“İnformasiya texnologiyaları ili”nin

yekunları sevindiricidir

 

Getdikcə qloballaşan dünyada informasiya texnologiyalarının əhəmiyyəti artmaqda davam edir. Hazırda Azərbaycanda informasiya kommunikasiya texnologiyalarından bütün sahələrdə istifadə edilir. Azərbaycanda informasiya cəmiyyıəti quruculuğu yolunda mühüm addımlar atılmışdır və bu istiqamətdə işlər sürətlə davam etməkdədir.

 

Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycanda İnformasiya və Kommunikasiya Texnologiyalarının inkişafı üzrə Milli Strategiya”nın təsdiq edilməsi Azərbaycan internetinin inkişafında dövlətin rolunu önə çəkdi.

Hazırda ölkədə yeni müəssisələrin müasir texnologiyalar əsasında yaradılması Azərbaycanda informasiya cəmiyyətinin sürətlə inkişafını sübut edir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev ölkədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet, 2013-cü ilin isə “İKT ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunmuşı haqqında sərəncam imzaladıqdan sonra bu istiqamətdə işlər sürətlənməyə başladı. Ölkəmiz üçün strateji əhəmiyyəti olan böyük transmilli layihələrdə iştirakı üçün yeni imkanlar yarandı, digər mühüm layihələrin icrası da davam etdirildi. Təsadüfi deyil ki, 2013-cü ili “İKT sahəsində böyük layihələrin başlanğıc ili” adlandırırlar.

Məlum olduğu kimi, ötən il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycan özünün ilk peykini fəzaya qaldırmışdır.

Kosmik məkana çıxışı olan dövlətlərin sırasında yer tutan Azərbaycan son altı ayda birinci süni peykinin fəaliyyətindən təxminən 10 milyon dollar gəlir əldə etmişdir.

“İKT ili” çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, “Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulur. 2013-cü ildə artıq bu layihəyə 103,6 milyon manat vəsait ayrılıb. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir, 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcək. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, ölkə ərazisini 10-100 mbs. arasında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını təxminən 85 faizə çatdırmaqdır ki, bu da bizə 2017-ci ildə inkişaf etmiş ölkələrlə bir səviyyədə olmağa imkan verəcək.

Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq və 2013-cü ildə keçirilən “Bakutel” beynəlxalq sərgi Azərbaycanın bu sahədəki beynəlxalq imicinə güclü təsir göstərdi. Son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur.

Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 5-7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir. Eyni zamanda, son illərdə məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin İKT sektoru hər üç ildə 2 dəfə artıb və son 8-10 ildə orta illik artım tempi 20-25 faiz təşkil edib və bu artım tempi ümumdünya inkişaf tempini 2-3 dəfə qabaqlayır. Təkcə yola saldığımız 2012-ci ilin göstəricilərinə nəzər salsaq, 2012-ci il ərzində ölkə üzrə ümümdaxili məhsulun (ÜDM) həcmi 54 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2 faiz təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən illə müqayisədə 17,3 faiz artaraq 1503,4 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16,6 faiz, o cümlədən, telekommunikasiya sektorunda 17,4 faiz, İT sektorunda 8,6 faiz, poçt sektorunda 18,2 faiz, informasiya sektorunda isə 50,1 faiz təşkil edib. 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabər olub. Hazırda ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir. Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir və dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır.

Əldə olunan nailiyyətlər beynəlxalq aləmin də diqqətindən yayınmayıb. Belə ki, “Dünya İqtisadi Forumunun Qlobal İnformasiya Texnologiyaları - 2012" (”The Global Information Technology Report 2012") hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksəlib.

İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf, əldə edilən uğurlu göstəricilər hazırda ölkəmizin öz qarşısına daha yüksək məqsədlər qoymasına və onlardan irəli gələn vəzifələrin istiqamətləndirilməsinə kifayət qədər imkan verir. Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi, gücləndirilməsi və genişləndirilməsi üçün yaxın illər ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər respublika Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Konsepsiya artıq bazar iqtisadiyyatına keçidi adlayan, bu keçidi geridə qoyan və hazırda strateji kursun uğurla həyata keçirilməsinin təzahüru kimi ortaya çıxaraq, yeni iqtisadi inkişaf mərhələsinin astanasında olan bir ölkə üçün olduqca mühümdür. Bu gün ölkəmiz təhsil-innovasiya-elmə əsaslanan biliklər iqtisadiyyatının formalaşmasına doğru inamla irəliləməkdədir. Növbəti illərdə prioritet sayılan sahələrin daha da inkişaf etdirilməsi üçün bu üçlükdən ibarət sütun iqtisadi inkişafın əsas meyarı kimi götürülür. Təsadüfi deyil ki, sözügedən konsepsiyada da texnologiyaların, innovasiyaların inkişafı, onların digər sahələrdə də geniş tətbiqindən əldə olunacaq uğurlu gözləntilərə ümidlər böyükdür. Elə bu səbəbdən də konsepsiyanın ən əsas hədəfi 2020-ci ilə Azərbaycanda ümumdaxili məhsulun həcminin 2 dəfə artırılması, bu artımın əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməsi, iqtisadiyyatda böyük çəkiyə malik neft amilindən asılılığın aradan qaldırılması ilə iqtisadiyyatın diversifikasiyasına nail olunması və Azərbaycanda biliklər iqtisadiyyatının qurulması hesabına həyata keçirilməsidir. Bu, çox böyük, məsuliyyətli və ambisiyalı hədəfdir.

Beləliklə, konsepsiyanın icrası nəticəsində Azərbaycanın rəqabətqabiliyyətini artıraraq, iqtisadi və siyasi cəhətdən daha çox inkişaf etmiş bir ölkəyə çevriləcəyi gözlənilir. Bunun üçün də İKT-yə böyük ümidlər bəslənilir və “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. Burada qoyulan məqsədlərə görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə keçid təmin edilməli, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət genişləndirilməlidir. İKT-nin ölkədə inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan məqsədlərə həmçinin, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması da daxildir. Eyni zamanda, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndiriləcək, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sistemi yaradılacaq, milli standartlar formalaşdırılacaq, ölkə üzrə tam rəqəmli televiziya yayımı tətbiq olunacaq. Eləcə də 2020-ci ilə qədər “elektron hökumət” xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali hökumət orqanları tərəfindən göstərilən daha asan, qısa zaman ərzində, keyfiyyətli xidmətlərlə təmin olunacaq.

“Elektron hökumət”in həyata keçirilməsində əsas məqsəd əhaliyə, həmçinin sahibkarlara, biznes sektoruna verilən xidmətləri avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Ümidvarıq ki, hökumətin fəaliyyətinin əhali, biznes sektoru üçün tamamilə şəffaflaşmasında, məmur-vətəndaş münasibətlərinin daha da saflaşmasında, bu münasibətlərdə kənar, neqativ müdaxilələrin aradan qaldırılmasında, həmçinin biznes sektorunun inkişafı üçün xidmətləri elektronlaşdıraraq əngəllərin, bürokratiyanın minimuma endirilməsində və Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədə “Elektron hökumət” layihəsi əhəmiyyətli rol oynayacaq.

“İKT ili”ndə, həmçinin qarşıdakı illərdə insan kapitalının yaradılması da diqqət mərkəzində olacaq ki, konsepsiyada nəzərdə tutulan istiqamətlərdən biri də məhz İT sahəsində kadrların hazırlanması ilə bağlı tədbirlərdən ibarətdir. Bildiyiniz kimi, ölkə Prezidentinin sərəncamı ilə İnformasiya Texnologiyaları Universiteti yaradılıb və 2013/2014-cü tədris ilindən tələbə qəbuluna başlanacaq. Bu, İKT-nin gələcək inkişafı üçün çox mühüm bir qərardır. Eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində də İKT ixtisasları üzrə kadr hazırlığının genişləndirilməsi nəzərdə tutulur.

Bir məsələni də qeyd etmək istərdik. “İKT ili” çərçivəsində cəmiyyətin İKT-yə tələbatının öyrənilməsi, İKT-nin kütləviləşdirilməsi üzrə tədbirlərin keçirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Rabitə və İnformasiya Texnologiyarı Nazirliyi bu məsələni daim diqqət mərkəzində saxlamışdır.

Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və onların elektron xidmətlərinin “bir pəncərə” prinsipi əsasında göstərilməsi məqsədilə “elektron hökumət” portalı yaradılaraq 2012-ci ilin aprelindən əhalinin istifadəsinə verilmişdir. “Elektron hökumət” portalına qoşulan dövlət orqanlarının sayı 40-a çatdırılmış və portal vasitəsilə 215 elektron xidmətin göstərilməsi təmin edilmişdir.

Qarşıdakı illərdə Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edəcək. Hətta Azərbaycanın ən ucqar kəndlərində belə vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiya xidmətləri yaradılacaqdır.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.5.