Yardımlı günlərini yaşayır

 

İstisu meşələrini keçəndən sonra dağlara qalxan dolama yolla Yardımlıya doğru irəlilədikcə qarlı zirvələr üzə gülür.  Heyranlıqla baxıram və “Zirvə” rayon qəzetinin  baş redaktoru, dostum Ələsgər Cəfərin sözləri yadıma düşür: “Yardımlı günlərini yaşayır”. Bu gün həmin fikri həm həqiqi, həm də  məcazi mənalarda başa düşmək olar. Qar yağıb və hər tərəf libasa bürünüb - bu, bir. Rayonun sosial-iqtisadi inkişafı sürətlənib və danılmaz həqiqətdir ki, əhalinin güzəranı daha da yaxşılaşıb - bu da iki.

 

Artıq tarixə çevrilmiş 2013-cü il Yardımlı  üçün unudulmaz olub, desək, yanılmarıq.  Rayonun siması aybaay gözəlləşib. Təbəssüm saçan yeni parklar, bağlar salınıb, yaraşıqlı idarə binaları, gur işıqlı məktəblər  tikilib, uzaq kəndlərə uzun-uzun yollar çəkilib, əhalini aydınlığa qovuşduran  su bolluğu yaradılıb.

İli Yardımlı üçün daha da əlamətdar edən odur ki, sentyabrın 4-də ölkə Prezidenti cənab İlham Əliyev rayona tarixi səfər etdi. Həmin gün YAP Yardımlı rayon təşkilatının inzibati binası,  Heydər Əliyev Mərkəzi və parkı, Gənclər parkı, Yardımlı-Deman-Arvana avtomobil yolu möhtərəm Prezidentimizin xeyir-duası ilə istifadəyə verildi. Gənclər parkında rayon ictimaiyyəti ilə görüş zamanı dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi  və yaxın gələcəkdə rayonda yeni infrastruktur layihələrinn həyata keçiriləcəyini bildirdi. Bundan bir neçə gün sonra 10 sentyabr 2013-cü ildə cənab Prezident tərəfindən on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi üçün 2 milyon manat, rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə isə Prezidentin Ehtiyat Fondundan daha 2 milyon manat vəsaitin ayrılması barədə sərəncamlar verildi. Dağlar diyarının əhalisi haqlı olaraq bütün bunları dövlət səviyyəsində rayona göstərilən diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirdi.

Ötən ili Bilnə kəndində yaşayan 48 ailə, Bozayranda yaşayan 280 ailə, Qabaqdibi kəndinin 178 ailəsi, habelə Ünəç küçəsinin çoxsaylı sakinləri uzun illərin həsrətindən sonra təbii qaz almalarına görə, AlçabulaqAvaş kəndlərinin müəllim və şagirdləri yeni məktəb binalarının tikilib istifadəyə verilməsinə görə  razılıqla xatırlayacaqlar. Daha altı kəndin əhalisi isə rahat gediş-gəliş üçün Sırıq-Horavar avtomobil yolunun salınması fərəhini bundan sonra hələ illərcə yaşayacaq.

Nəhayət, ilin sevinclərindən biri də dekabrın 10-da Mişkireyn kəndinin camaatına bəxş edilib. Həmin gün kənddə təbii qazın verilməsi münasibətilə açılış mərasimi keçirilib. Kənd sakinləri ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıq hisslərini ifadə edərək,  evlərinə təbii qazın verilməsini mühüm hadisə kimi qiymətləndiriblər. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov təbrik nitqində Prezident İlham Əliyevin regionlara böyük qayğısından danışıb, daxili siyasətdə öncəliyin məhz insan amilinə verildiyini əsaslandırıb, bunun bariz nümunəsi kimi Yardımlının inkişafına diqqəti yönəldib. O, əminliklə vurğulayıb ki, rayonun sosial-iqtisadi inkişafı, o cümlədən kəndlərin qazlaşdırılması işi davamlı xarakter daşıyır. Sonda təbii qazla rəmzi məşəl alovlandırılıb.

Yeri gəlmişkən, Sevindik müəllimin kəndlərə hər gəlişi, əhali ilə işgüzar görüşləri  hansısa problemin həlli, müşkülün çözümü, çətinliyin aşılması ilə yadda qalır. Elə mənim dekabrın son günlərindən birində Yardımlıya səfərimdə onu görə bilməməyimin səbəbi  icra başçısının səhərdən Dəlləkli kəndinə növbəti görüşə getməsi olmuşdu...

Bu məqamda yenə də jurnalist dostumun yerinə düşən fikirlərinə istinad etmək istəyirəm: “Müşahidələrimiz göstərir ki, möhtərəm Prezidentimizin şəxsi nümunəsi sayəsində əhali ilə görüşlərə önəm verilməsi rəhbər işçiyə yalnız başucalığı gətirir. Bizim rayonun rəhbərliyi də bu əsasda fəaliyyət mexanizminin əsas konturlarını müəyyənləşdirmək üçün kəndlərdə keçirilən görüşlərdən, səyyar qəbullardan faydalana bilir. Camaat görüşlərin formal xarakter daşımasını istəmir. Diqqət, konkret əməli tələb edir. Bu mənada Sevindik müəllimlə görüşlər əsl işgüzar səciyyəli olur. O, yalnız gücü çatanı vəd edir və yerinə yetirilməsinə çalışır. Bir vaxtlar geridə qalmış, ucqar ərazidə yerləşən Yardımlının problemlərinə doğma münasibət bəsləyir. Ona görə də bir kəndə ikinci, hətta üçüncü dəfə də, necə deyərlər, ürəkli gedir. Adamlar görür ki, əvvəlki görüşlərdə söylənənlər havadan asılı qalmayıb, xahişlərin nəticəsi olub. Son aylarda Separadi, Dəryavar,  Peştəsər, Nisəqala, Arus, Abbasabad və Vəlixanlı kəndlərində keçirilən görüşlərdə bunun bir daha şahidi olmuşuq”.

Yardımlı şəhərinin baş küçəsində əsaslı yenidənqurma və abadlıq işlərinin səliqə ilə aparılması, yeni işıqlandırma sisteminin yaradılması, yolun bir neçə istiqamətdə genişləndirilməsi  mərkəzin şəhər statusuna uyğunlaşdırılması baxımından təqdirəlayiqdir. Yardımlı-Deman-Arvana yolunun 20 kilometrinə asfalt döşənib. Kəndlərə aid 100 kilometrə qədər yol təmir edilib. Rayonda ilk sənaye emal müəssisəsi olan şirə zavodu tikilib, 110 kilovoltluq elektrik hava xətti çəkilib. Daşkənd massivinin qazlaşdırılması, Avaş, Kürəkçi, Alçabulaq kəndlərində məktəblərin inşası da bu qəbildəndir. Sineyir yaylağından 18 kəndə su xəttinin çəkilişi rayonda tarixi hadisə sayılır. Yardımlıya çəkilən içməli su xəttinin açılışında cənab Prezidentin şəxsən iştirak etməsi sakinləri hədsiz sevindirmişdir.

Hazırda rayonda Olimpiya İdman Kompleksi tikilir, digər layihələr icra olunur. Əhalinin şəxsi problemləri də diqqətsiz qalmır. Məsələn, Vəlixanlı kəndində  Xubyar Fərəcov maddi durumu ilə bağlı müraciət etmişdi. İcra başçısı görüşdə iştirak edən sakinlərdən bu barədə soruşanda hamı bir ağızdan təsdiqlədi ki, doğrudan da onun güzəranı ağırdır. Bundan sonra Sevindik müəllim lazımi tədbir görülməsi barədə göstəriş verdi. Peştəsərdə isə iki qonşu arasında evlərə su xətti çəkmək üstündə mübahisə yaranmışdı. Başçı hər iki tərəfi razı salmaq üçün təklif etdi ki, su xəttinə lazım olan rezin boru (təxminən 1,5 kilometrlik) rayon rəhbərliyi tərəfindən verilsin, qonşularsa suyu çəkib gətirsinlər və ondan razılıqla istifadə etsinlər. Beləcə, daha bir lokal problem asanlıqla həllini tapdı.

Yardımlı səfərimdə görüşdüyüm sakinlər qış qayğılarının da xeyli azaldığını dilə gətirdilər, razılıqlarını bildirdilər. Şəhər sakini Ağamir, Alar kəndindən Cəlal və başqaları həyat şəraitinin indi əvvəlki dövrlərdən xeyli fərqləndiyini, işıq, qaz, su təchizatının rahatlıq yaratdığını söylədilər.

Beləcə, bir qış gününün isti təəssüratları ilə Yardımlını tərk elədik. Bizdə belə bir yəqinlik hasil oldu ki, dağlar diyarının uğur hekayələri hələ çox olacaq. Yardımlı qış-yay günlərini yaşayacaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.6.