BİLƏSUVAR: Aran düzündə yüksələn şəhər
Yüz minə qədər əhalisi olan Biləsuvar rayonu Aran iqtisadi zonasında yerləşir. 1 şəhər və 25 kəndi birləşdirir. Qədim tarixi olan rayonda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidəsi var. Bunlar “Şəhriyar qalası”, tunc və dəmir dövrlərinə aid kurqan-təpələr, orta əsrlərə aid Ağ dam qalası, “Çöl Ağ dam şəhərciyi” və “İçəri Ağ dam yaşayış ərazisi” arxeoloji abidələrindən ibarətdir.
Tarixi mənbələrə görə, X əsrdə
indiki Biləsuvarın yerində Büveyli əmiri Piləsuvarın
saldığı şəhərə onun
şərəfinə öz adı verilib. Adın mənası isə “böyük atlı” deməkdir. XIV əsr feodal
çəkişmələri nəticəsində tənəzzülə
uğrayan Biləsuvar şəhəri
1828-ci il Türkmənçay müqaviləsinə
əsasən iki hissəyə
bölündükdən sonra bir hissəsi İranda
qalmışdır. Rusiya imperiyası
daxilində qalan hissəsinin əhalisi sərhəddən
20-40 kilometr kənarda ruslar
üçün salınmış
yaşayış məntəqələrinə və digər
ərazilərə köçürülmüşdür.
Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı
Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir.
Səkkiz il sonra Biləsuvar
adı dəyişdirilərək Puşkin
rayonu adlandırılmışdır.
1991-ci ildə Biləsuvarın tarixi
adı özünə qaytarılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Biləsuvara
qayğısı böyükdür. Son yeddi ildə dövlət
başçısı bu rayona dörd səfər
etmişdir. 2012-ci ilin
iyulunda Prezidentin sərəncamı
ilə rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədilə
dövlət büdcəsinin dövlət əsaslı vəsait
xərclərinin bölgüsündən kəndlərarası yolların tikintisi
və yenidən qurulması üçün
5,2 milyon manat vəsait
ayrılmışdır.Həmin vəsait hesabına Biləsuvar
şəhərinin mərkəzini rayonun
Əsgərabad, Ağalıkənd, Amankənd,
Aşağı Cürəli,
Yuxarı Cürəli və Ovçubərə kəndləri
ilə birləşdirən 21 kilometr
uzunluğunda yol çəkilmişdir.
Ötən
ilin sentyabrında gerçəkləşən
səfər ərəfəsində Prezidentinin
Ehtiyat Fondundan 13 min nəfər əhalinin
yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad
avtomobil yolunun
tikintisinə ilkin olaraq
2 milyon manat
ayrılmışdır.
Səfərdən sonra isə rayonun sosial-iqtisadi inkişafı üçün
2 milyon, dörd məntəqəni
birləşdirən Əsgərabad-Muğan avtomobil
yolunun tikintisi məqsədi
ilə ilkin olaraq 2 milyon, həmçinin rayon
mərkəzi xəstəxanasının yenidən
qurulması ilə bağlı əsaslı təmir işlərinə
başlanması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün
ilkin olaraq 1 milyon manat ayrılmışdır.
On
illik sosial-iqtisadi
göstəricilər rayonun inkişaf dinamikasını parlaq
şəkildə göstərir. Ümumi
məhsul buraxılışının həcmi 2003-cü illə
müqayisədə ötən il 4,2 dəfə
artaraq 195,5 milyon manata, kənd təsərrüfatı məhsulunun
həcmi 4 dəfə artaraq 89,3 milyon manata, sənaye məhsulunun həcmi isə 10 dəfə
artaraq 8,5 milyon manata çatmışdır.
Əsas kapitala yönəldilən investisiyalar
5,4 dəfə artaraq
58,6 milyon manata
çatmışdır. Rayonda tikinti-quraşdırma işlərinin
həcmi 5,7 dəfə artaraq
57,9 milyon manat təşkil etmişdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 340 sahibkara
35,3 milyon manat kredit ayrılmışdır. Kənd təsərrüfatı
məhsulları istehsalçılarına 6,6 milyon
manat subsidiya verilmişdir. 2003-cü ildən bəri
dörddə-üçü daimi olmaqla 21650 yeni iş yeri
açılmışdır.
Son illərdə Biləsuvar görkəmini
tamamilə dəyişmişdir. Bundan əvvəl Astarada olduğu kimi, indi də Biləsuvarda icra
hakimiyyətinin başçısı Mahir
Quliyev dövlət rəhbərinin sosial-iqtisadi inkişafla
bağlı tapşırıqlarının yüksək
zövqlə yerinə yetirilməsinə nail
ola bilir. İndi Biləsuvarın mərkəzi hissəsinə
baxanda adamın ürəyi açılır.
İdeal səliqə-sahman, genişlik göz
oxşayır. Ulu öndərin adını daşıyan mədəniyyət
və istirahət parkı əsaslı təmir olunmuş və burada unudulmaz dahi şəxsiyyətə
möhtəşəm abidə ucaldılmışdır.
Şəhərdə neçə-neçə istirahət
parkı salınmış, mərkəzi rayon
stadionu və tarix-diyarşünaslıq muzeyi əsalı təmir edilmişdir.
Rayon ərazisində yüz kilometrədək
yol əsaslı təmir olunmuş,
o cümlədən Ələt-Astara avtomobil yolu, Biləsuvar-İran
İslam Respublikası ilə dövlət
sərhədi yolu, Bəhrəmtəpə-Biləsuvar
yolu və Biləsuvar şəhərinin
dövrələmə yolu, 6,2 kilometrlik Aranlı-Çinarlı Bağbanlar yolu, Ağayrı-Nəsimi yolu əsaslı təmir olunaraq
asfaltlaşdırılmışdır. Prezidentinin
sərəncamı ilə Biləsuvar şəhərinin mərkəzini
rayonun altı kəndi ilə birləşdirən
21 kilometr uzunluğunda
yol çəkilmişdir.
Rayonun 18 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir, hazırda 8 kəndə təbii qaz xətlərinin çəkilişi davam etdirilir.
Rayonda illik istehsal
gücü 60 min ton olan “Azərsun Holdinq”in konserv
zavodu, illik istehsal gücü 15 min ton olan
“Biləsuvar AQRO” MMC-nin süd
zavodu və 2 pambıq emalı zavodu fəaliyyət göstərir.
Şəhərin
küçələrində hasarlar aqlay daşlarla üzlənmiş, yeni
işıqlandırma dirəkləri
quraşdırılmış, içməli su
xətləri çəkilmişdir. Saatlıq gücü 380 ton olan asfalt-beton zavodu tikilib istifadəyə
verilmişdir. Hazırda rayonda kanalizasiya sisteminin
quraşdırılması işləri, soyuducu
anbar kompleksinin,
Xırmandalı kəndində istixananın, Toxumçuluq
İdarəsi üçün yeni binanın inşası, H.Əliyev
küçəsinin qalan hissəsində
hasarların tikintisi, aqlay
daşları ilə üzlənməsi və yeni
işıqlandırma dirəklərinn quraşdırılması
davam etdirilir. Mərkəzi
xəstəxananın əsaslı təmirinə
başlanmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
təsdiq edilmiş “Dövlət Gənclər
proqramı (2011-2015-ci illər)” çərçivəsində
hər il interaktiv qaydada 50 mindən artıq əhalisi olan şəhər və rayonlardan
birinin “Gənclər paytaxtı”
seçilməsi nəzərdə tutulur.
2013-cü ildə Biləsuvar
rayonu yüz minlərlə internet istifadəçilərinin
rəyi ilə 50 şəhər və rayon
arasında birincilik əldə edərək
Azərbaycanın “Gənclər paytaxtı” seçilmişdir.
Gənclər və idman naziri
Azad Rəhimov
“Gənclər paytaxtı”nın rəmzi
açarını Biləsuvar gənclərindən ibarət
olan nümayəndə heyətinə təqdim
etmişdir. Bu nailiyyətin əldə olunmasında rayon gənclərinin inadlı mübarizəsi
və prosesə rayon ictimaiyyətinin fəal
qoşulması mühüm rol oynamışdır. İl ərzində
respublikanın “Gənclər paytaxtı” Biləsuvarda bu istiqamətdə bir çox layihələr icra
olunmuşdur. Həm yerli,
həm də bir neçə beynəlxalq
layihənin gerçəkləşməsinə ev sahibliyi edən Biləsuvarın
bugünkü gəncliyi bir
komanda halında dövlət və xalq qarşısında öz
borcunu layiqincə yerinə yetirmişdir.
Bildiyimiz kimi, ölkə Prezidenti cənab İlham
Əliyevin 22 iyul 2010-cu il
tarixli sərəncamı ilə Biləsuvarın
Əliabad kənd sakini, gizir
Mübariz Ağakərim oğlu
İbrahimova Azərbaycan
Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında
müstəsna xidmətinə və göstərdiyi rəşadətə
görə ölümündən sonra “Azərbaycanın Milli
Qəhrəmanı” adı verilmişdir.
Ölməz Mübariz İbrahimovun
misilsiz şücaətindən böyük qürur düyan biləsuvarlı gənclər hərbi
xidmətə həvəslə yola düşür, vətən
qarşısında müqəddəs borclarını
şərəflə yerinə
yetirirlər.
Biləsuvarda əhalinin
üçdə-bir hissəsini təşkil edən gənclər
hərtərəfli qayğı ilə əhatə olunub. Onların
asudə vaxtının səmərəli təşkili üçün mədəni-maarif müəssisələri
az iş görməmişdir.
Rayondakı 21 klub və mədəniyyət
evi, 30 kitabxana, 2 uşaq incəsənət məktəbi, Heydər
Əliyev və
Tarix-diyarşünaslıq muzeylərində, Heydər
Əliyev məktəbində, Rəsm qalereyasında ilboyu keçirilən tədbirlər, görüş və konsertlər maraqla
qarşılanıb.
Rayonda
150 sadə idman qurğusu var. Müasir tələblərə cavab
verən 3 min yerlik stadion idmançıların
istifadəsindədir. Olimpiya İdman Kompleksində on növ üzrə məşqlər keçirilir
ki, yeddisi olimpiya təsnifatına daxildir.
Biləsuvarda
5570 nəfər idmanla
məşğul olur. Son illərdə idmançılar
müxtəlif mötəbər
yarışlarda 9 qızıl,
12 gümüş və
74 bürünc medallar
qazanmışlar. İki nəfər
idman ustası, 3 nəfər isə ustalığa namizəd adını almışdır.
Arzu Babayev karate növü üzrə dünya çempionu olmuş, Orxan Mayılov boks
üzrə dünya çempionatında 2-ci yeri
tutmuşdur.
Gənclərin
intellektual inkişafı
da diqqətdədir. Məktəb
kompyuterlərinin sayı
385-ə çatmışdır. Hər 35 şagirdə bir
kompyuter düşür.
Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərinin
məzunlarından 178 nəfəri
ali məktəb
tələbəsi adını
qazanmışdır. Onlardan
6 nəfəri 600-dən, 32 nəfəri 500-dən çox
bal toplamışdır.
Məzunlardan 65 nəfəri orta
ixtisas məktəblərinə
qəbul olunmuşlar.
Rayonda
gənclərin asudə
vaxtlarının səmərəli
təşkilində mədəni-maarif
müəssisələrinin üzərinə də mühüm vəzifələr
düşür. Mədəniyyət
evləri, klub və kitabxanalar əhaliyə
xidmət mədəniyyətini
yüksəltməyə çalışırlar.
Bu il Biləsuvarın inkişafı
daha da sürətlənəcək.
Əhalinin həyat şəraiti
daha da yaxşılaşacaq.
“Gənclər paytaxtı” estafeti başqa bir rayona versə də, gənclik və qələbə ruhu əskilməyəcək.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.6.