Xəzər
qazını Avropaya nəql edəcək
“Şahdəniz-2” dünyanın ən iri
enerji layihələrindən biridir
Layihəyə 45
milyard dollar sərmayə
cəlb olunması planlaşdırılır
Təməli ulu öndər Heydər Əliyev tərəfindən hələ 1993-94-cü illərdə qoyulmuş yeni neft strategiyamız illər keçdikcə dövlətimizə və xalqımıza daha böyük üz ağlığı, nüfuz və siyasi, iqtisadi səmərələr verməkdədir. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi Ərzurum qaz ixrac kəmərləri, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi məqsədiylə imzalanmış çoxsaylı müqavilələr beynəlxalq aləmdə rəsmi Bakı ilə əməkdaşlığa artan marağın göstəricisi olmaqla yanaşı, həm də bizim neft strategiyamızın ədalətli, tərəfdaşlıq etdiyimiz dövlətlər və qurumlar üçün məqsədəuyğun olmasından xəbər verir.
Ümummilli liderimiz hələ “Əsrin müqaviləsi” imzalanandan sonra mətbuata verdiyi müsahibələrin birində qeyd etmişdi ki, istənilən təbii sərvət ölkə vətəndaşlarının hamısının sərvətidir və eyni zamanda bu sərvətdən ədalətli şəkildə istifadə edildiyini o zaman deyə bilərik ki, biz onu dostlarımıza, strateji tərəfdaşlarımıza, müttəfiqlərimizə, ümumiyyətlə, istənilən istehlakçıya satarkən öncə xalqımızın və dövlətimizin, sonra isə hamının maraq və mənafelərini nəzərə ala bilək. Geridə qalan illərdəki neft diplomatiyamız və neft müqavilələrimiz sübut etmişdir ki, Azərbaycan dövləti ulu öndərin həmin prinsiplərinə daim və yüksək səviyyədə əməl edir. Bakıda keçirilən “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində də bunun şahidi olduq. Daha doğrusu, mərasimdə çıxış edən əcnəbi natiqlərin hamısı bu fikri vurğuladılar ki, Azərbaycan dövləti istənilən tərəfdaş ölkə ilə sırf istehsalçı ölkə kimi deyil, inanılmış və etibar edilən dost, tərəfdaş kimi münasibətlər formalaşdırıb.
Tədbirdə qeyd olunduğu kimi “Şahdəniz-2” layihəsi ölkəmizdən başlayaraq Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət edəcək və Trans-Anadolu, eləcə də Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı arzuların reallaşmasına zəmin yaradacaq. Bu kəmər vasitəsiylə Avropaya nəql olunacaq qaz Xəzərin Azərbaycan sektorunda hasil olunacaq. Bu məqsədlə 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. İlkin hesablamalara görə kəmər 3500 kilometr məsafəyə qaz nəql edəcək. Layihə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təbii qaz yanacağı ilə təmin edəcəkdir. Mərasimdə qeyd edildiyi kimi qazın Avropaya 2019-cu ildə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, hələ 1999-cu ildə azərbaycanlı mütəxəssislərin xarici həmkarları ilə birgə səyləri nəticəsində kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində hələ 2006-cı ildən qaz ixracına başlanılıb. Bu yataqda aparılan işlərin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə ekspertlərin fikrincə, dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən biridir. Bunu ölkəmizin neft-qaz strukturları və aparılan geoloji-kəşfiyyat işlərinin nəticələri ilə yaxından tanış olan mütəxəssislərin hamısı söyləyirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin mərasimdəki çıxışında ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək yeni layihəni yüksək qiymətləndirərək dedi: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".
Dövlət başçımız hazırda gündəlikdə olan məsələnin tam mahiyyətini növbəti dəfə tədbir iştirakçılarının diqqətinə çatdırmaq, eləcə də , Azərbaycanın bu qəbildən olan məsələlərdə kifayət qədər təcrübəyə malik olduğunu vurğulamaq məqsədiylə mərasimdə mütəxəssislərimizin “Şahdəniz”dəki fəaliyyətinin tarixçəsinə qısa bir ekskurs etməyi məqsədəuyğun saydı: “ 1996-cı ildə ”Şahdəniz" qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir".
Burada bir məqamı
da yada salaq.
Azərbaycan Respublikası ötən
əsrin 90-cı illərinin
ikinci yarısında ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində beynəlxalq
beynəlxalq aləmə
inteqrasiyanı genişləndirmiş
və yeni əsrin ilk ilinin ilk ayında Avropa Şurasının üzvlüyünə
qəbul edilmişdi. Strassburqda - Avropa Şurası-nın binası önündə
Azərbaycan bayrağının
qaldırılması mərasimində
çıxış edən
ulu öndər söyləmişdi ki, Azərbaycan Avropaya nə qədər lazımdırsa, Avropa da Azərbaycana bir o qədər lazımdır. Yəni,
biz Avropaya yaxınlaşdığımız
qədər Avropa da bizə yaxınlaşmalıdır.
Ulu öndər sonra əlavə etmişdi ki, Avropa Azərbaycanla əməkdaşlığın müsbət nəticələrini
qısa zaman ərzində, ən uzağı on il
müddətində görəcək.
Zaman bu tezisin nə
qədər dəqiqliklə,
uzaqgörənliklə söylənildiyini
artıq çoxdan sübut edib. Həmin tezislərin səsləndirilməsindən
düz on il sonra - 2011-ci ilin yanvarında Azərbaycanın
Avropaya nə qədər lazım olduğunu göstərən
bir sənəd imzalanmışdı. Həmin
sənədin adını
və məzmununu dövlət başçımız
İlham Əliyevin yuxarıda
haqqında söz açdığımız mərasimdəki
nitqində daha aydın şəkildə
görürük: “2011-ci ildə
Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına
dair memorandum imzalanmışdır.
Bu da öz
növbəsində ölkəmizin
enerji strategiyasının
həyata keçirilməsinə
və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə
yardım etmişdir.
Ötən il
biz Türkiyə ilə
Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2”
yekun investisiya qərarını imzalayırıq”.
Bird aha xatırladaq ki,
həm TANAP, həm də TAP son nəticədə
Avropanın enerji təhlükəsizliyinin qorunmasında
xüsusi önəm kəsb edir.
Dövlət başçımız hazırda gündəlikdə
olan məsələ,
“Şahdəniz-2" layihəsi barədə söz açarkən də Azərbaycanın bilavasitə
Avropanın maraqlarının
təmin edilməsində
nümayiş etdirdiyi
səmimiyyəti önə
çəkir: ”Bu gün bu əməkdaşlıq
daha geniş formata qədəm qoyur və daha
çox ölkə və şirkəti əhatə edəcək yeni əməkdaşlıq
formatı yaradılır.
Əminəm ki, gələcəkdə
“Şahdəniz-2” layihəsi hazırda nəzərdə
tutulduğundan daha çox coğrafi məkanı əhatə edəcəkdir. Bu gün biz təbii ki, qazımızın Avropa bazarlarına vaxtında çatdırılması
üçün diqqətimizi
TANAP və TAP layihələrinin
icrasına yönəltməliyik.
Burada ”Şahdəniz"
layihəsinin ilkin mərhələsinin əhatə
etdiyi ölkələr
- Azərbaycan, Gürcüstan,
Türkiyə, Yunanıstan,
Albaniya, İtaliya, Bolqarıstan ilə sıx əməkdaşlıq
tələb olunacaqdır.
Sonrakı mərhələdə biz Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa
başlayacağıq. Bu boru kəmərinin
Balkanlar istiqamətində
uzadılması planlarımız
da vardır. Eyni zamanda, ümid
edirəm ki, qarşıdan gələn
illərdə Rumıniya,
Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla
boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görəcəyik.
Bizim böyük planlarımız
vardır və boru kəmərinin dizaynı da bu planlara uyğun
şəkildə nəzərdə
tutulmuşdur".
Xatırladaq ki, gələcəkdə Azərbaycan hasil edə biləcəyi qədər qaz həcmini nəzərdə
tutulmuş kəmərlər
vasitəsilə nəql
edəcək.
Yəni “Şahdəniz-2”
layihəsi bir çox ölkələr üçün
enerji təhlükəsizliyi
layihəsidir. Prezident
İlham Əliyevin dediyi kimi hər
bir ölkənin enerji təhlükəsizliyi
onun milli təhlükəsizliyinin tərkib
hissəsidir. Odur ki,
“Şahdəniz” layihəsinin imzalanması
bu layihədə iştirak edən ölkələrin hamısı üçün
faydalı əməkdaşlıq
formatı yaradacaqdır.
Məhz bunu əsas götürən Albaniyanın
baş naziri Edi
RAMA mərasimdəki
çıxışında yeni layihəyə yüksək qiymət verərək dedi: “Azərbaycan şirkətləri
və ehtiyatları Cənubi Avropa ölkələri üçün
yeni bir mənzərə yaradacaqdır.
Eyni zamanda, Albaniya mühüm enerji layihəsi şəbəkəsinin
tərkib hissəsi olacaqdır. Mən hesab
edirəm ki, TAP yalnız imkan və fürsətlər demək deyildir. Eyni zamanda, böyük məsuliyyət deməkdir.
Bizim hökumətlərimiz
zəruri, maddi və insani kapital yönəldəcəkdir
ki, bu layihə
uğurlu nəticələrini
versin... Azərbaycanın xüsusi dəstəyi
və əməkdaşlığı
nəticəsində mənim
ölkəm qazlaşdırmaya
müvəffəq olacaqdır”.
Gündəlikdəki məsələyə münasibət bildirən natiqlərin fikirlərinin bir-birindən dəyərli və mənalı olmasına baxmayaraq, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın çıxışındakı bir məqam hamı tərəfindən alqışlarla qarşılandı və mərasimin leytmotivi kimi səsləndi: “Olmayan bir şey paylaşılmaz, amma var olan bir şey həmişə paylaşıla bilər. Xəzər xüsusilə bu sərvətlərini dünya bazarlarına təqdim edərək həm yerləşdiyi bölgənin, həm də digər bölgələrin rifah səviyyəsini daha da artıracaqdır”. Ancaq bu qısa yazını adıçəkilən mərasimdə xüsusi söz sahibi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadələri ilə yekunlaşdırırıq: “Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır”.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 14 yanvar.- S. 3.