Sirli-soraqlı dünya

 

Bir dəfə sürücü Yunusun idarə etdiyi “NİVA” ilə Şahbuzdan Naxçıvan şəhərinə gəlirdik. “Uzun obagölünün altına çatanda Yunus maşının sürətini azaldıb yolun kənarında saxladı. Dedi göyə baxın...

 

Göydə ilan üstə döyüş

 

Yuxarıda iki qartal bir-birinə hücum çəkirdi. Qartalın birinin dimdiyində iri bir ilan vardı. O biri qartal altdan-üstdən şığıyaraq ilanı onun dimdiyindən qoparıb almağa çalışırdı. İlan tutmuş qartal istədi təzə əkilmiş şumluğa qonsun. Biz ilanı yaxından gördük. İki qartalın döyüşündə qıvrılıb açılmaqla öz canının hayında idi. Boğazladığı ilanı o birinə vermək istəməyən qartal var gücünü yığıb göyün ənginliklərinə qalxaraq Cəhri dağlarına səmt aldı. Ovu əldən almağa şığıyan qartal da onun arxasınca uçdu.

Yəqin etdik ki, qartallar haqqında deyilənlər doğrudur. Ornitoloqların fikrincə, yerdən 300 metr ucada dövrə vurub hərlənən qartallar yerdəki qarışqanı da seçə bilir. İti baxışlı bu məğrur quşlar ilan-çayanları görcək göydən şığıyaraq caynaqları ilə ilanın başını döyəcləyib keyidir, yaxud dimdiyinə, caynaqlarına alaraq daşlı-qayalı yerlərin üstə uçmaqla ovunu göydən yerə buraxır. Sərt daşlara zərblə dəyən ilanların qartallara müqavimət göstərmək gücü qalmadığından təbiətin bu nadir “sanitarlarıinsanları qorxu içərisində saxlayan gürzələrin, əfilərin, şahmarların axırına çıxırlar.

Bu yaxınların əhvalatıdır. Yaşadığım Ayrınc kəndində 60 hektaradək şərab sortu olan üzümlüklər torpaq islahatından sonra, həm şərab zavodları blokada şəraitində işləmədiyi üçün sökülərək digər bitkilərin əkininə çevrilmişdir. Hər il üzümlüklərə 4-5 dəfə kimyəvi dərmanlar vurulduğu üçün ilanların artıb-çoxalmasına imkan qalmırdı. Üzümlüklər söküləndən sonra isə ilanlar xeyli çoxalmışdı. Bir neçə il öncə maraqlı bir təbiət hadisəsinin şahidi oldum. Sayı-hesabı bilinməyən böyük bir qartal sürüsü kəndimizi bürüdü. Ot biçininə az qalırdı. Adətən bu vaxtlar ilanların çoxlu bala çıxardığı vədələrdir. 3-4 gün qartal sürüsü kəndimizin ərazilərindəqonaqqaldılar. Kənd camaatı çox sevindi. Bundan sonra ilan-kərtənkələ deyilən sürünənlərə az rast gəldik. Qartal sürüsü özsanitariyaişlərini görəndən sonra gecə ikən uçub getmişdilər.

 

Şığıyan qartal kəkliyi necə udurdu?

 

Muxtar respublikanın oba kəndlərinin əsrarəngiz təbiəti məni həmişə özünə çəkdiyindən hara getmişəmsə, orada maraqlı təbiət hadisələrini öyrənməyə çalışmışam. Bir dəfə Ordubadın misilsiz gözəlliyə təbiət mənzərəsinə malikGəmiqaya - Göygöl”ünə yolum düşmüşdü. Az qala, dəniz səviyyəsindən hündürlüyü 4 min metrə çatan bu yerlərə bizi aparan “UAZ” ikidiferli minik maşınının mühərriki güclə yanacağı yandırır, necə deyərlər, maşının danəfəsiçatmırdı.

Yayın axırıncı ayı olsa da, Göygölün ətrafında qar təzə əriyir, zərif dağ çiçəkləri yerin yaxasını təzə açırdı. Ələhi kəndində ərik təzə morranırdı. Tivili Əlihüseyn bu yerlərə dərindən bələd olan gözəl ziyalı, Böyük Vətən müharibəsində təyyarə döyüşlərindən çıxmış yurdsevər bir müəllimdir. O, Gəmiqayada qartalın “keygidar” quşunun üstünə necə şığıdığını səma döyüşü kimi xatırladı. Bildirdi ki, Qafqaz uları adlı 5-6 kq çəkisi olan kəkliyə bu yerlərdə keygidar quşu deyilir. Şahbuz tərəflərdə isə fır, ul, qul kəklik kimi tanınır. Bu kəklik bir qanada 8-10 km uça bilir, digər quşlarda belə xüsusiyyət yoxdur. Ağır olduğundan yerə düşərkən 2-3 dəqiqə yerdə fırlanaraq key halda qalır, çətinliklə özünə gəlir. Yanında olsan, asanlıqla tutmaq olar. Az yayılan quşlardandı.

Bir dəfə gördüm ki, iri bir qartal keygidarın üstünə şığımaq üçün özünü kəkliyə yetirdi. Kəklik sürətlə səmaya qalxıb canını qurtarmaq üçün var qüvvəsi ilə uçmağa başladı. Yaxşı, geniş dairəsi olan durbinlə hər iki qanadlını müşahidə etməyə başladım. Qartalla kəkliyin arasında məsafə getdikcə qısalırdı. Birdən Keygidar quşunun qəribə, uzun, canüzücü fiti Gəmiqaya sıldırımlarında əks-səda verdi. Qartal quşa toxunan anda uçuşunu 90 dərəcə dəyişib qırıcı təyyarətək göyə milləndi. Bəlkə, 2 kilometrədək milləmə uçdu. Lakin yarıyolda qartalın belə uçuşa gücü çatmadı, üzü aşağılara uçdu. Durbinlə baxdım ki, keygidar göyün qübbəsində uçuşunu düzəldib Gəmiqaya ilə bir səmtdə olan Arazın o tayındakı Kəmki dağına üz tutdu. Beləliklə, bulud ləngərində uzaqlardan üzən gəmini xatırladan Gəmiqayanın məğrur qartallarından biri gözümün qabağında “uduzdu”, kəkliyin üstünə şığıya bilmədi, necə deyərlər, can şirin olar, keygidar xilas oldu.

 

Tənha qartal niyə uçub getmirdi?

 

İki il əvvəl “Qalaaltı” pansionatına getmişdim. Vaxtilə ümumittifaq əhəmiyyətli bu böyrək – öd yolu müalicə ocağını akademik Həsən Əliyev bu yerdə təbiətin ecazkarlığını əsas tutaraq, çətinlikləri dəf edib yaratmış, onu tanınmış pansionatlar cərgəsinə çıxarmışdı. Burada ekskursiyaçı işləyən Hacı Nadir baba pansionata gələnlərlə daim maraqlı söhbətlər aparırdı. Deyirdi ki, 90-cı illərin xaosu, nadanlığı Çıraqqaladan da yan keçmədi. Belçikadan gələn əcnəbilər bu dağlarda qartalın yumurtalarını və ətcəbalalarını acgözlərdən valyutaya alıb öz vətənlərində artırmağa aparırdılar. Qartallar perikib bir ara bu dağları tərk etdilər.

Əl-ayaq altında qanadı qırılmış bir qartal balası qalmışdı. Yerli sakinlərdən Eyvaz adlı şairtəbiətli bir insan həmin qartalı evə aparmış, sınmış qanadını bağlayaraq sağaltmışdı. Biz həmin qartalı pansionatdakı yeməkxananın qabağında iri bir daş üstündə gördük. Böyümüşdü. Çəkisi 15-20 kiloqrama çatardı. Ayağı qandallı idi. Üz-gözündən məğrurluqdan çox, məlulluq yağırdı. Heç kəsi yaxına buraxmır, didməyə çalışırdı. Yemi isə gündəlik kəsilən heyvanların iç-içalatı idi. Biz Eyvaza təvəqqə etdik ki, qandalı açıb qartalı buraxsın azad səmaya.

Qartal sahibi bildirdi ki, öz əlimlə bu tənha quşu dəfələrlə aparıb əvvəlki qayalıqlara qoysam da, geri qayıdınca məndən qabaq uçub pənah gətirdiyi bu daş üstə qonmuşdur. Tənha qartal hətta öz cinsi olan quşlara da qaynayıb-qarışmır. Heyvanlardan xallı maral da belədir.

Hacı Nadir baba onu da əlavə etdi ki, mən Göygöl sanatoriya-istirahət ocağında da işləmişəm. Akademik Həsən Əliyev Göygöl qoruğunda xallı maralların balalayıb çoxalmasına xüsusi diqqət yetirirdi. Bir dəfə hansı nadansa xallı maralın təzəcə doğulmuş balasına əl vurmuşdu. Maral həmin balasından imtina edib əmizdirmədiyindən balaca oğlaq tələf oldu. Qartallar da belədir. Balaları yumurtaları acgöz adamların valyuta güdazına gedən qartallar bu yerləri ömürlük tərk etdilər. Nəticədə, ilanlar çoxaldı. Hətta pansionat ətrafı kəndlərdə çoxalan ilanlar yayda gecə vaxtı sürünərək insanları yataqda belə sancırlar, ziyan verirlər. Halbuki Çıraqqalanın pansionatla üz-üzə sal qayalarından sürü ilə qalxan qartallar gördükləri ilanları caynağına alıb göydə ilan üstə bir-biri ilə döyüşəndə keçmiş ittifaqın müxtəlif məmləkətlərindən buraya şəfa tapmağa gələnlər bu mənzərəyə mat qalırdılar.

 

Qaşdar ƏLİYEV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.7.