Azərbaycanda insan amili daim
diqqət mərkəzində
saxlanılır
Ötən il ölkəmiz üçün sosial-iqtisadi sahələrdə mühüm uğurlarla yadda qaldı. Azərbaycanın bütün istiqamətlər üzrə dinamik inkişafı hər bir vətəndaşı sevindirdi. Beynəlxalq mövqelərimiz daha da möhkəmləndirildi, həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq əlaqələr gücləndirildi. Atılan ardıcıl addımlar nəticəsində respublikada işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması konkret nəticələrlə müşayiət olundu.
İstehsal etdiyi xam nefti Qərb
bazarlarına ixrac edən Azərbaycan böyük iqtisadi
dividendlərə nail oldu.
Burada diqqəti bir mühüm məqama da
yönəltmək istərdim. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi,
yeni müəssisələrin
açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir
sözlə, əhalinin sosial müdafiə
tədbirlərinin gücləndirilməsi Prezident
İlham Əliyevin ilk
gündən hökumət qarşısında müəyyənləşdirdiyi
mühüm vəzifələrdəndir.
Dövlət başçısının işlək
mexanizmlər üzərində gerçəkləşdirdiyi
uğurlu sosial-iqtisadi
islahatların nəticəsi olaraq bu gün Azərbaycan
dünyanın ən sürətlə inkişaf
edən ölkələrindən birinə çevrilmişdir.
Neft strategiyasının uğurları
hazırda hər bir vətəndaşın
həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı
yüksəlişinə geniş imkanlar açır. Neft
strategiyasının uğurlu göstəricilərindən
biri də 2014-cu ilin
dövlət büdcəsində özünü
göstərir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə
artması da neft gəlirlərinin
sosial rifah amilinə
xidmət etdiyini göstərir.
2013-cü
ildə Avropanın bir sıra ölkələrində
maliyyə böhranının doğurduğu
çətinliklər özünü
qabarıq göstərmiş, büdcə xərcləri
azaldılmış, vergilər artırılmış,
dövlət və özəl sektorda iş yerlərinin ixtisara
salınması geniş vüsət
almış, ümumi daxili
məhsulun kəskin
azalması müşahidə edilmişdir.
Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun
10 faizi, dövlət borcu
isə onun 100 faizindən yuxarıdır.
Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri
hələ də qabarıq sezilən qlobal
böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini
itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya
bilmişdir.
Bütün bunlar barədə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı
danışılmışdır. Prezident
İlham Əliyev giriş
nitqində vurğulamışdır ki, əgər
biz güclü iqtisadiyyat yaratmasaydıq, nə beynəlxalq aləmdə,
nə də regionda uğurlara
nail ola bilməzdik.
Dövlət başçımız bu fikrini konkret faktlarla əsaslandırmışdır. Bildirmişdir ki,
2013-cü ildə ümumi daxili
məhsul təxminən 6 faiz, qeyri-neft sektoru 9,8 faiz artmışdır.
Ölkənin
inkişafının ən mühüm
göstəricilərindən biri iqtisadiyyata qoyulan
investisiyanın dinamik artımıdır.
Bu fakta münasibət
bildirən dövlət başçımız demişdir: “İl ərzində
ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç
vaxt il ərzində bu qədər investisiya
qoyulmamışdır. Son bir neçə
il ərzində
orta hesabla 20-21-22 milyard dollar investisiya qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları
daxili sərmayədir.
Bu da artıq
neçə ildir ki, davam edən
tendensiyadır. Daxili sərmayə
xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində
əsas sərmayə
dövlət sərmayəsidir.
Ancaq özəl sektor da Azərbaycan
iqtisadiyyatına böyük
yatırımlar edir”.
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev çıxışında ötən
il əldə edilən uğurlar sırasında valyuta ehtiyatlarımızın rekord
həddə-50 milyard dollara
çatmasını, 110 min yeni iş yerinin
açılmasını, yoxsulluğun
səviyyəsinin 5,3 faizə düşməsini,
xarici dövlət borcumuzun ümumi daxili məhsulun 8 faizini təşkil etməsini xatırlatmışdır.
Məlum
bir həqiqəti də xatırlatmaq istərdim. İqtisadyyatın inkişafının sosial
sahəyə müsbət
təsiri danılmazdır.
2013-cü il üzrə əhalinin rifah halının yaxşılaşması ilə
bağlı göstəricilərdə
də bu, özünü aydın büruzə verir. Belə ki, 2012-ci illə müqayisədə
işləyənlərin orta
aylıq əmək haqqı 6,2 faiz
artaraq 423 manata çatmışdır. Əhalinin
banklarda olan əmanətlərinin məbləği
6,8 milyard manat təşkil etmişdir. Bu, 34 faiz
artım əldə edilməsi deməkdir.
Bundan başqa,
ölkə əhalisinin
sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində dövlət
başçısının məqsədyönlü kursunun
davamı olaraq ötən il minimum əməkhaqqının 13 faiz,
əmək pensiyasının
baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz
çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların
əməkhaqları isə
ən azı 10 faiz həcmində artırılmışdır. Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox
insanın yaşayış
səviyyəsinin yaxşılaşdırılmasına
zəmin yaratmışdır.
Bəli,
bütün bunlar hazırda Azərbaycanda insan amilinə xüsusi diqqət yetirilməsindən xəbər
verir. Nazirlər
Kabinetinin sözügedən
iclasında da qeyd edilmişdir ki, ötən il ərzində dövlətin sosial siyasətinin mərkəzində
doğma yurd-yuvalarından
didərgin düşmüş
1 milyona yaxın məcburi köçkünün
mənzil-məişət şəraitinin
və sosial təminatının yaxşılaşdırılması
məsələləri durmuşdur
ki, bu məqsədlərə
dövlət büdcəsindən
və Neft Fondunun büdcəsindən
üst-üstə 522 milyon
manat vəsait yönəldilmişdir. Məcburi
köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial
müavinət, bəzi
kommunal xidmətləri
(elektrik enerjisi, qaz, su və
s.) üzrə güzəştlərin
tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq
məbləği isə
10 faiz artırılmışdır.
2013-cü ildə xüsusi əhəmiyyət
kəsb edən və ən vacib sosial layihələrindən
biri kimi vətəndaşların keçmiş
SSRİ Əmanət Bankında
qalan əmanətlərinin
fərdi birdəfəlik
ödənilməsi prosesinin
başa çatması
olmuşdur. Ödənişə
başlanıldığı andan MDB məkanında rekord müddətdə, yəni 1 il 7 ay ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr
həyata keçirilmişdir.
Ötən il sosial sahədə əldə edilən uğurlardan çox danışmaq olar. Ancaq burada bir məqamı xüsusilə
diqqətə çatdırmaq
lazımdır ki, Azərbaycan Prezidentinin otən illərdə həyata keçirdiyi sosial-iqtisadi siyasət milli maraqların qorunmasını təmin edir, xalqın mənafeyilə tam uzlaşır.
Bəli,
indi ölkəmizdə
iqtidar və xalq arasında sarsılmaz birlik, monolitlik mövcuddur.
Başqa
sözlə, xalq-iqtidar
birliyinin möhkəm
zəminə söykənməsi,
əsaslı bazis üzərində qurulması
ölkəmizin dinamik
inkişafı, tərəqqisi
ilə nəticələnmişdir.
Prezident
İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən
düşünülərək hazırlanmış çoxsaylı
dövlət proqramlarının
yerinə yetirilməsi
nəticəsində Azərbaycanda
əhalinin həyat şəraiti, gəlirləri
xeyli yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik artım
tempinə görə
Azərbaycan MDB məkanında
birinci yerə layiq görülmüş,
“orta insan inkişafı” ölkələri
qrupundan “yüksək
insan inkişafı” qrupuna keçmişdir.
Ümumiyyətlə, 2003-2013-cü illərdə İnsan İnkişafı
İndeksinin artım sürətinə görə
Azərbaycan orta dünya göstəricisini
iki dəfə qabaqlayaraq planetin
top-15-liyinə daxil olmuşdur.
BMT yanında İnkişaf və Artım Komissiyasının
son məruzəsinə görə,
1950-ci ildən sonra yalnız 13 ölkədə
belə sürətli
inkişaf müşahidə
edilmişdir. Avropa
İttifaqının maliyyələşdirdiyi
“Avropa Qonşuluq Barometri” sorğusunda bildirilir ki, 1000 respondentdən 920-si Azərbaycan
hökumətinə inanır...
Ələsgər QARAYEV,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.2.