Xalq ruhunun əfsunedici
səsi
Şeir, musiqi lap binadan xalq ruhuna tərcümanlıq edib. Biri qatı açılmamış mətləbi aşkarlayır, o biri içimizdə qaynayan dilsiz ovqatı avaza çevirir. İkisi qovuşanda qəlbimizin min bir halını sərgiləyir. Nəğmələr könlümüzə sığal çəkir, işıq salır, dad gətirir. Şeirlə musiqinin arasında elə bir səsləniş də var ki, onsuz sözlər rəngsiz, soyuq və sanki, dadsız-tamsız olur. Bu boşluğu bədii qiraət doldurur. Musiqi sözün içində gizlənmiş ovqatı işığa çıxarırsa, bədii qiraət onun canına hopmuş qəlb hərarətini, ürək döyüntüsünü, zəka işığını duydurur.
Bədii qiraət əskidən
mövcud olub, lakin səsin yazılması son zamanlar
yarandığından onun ötəri təsvirindən
başqa dövrümüzə heç nə
çatmayıb. Bir çox başqa incə sənətlər
kimi, bədii qiraət də, əsasən, son bir əsrdə
professional teatr zəminində formalaşıb. Sözün, mətnin
dinləyənə bütün məna və üslub
çalarlarıyla çatdırılmasına xidmət edən
bədii qiraət yüksək estetik vasitə kimi anadilli
poeziyamızın ən yaxşı nümunələrinin
şeirsevərlərə çatdırılmasında,
populyarlaşdırılmasında canlı nəşr rolu
oynayır.
Azərbaycan
Respublikasının əməkdar artisti, Mədəniyyət
və İncəsənət Universiteti səhnə
danışığı kafedrasının dosenti,
tanınmış bədii qiraət ustası Ağalar Bayramovla
müxtəlif vaxtlarda bölüşdüyümüz bu
fikirləri və ortaqlaşdırdığımız bu qənaətləri
sevimli sənət dostumuzun 60 illik yubileyi ərəfəsində
hazırladığımız yazının təbii
girişi kimi yada saldım. Onu tələbəlik illərindən
tanıdığımdan, sonrakı uğurlarını
yaxından izlədiyimdən bu yazını
görüşüb söhbət aparmağa ehtiyac duymadan qələmə
aldım. Yəni görünən dağa nə bələdçi?!
Ağalar Bayramov
1954-cü il
yanvarın 16-da Ucar rayonunun Bayat kəndində anadan olub. Ata-anasını erkən itirdiyindən nənəsinin
himayəsində böyüyüb. Böyük Füzulini
yetirmiş bir türk boyundan qopub gəlmiş Bayat
obasının nəğməli-bayatılı mühitində
nənəsinin nisgilli- ümidli oxşamaları ilə,
qoyun-quzu otara-otara əlindən düşməyən
kitabların biliyi-hikməti, bədiiyyatı ilə
böyüyüb. İmkansızlıqdan ixtisas təhsilini
bir qədər gec alıb. Onu 1976-cı ildən – orta məktəb
yoldaşım İzzətəli İmanovla Bakı Mədəni
Maarif Texnikumunda bir yerdə oxuduqları vaxtdan tanıyıram.
Hazırda doğulduğu Ağdamın Mahrızlı kəndində
müsiqi müəllimi işləyən, Qarabağın
şöhrətli “Şur” ansamblında məşhur
qarmonçalanların yolunu davam etdirən İzzətəli
ilə davam edən dostluqları da Ağaları mənə
ikiqat doğmalaşdırıb.
Bundan əlavə, tələbəlik illərində
“Azərbaycan gəncləri” qəzetində işləyən
mənim qohumum Şahmar Əkbərzadənin və onun qohumu
Ağaqulu Niftəliyevin yanında ara-sıra görüşərdik.
Sonralar mən Azərbaycan Televiziyasında
çalışanda ədəbi-bədii verilişlərdə
şeir söyləməyə gələn Ağalar Bayramovla
köhnə dostlar kimi görüşüb əhvallaşardıq.
Onun geniş auditoriyada tanınmağı da bu illərdən
başladı. İndi o dövrü xatırlayanda onu teleekran
üçün “kəşf” etmiş mərhum telerejissor
Əmirhüseyn Məcidovu rəhmətlə yad edir.
Ağaların bədii qiraətə gəlişi dərhal
şeir-sənət bilicilərinin diqqətini cəlb
etmişdi. Texnikumu fərqlənmə diplomu ilə bitirən
Ağalar Bayramov Mədəniyyət və İncəsənət
Universitetini də əla qiymətlərlə bitirmişdi.
Sonuncu kursda Tədris Teatrına işə qəbul
olunmuşdu. Bədii qiraət sahəsində seçilən
istedadı onu böyük səhnədən, necə deyərlər,
“öz teatrına” yönəltmişdi.
Doğma universitetin səhnə
danışığı kafedrasında dərs deyə-deyə
Ağalar televiziya ekranlarında, rəsmi və el məclislərində
tanınmışdı. Onun səsindəki
dağ havasıtək saflıq, bulaq suyu kimi duruluq, arı
balıtək şirinlik, qaymağa bənzər
yağlılıq adi dinləyicidən tutmuş dil və səhnə
mütəxəssislərinə, şair və poeziya həvəskarlarınadək
hamının diqqətini çəkmişdi, qəlbini
ovsunlamışdı. Bu vaxtadək Kazım Ziya, Müxlis
Canızadə, Soltan Nəcəfov, Lütvi Məmmədbəyov
Həsən Əbluç, Əminə Yusifqızı,
Mikayıl Mirzə kimi bədii qiraətçilərin ardınca
və sırasında daha bir seçilən şeir tribunu
sakitcə öz yerini tutmuşdu.
Xalq şeirinin və
klassik ədəbiyyatın, çağdaş poeziyanın, təzə
yazılan şeirlərin bənzərsiz ifaçısı
kimi Ağalar Bayramov bədii qiraətə yeni üslub – “bir
aktyorun teatrı” mizanları, əlavə səs effektləri
gətirib. Onun ifalarında bəzən səs ikiləşir
– arxa və ön plan yaranır. Bu ifada, adətən, sözlərin
aydın səslənişi getdikcə musiqiləşir, bəzən
də uyğun emosional nidalarla gurlaşır.
Özünün quruluş verdiyi “bir aktyorun oyunu”nda pauza da,
pıçıltı da, sürək və qəfil
yavaşıma da poetik mətnin ətə-qana dolmasına xidmət
edir. Bu teatrda hazırlanmış “Füzuli”, “Aşıq
Ələsgər”, “Səməd Vurğun”, “Rəsul Rza”, “Məmməd
Araz”, “Fikrət Qoca”, “Musa Yaqub”, “Şahmar Əkbərzadə”,
“Zəlimxan Yaqub”, “Ramiz Rövşən” kimi poetik tamaşalar
nadir bir silsilə kimi 15-dən artıq dəyərli poetik
irsin canlı mənzərəsini yaratmış, filmləşib
səs sərgisinə çevrilmişdir.
Tanınmış
dilçi, professor Tofiq Hacıyev Ağalar Bayramovun şeir
ifalarını ana dilimizin səs imkanlarının üzə
çıxarılması baxımından hadisə
adlandıraraq deyib: “ Ağalar şeirin skeletinə elə bir
səs libası geyindirir ki, sanki, dəfələrlə
eşitdiyin, hətta əzbər bildiyin misraları birinci dəfə
eşidirsən”. Xalq şairi Fikrət Qoca isə
Ağaların sənətinin ictimai məzmununu belə dəyərləndirib:
“Ağalar Bayramovun görüşünə məişət
qayğıları ilə gələnlər evlərinə
Dövlət, Vətən qayğıları ilə
qayıdırlar.”
Beləcə, 30 ildir
ki, Ağalar Bayramov səsinin layla şirinliyi, bayatı hikməti
ilə milyonlarla ürəyə milli poeziyamızın ən
yaxşı örnəklərinin ərsəyə gətirdiyi
mənəvi dəyərləri axıdır. Dünya azərbaycanlıları
bu səsə hopmuş milli varlığımızın
cövhəri ilə özlərini yenidən tanıyıb
toparlayırlar. Millətin mötəbər seçim günlərində
Ağaların başqa bir çalarlı tribun səsi
meydanlarda seçiciləri ulu öndər Heydər Əliyev
yolunun ululuğuna, ayıq və ədalətli mövqeyə
səsləyir. Dövlətin verdiyi əməkdar artist
adını 12 ildir ki, ləyaqətlə daşıyır, həm
də xalq sevgisi ilə möhürləyir. İnşallah,
bir gün xalq artisti adını da qazanar.
Sevimli sənətkarımız,
xalq ruhunun əfsunlu səsini hamımızın qəlbində
milli öyüncə çevirən Ağalar Bayramovu 60
yaşın tamamında təbrik edir, ona yeni uğurlara aparan,
yurduna xidmətlərini artıran bir cansağlığı
arzulayırıq.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.7.