Cənubi Qafqaz regionunda sülhə,
təhlükəsizliyə və
inkişafa böyük töhfələr verən Azərbaycan
beynəlxalq aləmdəki mövqelərini daha da
möhkəmləndirir
Əsaslı nailiyyətlərə imza atan Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz regionunda və dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni hadisə və proseslərdə layiqincə təmsil olunur, bir sıra qlobal layihələrin icrasında, problemlərin həllində öz qətiyyətli mövqeyini ortaya qoyur. Bu baxımdan, 2013-cü il də ölkəmizin beynəlxalq aləmə inteqrasiyasının daha da genişləndirilməsi üçün atılan mühüm addımlarla yadda qaldı, rəsmi Bakının beynəlxalq münasibətlər sistemində sülhün, təhlükəsizliyin təşəbbüskarı, eyni zamanda bölgədə siyasi sabitliyin, iqtisadi inkişafın novatoru kimi çıxış etməsi dünyanın hər yerində rəğbətlə qarşılandı. Məhz Azərbaycan iqtidarının məntiqli xarici siyasətinin nəticəsi olaraq ölkəmizlə dünya ictimaiyyətinin subyektləri arasında beynəlxalq hüquq normalarına uyğun davamlı, qarşılıqlı faydalı əməkdaşlığa böyük zəmin yaradılıb.
Nazirlər
Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev
dövlətimizin qazandığı möhtəşəm
uğurları yüksək qiymətləndirmiş və beynəlxalq
əlaqələrimizin inkişafı üçün
bundan sonra da gözəl
imkanların olduğunu qeyd
etmişdir.
Ötən
iki il ərzində Azərbaycanın
dünyanın təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində
çox mühüm rol oynayan BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət
göstərməsi hər bir azərbaycanlıda
qürur hissləri yaratdı. Dövlət başçımızın bəyan etdiyi kimi, Azərbaycan BMT
Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etdi, hər bir məsələ
ilə bağlı konkret mövqe
sərgilədi, prinsipial mövqe
ortaya qoydu. Ona görə də bu iki il ərzində beynəlxalq
birlik tərəfindən Azərbaycana olan inam və dəstək
daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik
Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir.
Beynəlxalq ekspertlərin də qeyd etdiyi kimi, hazırda bu dəstək daha da böyükdür. Bu, onu göstərir ki, beynəlxalq
aləm dövlətimizin mövqeyini
müdafiə edir, dəstəkləyir,
addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün
beynəlxalq təşkilatlarda özünü
ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Təbii
ki, rəsmi Bakının ədalətə,
humanizmə söykənən siyasi xətti
dünya ölkələri tərəfindən
rəğbətlə qarşılanır.
Azərbaycan ötən
iki ildə beynəlxalq miqyasda
daha bir qürurverici hadisəyə imza
atdı – ölkəmiz 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında BMT Təhlükəsizlik
Şurasına sədrlik etdi. Həmin
dövrdə beynəlxalq terrorizmlə mübarizə,
Suriyadakı vəziyyət və digər mühüm
məsələlər təşkilatda müzakirə edildi. Onu da xatırladaq ki,
2012-ci ilin may
ayının əvvəllərində Prezident
İlham Əliyevin sədrliyi ilə
keçirilən iclasda müzakirə olunan “Terror
aktlarının beynəlxalq sülh və
təhlükəsizliyə yaratdığı təhdidlər”
mövzusu məhz rəsmi Bakının təşəbbüsü
ilə gündəliyə daxil edilmişdi. Bu, çox vacib
məqam idi. Çünki
müasir dünyada
terrorizmdən ən çox əziyyət
çəkmiş ölkələrdən biri
məhz Azərbaycandır. İstənilən beynəlxalq təşkilatın
tribunasından çıxış edən dövlət rəsmilərimiz
erməni terrorçularının xalqımızı məruz
qoyduğu fəlakət və faciələr
barədə əhatəli söz
açırlar. BMT-nin baş katibi
və Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin
yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə
dövlətimizin başçısı Azərbaycanın
xaricdən dəstəklənən terrora
məruz qaldığını bildirmiş,
Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və terror
siyasəti barədə ətraflı məlumat vermiş, işğal
altındakı ərazilərimizin terrorçuluq,
separatçılıq, ekstremizm və
mütəşəkkil cinayətkarlığın müxtəlif
formaları baxımından ciddi
narahatlıq mənbəyi olduğunu
vurğulamışdı.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində
təcavüzkar Ermənistan beynəlxalq aləmdə
çıxılmaz vəziyyətə düşüb.
Keçən ilin iyun ayında ATƏT-in Minsk
qrupunun həmsədr ölkələri olan ABŞ, Rusiya və Fransanın
prezidentləri “Böyük səkkizlər”in
sammiti çərçivəsində
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı birgə bəyanatla
çıxış etdilər. Həmin bəyanatda
münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və
prinsiplərinə əməl edilməsinə, dövlətlərin
ərazi bütövlüyünün
qorunması məsələsinə xüsusi
diqqət yetirilib. Bəyan edilib
ki, mövcud status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir.
Bu məqam həmsədr ölkələrin
son 4 ildə verdikləri bəyanatlarda da əksini tapıb. Digər tərəfdən,
2013-cü ilin əvvəlində Avropa Şurası Parlament
Assambleyasında da əlamətdar hadisə
baş verdi. Yanvar ayında sessiyada Azərbaycana
qarşı əsassız, qərəzli şəkildə təşkil
edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada böyük əksəriyyət
antiazərbaycan kampaniyasına qoşulmamışdır və
bu, kampaniyanın təşəbbüskarlarını,
o cümlədən pərdəarxası
təşəbbüskarlarını məyus etmişdir.
Siyasi amillərlə şərtlənən
qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük
təşkil etdi. Beləliklə, Azərbaycan
beynəlxalq arenada növbəti qələbə
qazandı. Dövlət başçımızın qeyd etdiyi kimi,
bu hadisə bir daha onu göstərmişdir
ki, haqq-ədalət həmişə zəfər
çalmalıdır. Azərbaycan öz prinsipial, ədalətli mövqeyini
nümayiş etdirdi və
Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə
vurulan ən böyük
zərbələrdən biridir. Yəqin ki, bundan sonra
onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar
özləri üçün nəticə
çıxaracaqlar.
Təəssüf ki, 2012-2013-cü illər Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində aparılan danışıqlar
prosesində durğunluq dövrü
kimi yadda qaldı.
Yalnız 2013-cü ilin sonunda
müəyyən canlanma müşahidə
edildi. Azərbaycan Prezidenti İlham Əliyev
bəyan etmişdir ki,
əgər Ermənistan məsələnin həlli ilə
bağlı konstruktiv mövqe
nümayiş etdirərsə, qısa
müddət ərzində razılaşmaya gəlmək mümkün olacaqdır. Çünki
müəyyən ümidlər, müəyyən nikbin məqamlar vardır və
2014-cü ildə rəsmi Bakı bu məqamlara
diqqət yönəldəcəkdir. Dövlət
başçımız bildirmişdir, əgər
Ermənistanda realist yanaşmalar
üstünlük təşkil edərsə,
hesab edirəm ki,
qısa müddət ərzində münaqişə ilə
bağlı irəliləyiş ola bilər:
“Realist yanaşma isə
gerçəyə, real güclər nisbətinə
söykənməlidir. Azərbaycanın artan
gücü də burada
öz rolunu oynayır
və oynayacaqdır. Bu gün
Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda
bizim üstünlüyümüz
hər bir sahədə
açıq-aydın özünü
büruzə verir. Bizim
dövlət büdcəmiz Ermənistanın dövlət
büdcəsindən 10 dəfə böyükdür.
Ümumi daxili məhsul
8 dəfə, əhali 6 dəfə çoxdur.
Bizim bütün
potensialımız güclənir, böyüyür,
artır, Ermənistanda isə həm çox
ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə
bilərəm ki, demoqrafik
fəlakət yaşanır və bunu Ermənistanın
rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi
məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin
maraqlarını üstün tutarsa, açıq-aydın anlayar
ki, Azərbaycan ilə bundan
sonra rəqabət aparmaq
üçün onlarda
nə imkanlar var, nə
də ki, potensial”.
Dövlət
başçımız demişdir ki, beynəlxalq vasitəçilər
münaqişənin həllində irəliləyişlərin
olmasına çalışırlar. Ancaq
onların fəaliyyətinin hələ ki,
heç bir nəticəsi
olmamışdır. Bu da
reallıqdır. Biz vasitəçilər
tərəfindən, onların dövlət
başçıları tərəfindən müsbət bəyanatları
eşidirik. Onların içində
yuxarıda qeyd etdiyimiz
Minsk qrupuna həmsədrlik
edən ölkələrin dövlət başçılarının
birgə bəyanatlarında da status-kvonun qəbuledilməzliyi haqqında
sözlər deyilmişdir. Bu, çox müsbət
haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar
ki, danışıqlara alternativ
yoxdur. Ancaq Azərbaycan
Prezidenti bəyan etmişdir
ki, müasir dünyada hər bir sahədə
kifayət qədər alternativ vardır.
Sadəcə olaraq biz
istəyirik ki, bu məsələ
sülh yolu ilə həll
edilsin. Azərbaycan öz
konstruktiv mövqeyini ortaya qoyur və ümid edirik ki, danışıqlarla bağlı prosesdə
vasitəçilər daha da
fəal rol oynayacaqlar.
Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini icra
etməlidir, işğal edilmiş
torpaqlardan çıxmalıdır və
Azərbaycanın ərazi bütövlüyü
bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir. Çünki
Azərbaycan heç vaxt
öz tarixi torpağında
ikinci erməni dövlətinin
yaradılmasına imkan verməyəcəkdir.
Azərbaycanın hərbi
gücü torpaqlarımızın
danışıqlar prosesinə alternativ olan yolla bərpasına imkan verir. 2013-cü ildə
ordu quruculuğu ilə
bağlı önəmli addımlar atılmışdır.
Artıq çox ciddi
islahatlar aparılıb. Bu
islahatlar öz nəticəsini
verməkdədir. Bizim döyüş
qabiliyyətimiz artır, 2014-cü ildə böyük
dərəcədə artacaqdır. Qeyd
etməliyik ki, bizim hərbi
potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər,
döyüş taktikası ilə
bağlı yeni yanaşmalar
tamamilə yeni bir
situasiyanın yaranmasına gətirib çıxaracaq. Son illərdə Azərbaycan böyük
həcmdə müasir silah-sursat,
texnika almışdır. Ona
görə də bizim döyüş
qabiliyyətimiz böyük dərəcədə
artacaq, artır və bu,
danışıqlar prosesinə ancaq
müsbət təsir göstərəcəkdir. Dövlət
başçımız demişdir: “Bəzi
hallarda bu məsələ
ilə əlaqəsi olmayan qurumlar, yaxud da, Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə
çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini
artırır. O ölkələrin nümayəndələri
bunu deyir ki, onların hərbi büdcəsi göylərə
qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı
artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli,
beynəlxalq normalara uyğun
şəkildə həll edilməsi üçün
bizim hərbi gücümüz
həlledici rol oynayacaqdır. Biz bu gün
güclü ordu
yaradırıq. Bizim ordumuz
dünyanın ən güclü
orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu
işi davam etdiriləcəkdir”.
Bununla belə, beynəlxalq aləmdə
artıq hər kəsə məlumdur ki,
Azərbaycan sülhpərvər ölkədir və bizim dövlətimiz Cənubi Qafqazda
təhlükəsizliyin, sabitliyin
qarantıdır. Belə olmasaydı,
dünyanın inkişaf etmiş
sivil, demokratik, təhlükəsizlik
tərəfdarı olan ölkələri
və beynəlxalq təşkilatları Azərbaycanla bərabərhüquqlu,
qarşlıqlı əməkdaşlığın
inkişafına can atmazdı. Biz Avropa İttifaqı ilə
və üzv olmadığımız bütün başqa təşkilatlarla
səmərəli işgüzar
münasibətlər qururuq. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin
prinsipləri açıqdır, aydındır və beynəlxalq
prinsiplərdən kənarda deyildir,
qarşılıqlı hörmət, bir-birinin
işinə qarışmamaq, qarşılıqlı dəstək,
anlaşma və
hərtərəfli əməkdaşlıq prinsipləridir.
Əminik ki, biz
növbəti illərdə Avropa
İttifaqı ilə daha da
səmərəli formatın yaradılmasına nail olacağıq.
Azərbaycan
Avropa ölkələrinin enerji
təhlükəsizliyinin təminatında da
mühüm rol
oynayır və 2013-cü il bu baxımdan çox əlamətdar
olmuşdur. 2013-cü il
dekabrın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin iştirakı ilə “Şahdəniz-2” üzrə
yekun investisiya qərarının
imzalanması Azərbaycanın
etibarlı strateji tərəfdaş kimi tanındığını bir daha sübuta
yetirdi. TAP, TANAP və ”Şahdəniz-2”
layihələrinin gerçəkləşdirilməsi
Avropanın enerji xəritəsini dəyişdirəcəkdir.
Bəlkə də buna görədir ki, beynəlxalq ekspertlər sazişi
“XXI əsrin müqaviləsi” adlandırırlar. Azərbaycan öz təbii qazının Avropaya
və Türkiyəyə çatdırılmasını nəzərdə
tutan bu layihəni imzalamaqla Cənubi Qafqazın lider
dövləti olduğunu bir
daha təsdiqlədi.
Ötən illər ərzində
Azərbaycan beynəlxalq tədbirlərin nüfuzlu
məkanı kimi də dünya
birliyinin diqqətini cəlb etdi. Keçən il aprelin 7-8-də Davos İqtisadi Forumunun
Bakıda keçirilməsi ilə Azərbaycan regionda aprıcı ölkə olduğunu bir daha təsdiqlədi. Belə ki,
Davos Forumu ilk dəfə olaraq Xəzər
sahillərinə gətirildi. Bu forumu təşkil etməklə ölkəmiz
sadəcə regionun iqtisadi
cəhətdən aparıcı ölkə olduğunu
beynəlxalq arenada təsdiq etdirmədi, eyni zamanda, Azərbaycanın
Cənubi Qafqaz ilə Orta
Asiya inteqrasiyasında həlledici ölkə
olduğunu göstərdi. Davos
İqtisadi Forumu özü də Bakıda təşkil edilən
tədbiri məhz regionda, xüsusən də
Azərbaycanda müşahidə edilən iqtisadi
artım aspektindən xarakterizə etmişdir.
Forumun açıqlamasında bildirilirdi ki, sonuncu onillik ərzində
Cənubi Qafqaz və Mərkəzi
regionları davamlı iqtisadi artım və
inkişaf yolunu
keçmişlər. Bu inkişaf
yolunda bir çox ölkələr öndə gedirlər.
Azərbaycanın iqtisadi inkişafı
keçən onillik ərzində ikirəqəmli
ədədlərlə ifadə olunurdu.
Qazaxıstan və bu regionun
digər ölkələri isə öz biznes potensiallarını genişləndirmək
üçün iri
addımlar atırdılar. Regionun hələ
də istifadə olunmamış resursları var
ki, bunlara da təbii sərvətlərini, Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən
regionun strateji mövqeyini göstərmək olar.
Azərbaycan
sivilizasiyalararası dialoq məsələsində
özünün tarixi
missiyasını da uğurla
davam etdirir. Bununla
bağlı paytaxtımız Bakı şəhərində dünyada böyük nüfuza malik olan siyasi, elm
din xadimlərinin, tanınmış beynəlxalq
ekspertlərin iştirakı ilə əhəmiyyətli beynəlxalq
tədbirlər keçirilir, qlobal miqyaslı məsələlərə dair ciddi müzakirələr
aparılır, bəşəriyyətin bu
gününü və gələcəyini
maraqlandıran önəmli nəticələr əldə olunur. Növbəti belə bir
tədbir keçən il mayın 29-da
Bakıda keçirilən II Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu oldu. Azərbaycan
Prezidenti İlham
Əliyevin himayəsi ilə baş tutan forumun əsas tərəfdaşları
dünyanın nüfuzlu beynəlxalq təşkilatları
və onların əlaqədar qurumları — YUNESKO, BMT-nin Sivilizasiyalar
Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi,
İSESKO, BMT-nin Dünya
Turizm Təşkilatı idi.
Forumun əhəmiyyətini
artıran məqamlardan bir də o idi ki,
nüfuzlu tədbirdə beynəlxalq
qurumların rəhbərləri, bir
neçə ölkənin keçmiş
prezidentləri, dünyanın 100-dək ölkəsindən gələn
nazirlər, beyin mərkəzlərinin rəhbərləri,
alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan
mərkəzlərin yüksək səviyyəli nümayəndələri
iştirak edirdilər.
Heydər Əliyev Mərkəzində
2013-cü il oktyabrın 31-də öz işinə başlayan
Üçüncü Bakı Beynəlxalq
Humanitar Forumu da dünyanın diqqət mərkəzində
olmuşdur. Forumda 70
ölkədən 800-ə yaxın yüksək səviyyəli
qonağın iştirak etməsi də onun beynəlxalq əhəmiyyətindən xəbər
verirdi. Tədbir çərçivəsində
keçirilən “dəyirmi masa”larda müasir dünyada əhəmiyyətli olan
fikirlər səsləndirilmişdir. “Davamlı
inkişaf və ekoloji
sivilizasiya” mövzusunda
“dəyirmi masa”ya rəhbərlik
edən Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin
Mühafizəsi üzrə Beynəlxalq Dialoq
Təşəbbüsünün (IDEA) təsisçisi və
direktoru Leyla
Əliyeva bu gün
Bakının dünyanın sürətlə dəyişən
şəhərlərindən biri olduğunu, forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin
bunu tam əks etdirdiyini bildirmişdir. Leyla Əliyeva tolerantlığın bizim üçün yeni ideya deyil,
mədəniyyətimizin və həyatımızın bir hissəsi olduğunu qeyd etmiş, ekoloji məsələlərə diqqət
yetirməyin vacibliyini
vurğulamışdır.
Azərbaycan Qərbə
inteqrasiya etməklə yanaşı, İslam ölkələri ilə də əlaqələrini
genişləndirir və həmin ölkələrdə yaşanan problemlərə diqqəti cəlb
etmək üçün müxtəlif humanitar təşəbbüslərlə
çıxış edir. Keçən
il iyunun 11-də rəsmi
Bakının təşəbbüsü ilə Bakıda Fələstin
dövlətinə yardım göstərilməsi məqsədilə
İslam Maliyyə Təhlükəsizlik
Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına dəstək
üzrə donor konfransı keçirilib. Konfransda İslam
Əməkdaşlıq Təşkilatı, İSESKO, Fars Körfəzi Ölkələri Əməkdaşlıq
Şurası, İnkişaf Naminə İslam Həmrəylik Fondu
və İslam İnkişaf
Bankı daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların
nümayəndələri, həmçinin İƏT üzvü olan ölkələrin
nümayəndələri — xarici işlər nazirləri, XİN-in
rəsmi nümayəndələri, Bakıda akkreditə olunan diplomatik nümayəndəliklərin
rəhbərləri və əməkdaşları iştirak etmişlər. İstər bu tədbirdə, istərsə də digərlərində
aparılan müzakirələrdən sonra
əldə olunan nəticələr bir daha belə deməyə
əsas verdi ki, Azərbaycan
Cənubi Qafqazın işıq saçan
mayakıdır və onun nuru
dünyanın hər bir tərəfinə
yayılır, insanlığa yol göstərir.
Ümumiyyətlə,
Azərbaycanın uzunmüddətli xarici
siyasət strategiyasının qarşıya qoyduğu
vəzifələrin uğurla həyata
keçirilməsi və Prezident İlham Əliyevin bu
istiqamətdə irəliyə doğru
atdığı qətiyyətli addımlar 2013-cü ildə
də ölkəmizin beynəlxalq aləmdəki mövqelərini
daha da möhkəmləndirdi.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2014.- 12 yanvar.- S.1.