu sahədə müstəqil
siyasət yürüdərək təbii sərvətlərini
dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin
yaradılmasına nail olmuşdur. Bu da
ölkəmizin enerji təhlükəsizliyini
təmin etmiş, Avropa və digər
uzaq ölkələrin enerji
təminatı istiqamətində yeni
perspektivlər açmışdır. Xam neftin şimal istiqaməti
üzrə ixracını nəzərdə tutan
Bakı-Novorossiysk kəməri
ilə yanaşı, 1999-cu ildə Bakı-Supsa,
2006-cı ilin mayında isə Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan
kəmərləri istifadəyə verilmişdir.
Xatırladaq ki, XXI əsrin ən
nəhəng neft ixracı
marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan boru kəməri artıq neçə ildir ki, dünyada
enerji təhlükəsizliyinin təminatı
sahəsində uğurla fəaliyyət
göstərir. İllik ötürücülük
qabiliyyəti 60 milyon ton
olan bu kəmərlə
hazırda sutkada 1,2 milyon
barel Azərbaycan nefti
Aralıq dənizi vasitəsilə dünya
bazarına çıxarılır. Onu da deyək ki,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
istifadəyə veriləndən indiyədək dünya bazarına təqribən 233 milyon ton Azərbaycan nefti çıxarılmışdır. Bundan əlavə, ötən dövrdə
adı çəkilən kəmərlə Türkmənistan neftinin
nəqli də davam etdirilmişdir.
Ötən il Azərbaycandan dünya
bazarına 24 milyon 225 min
450 ton xam neft nəql edilmişdir. Xam neftin 1 milyon 751 min 23 tonu Rusiyanın Novorossiysk, 2 milyon 725 min 950 tonu
Gürcüstanın Supsa, 19 milyon 748 min 27 tonu isə Türkiyənin Ceyhan
limanlarından ixrac olunmuşdur. Xatırladaq ki,
ARDNŞ-in Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi
tərəfindən ixrac olunmuş
xam neftin göstəriciləri
həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə
məxsus xam neft həcmlərini
əks etdirir. Bundan əlavə,
2013-cü ilin yanvar-dekabr
ayları ərzində Azərbaycandan dünya
bazarlarına 14 min 250 ton
avtomobil benzini, 899 min 905 ton dizel
yanacağı, 131 min 322 ton
təyyarə yanacağı və 657 ton soba mazutu ixrac
edilmişdir.
2013-cü
ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən neft hasilatının sabitləşdirilməsi
istiqamətində mühüm tədbirlər
həyata keçirilmişdir. İl ərzində şirkətin hasilat və planlaşdırma qurumları tərəfindən
bu sahədə
məqsədyönlü işlər görülmüş, müasir texnologiyalardan istifadə etməklə köhnə
yataqlarda neft
istehsalının artırılması üçün
geoloji-texniki tədbirlərin, eləcə
də cari və əsaslı təmirlərin
sayı xeyli
artırılmışdır. Bundan əlavə,
il ərzində şirkətin
qazmaçıları tərəfindən dənizdə və
quruda 62 quyu
qazılaraq neftçilərin sərəncamına verilmişdir.
Ötən ilin yaddaqalan hadisələrindən
biri də ölkəmizin iqtisadi
həyatı üçün son dərəcə vacib rol oynayacaq Bakı Gəmiqayırma
Zavodunun istifadəyə verilməsidir.
Dövlət Neft Şirkətinin sifarişi əsasında inşa
olunmuş bu nəhəng
istehsal sahəsi ölkəmizin, eləcə
də regionun su nəqliyyatına
olan tələbatının ödənilməsinə
mühüm töhfələr verəcəkdir.
Son illər dünyada “mavi yanacağa” tələbat
getdikcə artmaqdadır. Məhz buna
görədir ki, Azərbaycanda qaz hasilatının yüksəldilməsi
istiqamətində ciddi işlər görülür. Təkcə onu
qeyd etmək kifayətdir ki,
2004-2013-cü illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq 5,5 milyard kubmetrdən 29,5 milyard
kubmetrə
çatdırılmışdır. Onu
da deyək ki, ötən
il Azərbaycanda qaz
hasilatı sahəsində əldə olunmuş
göstərici əvvəlki illə müqayisədə 1,6 milyard kubmetr çox olmuşdur. Bu
artımın başlıca səbəbi “Şahdəniz”
yatağının birinci işlənmə
mərhələsi çərçivəsində qaz hasilatının uğurla
davam etdirilməsi ilə
bağlıdır. Azərbaycan 2006-cı ildən
etibarən dünyanın dəniz akvatoriyaları üzrə ən
iri qaz-kondensat
yataqlarından sayılan “Şahdəniz” yatağının
işlənməsi layihəsi üzrə aparılmış
işlər nəticəsində beynəlxalq bazarlarda
özünü həm də yeni, alternativ təbii qaz mənbəyi,
etibarlı “mavi yanacaq”
təchizatçısı kimi təqdim
etməyi bacarmışdır. Qısa müddətdə Azərbaycan
qaz idxal edən
ölkədən qaz ixrac
edən ölkəyə çevrilmişdir.
Xatırladaq ki,
“Şahdəniz” yatağının ümumi
ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir.
2013-cü ildə “Şahdəniz” yatağından təqribən
9 milyard kubmetrdən artıq qaz və 2,5 milyon tona yaxın kondensat hasil olunmuşdur. Hasilata başlanıldığı vaxtdan indiyədək isə bu
yataqdan təqribən 50 milyard
kubmetr qaz və 12 milyon ton kondensat
çıxarılmışdır.
“Şahdəniz-1"
layihəsi üzrə hasil olunan qazın Gürcüstan
və Türkiyəyə ixrac edilməsi
məqsədilə istismara verilmiş Cənubi Qafqaz boru kəməri də il ərzində
uğurla fəaliyyət göstərmişdir.
Məlumat üçün bildiririk ki, adıçəkilən
kəmərin ümumi uzunluğu
997 kilometr, ötürmə qabiliyyəti
ildə 20 milyard kubmetrdir.
2013-cü
il ərzində Cənubi Qafqaz
boru kəmərinin gündəlik ötürücülük qabiliyyəti 12,4 milyon kubmetr təşkil etmişdir.
2013-cü ildə Azərbaycanın qaz
təchizatçısı kimi Avropada və dünyada əhəmiyyətinin
daha da artıran
“Şahdəniz-2” layihəsinin reallaşdırılması üçün tələb olunan bir sıra mühüm
sənədlərə imza atıldı.
Müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir
sıra qlobal enerji
layihələrinin təşəbbüskarı və fəal
iştirakçısı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan Respublikası
artıq özünü zəngin qaz ölkəsi kimi də
təqdim edə bilmişdir. Təsadüfi
deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda
olan tələbatının ödənilməsinə
çalışan Avropa və bir sıra dünya ölkələri
əsas qaz təchizatçısı kimi Azərbaycana böyük
ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz
ehtiyatlarını dünya bazarına
çıxarmaq üçün şaxələndirilmiş
ixrac marşrutlarının
yaradılmasına yol açır.
“Şahdəniz”
qazının uzun məsafə qət edərək
gələcəkdə Balkanlara, hətta
Rumıniya, Macarıstan və Avstriyaya qədər
gedib çıxması də gündəmdə
olan məsələlərdəndir. Elə ötən il iyunun 28-də “Şahdəniz” konsorsiumu
tərəfindən ildə 10 miyard kubmetrədək
Azərbaycan qazının Yunanıstan, İtaliya
və potensial olaraq Cənub-Şərqi
Avropadakı müştərilərə
çatdırılması üçün
Trans-Adriatik boru kəmərinin
(TAP) seçilməsi və bununla
bağlı müvafiq sənədlərin
imzalanması da bu sahədə
atılmış mühüm addım kimi diqqəti cəlb edir.
Bundan əlavə,
sentyabrın 19-da “Şahdəniz-2" layihəsi çərçivəsində
hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən
artıq hissəsinin İtaliyada,
Yunanıstanda və Bolqarıstanda satışı üzrə
doqquz şirkətlə 25 il
müddətinə sazişlərin imzalanması da Azərbaycanın yeni əsrin
mühüm ”mavi yanacaq" ixracı marşrutu sayılan “Cənub” qaz dəhlizinin
əsas təchizatçısı kimi əhəmiyyətini
getdikcə artırır.
2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2”
layihəsi üzrə yekun investisiya qərarının imzalanmsı ilə
bu yatağın tammiqyaslı işlənməsi
həlledici mərhələyə qədəm qoymuşdur. Adıçəkilən
yatağın ikinci işlənmə mərhələsi
çərçivəsində ilk
qazın əldə edilməsi isə 2018-ci ilə
planlaşdırılır. “Şahdəniz” qaz-kondensat
yatağının işlənməsinin ikinci
mərhələsi üçün yekun investisiya sazişinin imzalanması isə, heç şübhəsiz, ölkəmiz üçün iqtisadi və
siyasi əhəmiyyət kəsb edən son dərəcə mühüm
bir qərar idi. Xatırladaq ki, bu
qərar Azərbaycan və Gürcüstan
ərazisi boyunca Cənubi Qafqaz
boru kəmərinin genişləndirilməsi,
Türkiyə ərazisindən keçən Trans-Anadolu
qaz boru kəmərinin
(TANAP) və Yunanıstan, Albaniya ərazisindən
keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi
ilə bağlı planların gerçəkləşməsinə
təkan verən mühüm bir addımdır.
Bu layihələrin
reallaşdırılması, eyni zamanda, “Şahdəniz qazının
Bolqarıstana ötürəcək infrastuktur,
Avropaya isə yeni bir “Cənub” qaz dəhlizinin
yaradılmasına imkan yaradacaq.
Artıq adıçəkilən yatağın ikinci işlənmə mərhələsinin həyata
keçirilməsinə başlanılmışdır. Xatırladaq ki, bu
mərhələnin reallaşdırılması və Cənubi
Qafqaz boru kəmərinin
genişləndirilməsi layihələrinin ümumi
dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Ən diqqətçəkən
məqam isə ondan ibarətdir ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil ediləcək ildə
16 milyard kubmetr qaz təxminən 3500 kilometr
məsafəyə nəql edilərək Gürcüstan,
Türkiyə, Yunanıstan, Bolqarıstan və
İtaliyadakı milyonlarla
istehlakçını enerji ilə təmin
edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə 2018-ci ilin
sonlarında çatdırılması nəzərdə
tutulur. Avropaya isə
qazın bundan təxminən bir il sonra
çatdırılacağı planlaşdırılır.
Xatırladaq ki, “Şahdəniz”
yatağının ikinci işlənmə
mərhələsi çərçivəsində ildə 16
milyard kubmetr əlavə
qaz hasil ediləcək.
Bundan əlavə, yataqdan
kondensat hasilatının hazırki
gündə təxminən 55 min barrel səviyyəsi də xeyli
artaraq 120 min barrelə
çatdırılacaq. Yeri gəlmişkən,
“Şahdəniz-2" investisiya layihəsi
dünya tarixində ən böyük
sərmayə qoyuluşudur. İlkin qiymətləndirmələrə
görə, sərmayənin həcmi 40 milyard
dollardan artıqdır. Bu
məbləğin yarıdan çoxu Azərbaycanda
nəzərdə tutulmuş işlərə
sərf ediləcək. Ekspertlər hesab
edirlər ki,
anlaşma xarici neft şirkətləri, eləcə də benefisiar və tranzit
ölkələr üçün də əhəmiyyətlidir.
Belə ki, Türkiyəyə nəql edilən
qazın illik həcmi 12,6 milyard
kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla,
eyni zamanda, TAP-a da ev
sahibliyi edəcək, ölkənin bu layihədən də öz
daxili ehtiyacları üçün
faydalanmaq imkanı olacaq.
Avropa isə birinci mərhələdə
illik 10 milyard kubmetr mavi qaz
idxal edə biləcək. Daha
sonra bu rəqəm 20
milyard kubmetrədək yüksəldiləcək.
Tranzit ölkələr, o
cümlədən Gürcüstan və
Türkiyə bu anlaşmadan
real gəlir əldə edən ölkələr
sırasındadır.
“Şahdəniz-2”
layihəsinə dair yekun
investisiya sazişinin
imzalanması Azərbaycana öz qazını
birbaşa Avropaya, həm
də bazar qiymətləri ilə
çıxarmağa imkan yaradacaq. Bu isə
ölkənin bir bazardan
asılılığının aradan
qalxması və Bakının “mavi yanacaq” ixracatında müstəqil siyasət
yürütməsi deməkdir. Bununla həm
də enerji resurslarının ixracında
çoxvariantlı marşrutlara sahib olan Bakı
Avropa Birliyinin enerji təhlükəsizliyinə mühüm
töhfələr verəcəkdir.
bp-nin məlumatına görə, nisbətən
daha yaxın zaman üçün isə Şahdəniz konsorsiumunun tərəfdaşları mövcud qurğular vasitəsilə
hasilatın ildə 1,4 milyard kubmetr artırılması üçün
şərtləri artıq ARDNŞ ilə
razılaşdırıblar. Hazırda hasilatın
artırılması istiqamətində işlər
aparılır və bu tədbirlərin
2014-cü ilin sonunadək başa
çatacağı gözlənilir. Yeri
gəlmişkən, ARDNŞ və Şahdəniz konsorsiumunun tərəfdaşları, həmçinin
hasilatın pay bölgüsü
haqqında sazişin müddətinin 2048-ci ilədək
artırılması üçün
şərtləri də razılaşdırıblar. Bununla yanaşı, tərəfdaş şirkətlər
hasilatın pay bölgüsü
üzrə sazişin sahəsi daxilindəki
strukturlarda kəşfiyyat və qiymətləndirmə
işlərinin aparılmasına dair
razılığa da gəlmişlər. Göründüyü kimi,
“Şahdəniz” yatağının tammiqyaslı işlənməsi
layihəsi Azərbaycanın dünyanın əsas qaz təchizatçıları
sırasındakı mövqeyini bir qədər də möhkəmləndirəcəkdir.
Əvvəlki
illərdə olduğu kimi,
yola saldığımız 2013-cü ildə
də neftdən əldə edilən gəlirlər
hesabına ölkə iqtisadiyyatının şaxələndirlməsi
və bir sıra infrastruktur
layihələrinin reallaşdırılması istiqamətində
genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bütün bunlar isə ölkəmizin iqtisadi
qüdrətinin daha da
artmasına və xalqımızın həyat səviyyəsinin
yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2014.- 9 yanvar.- S.1.