Azərbaycanın maliyyə
imkanları qlobal iqtisadi
böhran şəraitində getdikcə genişlənir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur.
Azərbaycan
Respublikasının Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi
siyasətinin əsas istiqamətləri barədə bəyanatında
bildirilir ki, XXI əsrin
əvvəllərindən başlayaraq
yüksək inkişaf sürəti götürmüş ölkə
iqtisadiyyatı son 5 ildə yaşanan qlobal iqtisadi və maliyyə böhranı şəraitində
də uğurla inkişaf
etməkdə davam edir.
Aparıcı ölkələr hələ də
böhran qarşıdurması problemlərini
həll etdiyi bir vaxtda, Azərbaycan
dayanıqlı inkişafa yönəlmiş
yeni strateji vəzifələri
həyata keçirir. Ölkə makroiqtisadi dayanıqlıq göstəricilərinə
görə dünyada ilk
onluqda qərarlaşmışdır.
Milli iqtisadiyyat
yüksək məşğulluq həddində fəaliyyət
göstərir. Ölkədə yüz
minlərlə yeni iş
yerləri açılmış, regionların sosial-iqtisadi inkişafı sürətlənmişdir.
2013-cü
ildə Mərkəzi Bank öz
siyasətini tarazlı inkişafın vacib
şərtləri olan makroiqtisadi
və maliyyə sabitliyinin təmin
olunmasına yönəldərək aşağı inflyasiya, sabit məzənnə,
bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə
nail olmuş, ölkədə
maliyyə vasitəçiliyi genişlənmiş və şaxələnmişdir.
Adıçəkilən
bəyanatda vurğulanır ki, 2013-cü ildə ölkədə iqtisadi artım tempi dünya (3,6 faiz) və MDB
(3,4 faiz) üzrə orta
artım tempini üstələmişdir.
Azərbaycan hazırda 70 milyard ABŞ
dolları həcmində iqtisadiyyata malikdir (dünyada 67-ci yer). Həyata keçirilən fəal şaxələndirmə
siyasəti sayəsində qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi
çəkisi 56 faizə yüksəlmişdir.
Ötən
il iqtisadi artıma daxili tələbin bütün
elementləri müsbət təsir etmiş,
dövlət büdcəsi xərclərinin 10 faiz artması daxili
tələbi yüksəldən əsas amillərdən olmuşdur. Əhalinin son istehlak xərcləri dövr
ərzində 15 faiz artmışdır. Şaxələndirməyə təkan
verən investisiyalar 15 faiz,
o cümlədən qeyri-neft
sektorunda 8 faiz
artmışdır. İnvestisiyaların 70 faizindən çoxu qeyri-neft sektorunun payına düşmüşdür.
Sözügedən
dövrdə qeyri-sabit qlobal
iqtisadi mühitdə Azərbaycanın əlverişli
xarici mövqeyi qorunmuş, qeyri-xammal
ixracının genişlənməsi davam
etmiş, ölkəyə investisiya
axını sürətlənmiş və valyuta
ehtiyatları daha da
artmışdır. Belə ki,
sözügedən dövrdə xarici
ticarət balansının profisiti 12,3 milyard ABŞ
dolları olmuş, ixrac
idxalı 2,3 dəfə üstələmişdir. İqtisadiyyata qoyulan xarici investisiyaların həcmində
artım 31,2 faizdən çox olmuşdur. Mərkəzi
Bankın valyuta ehtiyatları isə 18 faiz artaraq 14 milyard ABŞ dollarına
yaxınlaşmışdır. Valyuta
ehtiyatlarının artması ölkənin beynəlxalq investisiya mövqeyinin
yaxşılaşması ilə müşayiət olunmuşdur.
2013-cü ildə
ölkədə qiymətlərin sabitliyi
təmin edilmiş, inflyasiyanın səviyyəsi
qoyulmuş hədəf çərçivəsində
saxlanılmışdır. Dünya İqtisadi Forumuna görə
Azərbaycan dünyada ən
aşağı inflyasiyaya malik
7 ölkədən biridir.
Ötən il artan valyuta
gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri
üçün istifadə olunması
şəraitində Mərkəzi Bank
manatın daha yüksək templə
bahalaşmasına yol verməmişdir. Bu məqsədlə valyuta
bazarından 2,1 milyard ABŞ dolları həcmində
xarici valyuta
alınmışdır. Nəticədə dövr
ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi
cəmi 0,08 faiz möhkəmlənmişdir.
Məzənnənin sabitliyi
makroiqtisadi və maliyyə sabitliyinə,
habelə iqtisadiyyatın rəqabət qabiliyyətinə təsir
edən mühüm amillərdən biri olmuşdur. Öz sabitliyini qoruyan manat bu
gün regionun ən sabit və etibarlı valyutasıdır və
sərhədyanı ticarətdə fəal istifadə edilir.
Azərbaycanda
bank sisteminə inam getdikcə güclənir. Əhalinin əmanətləri 25,5 faiz (regionlarda 32 faiz) artaraq 6,4 milyard manata çatmışdır ki,
bunun da 70 faizi sığortalanır.
Hazırda ölkədə 3 milyondan çox əmanətçi vardır.
Sovet dövründən qalmış
əmanətlərin qaytarılması
prosesi də davam etdirilmişdir.
2013-cü ilin dekabr ayının əvvəlinə
artıq 1621,7 min əmanət hesabı üzrə 600 milyon manata yaxın həcmdə vəsait ödənilmişdir.
Azərbaycan
İpoteka Fondunun
(AİF) və bankların
öz resursları hesabına maliyyələşən
ipoteka kreditləri 750
milyon manata çatmışdır. 2013-cü il ərzində
verilən ipoteka kreditlərinin həcmi 35 faiz, o cümlədən güzəştli ailələrə
kreditlər 33 faiz artmışdır. Nəticədə ipoteka kreditləri hesabına mənzil əldə edən ailələrin sayı 20
mini ötmüşdür. İpoteka kreditlərinin maliyyələşdirilməsində
dövlət büdcəsindən
ayrılan vəsaitlərlə
yanaşı, bazardan cəlb edilən resurslar da mühüm
rol oynamışdır.
Ölkənin
maliyyə balansında
tarazlıq gözlənilməklə
2013-cü ildə iqtisadiyyata
rekord səviyyədə
sərmayə qoyulmuşdur. Dövlət
əsaslı vəsait
qoyuluşu da ən yüksək səviyyəyə çatmış,
7 milyard manat səviyyəsində vəsait
yönəldilmişdir. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı
obyektlərin (elm, təhsil,
səhiyyə, mədəniyyət,
idman və s.) tikintisi və yenidən qurulması üçün 2 milyard
37 milyon manat, enerji, su və
qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların
tikintisi və yenidən qurulması üçün 3 milyard
743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya
layihələrinin maliyyələşdirilməsi
üçün 262 milyon
manat vəsait sərf edilmişdir.
Dövlət büdcəsinin
investisiya xərcləri
ilə yanaşı, ölkəmizdə
yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial
və digər infrastrukturların tikintisinə
və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən
cəlb olunmuş kreditlər hesabına təxminən 754 milyon manat məbləğində
vəsait sərf edilmişdir. Dövlət
Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricə qoyulmuş sərmayələr hesabına
həyata keçirilən
bir sıra investisiya layihələrinin
icrası üçün
ötən il
1 milyard 74 milyon manat vəsait yönəldilmişdir.
Şəhər,
rayon və qəsəbələrdə
abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların
tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi
üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait
ayrılmışdır.
Azərbaycanda
daxili tələbin tədricən xarici tələblə əvəzlənməsi,
ixracın şaxələndirilməsi
strateji vəzifələrdəndir. Mərkəzi Bankın bəyanatında
bununla bağlı bildirilir ki, qeyri-neft sektorunda ixracyönümlü iqtisadi
artımın təmin
olması və bu artımın əsasən özəl daxili və xarici investisiyalarla dəstəklənməsi son nəticədə
dövlət büdcəsinin
artırılmasına xidmət
edir. Bunun ən vacib şərtlərindən biri
makroiqtisadi dayanıqlıq
və sabitlikdir.
Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsi
xərclərinin stabilləşdirilməsi,
neft gəlirlərinin
büdcə məqsədləri
üçün istifadə
olunan məbləğinin
optimallaşdırılması yeni strateji çağırışlara
tam adekvatdır. Neftin dünya
qiymətlərinin dəyişkənliyi
şəraitində bu,
dünya bazarlarının
ölkə iqtisadiyyatına
konyunktur təsirlərini
mərhələlərlə optimallaşdırmağa imkan
verir.
Azərbaycanın
maliyyə imkanlarının
güclənməsi ölkədə
sosial siyasətin uğurla reallaşmasına
da müsbət təsir göstərir. Respublika əhalisinin rifah halının yüksəlməsinə
xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
dövrün tələblərinə
adekvat şəkildə,
həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək
yeni keyfiyyət mərhələsinə daxil
olmuş və daha da güclənmişdir.
Dövlət başçısı
İlham Əliyevin imzaladığı sərəncam
və fərmanlarda, təsdiq etdiyi digər sənədlərdə
çoxlu sayda yeni iş yerlərinin
açılmasına şərait
yaradılması, sahibkarlığın
inkişaf etdirilməsi,
sosial xidmətlərin
həcminin, keyfiyyətinin
və ünvanlılığının
əhəmiyyətli dərəcədə
artırılması, yoxsulluğun
azaldılması kimi vəzifələr daim ön planda dayanır. Respublikanın iqtisadi potensialının daha da gücləndirilərək
onun kompleks şəkildə səmərəli
reallaşdırılması nəticəsində əməkhaqları
və pensiyaların, digər sosial müavinətlərin mütəmadi
artırılması, yeni
iş yerlərinin yaradılması və bunun daha çox
qeyri-neft sektorunu əhatə etməsi vətəndaşların sosial
müdafiəsinin daha
da güclənməsinə
səbəb olmuşdur.
BMT İnkişaf Proqramının
son “İnsan İnkişafı
Hesabatı”na əsasən, ölkəmiz
insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə
layiq görülmüşdür.
Ümumiyyətlə, 2003-2013-cü illərdə İnsan İnkişafı
İndeksinin artım sürətinə görə
Azərbaycan orta dünya göstəricisini
iki dəfə qabaqlayaraq planetin
top-15-liyinə daxil olmuşdur.
BMT yanında İnkişaf və Artım Komissiyasının
son məruzəsinə görə,
1950-ci ildən sonra yalnız 13 ölkədə
belə sürətli
inkişaf müşahidə
edilmişdir.
Hazırda
Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
bütün sahələrdə
olduğu kimi, sosial firavanlığın
təmin olunması istiqamətində də böyük nailiyyətlərə
imza atan bir ölkədir. Əldə olunan nailiyyətlər
xalq-Prezident birliyinin daim möhkəmlənməsi
ilə müşahidə
olunur ki, bu da respublikanın
gələcəkdə həyatın
bütün sahələrdə
daha möhtəşəm
uğurlar qazanması
üçün ən
mühüm stimuldur.
Burada
mühüm bir məqamı da xatırlatmaq yerinə düşər. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf
Konsepsiyasını təsdiq
etməsi əhəmiyyətli
tarixi hadisələri
sırasındadır. Müasir
Azərbaycanın siyasi,
iqtisadi, sosial və mədəni inkişaf xüsusiyyətlərindən,
məqsədli dövlət
proqramları vasitəsilə
yeni yüksəliş
mərhələlərinə keçidin zərurətlərindən,
ən nəhayət, gələcəyin strateji
hədəflərinin müəyyənləşdirilməsindən
irəli gələn bu mühüm sənəd dövlətimizin
davamlı inkişafının
təmin olunmasında,
Azərbaycanın geosiyasi
və geoiqtisadi əhəmiyyətinin artırılmasında,
Avropa məkanına inteqrasiya prosesinin sürətləndirilməsində, əhalinin sosial rifahının yüksəldilməsində,
cəmiyyətin bütün
istiqamətlərdə tərəqqiyə
nail olunmasında, keyfiyyətcə
mükəmməl inkişaf
modelinin formalaşdırılmasında
müstəsna rol oynayacaqdır. “Azərbaycan
2020: Gələcəyə baxış” İnkişaf
Konsepsiyası çoxşaxəli
olmaqla yanaşı, qarşıdakı illər
üçün yeni prioritetləri, hədəfləri
əhatə edir.
Konsepsiyada nəzərdə tutulmuş
tədbirlərin icrası nəticəsində 2020-ci ilədək
ölkədə adambaşına düşən ÜDM-in həcminin iki dəfədən
çox artaraq 13 min ABŞ dollarına
çatdırılacağı gözlənilir. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına
düşən ümumi milli
gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr”, habelə BMT İnkişaf Proqramının insan
inkişafı ilə bağlı təsnifatına görə
“yüksək insan inkişafı ölkələri”
qrupunda üstün
mövqelərə yüksəlməsi
hədəflənir. Respublikanın beynəlxalq iqtisadi münasibətlər sistemində
yüksək rəqabət qabiliyyətinə malik
ölkəyə çevrilməsi də qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə
respublikanın regionun ticarət mərkəzinə
çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən
ixrac həcminin 1000 ABŞ dollarına
çatdırılması proqnozlaşdırılır.
2020-ci ilədək
inflyasiyanın məqbul səviyyədə saxlanılması,
daha çevik məzənnə
rejiminə keçidin təmin
olunması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi
tədbirlərinin həyata keçirilməsi nəzərdə
tutulur. Neft-qaz sektorunun, neft-kimya
sənayesinin modernləşdirilməsi, qeyri-neft
sənayesinin şaxələndirilməsi, alternativ
və bərpa olunan enerji
mənbələrindən istifadə imkanlarının
genişləndirilməsi, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin
təmini, ticarət və xidmət növlərinin genişləndirilməsi,
xarici ticarətin, investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır.
Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft
sektoru üzrə ÜDM-in
orta illik artım tempinin 7 faizdən yüksək olması hədəflənir.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.3.