Bura Şəmkirdir...
Daim
yeniləşən və gözəlləşən şəhər
Azərbaycan
dövlətinin son 10 ildə həyata keçirdiyi işlərlə
tanış olmaq üçün elə təkcə Şəmkirə
baş çəkmək kifayətdir, – deyə rayon icra
hakimiyyətinin başçısı Nazim Veysov yenicə
istifadəyə verilmiş Bayraq Meydanından ətrafı
göstərir: – Bu meydanın özü 4,5 hektar ərazini əhatə
edir. Bayraq dirəyinin hündürlüyü 98 metr, dövlət
bayrağının uzunluğu 40 metr, eni isə 20 metrdir.
Ötən ilin sentyabrında ölkə rəhbəri burada
olub, Bayraq Muzeyi ilə tanış olmuşdur.
N.Veysov danışdıqca çöhrəsindəki
sevinc, qürur hissi açıq-aşkar hiss olunur.
...Muzeylə yaxından tanış oluruq. Bu
ikimərtəbəli, yaraşıqlı binada maraqlı
eksponatlar var. Səkkizguşəli ulduz formasında
yaradılan muzeydə müxtəlif dövrlərdə Azərbaycan
ərazisində mövcud olmuş dövlətlərin,
xanlıqların bərpa edilmiş bayraqları, gerblər
yerləşdirilib. Burada orden və medallar, ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan
dövlətinin yaranmasını, formalaşmasını və
inkişafını, Azərbaycan Prezidenti İlham Əliyevin
ölkəmizin tərəqqisilə bağlı fəaliyyətini
əks etdirən çoxlu sənədlər, bayraqlar, o
cümlədən döyüş bayraqları və mərasim
geyimləri də toplanıb.
Ən müxtəlif kütləvi tədbirlərin
keçirilməsi üçün meydan və 800 yerlik
amfiteatr diqqəti cəlb edir. Ərazi başdan-başa
abadlaşdırılıb. Artıq bura əsl istirahət
guşəsinə çevrilib.
Şəmkirin prospekt və küçələrini
gəzdikcə adam inana bilmir ki, bu, on il əvvəlki rayondur.
Yadıma ölkə başçısının dörd ay
qabaq Şəmkirdə olarkən dediyi söslər
düşür: “Şəmkir tamamilə yeni bir görkəm
alır. Şəhər, doğrudan da, ölkəmizin ən
gözəl şəhərlərindən birinə
çevrilmişdir. Şəmkir ölkəmizdə ən
sürətlə inkişaf edən rayonlardan biridir. Bu, məni
çox sevindirir. Çünki hər dəfə yenilikləri,
abadlıq-quruculuq işlərini görəndə mən də
sizin qədər sevinirəm. Şəmkirdə bütün
bu işlər böyük zövqlə və rayona olan
böyük məhəbbətlə icra edilir. Mən artıq
dördüncü dəfədir ki, Şəmkirdəyəm.
Son dəfə dörd il bundan əvvəl gəlmişəm.
Deyə bilərəm ki, şəhəri tanımaq çox
çətindir. Şəhər tamamilə yeniləşir,
gözəlləşir, əlbəttə ki, öz tarixi
simasını saxlamaqla ən müasir şəhərə
çevrilir”.
...Şəmkiri gəzdikcə hiss edirsən
ki, müasir, inkişaf etmiş şəhərdə nə
varsa, burada da var: abad, geniş, ətrafı
yaşıllığa, gül-çiçəyə
bürünmüş prospekt və küçələr, kanalizasiyası,
daimi suyu, işığı, qazı, milli ornamentli
darvazası, həyət-bacası olan evlər, park və
xiyabanlar, bərpa edilmiş tarixi abidələr...
Alman Lüteran kilsəsi ikinci həyatını
yaşayır. Baxımsız halda idi. İndi tamamilə
başqa görkəmdədir. Hətta burada orqan
quraşdırılıb, tez-tez xor kollektivlərinin
çıxışları olur. Qonaqlar da xüsusi zövq
alır. Bir əsrdən çox yaşı olan tarixi abidənin
bərpa edilməsi xeyirxah bir işdir və
tolerantlığın bariz nümunəsidir.
Şəmkir müasir şəhərdir.
Bayraq Meydanının yanında maraqlı dizaynı ilə
seçilən “Zəka” İntellektual Gənclər Mərkəzi
ilə tanış olmaq kifayətdir ki, “müasir”
sözünü işlədək. Ümumi sahəsi 3400
kvadratmetrə yaxın olan ikimərtəbəli binada gənclər
üçün hər cür şərait var. Müasir
studiya avadanlığı və işıqlandırma sistemilə
təchiz edilmiş pavilyondan mediayayım imkanı yaradan resurs
kimi istifadə olunur. Ən müxtəlif tədbirlər, o
cümlədən intellektual verilişlər, yeni verilişlərin
hazırlanması üçün istənilən şərait
və texniki imkanlar kifayət qədərdir.
Başqa bir müasir obyekt yeni mehmanxanadır.
Otaqları ən son informasiya-kommunikasiya texnologiyaları ilə
təmin olunub. Müasir havalandırma sistemi, restoranı, iclas
zalı, masaj otaqları, türk hamamı, sauna və hovuzu
var. Bir sözlə, turistlər üçün gözəl
bir istirahət mərkəzidir.
Bakı Oksford məktəbinin Şəmkir
filialı da şəhərin necə inkişaf etməsindən
xəbər verir. Filial 2010-cu ilin noyabrından fəaliyyət
göstərir. Dərslər ingilis dilində keçilir.
Şagirdlər attestatla yanaşı, Kembric Universitetinin orta təhsil
haqqında sertifikatını da əldə edirlər.
Məktəbin yataqxanası, özünün
nəqliyyat vasitələri, kitabxanası, yeməkxanası,
studiya və kino zalı da var.
Ötən ilin sentyabr ayında
açılışında ölkə
başçısının da iştirak etdiyi və Heydər
Əliyev Fondunun təşəbbüsü ilə inşa
olunan Uşaq Akademiyasının Şəmkir filialı da diqqətçəkən
obyektlərdən biridir.
Şəmkirin ümumi
görünüşünə xüsusi gözəllik gətirən
obyektlərin, necə deyərlər, başında Heydər
Əliyev Mərkəzi dayanır. Mərkəzin ətrafında
yaradılan parkın ümumi sahəsi 14 hektardır.
Buradakı fəvvarələr, uzunluğu 750 metrə
yaxın olan su kanalları, onların üzərindəki
çoxlu keçid -körpülər, süni göl və
digər elementlər bura xüsusi gözəllik verir. Mərkəzdə
hər cür şərait var. Kinozal, kitabxana, bar, tərcümə
ocağı, mühazirə və akt zalları, muzey...
...Şəmkiri gəzdikcə gəzmək
istəyirsən. Hərdən adama elə gəlir ki, başqa
bir uzaq şəhərdəsən. Amma yan-yörəndə
şən səsləri ətrafa yayılan uşaqları,
günün istənilən vaxtında istirahət edən
şəhər sakinlərini görəndə istər-istəməz
deyirsən: yox, bura Şəmkirdir, bizim Şəmkir!
Hamlet QASIMOV,
“Xalq
qəzeti”nin bölgə müxbiri
Xalq
qəzeti.- 2014.- 10 yanvar.- S.6.