Qəhrəmanlıq tariximizin “20 Yanvar”səhifəsi
20
Yanvar faciəsindən 24 il
ötür. Ancaq həmin o məşəqqətli günlər
hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin
gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir,
ancaq təkcə faciə deyil.
Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin
azadlıq istəyinin oyanış günü idi. 1990 - cı
ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində
yaşayan xalqın azadlıq səsini ucaltdığı,
öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi
şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə
qarşı dəhşətli, kütləvi
qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin
törədilməsində əsas məqsədlərdən
biri öz haqlı tələblərini irəli sürən,
bu tələblərə demokratik yollarla nail olmaq istəyən,
istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan
xalqının iradəsini qırmaq, insanların müstəqillik
arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını
axıtsa da, xalqımıza qarşı misli görünməmiş
qəddarlıq etsə də, istəyinə nail ola bilmədi,
milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət
sovet imperiyasının iç üzünü bariz bir şəkildə
ortaya çıxartdı. Əslində imperiyanın
Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa
üzv olan digər respublikalara göz dağı vermək
planı, imperyanı zor gücünə mühafizə etmək
təşəbbüsü də boşa
çıxmış oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Azərbaycanda
günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi,
DİN xüsusi təyinatları
və SSRİ DTK-nın “A” təxribat qrupları tərəfindən
təşkil olunmuşdu. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq,
onun milli oyanışını, ərazi
bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv
edib sındırmaq məqsədi daşıyan mənfur
planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda
olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni
kartından” məharətlə istifadə etdi. Guya Bakıya
qoşun onları, hərbi qulluqçuların ailələrini
qorumaq, “millətçi ekstremistlər” tərəfindən
hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi.
Əslində isə bu açıq riyakarlıq,
imperiyanın növbəti qəddarlığını
ört-basdır etmək üçün qabaqcadan
hazırlanmış iftiralar və böhtanlar idi.
Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta
həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək
silahlandırılmış qoşun göndərməyə
ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili
qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə
tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,
hava hücumundan müdafiə qüvvələri var idi.
4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Mixail Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSR
Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzalamışdı.
SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da
saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu
partlatdı, respublikada televiziya verilişləri
dayandırıldı. Gecə isə qoşun fövqəladə
vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə
daxil oldu və əhaliyə divan tutmağa başladı.
M.Qorbaçovun fərmanı qüvvəyə minənədək
- yanvarın 20-də saat 00-dək artıq 9 nəfər
öldürülmüşdü. Bakıda fövqəladə
vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə
yalnız yanvarın 20-də səhər saat 7-də respublika
radiosu ilə çatdırıldı. Həmin vaxt
öldürülənlərin sayı 100 nəfərdən
çox idi. Halbuki, M.Qorbaçovun Azərbaycana ezam etdiyi
yüksək vəzifəli emissarlar həyasızcasına bəyan
edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan
olunmayacaqdır.
Əli yüzlərlə insanın qanına
batmış, sonralar Nobel sülh mükafatı (?!)
almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası
rəhbərliyinin rəzil siması bu idi:
- 1990-cı ilin yanvarında sovet
qoşunlarının Bakıda həyata keçirdikləri
qırğınlarda 131 nəfər
öldürülmüş, 600-dən çox adam
yaralanmışdı. Öldürülənlər
arasında beş millətin nümayəndələri, 20-dən
çox qadın, uşaq var idi;
- adamları xüsusi qəddarlıqla və
yaxın məsafədən güllələmişlər. Məsələn,
Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox,
R.Rüstəmova 23 güllə vurulmuşdur;
-xəstəxanalar, “təcili yardım”
maşınları atəşə tutulmuş, həkimlər
öldürülmüşdür;
-adamlar süngü-bıçaqla qətlə
yetirilmişdir. Onların arasında hər iki gözü
tutulmuş B.Yefimtsev də var;
-“Kalaşnikov” avtomatının
ağırlıq mərkəzi dəyişən 5,45
çaplı güllələrindən istifadə
edilmişdir.
Həlak olanlar arasında yetkinlik yaşına
çatmayanlar, qadınlar, qocalar, şikəstlər də
var idi. M.Qorbaçovun və ətrafındakıların “millətçi
ekstremistlər” adlandırdıqları bunlar idimi?
O dönəmdə özlərini “azadlıq
mücahidləri” kimi tanıdan Xalq Cəbhəsinin
aparıcı üzvlərinin, həmçinin ölkəyə
rəhbərlik edən Əbdülrrəhman Vəzirovun, Azərbaycan
DTK sədri Vaqif
Hüseynovun və hakimiyyətdə
təmsil olunan digərlərinin öz vəzifələrini
qoruyub saxlamaq üçün bu faciənin kütləvi
qan-qada ilə müşayiət olunmasında rolu az
olmayıb. İmperiya ordusunun hansı xislətdə
olduğunu gizlətməklə onlar əliyalın
insanları top-tüfəngin, tankların qabağına
sürüklədilər. Əgər əsil həqiqəti
xalqdan gizlətməsəydilər və imperiyanın
tapşırıqlarını qul kimi icra etməsəydilər,
kim bilir bəlkə də bu faciə baş verməzdi. Onlar
isə azadlıq arzusunda olan əliyalın insanları
aldatdılar, obyektiv gerçəkliyin nədən ibarət
olduğunu ört-basdır etdilər. Son anda isə-faciə
baş verən gecə qaçıb aradan
çıxdılar. Yanvarın19-dan 20-nə keçən gecə
bəzilərinin sədası yeyib-içmək məclisindən,
bəzilərinin səsi isə xarici ölkələrdən
eşidildi. Ambisiyalarından,
siyasi avantüralarından əl çəkməyən
belə xəyanətkarlar sonradan arsız-arsız deyirdilər ki, guya onların
heç nədən xəbərləri olmayıb.
Xalq o günlərdə böyük bir həqiqəti
- meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti
ilə dərk etdi. O müdhiş günlərdə Heydər
Əliyevin - qüdrətli liderin respublikada yoxluğu
günün ən böyük həqiqəti kimi dərk olundu.
Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə
hər kəsdən əvvəl səs verən də elə
Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət
altında ola-ola, özünün və ailə üzvlərinin
həyatını açıq təhlükə
qarşısında qoyaraq, hadisələrdən dərhal
sonra, 1990-cı il yanvarın 21-də
silahdaşı, o çətin günlərdə
atasını bir an belə tək qoymayan İlham Əliyevlə
birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gəldi. Ulu öndər təcavüzə kəskin
etirazını bildirdi, faciəni törədənləri,
şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi,
qoşunların Bakıdan çıxarılmasını tələb
etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin
1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə
verilən ilk siyasi qiymət idi - özü də
imperiyanın mərkəzində, Moskvada...
SSRİ-nin digər bölgələrində,
o cümlədən Tbilisidə və Baltikyanı
respublikalarda baş vermiş hadisələr sovet rəhbərliyi,
xalq deputatları səviyyəsində müzakirə edilsə
də, Azərbaycanda törədilmiş
20 Yanvar hadisələri şüurlu şəkildə təhrif
edilərək yanlış yozuma və unutqanlığa məhkum
edilmişdi. Bircə faktı vurğulamaq yetər ki, SSRİ
prezidenti M.Qorbaçov Azərbaycanda həyata
keçirilmiş əməliyyata yalnız bir dəfə,
1991-ci ildə, 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan
xalqına başsağlığı verməklə
münasibət bildirmişdi.
Beynəlxalq birlik 1956-cı ilin Budapeşt,
1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci
ilin Riqa və Vilnüs hadisələrinə müvafiq
hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında
Bakıda törədilmiş qanlı faciəyə fərqli
prizmadan baxdı. 1990-cı ilin
dekabrında isə Qorbaçova hətta Nobel sülh
mükafatı da verildi. Azərbaycan o vaxtkı rəhbərliyinin cəsarətsiz
və qorxaq siyasəti, kölə psixologiyası üzündən
20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi
qiyməti almamışdı. Bu qanlı faciədən sonra Azərbaycan rəhbərliyinin
atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik
nümayişi idi. Onların
kölə psixologiyasının nəticəsi olaraq 20 Yanvar
hadisələri yanlış yozuma və unutqanlığa məhkum
edilmişdi.
XX əsrdə totalitarizmin törətdiyi ən
qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də
var. Bu, bəşəriyyət və insanlıq əleyhinə
törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə
qarşı həyata keçirilən cəza tədbirləri
zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq
Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan
haqları Bəyannaməsinin, insan haqlarına dair digər
beynəlxalq aktların çoxsaylı müddəaları
pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə
bağlı aparılmış ən səthi təhqiqatlarda
da təsdiqlənir.
Ulu öndər Heydər Əliyev xalqın təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə
gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək
yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın
21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi
ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul
etdi. Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra ilk olaraq Şəhidlər
Xiyabanını ziyarət etdi. Və elə yerindəcə
tapşırıq verdi ki, qısa müddətdə
bütün şəhid məzarlarının üstü
götürülsün və burada memorial kompleks
ucaldılsın. Bunun üçün dövlət səviyyəsində
lazımi vəsait ayrıldı və bu iş qısa zamanda
başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı
ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu...
“20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il
tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə
tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu...
Milli Məclisdə müzakirələrin yekunu olaraq
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də
Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə
dövlət səviyyəsində siyasi-hüquqi qiymət
verildi...
Ulu öndər şəhidlərin ailələrini
də dövlət qayğısı ilə əhatə etdi.
Eləcə də 20 Yanvar hadisələrində
sağlamlığını itirən əlillərin sosial
müdafiəsi, pensiya təminatı hər zaman dövlət
başçısının diqqətində olub. 1993-cü
ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə
üzvləri və əlillərin sosial müdafiəsinin təmin
olunması istiqamətində mütəmadi tədbirlər
görülüb və bu gün də görülməkdədir.
Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə
20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq
nümunəsi göstərərək həlak olmuş Azərbaycan
Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi”
fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərə dövlət
qayğısının artırılması haqqında”
2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil
olmuş şəxslərə verilən aylıq müavinət
artırılıb və bu iş indi də davamlı olaraq həyata
keçirilir.
Ulu öndər Heydər Əliyevin daxili və
xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar
faciəsində qətlə yetirilənlərin, müharibə
veteranlarının, şəhid ailələrinin, əlillərin
problemlərinin dövlət səviyyəsində həllini
mühüm vəzifələrdən biri kimi qarşıya
qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər
həyata keçirilir. Şəhid ailələrinin, əlillərin
sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Ölkənin iqtisadi durumunun yüksəlməsi
özünü bu qəbildən olan insanların həyat və
məişətində daha qabarıq göstərir. Dövlət
başçısının Şəhidlər Xiyabanı
kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı
Vətən şəhidlərinin xatirəsinə ehtiramın
daha bir nümunəsinə çevrildi. Prezident İlham
Əliyevin sərəncamına əsasən, Şəhidlər
Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə
yenidən quruldu, abadlaşdırıldı...
2006-cı il yanvarın 19-da ölkə
başçısının fərmanı ilə 20 Yanvar
şəhidlərinin ailələri üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdü təsis edilib.
Möhtərəm Prezidentimizin fərmanı ilə 140 nəfər
20 Yanvar şəhidi fəxri adı almış şəxslərin
180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində
Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən
qüvvəyə minən əmək pensiyaları haqqında
qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək
pensiyasını alan hər bir ailə üzvünə
aldığı pensiyadan başqa əlavə ödəniş
verilir.
Son illərdə ölkədə əlil və
şəhid ailələrinin mənzil təminatını
yaxşılaşdırmaq üçün dövlət
hesabına fərdi və yaşayış evləri inşa
olunur. Müvafiq olaraq, 20 Yanvar şəhidlərinin ailələrinə,
əlillərə də verilir. Əlillərin
sağlamlığının bərpası da diqqət mərkəzindədir.
Onların reabilitasiyası üçün respublikada yeni
sağlamlıq mərkəzləri inşa olunub.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində daha bir addım metronun “20 Yanvar”
stansiyasının üzərindəki dairədə xatirə
kompleksinin yaradılması oldu...
Prezident İlham Əliyevin
tapşırığı ilə 2009-cu ilin oktyabrında
Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində
memorial abidə kompleksinin inşasına başlanıldı.
2010-cu il yanvarın 20-də isə kompleksin
açılışı oldu. Ümumi sahəsi 1500
kvadratmetr olan xatirə kompleksinin mərkəzində
hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli
abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar
faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və
soyadı qızılı hərflərlə həkk olunub.
Bütün sahələrdə həyata
keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə
nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində
olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım
Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin,
əlillərin problemlərinə də böyük
qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20
Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,
faciə qurbanlarının ailələrinin problemlərinin həlli,
sağlamlığının bərpası istiqamətində
mühüm işlər görür.
Bu il xalqımız 20 Yanvar hadisələrinin
24-cü ildönümünü qeyd edir, igid
övladlarının fədakarlığını məhəbbətlə
xatırlayır, onların əziz xatirəsini böyük
ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir
ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə
Qələbə qazanacağıq. Bu qələbəyə həm
də Azərbaycanın bugünkü hərtərəfli
uğurları, bütün dünyada gündən-günə
artan nüfuzu, dövlətimizin
başçısı, Ali Baş Komandan, Prezident
İlham Əliyevin bu istiqamətdə qətiyyətli
addımları da zəmanət verir.
Bakının ən mötəşəm məkanında
Vətən uğrunda canlarını qurban vermiş mərd,
igid oğul və qızlarımızın uyuduğu Şəhidlər
Xiyabanı xalqımız
üçün müqəddəs bir and yerinə, milli iradəmizin
şanlı-şərəfli bir salnaməsinə çevrilib.
Şəhidlərimiz
və Şəhidlər
Xiyabanı azadlığımızın, müstəqilliyimizin,
milli iradəmizin simvolu
kimi bundan sonrakı nəsillərə
də bir qürur mənbəyi
olacaqdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.4.