Qriboyedovun erməni
“sevgisi” və acı sonluq
“Əzizim!
Mələyim mənim, Allaha dua eləyək ki, bundan sonra bizi
bir də ayrı salmasın. Burada əsirlər məni dəli
eləyiblər. Bəzilərini geri vermirlər, bir
başqaları isə özləri qayıtmaq istəmirlər.
Onların ucbatından burada hədər vaxt itirdim, tamamilə
hədər. Nə vaxt sənin yanına qayıdacağam?
Bilirsənmi, səndən ötrü yaman narahatam... Bir az əvvəl
şəhərə gəzməyə
çıxmışdım; zəngin məscidlər, bazar,
karvansara İran dövlətinin özü kimi xarabazarlıq
təsiri bağışladı. Çox güman ki, biz gələn
il bu yerlərə səninlə birlikdə gələcəyik
və yəqin onda hər şey, gözünə
yaxşı görkəmdə dəyəcək”.
XIX əsr Rusiya ədəbi mühitində
yetişmiş istedadlı yazıçı, eyni zamanda, siyasətçi
Aleksandr Sergeyeviç Qriboyedov ağlına da gətirməzdi
ki, qalib ölkənin səfiri kimi məğlub ölkədə
sevgilisinə yazdığı bu məktubdan bir müddət
sonra o həyatda olmayacaq. Əlbəttə, “Ağıldan bəla”
əsəri ilə yazıçı istedadını rus ədəbiyyatında
isbatlamış bu şəxsin həm də uğurlu siyasi
karyerasının olması və dünyanın ən
böyük dövlətinin səfarətinə
başçılıq etməsi onun gözlərini
tutmuşdu. Kim idi A. S.Qriboyedov?
A.S.Qriboyedov 1795-ci ildə polyak əsilli
zabitlər ailəsində anadan olmuşdur. Təhsil aldığı müddətdə
fransız, ingilis və italyan,
alman, daha sonra yunan, latın, fars, ərəb və türk
dillərinə yiyələnir. Universitetdə oxuyarkən onun poetik istedadı da üzə çıxır və kiçik əsərlər yazmağa
başlayır.
Napoleon tərəfindən başlanan
müharibə onun planlarını dəyişir
- o, kiçik zabit kimi müharibəyə
yollanır. Müharibədən qayıtdıqdan sonra Peterburqa köçür, bir çox dekabristlərin, o
cümlədən Puşkinin də
çalışdığı Xarici
İşlər Kollegiyası İdarəsinə işə
düzəlir.
1818-ci ildə rus missiyasının katibi
kimi İrana göndərilir
və burada iki il işləyir. Onun İranda yaşadığı həyat əsərləri
və gündəliklərində yer
alır. 1821-ci ildə İrandan
qayıtdıqdan sonra Qafqaz
generalı A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə
təyin edilir.
1826-cı ildə çar hakimiyyəti tərəfindən
dekabristlərin işi üzrə həbs
edilir. O, bütün
məxfi sənədləri öncədən məhv edir və buna görə
də günahı sübuta yetirilmədiyindən
azadlığa buraxılır. Yenidən Qafqaza
qayıdaraq diplomat vəzifəsində
çalışır. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi
kimi çıxış edir.
1828-ci ildə İranla imzalanan
Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, İrana rəsmi səfir
təyin edilir. Elə həmin ildə o, Tehranda səfirlik
binasında qətlə yetirilir və cənazəsi
Tiflisə aparılır.
Şimali Azərbaycana böyük erməni köçü
Türkmənçay
müqaviləsinin imzalanmasından sonra polkovnik Lazarev ermənilərin
köçürülməsi işinin ona tapşırılması ilə əlaqədar
olaraq 1828-ci il fevral ayının 14-də Paskevicin
qarşısında vəsadət qaldırdı. Onun fikrincə, ermənilər müharibənin
gedişində Rusiyanın qələbəsi üçün
əllərindən gələni etmişdilər və buna görə də onların Rusiyada yaşamaq arzusuna diqqətlə yanaşılmalı idi. İran ərazisində
yaşayan ermənilərin sürətlə
Rusiyaya köçürülməsinin təşkili
üçün polkovnik
Lazarev aşağıdakıları təklif
edirdi:
1)
köçürülmə işlərinə rəhbərlik
etmək üçün Paskeviç
tərəfindən ona yazılı sərəncam
verilsin və bu sərəncamda
köçənlər ücün nəzərdə
tutulan güzəştlər də öz əksini tapsın; 2) köçürmə
işlərinə rəhbərlik üçün
qərargah yaradılsın və həmin qərargahda işləyə
biləcək kadrların seçilməsi ona
həvalə edilsin; 3) iqlim
şəraitinə görə köçürülmə
işləri ləngiyən yerləri rus ordusu tərk etməsin və köçənlər
rus bölmələri tərəfindən
müşayiət olunsun; 4)
köçkünlər içərisində maddi
imkanları zəif olanlara dövlət xəzinəsindən
vəsait ayrılsın.
1828-ci ildə
Naxçıvan və İrəvan xanlıqları ərazisindən
yeni bir inzibati mərkəz-erməni vilayəti təşkil
edildi. Bunun təşkili ilə azərbaycanlıların öz doğma
torpaqlarında sıxışdırılması prosesi müntəzəm xarakter
aldı. Hansı ki, erməni vilayəti təşkil
edilən zaman həmin ərazidə olan 752 yaşayış məntəqəsindən
62-si erməni kəndi idi. Paskeviçin Qafqaz rus ordusuna baş
komandan təyin edilməsi və onun bacısı oğlu
A. Qriboyedovun da Rusiya Xarici İşlər
Nazirliyinin bölmələrindən birinə
başçılığı bu prosesi daha da
sürətləndirdi.
Hələ
bu müqavilə bağlanmazdan
əvvəl belə ermənilərin Arazdan
şimala köçürülməsi
artıq qəti bir fikir
kimi formalaşmışdı. Rusiya dövləti tərəfindən İrana qarşı irəli sürülməsi
planlaşdırılan strateji əhəmiyyətli
tələblərdən biri də İranda yaşayan ermənilərin Şimali
Azərbaycan ərazisinə buraxılması idi.
Rusiya tərəfindən
danışıqlarda iştirak edən
nümayəndələr də belə bir
məsələni həll etməli idilər. Erməni
tarixçiləri həmin məsələnin İran
tərəfinə qəbul etdirilməsində A.S.Qriboyedovun
geniş fəaliyyət göstərdiyini
yazırdılar.
Amma ermənilərin
köçürülməsinin təşəbbüsçülərindən
olan A. S. Qriboyedov həmin
məsələ ilə əlaqədar olaraq
yazırdı: “Ermənilərin ilk
dəfə buraxıldıqları torpaqlara
əbədi sahib duracaqlarından müsəlmanlar
içərisində yaranan qorxunu aradan qaldırmaq və
onların düşdükləri ağır vəziyyətin
uzun sürməyəcəyini bildirməklə
onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişdik.”
1827-ci ilin noyabr ayında Cənubi
Azərbaycan ərazisindəki Dehqarqan məntəqəsində
danışıqlar aparılarkən Nersesin
təklifi əsasında İran ermənilərinin
ruhani nümayəndələri Paskeviç və Qriboyedovla
görüşmüş və onlara həm qayğılarını, həm də
tələblərini çatdırmışdılar. Dekabr ayında Paskeviç Tiflisin hərbi
qubernatoru general
Sipyaginə göndərdiyi məktubda qeyd
etmişdi ki, Urmiya ətrafında yaşayan
15 min yunan və erməni
Rusiyanın ərazilərinə köçmək istəyir.
General Sipyagin isə
onların İrəvan və Naxçıvan ətrafında
yerləşdirilməsini məqsədəuyğun bilmişdi.
Paskeviç tələb edirdi ki, köçürülənlərin İrəvan
ətrafında yerləşdirilməsi ilə bərabər,
Naxçıvan əyalətində, Qafan
və Meqri ətrafında məskunlaşdırılması
da diqqət mərkəzində
saxlanılsın. Görünür, şimala köçmək istəyənlər
İrəvan xanlığı ərazisində yerləşdirilməyə
daha çox meyil edirmişlər. Rusiyanın maraqları
isə onların sərhəd boyunca bərabər
yerləşdirilməsini və bununla da sərhəd boyunca təhlükəsizlik
zolağının yaradılmasını tələb edirdi.
Polkovnik Lazarev İran ərazisində
yaşayan xristianların Şimali
Azərbaycan xanlıqları ərazisinə
köçürülməsinin nəticələri
haqqında general Paskeviçə
yazdığı 24 dekabr 1829-cu il tarixli hesabatında
göstərirdi ki, köçürmə
işləri 26 fevral 1828-ci ildə
başlanmış və iyunun 11-də başa çatmışdır. Bu müddət ərzində
8249 xristian ailəsi (onlardan
cəmi 100-ü aysor ailəsi olmuşdu, qalanları isə erməni ailələri
idi) İrəvan, Naxçıvan və Qarabağ əyalətinə köçürülmüşdür.
Köçürmə işlərinə xəzinədən
16 min qızıl pul
və 400 gümüş pul
xərclənmişdi. Guya köçmək
istəyən 1500 erməni ailəsi isə İranda
qalmışdı və onların köçürülməsinə
imkan tapılmamışdı.
Mövcud faktlara görə,
5000 erməni ailəsinin İrəvan xanlığı ərazisində
yerləşdirilməsi ortaya
çıxanda erməni vilayətinin rəhbərliyindən
Paskeviçə bildirilmişdi ki, burada onların
hamısının dolandırılması üçün
imkan yoxdur. Ona görə də ermənilərin Qarabağa göndərilməsi məqsədəuyğun
sayılırdı. Polkovnik Lazarev də Paskeviçə
yazdığı məktubunda bildirirdi ki, Urmiya, Səlmas və Xoydan olan
köçkünlər artıq Naxçıvana
çatmışlar. Onların arasında daha
çox ehtiyac duyanlar Qarabağa göndərilsinlər.
Orada 3000 erməni ailəsinin yeni məhsul əldə edilənə kimi ərzaqla təmin edilməsi imkanı var idi.
Ermənilərin
əsas hissəsi azərbaycanlı ailələrin
sıxışdırılması, onların adi
hüquqlarının tapdalanması hesabına məskunlaşdırılırdı.
Azərbaycanlı əhalinin yüksək vergilər
altında əzildiyi halda, İrandan
gətirilən ermənilər ən yaxşı torpaqlarda yerləşdirilirdi. Bundan başqa, onların bəzən
qarışıq yerləşdirilməsi iki
tərəf arasında toqquşmalara da səbəb olurdu. Bu problem Rusiya
tərəfi üçün də bir narahatlıq yaradırdı və həmin
narahatlığın aradan
qaldırılması üçün
yuxarıda qeyd edildiyi
kimi, ermənilərin ayrıca yerləşdirilməsinə
xüsusi diqqət yetirilirdi.
Ermənilər
əsasən varlı adamların torpaqlarına köçürülürdü. Hətta Qriboyedovun özü də
bu köçdən bəhs edərkən
yazırdı ki, ermənilər əsas
etibarilə müsəlman mülkədarlarının
torpaqlarına köçürülürdülər.
İran ərazisindən köçürülən
ermənilərin Şimali Azərbaycan ərazisində
yerləşdirilməsi İrəvan, Naxçıvan və Qarabağda əhalinin etnik
tərkibini dəyişdirə bilmişdi.
Bu əyalətlərdə gəlmə
ermənilərin artımı və yerli
azərbaycanlıların çar təzyiqinə
davam gətirməyərək İran və Turkiyə ərazilərinə
köçməsi nəticəsində əhalinin etnik tərkibindəki fərq ermənilərin
xeyrinə idi. Məsələn,
erməni vilayətində Türkmənçay müqaviləsinə
qədər 22500 erməni yaşayırdısa, sonrakı iki il ərzində
onların sayı az qala
üç dəfə artdı və
64450 nəfərə çatdırıldı.
Naxçıvan əyalətində ermənilərin sayı
2150 nəfərdən 13771 nəfərə, Ordubad dairəsində isə 1880 nəfərdən
3389 nəfərə çatdırıldı.
Rus tarixçisi İ.Şopenin
verdiyi məlumata görə,
bütünlükdə İran ərazisindən
erməni vilayətinə 6949 ailə və ya
35560 nəfər köcürülmüşdü.
Erməni vilayəti təşkil edilərkən onun əhalisinin 81749 nəfərini (16078 ailə)
azərbaycanlılar təşkil edirdilərsə, ermənilər cəmi 25131 nəfər
(4428 ailə) təşkil edirdilər. İrandan
ermənilərin köçürülməsi nəticəsində
isə onların sayı 60691 nəfərə (11377 ailəyə)
çatmışdı. Bununla da, ermənilərin sayı 24 faizdən 43 faizə
çatdırılmışdı.
Bütünlükdə
Türkmənçay sülh müqaviləsindən
sonra İran ərazisindən
Şimali Azərbaycan ərazisinə 6976
ailə və ya 35560 nəfər miqrasiya etmişdi. Həmin
miqrantlardan 2557 ailə Naxçıvan əyalətinə
göndərilmişdi. Onlardan da 416 ailə şəhərlərdə, 1869
ailə isə kəndlərdə məskunlaşdırılmışdı.
Yalnız Ordubadın özünə 266 ailə gətirilmişdi.
Qarabağ xanlığı ərazisində
3000 ailə və ya 15 min
erməni yerləşdirilmişdi. İrəvan
xanlığı ərazisində isə 1395 erməni ailəsi
yerləşdirilmişdi.
Hətta V.A.Parsamyan açıq şəkildə etiraf edərək yazırdı: “Rusiyaya birləşənə qədər
Şərqi Ermənistanın 160 min 195 nəfər
əhalisinin 56.305 nəfəri, yaxud 33,8 faizi erməni, 84089 nəfəri, yaxud 49,7 faizi müsəlman,
26911 nəfəri, yaxud 16 faizi
kürd və 850 nəfəri, yaxud 0,5 faizi kənar millətlər
olmuşdur. Parsamyanın rəqəmləri,
şübhəsiz ki, şişirdilmiş
olsa da, yenə də
ermənilərin yerli əhalidən az olması diqqət çəkir”.
“Ağıldan bəla” müəllifinin ağıllı etirafı
Əslində, bu etirafa diqqət etsək,
görərik ki, Qriboyedovun
ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. O
istedadlı yazıçı olduğu qədər
qızğın Rusiya təəssübkeşi
idi. Onun üçün Rusiyanın cənubunda iki böyük müsəlman
ölkəsi sayılan Osmanlı və İranla
sərhəddə ermənilərdən ibarət bufer zonanın olması vacib
idi və o bu planı canla-başla yerinə
yetirirdi. Lakin bütün bunlarla
yanaşı, Qriboyedovun rus
imperatoruna yazdığı məktubdakı
bu fikirlər onun ermənilərin
xarakterinə yaxından bələd olduğu
və onları düzgün qiymətləndirdiyi
anlamına gəlir. O yazır: “Əlahəzrət, mərkəzi
rus torpaqlarında ermənilərin məskunlaşmasına
icazə verməyin. Onlar elə
tayfadırlar ki, bir
neçə on il
yaşadıqdan sonra dünyaya
hay-küy salacaqlar və
bura bizim qədim dədə-baba
torpağımızdır deyəcəklər.”
Fikrimizcə, bu məktubundan sonra Qriboyedovun ziddiyyətli şəxsiyyət olması
bir daha isbatlanır. Qeyd etdiyimiz ziddiyyətli
xasiyyət sonda onun
faciəvi şəkildə ölməsinə də səbəb
oldu.
Qriboyedovun qətli
Gürcüstan əsilzadələrindən biri, İranda müsəlmanlığı
qəbul edən Yaqub xan
Fətəli şahın sarayında 30 ilə yaxın xidmətindən
sonra Qriboyedovla görüşür və xahiş
edir ki, onun öz vətəninə
dönməsinə şərait yaratsın. Türkmənçay müqaviləsində
Qafqaz əsilli xristian
əhalinin istədikləri vaxt
İranı tərk etmək və ölkələrinə
qayıtmaq hüququ olduğu
qeyd olunmuşdu. Olduqca
varlı olan Yaqub xanın
istəyi rus səfirini təəcübləndirsə
də onun ölkəsinə dönüşünü təmin etməklə
razılaşdı. Yaqub xan
isə öz növbəsində Qriboyedova şahın vəziri Asəf-əd
Dövlənin sarayında iki erməni
qadının vəziyyəti barədə
danışaraq onların əsir kimi
yaşadıqlarını və öz vətənlərinə
dönmək istədiklərini söylədi. O bunu onunla əsaslandırırdı
ki, Asəf-əd Dövlə bu qadınları məcburi şəkildə
müsəlmanlaşdırıb və örtünməyə
məcbur edib. Belə olduqda
Qriboyedov Allahyar Asəf-əd
Dövlənin siğə qadını sayılan iki erməninin səfirliyə gətirilməsinə
göstəriş verdi. Hadisədən xəbərdar
olan vəzir şaha
bildirmədən ruhaniləri topladı və namusunun
tapdalandığını bildirdi. Tezliklə
xəbər bütün Tehrana
yayıldı. Əhalinin dindar kəsimi keçmiş vəzirin “namusunu
təmizləmək” üçün bir qığılcıma bənd idi. Ruhanilərin verdiyi
fətfa qüvvəyə mindi və gözü qanla dolmuş əhali Tehranın Adinə məsçidindən
hərəkətə başladı. Hadisələr elə
sürətlə cərəyan etdi ki, hətta Tehran valisi belə müdaxilə etmək üçün lüzum
görmədi. Onlar səfirliyin
qarşısına çatdıqda Qriboyedov
əhalini pulla ələ almağa
cəhd etsə də, nəticə vermədi.
Radikallaşmış əhali səfirliyə daxil
olaraq səfir də daxil
olmaqla qarşılarına çıxan
hər kəsi qətlə yetirdilər. Yalnız səfirliyin
katibi olan Malzov soyadlı şəxs qaçıb qurtula bildi.
Əminə Pakrəvan
özünün “Abbas
Mirzə və Azərbaycan” əsərində haqlı olaraq yazır: “Torpağının ruslar tərəfindən işğal
olunmasına təpki göstərməyib susan
bu əhali və onun dini rəhbərləri sanki
İslamı qəbul etmiş iki erməni qadınının
intiqamını almaq üçün
macəra axtarırdılar... Xatırladım ki,
rus ordusu Təbrizə
girdiyi zaman din xadimlərinin istəyi üzərinə
onların qarşısında qurban kəsmişdilər.
Din xadimləri İslamın təhqir olunduğunu sanırdılar. Lakin
iki erməni qadınının İslamla nə ilgisi ola bilərdi?...”
Beləliklə, keçmiş dekabrist, dövrünün sayılıb-seçilən
yazarı və siyasətçisi olan Qriboyedov ömrünün
gənc çağında özünün
düşünülməmiş hərəkətinin və mənasız
xristian təəssübkeşliyinin
qurbanı oldu. Hansı ki,
onun ölümü
çoxlarında hətta Abbas Mirzənin
özündə də elə təəssürat yaratmışdı
ki, bu artıq sondur. Rusiya kimi güclü dövlət
bu qətliamla barışmayacaq və
müharibəyə başlayacaqdır. Lakin
bu baş vermədi. Çünki çarın dekabristlərə
nifrəti və Qriboyedovun da
vaxtılə bu düşərgəyə
mənsub olması onun bu
işə soyuq yanaşması üçün əsas oldu.
Bir sözlə, çar
bir o qədər də
bəyənmədiyi Qriboyedov üçün İrana
müharibə elan etmədi.
Öz dikbaşlığı və
çalışdığı regiondakı insanların
xüsusiyyətlərini nəzərə almamağı
ucbatından öldürülən Qriboyedovun
ermənilərin şimali Azərbaycan
torpaqlarında məskunlaşdırılması planı
işə yaradı. Erməni məkrinin şahidi
olan və bu
baxımdan çarı xəbərdar edən
yazıçının “fədakar”lığı
nəticəsində bu gün
Azərbaycan torpaqlarının böyük
bir hissəsi işğal
altındadır. Əvvəlcə İrəvan, Dərələyəz,
Zəngəzur, Göyçə, daha sonra Qarabağ erməni məkrinin
qurbanı oldu. Bu gün qədim Azərbaycan torpaqlarında bu qədər erməninin yaşaması və
regionda erməni dövlətinin
yaradılması məhz onun
köçürmə planının acı nəticəsidir.
Erməniləri himayə etməsi və eyni
zamanda, onlardan bufer vilayət düzəltmək istəyi həm
A. S. Qriboyedovun, həm də Azərbaycan
torpaqlarının gələcək faciəsinin
başlanğıcı idi.
Anar
TURAN
Xalq qəzeti.- 2014.- 10 yanvar.- S.5.