Duman köç edirdi dağlar boyunca...
Bu sərlövhəni ədəbi aləmdə o qədər
də tanınmayan, amma öz şeirlərində Azərbaycan
təbiətinin istənilən gözəlliyini böyük
səmimiyyətlə vəsf etməyi bacaran bir qələm
sahibinin Zaqatalada olarkən yazdığı “Dağ qara tələsir,
dərə bahara” adlı şeirindən seçmişəm. Mənim üçün nəinki
tanış, hətta, doğma olan məqamlar
idi.
Duman
köç edirdi dağlar
boyunca,
Bilmirdim
hayana, ya hara
gedir.
Ürəkdə
arzular qaynar
olanda,
Qar
yüklü dərələr...bahara
gedir.
“Kitabi Dədə Qorqud” dastanında
qış fəslini, qar-şaxtanı əks etdirən
lövhələrin hansı şəkildə qələmə
alındığını o qədər də dəqiq bilmirəm. Amma Zaqataladakı Dədə Qorqud parkında
Tanrının bəxş etdiyi təbii gözəlliklə
insan qüdrətinin, sözün həqiqi mənasında,
möcüzəli bir qış lövhəsi
yaratdığının şahidiyəm. İnanmıram
ki, bu mənzərəni görən kimsə “Zaqatalaya ürəkdən
vuruldum” ifadəsini dilinə gətirməmiş olsun. Torpağın, dağın-daşın bəxtindəndirmi
ki, o torpaqda belə insanlar yaşayır, ya insanlar bu qədər
şanslıdırmı ki, belə gözəlliklərlə
əhatə olunublar? Bilmirəm. Onu bilirəm ki, Zaqatalanın yazı da, yayı da,
payızı da gözəldir. Amma bu
diyarın qışı, həqiqətən, ələ
düşən deyil. Özüm
özümü təkrar edirəmsə, hörmətli oxucu
bağışlasın. Təkrar ola
bilər. Çünki Zaqatala barədə nə
qədər, neçə dəfə yazdığımı
özüm də bilmirəm, bu diyardakı dostlarım da
unudublar. Qərəz...
Son 15-20 gündə bu rayonda
iştirakçısı olduğum tədbirlərin hər
biri ayrıca bir aləm idi. Mənim
Zaqatala ilə bağlı təəssüratlarımın
daha da zənginləşməsində bu görüşlərin
hansı rolu oynadığını ifadə etmək həqiqətən
çox çətindir. Bir yay
günündə rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadə ilə ən
ucqar dağ kəndi olan Cımcımağa getməyimizi,
bölgədə baş vermiş zəlzələnin nəticələrini
aradan qaldırmaq üçün yaradılan qərargahda
keçən gecələrimizi heç zaman unuda bilməyəcəyimi
dəqiq bilirəm. Elə zəlzələnin
dağıtdığı yüzlərlə mənzilin və
sosial obyektin yenidən tikilib istifadəyə verilməsinin
sevincini də bütün zaqatalalılarla birlikdə
yaşamışıq.
Bir sözlə, yuxarıda qeyd etdiyim kimi,
Zaqataladan çox yazmışam. Burada
görülən işləri sevə-sevə qələmə
almışam. Bəli, Zaqatala hər ay, hər
gün dəyişib. Burada yaşayan
insanların üzündəki sevinc hissini görəndə
ürəyim dağa dönüb. Neçə-neçə
məktəbin, uşaq bağçasının, sosil obyektlərin
açılışında iştirak etmişəm. Hara getmişiksə, rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadəni
doğma adamları kimi qarşılayıblar. Ehtiram göstəriblər. Bu, təsadüfi
deyil. Onalr həmişə bir problemlə
üzləşəndə məhz onun qapısını
döyüblər. Biliblər ki, peşman
qayıtmayacaqlar.
Ayrı-ayrı görüşlərdə
şahidi olduğum hadisələr barədə çox
söhbət açmışam. Rayonda
çıxan “Zaqatala” qəzeti həmin tədbirlərə bəzən
bir nömrə həsr edib. Qəzetin
adını çəkdim. Keçən
ilin son günlərində onun 90 illik yubileyinə həsr
olunmuş tədbir yadıma düşdü. Buraya kimlər gəlməmişdilər. Mənim
əlimdən tutub yazmağı öyrədən Əhməd
İsayev, əziz müəllimim Cahangir Məmmədli,
neçə-neçə tələbə
yoldaşımız, həmkarımız...
Mədəniyyət evində keçirilən
həmin tədbirdə hamı qəzetin Zaqatalanın həyatında
böyük rol oynadığından danışdı. Rayon icra hakimiyyətinin başçısına mətbuata
belə diqqət göstərdiyinə görə minnətdarlıq
bildirildi. Çox səmimi bir tədbir
keçirildi. Mən də
danışdım. Ürək sözlərimi dedim.
Elə
çıxış məqamında ağlıma qəribə
bir fikir gəldi. Deyim, siz də bilin.
Azərbaycanda universitetin jurnalistika fakültəsi
kimi ikinci bir yer olmayıb ki, orada gənclər bilavasitə
öz tələbə yoldaşları ilə ailə
qursunlar. Çoxlarının adını
sadaladım və Cahangir müəllimin orada olmasından
istifadə edərək belə bir təklif də irəli
sürdüm. Bu cütlüklərin
fakültəyə dəvət edilməsi və onlarla
görüş keçirilməsi doğrudan çox
maraqlı hisslər yaradardı. Həmin
görüşə dəvət alacaq cütlüklərin
arasında bu gün 90 illik yubileyinə
toplaşdığımız qəzetin redaktoru, əməkdar
mədəniyyət işçisi İbrahim İbrahimov və
onun əvəlcə tələbəlik, indi isə
ömür-gün yoldaşı olan əməkdar jurnalist
Elmira Mehdiyeva da mütləq olacaq.
Bu tədbirdən cəmi dörd gün sonra-
dekabrın 30-da isə rayon mərkəzindəki
“Qaladüzü” restoranında Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il
münasibətilə böyük bayram tədbiri
keçirildi. Aradan neçə gün
keçsə də, rayon icra hakimiyyətinin
başçısı Mübariz Əhmədzadənin həmin
tədbirdəki çıxışında söylədiyi
bir fikir hələ də yadımdan çıxmır ki,
çıxmır. Mübariz müəllim bütün
zaqatalalıları hər iki bayram münasibətilə təbrik
etdikdən və rayonun 2013-cü ildə qazandığı
uğurlardan əhatəli şəkildə söz
açandan sonra çıxışını bu sözlərlə
bitirdi: Hamıya arzu edirəm ki, illər bizi yox, biz illəri
bax belə uğurlarla yola salaq. Nə deyəsən,
gözəl sözlərdir, deyilmi?
Bəli, biz
illəri yola salaq. Yola saldığımız sonuncu –
2013-cü il isə Zaqatala və
zaqatalalılar üçün bir çox məqamlarla yadda
qalıb. Ən yaddaqalan hadisələr isə məhz
dövlət başçımızın adı ilə
bağlı olub. Avqustun 17-də bölgəyə səfər
edən Prezident İlham Əliyev Zaqatala şəhərinin
tarixi mərkəzinin yenidənqurma və bərpadan
sonrakı vəziyyəti ilə tanış
olub. Sonra isə Zaqatala şəhərinə və ətraf kəndlərə
içməli suyun verilməsi mərasimində, Heydər
Əliyev Fondu hesabına inşa edilən 600 şagird yerlik Bəhmətli
kənd tam orta məktəbinin yeni binasının və
“Tumurcuq” uşaq bağçasının
açılışlarında iştirak edib. Bu
gün Zaqatalada istənilən adamla söhbət edərkən
həmin səfərin təəssüratları barədə
danışır, rayonun gündən-günə inkişaf
etməsindən məmnunluq hissləri
yaşadığını dilə gətirir. Bundan
başqa, cənab İlham Əliyevin fevral və avqust
aylarında Zaqatala rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında sərəncamlar imzalayaraq Prezidentin ehtiyat fondundan
Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil
yolunun tikintisi məqsədilə 5,5 milyon manat və Zaqatala
şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi məqsədilə isə 2,0 (iki) milyon manat vəsait
ayırması da rayon ictimaiyyəti tərəfindən
böyük razılıqla qarşılanıb.
Söhbətimiz zamanı rayon rəhbəri
bir çox məqamlardan söz açdı. Xüsusilə
vurğuladı ki, təkcə ötən il
deyil, bütövlükdə fəaliyyətimizin əsas
istiqaməti insana – rayon sakininə xidmət etmək olub. Çünki bu, cənab Prezidentin
tapşırığı, dövlətin bizim
qarşımıza qoyduğu vəzifədir. Dövlət
başçımız insanlar üçün normal həyat
şəraiti yaradılmasını, yeni iş yerlərinin
açılmasını, əmək haqlarının, təqaüd,
pensiya və müavinətlərin artırılmasını
daim diqqət mərkəzində saxlayır. Biz
də öz fəaliyyətimizdə bu prinsipləri əsas
götürürük. “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafının Dövlət Proqramı”nda Zaqatala rayonu
üçün nəzərdə tutulan tədbirlərin icra
olunması nəticəsində rayonda 826-sı daimi olmaqla 908
yeni iş yeri açılıb. Bu məqsədlə
rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində
saxlanılıb. Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti hesabına 38 layihə üzrə 542 min
manat həcmində güzəştli kredit verilib. Sentyabr ayında rayonda əmək yarmarkası
keçirilib, məşğulluq xidməti orqanları tərəfindən
620 nəfər işaxtaran kimi qeydiyyata alınıb, 474 nəfər
münasib işlə təmin olunub. Faktı
təkrar etmək istəyirəm ki, işsizlik probleminin həlli
istiqamətində yeridilən dövlət siyasəti Zaqatala
Rayon İcra Hakimiyyətinin gündəliyindəki əsas məsələlərdəndir.
Bu gün ölkənin hər yerində böyük
vüsət alan tikinti-quruculuq və
abadlıq işləri Zaqatalada da xüsusi bir təşəbbüskarlıqla
davam etdirilir. Bunu zaman tələb edir. Yeni tikintilər, abadlıq işləri yerli təbiətin
gözəlliklərini daha da artırır. Məsələn,
ötən il rayonda keçid obyektləri olan rayon Polis
şöbəsinin, Zaqatala Hərbi Prokurorluğunun və qaz
istismar sahəsinin yeni inzibati binalarının tikintisi başa
çatdırılaraq istifadəyə verilib, Yeni Suvagil və
Göyəm kəndində sahə baytarlıq məntəqələrinin,
rayon Maliyyə İdarəsinin inzibati binasının və
“Araz” hazırlıq kurslarının binasının tikintisi
davam etdirilib. Zaqatala şəhərində 500 nömrə
tutumu olan elektron ATS binası, 100 yerlik uşaq
bağçası, Zilban kəndində yeni tibb məntəqəsi
tikilib, Heydər Əliyev Mərkəzi və şəhərin
Sülh küçəsində 4 saylı poçt
şöbəsi üçün yeni binaların tikintisi
aparılıb.
Tikinti -quruculuq işləri bunlarla
qurtarmır. Yenə də sadalaya bilərəm.
Məsələn, 3960 şagird yerlik 11 məktəb binası
istifadəyə verilib, 6 məktəb binasında bərpa-gücləndirmə
işləri aparılıb, 4 məktəb binasında, Azərbaycan
Müəllimlər İnstitutunun Zaqatala filialında, Milli Təhlükəsizlik
Nazirliyinin Zaqatala rayon şöbəsinin inzibati binalarında
tikinti işləri davam etdirilib və zəlzələdən
sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən 3900
fərdi yaşayış evinin tikintisi başa
çatdırılaraq istifadəyə verilib. İndi
bu rəqəm və faktları sadalamaq çox asandır.
Ancaq həmin işlərin görülməsi prosesində
şəxsən iştirak etmiş bir mətbuat təmsilçisi
kimi mən şahid olmuşam ki, il boyu
rayon rəhbərliyinin gecəsi-gündüzü olmayıb. Qeyd etdiyim kimi, Mübariz müəllimin sakinlərlə
görüşlərinin, rayonda keçirilən tədbirlərin
əksəriyyətində iştirak etmiş və qəzetimiz
üçün əhatəli yazılar
hazırlamışam. Eşitdiyim fikir və
mülahizələrin hamısı belə olub ki,
Zaqatalanın indiki inkişafının bir səbəbi də
cənab Prezidentin bu rayona düzgün kadr seçimi olub.
Ötən il Zaqatalada ən
çox diqqət mərkəzində saxlanılan məsələlərdən
biri də təhsil sektorunun inkişaf etdirilməsi olub.
Doğrudur, bu barədə il boyu dönə-dönə
yazmışıq. Ancaq təhsil sahəsi elə
bir mühüm sahədir ki, o barədə nə qədər
yazsaq, azdır. Ona görə də
xatırlatmaq istəyirəm. Rayonun ümumtəhsil məktəblərində
təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində
həyata keçirilən tədbirlər nəticəsində
orta məktəblərin Azərbaycan və rus bölmələrini
bitirən 1352 nəfər məzundan 547 nəfəri ali məktəblərə qəbul
üçün sənəd verib, onlardan 315 nəfəri tələbə
adını qazanıb. Rayon üzrə 11 nəfər 600-dən,
32 nəfəri 500-dən yuxarı bal toplayıb, şəhər
1 saylı tam orta məktəbin məzunu Şahin Allahverdiyev
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
“Qızıl” medala və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident
təqaüdünə layiq görülüb.
2013-cü ildə Azərbaycanın
folklor paytaxtı elan edilən Zaqatalada xüsusi tədbirlər
planına əsasən təntənəli mərasimlər,
respublika səviyyəli konfranslar, konsetlər, festivallar
keçirilib, rayonun “Hudulki” xalq kollektivi Masallıda
keçirilən II Beynəlxalq folklor festivalında və
Belarusun Babruysk şəhərində keçirilən
festivalda uğurla iştirak edib. Həmin tədbirlər
çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və mədəniyyətşünaslıq
üzrə elmi-metodiki mərkəz, AMFA folklor institutunun təşkilatçılığı
ilə Zaqatalada “Azərbaycan folkloru milli sərvətimizdir”
mövzusunda dəyirmi masa təşkil edilib, rayonda “Avropa
İrs günləri” keçirilib, tədbirdə Qax, Şəki,
Balakən və Zaqatalanın folklor kollektivləri iştirak
edib, Dədə Qorqud meydanında Azərbaycan Dövlət
simfonik orkestrinin konserti təşkil olunub.
Zaqatala ölkənin elə
rayonlarındandır ki, burada payız-qış və yaz-yay
mövsümlərinə hazırlıq məsələləri
barədə yazı hazırlayarkən hansısa problem barədə
cümlələr qələmə almağa ehtiyac olmur. Bu isə rayonun bütün idarə və müəssisələrinin
qarşıya qoyulan vəzifəyə məsuliyyətlə
yanaşmasının nəticəsidir. Başqa
cür mümkün də deyil. Çünki
onların hamısı görür ki, qabaqda rayon rəhbərliyinin
nümunəsi var. Təbii ki, nümunə varsa, bütün
işlər gözlənilən nəticəni verəcək.
Necə ki, Zaqatalada verir.
Yuxarıda qeyd etdiyimiz kimi, 2013-cü ilin
son günləri Zaqatala üçün əlamətdar hadisələrlə
yadda qaldı. Nə yaxşı ki, ,
2014-cü il də pis başlamadı. Bu ilin ilk
günlərində Zaqatalada, sözün həqiqi mənasında,
bizim hər birimiz üçün dəyərli olan bir toy məclisi
quruldu. Dövlət Televiziyasının
Şəki-Zaqatala zonası üzrə bölgə müxbiri
Esmira Sultanovanın toyu. O Esmiranın ki,
Zaqatalada şahidi olduğu sosial-iqtisadi inkişafın
bütün mərhələlərini və istənilən məqamını
elə sevə-sevə tərənnüm edib ki, sanki bu işlərin
hamısı rayon üçün deyil, məhz onun
özü üçün görülür. Bəlkə də onun ürəyindəki təəssübkeşlik
hisslərinə həsədlə baxmayan həmkarımız
yoxdur. Həmin toyda hamımız ürəklə
iştirak etdik. Mən təbrik və ürək
sözlərimi söyləyəndən sonra “Vağzalı”nın təranələri altında bir
şeir də dedim. Xoşbəxt idim ki, Zaqatalanın Yeni ili bax beləcə toy-düyünlə,
çal-çağırla başlanırdı. Əminəm ki, belə də davam edəcək.
Ona da məmnunam ki,
çalışdığım bölgələrdəki
toy-düyünlər barədə sətirləri də
öz yazılarına əlavə edən qələm sahiblərinin
biri, bəlkə də birincisi elə mənəm. Hər toy yeni bir Azərbaycan ailəsinin təməlinin
qoyulması deməkdir. Zaqatalada isə ailəyə
sadəcə ailə kimi deyil, müqəddəs bir dəyər
kimi baxırlar. Mübarək olsun!
İlqar
HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.6.