Qloballaşan dünyada Azərbaycanın
iqtisadiyyatı və siyasəti
Azərbaycan iqtisadiyyatı dedikdə bu termin altında Azərbaycan xalqının, əhalisinin maddi rifahı, güzəranı, dövlətin gəliri, çıxarı, xariclə əlaqələri, onun gücü, əhalinin iqtisadi baxımdan təhlükəsizliyi başa düşülür. Hazırki dövrdə iqtisadiyyat dedikdə çoxları sadəcə bir şey düşünürlər: istehsal üsullarının fərqləndirilməsi xüsusiyyəti. Keçmişdə iqtisadiyyat dedikdə bu anlaşılırdı. Ancaq indi müasir dövrdür. İqtisadiyyat geniş anlayışa çevrilmişdir. Bu gün Azərbaycan iqtisadiyyatı dedikdə onun xalqının maddi rifahı, ordusu, taktikası başa düşülür. Məhz bu səbəbdəndir ki, ulu öndər Heydər Əliyev demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Azərbaycan
iqtisadiyyatı daha nələri ifadə edir? İlk baxışda bu anlayış təkcə Azərbaycan adlanan məkanı təmsil etmir.
Çox dərinə getmədən sadəcə
bunu söyləyə bilərik ki, Azərbaycan
nefti 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin
iştirakçısı olan ölkələrin
iqtisadiyyatının
inkişafında mühüm rol oynayır. Odur ki, iqtisadiyyatımız ölkəmizin sütunu olmaqla
yanaşı, dərindən düşündükdə, həm
də ümumilikdə, dünya iqtisadiyyatının bir
hissəni təşkil edir.
Dövlət müstəqilliyini
bərpa edən Azərbaycan Respublikası 1993-cü ildən başlayaraq iqtisadi sahədə
öz suveren
hüquqlarını gerçəkləşdirməyə və
müstəqil siyasət aparmağa
başlamışdır. Bu siyasətin
başlıca istiqamətlərini müxtəlif mülkiyyət
formaları əsasında yaradılan iqtisadi
sistem, bazar
iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya
təşkil etmişdir. Müstəqillik
dövründən bu günə kimi ölkədə mövcud
iqtisadi inkişafı iki
əsas mərhələyə bölmək olar.
Birincisi, 1991-1995-ci illəri əhatə
edən iqtisadi xaos və
ya tənəzzül dövrü.
İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.
Dövlət
müstəqilliyinin bərpasından sonra
ötən qısa tarixi dövr
ərzində Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin uzaqgörən
siyasəti və gərgin fəaliyyəti nəticəsində,
ağır şərtlərə baxmayaraq,
ölkəmizin sosial-iqtisadi
inkişafı və dünya təsərrüfat
sisteminə inteqrasiyası sahəsində çox
böyük nailiyyətlər əldə
olunmuşdur. Ən böyük
nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə
aparılan müstəqil dövlət quruculuğu
prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarı ilə yeni
bir model – Azərbaycan
modeli yaranmışdır.
Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin
inkişafında lokomotiv rolunu
oynadı. Düşünülmüş
iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail
olundu və davamlı iqtisadi
artımın əsası qoyuldu,
iqtisadiyyatın bütün sahələrində
islahatlara başlandı, əhalinin həyat
səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar
atıldı. İqtisadiyyatda mülkiyyətin
çoxnövlülüyü təmin
olunması istiqamətində həyata keçirilən tədbirlər
davamlı iqtisadi inkişafa
öz müsbət nəticəsini vermişdir. Belə ki,
özəlləşdirməyə başlayan
zaman özəl sektorun
ÜDM-də payı faktiki olaraq 10 faizdən az
olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi
85 faizə çatmışdır.
Beləliklə,
Heydər Əliyev strategiyasının həyata keçirilməsi
nəticəsində müstəqilliyin ilk
illərində baş vermiş
tənəzzülün qarşısı uğurla
alındı və 1995-ci ildən Azərbaycanda keçid dövrünün
yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü
başlandı. 1995-2003-cü illər ərzində
ümumi daxili məhsul
90,1 faiz, dövlət büdcəsinin gəlirləri
3 dəfə, ölkənin valyuta
ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2
faiz, kənd təsərrüfatı
istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul
olanların orta aylıq real
əmək haqqı 5,6 dəfə artdı, inflyasiya
səviyyəsi 2-3 faizə qədər endirildi,
bütün maliyyə mənbələri
hesabına iqtisadiyyata yönəlmiş
investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən
və yeni çalarlarla
zənginləşdirilmiş sosial-iqtisadi
siyasətin strateji məqsədləri sərbəst
bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü,
diversifikasiya olunmuş
milli iqtisadiyyatın
formalaşdırılması
və dünya təsərrüfat sisteminə
inteqrasiyasının təmin olunmasıdır. Davamlı
və dinamik inkişaf
məntiqinə əsaslanan bu siyasətin
həyata keçirilməsi nəticəsində
qazanılmış uğurlar daha da möhkəmləndirilmiş,
bu dövrdə makroiqtisadi
sabitlik qorunub
saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların
inkişafı sürətlənmiş, strateji
valyuta ehtiyatlarının səmərəli
istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin
etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş,
sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş,
əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
İqtisadiyyatın
diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli
və ardıcıl reallaşdırılması üçün dövlət
başçısının müvafiq fərman
və sərəncamları ilə “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət
Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur.
Xüsusilə
qeyd etmək lazımdır ki, dövlət başçımızın
regionlarımızın sosial-iqtisadi inkişafına dair dövlət proqramları
regionların davamlı inkişafı, sosial
infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft
amilindən asılılığının qeyri-neft
sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar
açmışdır. Regional inkişaf proqramlarının icrasının
başlanmasından, yəni 2004-cü ilin
fevralından bu günə qədər
ölkəmizdə bir milyondan
çox iş yeri açılmışdır. Yeni iş yerlərinin
açılması, müasir standartlara cavab verən
müəssisələrin işə salınması nəticəsində
ölkə daxilində istehsal olunan malların sayını
artırmış, ixracdan
asılılığı azaltmışdır. Halbuki, həmin dövrdə Rusiyada
işsizlik son həddə
çatmışdı.
Qlobal maliyyə-iqtisadi böhranı nəticəsində
dünyanın aparıcı ölkələrində baş vermiş kəskin ressesiyaya baxmayaraq, Azərbaycanda
makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin
azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu
ildə də davam etmişdir. Eyni zamanda,
Azərbaycan 2009-cu ildə iqtisadiyyatın real
artım tempinə görə region
ölkələri arasında lider olmaqla yanaşı, müvafiq
göstərici üzrə dünya
miqyasında da yüksək yerdə qərarlaşmışdır.
Belə ki, ilin
yekunlarına əsasən, 2009-cu ildə ÜDM-in
real artımı 2008-ci illə müqayisədə
9,3 faiz, əhalinin hər nəfərinə
düşən ÜDM-nin real
həcmi isə 7,9 faiz təşkil etmişdir. ÜDM-nin 64,1 faizi iqtisadiyyatın istehsal, 28,3 faizi xidmət
sahələrinin payına düşmüş
və bu sahələrdə real artım müvafiq olaraq 10 faiz və 9,1 faiz təşkil etmişdir.
2009-cu ildə neft-qaz sektorunda
real artım 14,3 faiz, qeyri-neft sektorunda isə
3,2 faiz olmuş və
eləcə də sənaye sektorunda real artım tempi 12,8
faiz, nəqliyyatda 9,3 faiz,
rabitədə 13,1 faiz, ticarətdə 9,9
faiz təşkil etmişdir.
Azərbaycanın
uğurları nüfuzlu beynəlxalq təşkilatların
hesabatlarında da öz
əksini tapmışdır. Təsadüfi deyil
ki, 2009-2010-cu illər üçün
hazırlanmış “Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək,
133 ölkə arasında 51-ci yerə, MDB ölkələri
arasında isə 1-ci yerə yüksəlmişdir. Eləcə
də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə
iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən
“Pozitiv”ə yüksəldilmişdir.
Növbəti mərhələnin
əsas məqsədlərini makroiqtisadi sabitliyin qorunub
saxlanılması və iqtisadi
inkişafın dayanıqlılığının təmin
edilməsi təşkil edəcəkdir. Eyni
zamanda, iqtisadi
artımın keyfiyyətinin prioritetliyinin
təmin edilməsi nəzərdə tutulur.
Bu məqsədlə
iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə
neft sektorundan
asılılıq minimuma endiriləcək,
innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun
inkişafında intensiv üsullara
üstünlük veriləcək və iqtisadiyyatın
klasterlər üzrə inkişafına nail
olunacaqdır. Həmçinin ölkənin enerji, ərzaq və ekoloji
təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər
davam etdiriləcəkdir.
Biznes mühitinin daha
da təkmilləşdirilməsi, xüsusi iqtisadi
zonaların, sənaye şəhərciklərinin,
biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu
ilə sahibkarlığın və regionların inkişafı daha
da sürətləndiriləcəkdir.
Son on ildə dövlət
başçısının yürütdüyü
siyasət ölkə iqtisadiyyatını dinamik
bir mərhələyə gətirib
çıxarmışdır. Qeyri-neft sektorunun sürətli yüksəlişi həm
də daxili investisiyaların həcminin
artımında özünü göstərir.
Bir
sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş
bu iqtisadi strategiya neftdən əldə olunan
gəlirlərin qeyri-neft sektoruna,
istehsal sahibkarlığının
inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi
çəkisinin artırılmasını nəzərdə
tutur. İqtisadiyyatın bütün
sahələrinin inkişafı həm də makroiqtisadi
sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb
edir.
Azərbaycanın yeni inkişaf mərhələsinə
uyğun olaraq sənayenin
təşkilinin ən müasir
formalarının tətbiqinin genişləndirilməsi də
sənayeləşmə siyasətinin prioritetlərindəndir.
Bu
baxımdan Prezident İlham
Əliyevin tapşırığına əsasən, Azərbaycanda
müasir sənaye komplekslərinin və
texnoparkların, o cümlədən
Sumqayıt kimya sənaye və Balaxanı
sənaye parklarının yaradılması qeyri-neft
sektorunun və xüsusilə də qeyri-neft sənayesinin inkişafını
sürətləndirəcək, yerli
və xarici investisiyaları
stimullaşdıracaq, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabət qabiliyyətli məhsul
istehsalına təkan verəcək və iqtisadiyyatın
modernləşməsinə və innovativ
iqtisadiyyatın formalaşmasına, qeyri-neft
ixracının artırılmasına öz
müsbət töhfəsini verəcəkdir.
Son 10 il ərzində
Azərbaycanın dövlət büdcəsi 10 dəfədən
çox artıb. Bazar
iqtisadiyyatı yolu ilə irəliləyən,
sosial-iqtisadi problemlərin həlli üçün maliyyə imkanlarını
artıran Azərbaycan investisiya cəlbediciliyinə
görə də maraq doğurur.
Son 10 ildə ölkə iqtisadiyyatına
140 milyard dollar vəsait
qoyulub ki, bunun da 50 milyard
dollardan çoxu neft-qaz sektorunun payına düşür. Daxili
investisiyaların da həcmi artmaqdadır.
Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3
dəfə, dövlət büdcəsi 20 dəfə
artıb, 46 milyard dollar
həcmində valyuta ehtiyatı
toplanıb. Müqayisə üçün
qeyd edək ki,
2003-cü ildə dövlət büdcəsi 1,2 milyard dollar, valyuta ehtiyatları 1,6 milyard
dollar olub.
Son 10 ildə ölkə iqtisadiyyatına
yatırılan kreditlərin həcmi 23,5 dəfə artaraq 2012-ci ilin sonuna 12,24 milyard manat, dövlət büdcəsinin gəlirləri
19 dəfə artaraq 17,28 milyard
manat, əsas kapitala investisiyalar 7 dəfə artaraq
15,41 milyard manat olub.
Azərbaycan
son 10 ildə sənaye məhsulu
istehsalını 2,8 dəfə (34,57 milyard
manatadək), kənd təsərrüfatı məhsullarının
istehsalını 1,5 dəfə (4,84 milyard
manat), İKT və rabitə xidmətinin
həcmini 9 dəfə (1,44 milyard manat), tikinti işlərinin
həcmini 14 dəfə (7,72 milyard manat), pərakəndə ticarətin dövriyyəsini 3
dəfə (18,24 milyard manat),
yükdaşımaları 2,1 dəfə (210,86 milyon ton) artırıb.
Azərbaycanın xarici ticarət dövriyyəsi 8,8 dəfə
artaraq 2012-ci ildə 33,56 milyard
manata çatıb, xarici
ticarət tərəfdaşlarının sayı isə 128-dən
155-dək artıb. Xarici investisiyaların
həcmi 4,6 dəfə artaraq 10,31 milyard dollara
çatıb.
Son on il
- 2003-2013-cü illər Azərbaycan iqtisadiyyatı üçün yaddaqalan olub, Azərbaycan tarixində son
10 ildə əldə edilən iqtisadi
artım əvvəlki tarixlərdə belə qeydə
alınmayıb. Son 10 ildə ÜDM 16 dəfə
artmışdır. Adambaşına düşən ÜDM son on ildə 10 dəfəyə
yaxın artıb və digər makroiqtisadi
göstəricilərdə də artım qeydə
alınıb. Son 10 ilin özünü
makroiqtisadi artım aspektindən qiymətləndirsək,
son 5 ilin özündə
də fərqli tendensiya – həm iqtisadi
artım, həm də iqtisadiyyatın şaxələnməsi
özünü göstərir. 2010-cu ildən
neft sektorunda azalma müşahidə edilsə də, bu azalmalar ÜDM-dəki
artım tempinin qarşısını
ala bilməyib. Bu da onunla bağlı olub ki, qeyri-neft
sektorunda 2010-cu ildən başlayaraq
kəskin artımlar olub, bu
da məhz ÜDM-dəki ümumi
artım tempini qoruyub
saxlayıb.
Son illər qeyri-neft
sektorundakı artım tempi təxminən
10 dəfəyə yaxın olub ki, bu
da qeyri-neft sektorundakı artıma görə
digər MDB ölkələri ilə müqayisədə xeyli çoxdur. Bu
iqtisadiyyatın dayanıqlığı baxımından olduqca əhəmiyyətlidir. Bu,
eyni zamanda, ÜDM-də
qeyri neft sektorunun payının 56 faizə yüksəlməsinə
gətirib çıxarıb. Neft sektorundan asılılığın aradan qaldırılması baxımından bu, olduqca əhəmiyyətlidir.
Bütövlükdə son 10 ili birinci və ikinci beş illiklər kimi qiymətləndirmək daha
düzgün olar.
Birinci beş ili məhz
neft sektorundakı inkişaf
və neft gəlirlərindən əldə
edilən vəsait hesabına iqtisadi
artımın təmin edilməsi kimi
xarakterizə etmək olar. İkinci beşillik isə daha çox iqtisadiyyatda
şaxələnmənin aparılması üçün
qeyri-neft sektorunun dəstəklənmməsi
aspektindən qiymətləndirilə
bilər. Bütövlükdə bu 10 ilin yekunları ondan ibarətdir ki, iqtisadiyyatda şaxələnmə meylləri var. 2012-ci ildə son
onillikdə ilk dəfə olaraq
ixracatda qeyri - neft sektorunun payı
artıq ikirəqəmli olub ki, bu da
məhz ixracatda neft sektorundan asılılığın xeyli dərəcədə azalmasından xəbər
verir.
Son illər ÜDM-də, dövlət
büdcəsinin gəlirlər hissəsinin
formalaşmasında qeyri-neft sektorunun payında artım var.
Bu baxımdan ikinci beşillik iqtisadiyyatın şaxələnməsi
ilə, eyni zamanda, qeyri-neft sektorundakı artım hesabına iqtisadi artımdakı
dayanıqlalığın qorunması illəri kimi xarakterizə edilə bilər.
Əlbəttə ki, bu günə qədər
əldə olunmuş nailiyyətlər son 10 ilin
uğurlarıdır. Təbii ki,
1993-2003-cü illərin nailiyyətləri Azərbaycanın
inkişafı üçün möhkəm
dayaqlar formaşlaşdırıb, cəmiyyətin
intellektual və kreativ
enerjisini ölkənin inkişafı üçün səfərbər edib, sosiumda hakimiyyətə
münasibətdə qəti fikir
yaradıb. Bu uğurların
formalaşdırdığı özül
üzərində start götürən
sosio-mədəni, eyni zamanda,
sosial-iqtisadi modernləşmə siyasəti
isə Prezident İlham
Əliyevin ölkənin başçısı seçilməsindən
sonra reallaşdırılmağa
başlanıb. Məhz bu
siyasətin nəticəsidir ki, bu gün Azərbaycan
dünyanın ən sürətlə inkişaf
edən və rəqabətədavamlı iqtisadiyyatına malikdir, beynəlxalq reytinqlərin
hesabatlarında müsbət mənada daim
öncül sırada dayanır. Bütün bunlara da son 10 il
ərzində nail olunub.
Ona görə də, 2003-2013-cü illəri
müasir Azərbaycan tarixinin
növbəti “qızıl onilliyi”
adlandırırıq.
Murtəza HƏSƏNOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun baş elmi işçisi , siyasi elmlər üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.3.