Ötən on ildə məcburi köçkünlərin sosial

vəziyyəti əsaslı şəkildə yaxşılaşmışdır

 

Bu gün Azərbaycan vətəndaşlarının 1 milyondan çoxu qaçqın və məcburi köçkün həyatı yaşayır. Onların sosial müdafiəsi dövlətimizin daim diqqət mərkəzindədir. Ermənistanın hərbi təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın sosial problemlərinin həlli məqsədilə ölkə Prezidentinin 51  fərman və sərəncamı olmuşdur. 7 çadır düşərgəsi, 12 fin tipli qəsəbə ləğv edilmişdir.

 

Bütün sosial-texniki infrastruktura malik, ümumi sahəsi 1,5 milyon kvadratmetr olan, 110 min nəfərin məkunlaşdırıldığı 23,5 min evdən ibarət qəsəbə və məhəllələr salınmışdır. Yeni yaşayış məhəllələrində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 32 mədəniyyət evi, 2 olimpiya idman kompleksi tikilmişdir. On il ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,8 milyard manat vəsait sərf olunmuşdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 15 faizə enmişdir. Bütün bu problemlərin həllində 1999-cu ildə ulu öndərin fərmanı ilə yaradılan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun böyük xidmətləri olmuşdur. Fondun yaradılmasında əsas məqsəd də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı olmuşdur.

Təşkilatın vəzifəsi ayrılmış vəsait hesabına nəzərdə tutulan layihələrin həyata keçirilməsini və eyni zamanda, bu vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdir. Bu fond Nazirlər Kabineti yanında fəaliyyət göstərən qurumduronun ali idarəetmə orqanı Müşahidə Şurasıdır. Fondun sonrakı illərdə həyata keçirdiyi tədbirlər nəticəsində məcburi köçkünlərin sosial-məişət şəraiti əsaslı şəkildə yaxşılaşmış, onlarin əksəriyyəti yeni mənzillərə köçürülmüş, coxları işlə təmin olunmuşlar.

Ulu öndərin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı sonrakı illərdə də uğurla davam etdirilmişdir. 2003-cü ildən sonra məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılmağa başlamışdır. Sön illər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması üçün Dövlət Proqramı və ona iki əlavə qəbul olunmuşdur.

Mövcud problemlərin həllində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) əhəmiyyətli xidmətləri olmuşdurbu günfond çox mühüm tədbirlər həyata keçirir, yeni layihələr reallaşdırır.

Bu illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirmiş, məcburi köçkünlərin məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkmiş, məktəblər tikmiş, məktəbləri təmir etmişs. işlər görmüşdür. Məlum olduğu kimi, MKSİF-in ilkin mərhələdə əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə 10 milyon ABŞ dolları həcmində ayırdığı güzəştli kredit vəsaiti olub. Ötən müddət ərzində fondun maliyyə vəsaitləri hesabına icma mikrolayihələri həyata keçirilmiş, mikrokreditlərin verilməsi təmin olunmuşdur. Sonradan fondun fəaliyyəti daha geniş xarakter alıb və maliyyələşmə mənbələri artıb. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin sırasına Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, büdcə vəsaitləri, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və digər donorların maliyyə resursları daxildir. Onu da qeyd edim ki, MKSİF-in təşkilati strukturu və heyəti donorların tələblərinə uyğun formalaşdırılır. MKSİF-in əsas fəaliyyəti Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlı olduğundan, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki çadır düşərgələrində və digər uzunmüddətli yaşayış üçün yararlı sayılmayan yerlərdə məskunlaşmış məcburi köçkünlər üçün yeni məhəllə və qəsəbələrin tikintisinə böyük diqqət ayrılmışdır.

Bu istiqamətdə mühüm işlər görülüb, yeni qəsəbələrin tikintisinə başlanılıb. Ümumiyyətlə, bu günə kimi qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, İmişli, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 77 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınmışdır ki, bunların da 63-ü MKSİF tərəfindən tikilmişdir. Həmin qəsəbələrdə də 21.548 köçkün ailəsi məskunlaşmışdır.

Diqqət yetirilən önəmli məqamlardan biriondan ibarətdir ki, məcburi köçkünlər üçün yeni qəsəbələr onların məskunlaşdığı ərazidə salınır və bu, müəyyən parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, məcburi köçkünlərin əksəriyyəti məskunlaşdığı rayonlarda öz işlərini qurub. Onları öz işlərindən kənarlaşdırmamaq üçün elə məskunlaşdıqları rayonlarda yeni qəsəbələr tikilir. Bu da, öz növbəsində, məcburi köçkünlərin yeni yaşayış məskəninə köçürüldükdən sonra işsizlik problemi ilə qarşılaşmamalarına gətirib çıxarır. Beləliklə, çadır şəhərciklərinin ardınca artıq fin qəsəbələrinin ləğvi sahəsində də görülmüş işlər təqdirəlayiqdir.

Bununla yanaşı, Prezident İlham Əliyev son illər dəfələrlə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 1040 manat pul xərcləyir.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” xüsusi qeyd olunmalıdır. 2007 və 2011-ci illərdə həmin proqrama əlavələr edilibbuna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələr edilib. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Ötən il Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli 9 yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilmişdir. Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 556 ailəlik beşmərtəbəli 10 yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonunun ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində isə 768 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi salınmışdır.

Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə alınmış və yaşayış üçün hər cür zəruri şərtlərə cavab verən mənzillərə köçürülmüşdür. Bununla yanaşı, dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin inşası başa çatdırılmış, Füzuli rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi ev tikilmişdir. Beləliklə, təkcə 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni mənzillərə və evlərə köçürülmüşdür. Həmçinin, Dövlət Proqramının və ona əlavələrin icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində 1500, Qazax rayonunda 300, Bərdə rayonunda 866 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllələrinin, İsmayıllı rayonunda 45, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230, Füzuli rayonunda 612, Sabirabad rayonunda 440, Ağdam rayonunda 932, Beyləqan rayonunda 320, Göygöl rayonunda 600 ailəlik qəsəbələrin, Bakı şəhərinin yataqxanalarında və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Abşeron rayonunda Qobu şəhərinin salınması, Qəbələ rayonunda 155, Balakən rayonunda 43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli yaşayış binalarının tikilməsi ilə bağlı layihələndirmə, layihə-smeta sənədlərinin hazırlanması və s. üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Yeni evlərə köçürülən məcburi köçkünlər  yaratdığı bu cür şəraitə, onları belə mənzillərlə təmin etdiyinə görə ölkəmizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirməklə onu da vurğulayırlar ki, bu, indiki şəraitdə onlar üçün dövlət başçısı tərəfindən ən böyük hədiyyə, diqqət və qayğıdır. Düzdür, bura da onlar üçün müvəqqəti məskunlaşma yerləridir. Amma insanın yaşaması, yaratması üçün onun rahat, geniş evə çox ehtiyacı var. İndi məcburi köçkünlər də ağır şəraitdən xilas olub belə gözəl, geniş, müasir tipli, yaşayış üçün hər cür şəraitlə təmin olunmuş evlərə köçürülüblər.

Bu yaxınlarda Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün yeni salınmış 25 beşmərtəbəli yaşayış binasından ibarət köçkün şəhərciyinin açılış mərasimi keçirilib. Şəhərciyə işğal olunmuş 9 rayondan didərgin düşmüş 1500 ailə (6700 məcburi köçkün) köçürüləcək.

Hazırda regionlarda məcburi köçkünlər üçün yeni qəsəbə və məhəllələrin salınması istiqamətində işlər uğurla davam edir.

 

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.2.