2013-cü ilin
Nobel mükafatı laureatları
Müasir dünyada il ərzində elm, ədəbiyyat və sülhün qorunması sahələrində baş verən ən əlamətdar hadisələrdən biri də həmin fəaliyyət sahələri üzrə ən uğurlu nəticələrə nail olmuş insanların Nobel mükafatına layiq görülməsidir. 1896-cı ildə vəfat etmiş görkəmli İsveç alimi, ixtiraçısı və sahibkarı, o zaman dünyanın ən zəngin adamlarından biri olan Alfred Nobelin vəsiyyətinə əsasən, onun bütün varidatı satıldı, toplanan vəsait xüsusi fond şəklində İsveç bankına qoyuldu və il ərzində yığılan faizlər beş bərabər hissəyə bölünərək yeni əsrin ilk ilindən - 1901-ci ildən fizika, kimya, təbabət (yaxud fiziologiya), ədəbiyyat və sülhün qorunması sahələrində ən böyük uğurlara görə mükafat kimi verilməyə başlandı.
1968-ci ildə İsveç Dövlət Bankı iqtisadiyyat üzrə də Nobel mükafatı təsis etdi. Rəsmən Nobel xarirə mükafatı adlanan bu ödül statusuna və məbləğinə görə Nobel mükafatına bərabər tutulsa da, Nobel Fondunun yox, İsveç Bankının vəsaiti hesabına ödənilir. İndiki valyuta kursu ilə mükafatın məbləği təxminən bir milyon ABŞ dollarına bərabərdir.
Bu ən nüfuzlu beynəlxalq mükafa layiq görülmüş şəxslərin adı mənsub olduqları sahələrin və təmsil etdikləri ölkələrin çağdaş tarixinə şöhrət gətirir. Onların xidmətləri bütün dünyada tanınır və ehtiramla qəbul edilir. Deyilən fikirlər eyni qayda ilə 2013-cü ilin Nobel mükafatı laureatlarına da aiddir.
Xatırladaq ki, 2013-cü ildə fizika üzrə Nobel mükafatına yeni elementar hissəciyin mövcudluğunu nəzəri olaraq isbat etmiş Britaniya alimi Piter Hiqqs və onun belçikalı həmkarı Fransua Enqler layiq görülmüşlər. P.Hiqqs 1929-cu ildə İngiltərənin Nyukasl şəhərində doğulmuşdur. London Universitetinin Kral kollecini bitirən alim 1954-cü ildə doktorluq elmi dərəcəsi almış, müxtəlif illərdə Britaniyanın London və Edinburq universitetlərinin professoru olmuşdur. 1983-cü ildən London Kral Cəmiyyətinin üzvüdür.
1964-cü ildə materiyanın kütləsini müəyyən edən elementar hissəciyin mövcudluğunu proqnozlaşdırmış, bu hissəcik onun şərəfinə “Hiqqs bozonu” adlandırılmışdır. P.Hiqqsin elmi fərziyyəsi özünü doğrultmuş, yüksək enerji daşıyıcısı olan bu hissəcik 1997-ci ildə praktik olaraq kəşf edilmişdir. Görkəmli alim Nobel mükafatından əvvəl də bir sıra nüfuzlu elmi mükafatlara layiq görülmüşdür.
Belçika alimi Fransua Enqler 1932-ci ildə dünyaya gəlmiş, 1956-cı ildə Brüssel Universitetini bitirmiş, 1959-cu ildə doktorluq elmi dərəcəsi almışdır. 1964-cü ildən Brüssel Universitetinin professorudur. 1980-1998-ci illərdə həmin ali məktəbin nəzdindəki Nəzəri Fizika İnstitutunun direktoru olmuşdur. Bir sıra beynəlxalq elmi mükafatlara layiq görülmüşdür.
Kimya sahəsində mükafat kimyəvi sistemlərin kompleks araşdırılmasına görə ABŞ alimləri Maykl Levitt, Ariye Uorşell və Martin Karplyusa verilmişdir.
İxtisasca biofizik olan M.Levitt 1947-ci ildə Cənubi Afrika Respublikasında doğulmuş, 16 yaşında İngiltərəyə köçmüş, 1967-ci ildə London Kral Kollecinə daxil olmuş, sonra təhsilini Kembric Universitetində davam etdirmişdir. 1972-ci ildə doktorluq elmi dərəcəsi alan alim bir neçə il İsraildə, bir müddət Paris Universitetində, sonra yenidən Kembricdə molekulyar biologiya üzrə araşdırmalar aparmışdır.
1987-ci ildən Avropa Molekulyar Biologiya Cəmiyyətinin, 2001-ci ildən London Kral Cəmiyyətinin, 2002-ci ildən ABŞ Milli Akademiyasının üzvüdür. M.Levitt bioloji molekulların strukturunun kompyuter modelləşdirilməsi metodunun banisidir.
İsrail əsilli Ariye Uorşell 1940-cı ildə anadan olmuş, 1969-cu ildə oradakı Veysman İnstitutunda kimyəvi fizika üzrə doktorluq elmi dərəcəsi almış, bir müddət ABŞ-ın Harvard Universitetində, sonra Avropa Molekulyar Biologiya Cəmiyyətində çalışmışdır.
1981-ci ildən Cənubi Kaliforniya Universitetinin kimya və
biokimya üzrə professorudur. 2008-ci ildən London
Kral Cəmiyyətinin, 2009-cu ildən ABŞ Milli
Akademiyasının üzvüdür.
Fiziologiya üzrə 2013-cü ilin Nobel mükafatına
hüceyrələrarası tənzimləmə mexanizminin kəşfinə
görə amerikalı Ceyms Rotman, Rendi Şekman və alman
alimi Tomas Züdxof layiq görülmüşlər.
C.Rotman 1950-ci ildə ABŞ-ın Massaçusets
ştatında doğulmuş, Harvard Universitetini bitirmiş,
1976-cı ildə həmin universitetdə doktorluq elmi dərəcəsi
almışdır. Sonra Massaçusets Texnologiya
İnstitutunda və Stenford Universitetində elmi tədqiqatlarla
məşğul olmuşdur. Hazırda Yel
Universitetinin professoru və hüceyrə biologiyası
kafedrasının müdiridir.
R.Şekman 1948-ci ildə ABŞ-ın Minessota
ştatında dünyaya gəlmiş, Stenford Universitetində
1959-cu ilin Nobel mükafatçısı Artur Kornberqin rəhbərliyi
altında doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda
Kaliforniyadakı Berkli Universitetinin molekulyar və hüceyrə
biologiyası kafedrasının professorudur.
T.Züdxof 1955-ci ildə Almaniyanın Hettingen şəhərində
anadan olmuş, əvvəl tibb, sonra isə fiziologiya üzrə
doktorluq elmi dərəcəsi almışdır.
2013-cü
ildə iqtisadiyyat üzrə Nobel mükafatını “qiymətlərin
və maliyyə aktivlərinin empirik təhlilinə görə”
ABŞ alimləri – Çikaqo Universitetinin professorları Yucin
Fam, Lars Piter Hansen və Robert Şiller
qazanmışlar. Onların tədqiqatları
uzunmüddətli birja əməliyyatlarının idarə
olunmasına kömək edir.
Nobel sülh mükafatı isə son bir neçə ildə
olduğu kimi, bu dəfə də ayrıca bir şəxsə
yox, təşkilata verilmişdir. 2013-cü ildə bu
mükafata kimyəvi silahların qadağan olunması üzrə
beynəlxalq agentlik layiq görülmüşdür. Əsas arqument Suriyada bu silahın tətbiqinin
qarşısının alınmasıdır. Nəhayət,
Nobel mükafatları içərisində geniş ictimaiyyət
üçün daha populyar olan ədəbiyyat üzrə
mükafatın laureatı haqqında bir qədər ətraflı
məlumat vermək istərdik.
Oktyabrın 10-da İsveç Kral Akademiyasının təqdimatı,
Nobel Mükafatları Komitəsinin qərarı ilə
2013-cü ilin ədəbiyyat üzrə Nobel mükafatı
ingilis dilli Kanada yazıçısı, “müasir hekayə
ustadı” xanım Elis Munroya verilmişdir.
E.Munro Nobel mükafatlarının 112 illik
tarixində ədəbiyyat üzrə ən nüfuzlu beynəlxalq
mükafata layiq görülən ilk Kanada
yazıçısıdır. Eyni zamanda,
o, həmin mükafatı qazanmış on
üçüncü qadın yazıçıdır.
Qeyd edək
ki, ədəbiyyat üzrə Nobel mükafatına namizədlər
vermək
hüququna İsveç Akademiyasının, eləcə
də digər ölkələrin analoji qurumlarının
üzvləri, ədəbiyyat, yaxud dilçilik üzrə
elmlər doktorları, əvvəlki illərin laureatları, ədəbiyyat
qurumlarının nümayəndələri (təşkilatlar
yox, məhz nümayəndələr) malikdirlər. Hər il
oktyabrın sonlarında İsveç Akademiyası
dünyanın ən nüfuzlu 600-700 müvafiq qurumuna namizədlərin
irəli sürülməsi üçün təklif göndərir.
Namizədlərin adları yanvarın 31-nə qədər
təqdim olunmalıdır. İlkin mərhələdə
onlardan iyirmi, ikinci mərhələdə isə beş nəfəri seçilərək
oktyabrın əvvəlində keçirilən yekun səsverməsinə
buraxılır. Hər iki mərhələdə
namizədlərin adları məxfi saxlanılır. Namizədlərin ümumi siyahısı yalnız əlli
ildən sonra rəsmi olaraq açıqlanır.
Bu ilə
qədər ədəbiyyat üzrə Nobel mükafatına
Avropadan - 83, Şimali Amerikadan - 11, Asiyadan - 6, Latın
Amerikasından - 4, Afrikadan - 4, Avstraliyadan - 1 nəfər layiq
görülmüşdür. Laureatların 13 nəfəri
qadın, 94 nəfəri isə kişidir.
XXI əsrin
əvvəlindən bəri hər il Nobel
mükafatına əsas namizəd kimi dünya şöhrətli
yapon yazıçısı Xaruki Murakaminin adı çəkilir,
ancaq mükafatı almaq ona nəsib olmur. Bu il mükafatın
favoritləri sırasında ondan başqa belorus
yazıçısı Svetlana Aleksiyeviç, italiyalı
postmodernist Umberto Eko, macar dramaturqu Peter Nadaş, rus şairi
Yevgeni Yevtuşenko, israilli nasir və publisist Amos Oz və digər
yazıçıların da adları çəkilirdi. Son illər
E.Munro da əsas
iddiaçılardan sayılırdı. Və
bu dəfə tale onun üzünə güldü. Elis
Enn Munro 1931-ci il iyulun 10-da Kanadanın
Ontario əyalətinin Uingem qəsəbəsində
doğulub. Atası fermer, anası orta məktəb
müəllimi olub. O, bədii yaradıcılığa
yeniyetmə yaşlarından başlamış, ilk hekayəsini
1950-ci ildə, universitetin filologiya fakültəsində oxuyarkən
çap etdirmişdir. Qızlıq famili Leydlou
olan Elis universitet təhsilini başa vurmadan Ceyms Munro ilə
ailə qurur və Vankuver şəhərinə
köçür. Bununla da
yaradıcılığına on beş
illik fasilə verməli olur. Bu nikahdan
üç qızları dünyaya gəldikdən sonra ailə
Viktoriya şəhərinə köçür və Elis
burada kitab mağazası açır. Bir
neçə ildən sonra Ceymsdən ayrılan E.Munro yenidən
Ontarioya qayıdır və peşəkar
yaradıcılıq fəaliyyətinə başlayır.
Onun 1968-ci ildə nəşr olunmuş “Xoşbəxt
kölgənin rəqsi” adlı ilk kitabına daxil edilmiş
kiçik hekayələr ədəbi ictimaiyyət tərəfindən
yüksək qimətləndirilir və Kanada
general-qubernatorunun mükafatına (faktiki olaraq, Kanadanın
dövlət mükafatına) layiq görülür.
1971-ci ildə nəşr olunmuş “Qızların və
qadınların həyatı” kitabı onun ədəbi
uğurlarını daha da artırdı. Yazıçının
xatirə-roman janrında yazılmış, formaca bir neçə
hekayənin sintezini xatırladan yeganə irihəcmli bu əsərinin
bir çox epizodları müəllifin öz bioqrafiyası ilə
üst-üstə düşür. 1972-ci
ildə nəşr olunmuş “Sən özün kimsən,
axı?” adlı ikinci hekayələr toplusuna görə
E.Munro yenidən general-qubernator mükafatı alır.
1979-cu ildən 1982-ci ilə qədər E.Munro pedaqoji fəaliyyətlə
məşğul olaraq Kanadanın, eləcə də
Çin, Avstraliya və Skandinaviya ölkələrinin
müxtəlif universitetlərində ədəbiyyatdan
mühazirələr oxumuşdur. Ötən əsrin 80
- 90-cı illərində, hər dörd ildən bir E.Munronun
müntəzəm olaraq yeni hekayə kitabları nəşr
edilirdi. “Yupiterin peykləri”(1982), “Sevgi yolu”(1986), “Gənclik
dostum”(1990), “Açıq sirlər”(1994), “Seçilmiş
hekayələr”(1996), “Yaxşı qadının sevgisi”(1998)
bu dövrün məhsullarıdır. 2002-ci ildə
onun böyük qızı Şeyla da ədəbi
yaradıcılığa başlayaraq anasının 70 illiyi
şərəfinə yazdığı kitabı nəşr
etdirir.
E.Munronun əksər
hekayələri bir çox xalqların dilinə tərcümə
olunmuş və müəllifinə dünya şöhrəti
qazandırmışdır. Təəssüflə
qeyd etmək lazımdır ki, Nobel laureatlarının
çoxu kimi E.Munronun da heç bir əsəri Azərbaycan
dilinə tərcümə olunmayıb və haqqında
ölkəmizdə heç nə yazılmayıb (yalnız
Nobel mükafatı alandan sonra bir hekayəsi Azərbaycan dilində
elektron KİV-də yayınlandı). E.Munronun
yaradıcılığını yüksək qiymətləndirən
mütəxəssislər onu hekayə ustası kimi
böyük rus yazıçısı A.P.Çexovun
davamçısı adlandırırlar. Bu,
onun sənətinə verilən ən yüksək qiymətdir.
2009-cu ildə E.Munro nüfuzuna görə dünyada
Nobeldən sonra ikinci ədəbiyyat mükafatı sayılan
Buker mükafatına layiq görülmüşdür. 1969-cu ildə
təsis olunmuş Buker mükafatı müxtəlif ölkələrin
ingilis dilində yazan yazıçılarına verilir. Bu mükafatı almış yazıçılardan
bəziləri sonra Nobel mükafatına da layiq
görülmüşlər. İndi
E.Munro da bu şərəfli ənənəni davam etdirənlər
sırasındadır. 2005-ci ildən
başlayaraq bu mükafatı başqa dillərdə yazan
yazıçılara da verirlər.
E.Munronun əksər hekayələrinin baş qəhrəmanı
mürəkkəb, ziddiyyətli və emosional xarakterli
qadınlar, mövzusu isə qadın taleyidir. Demək olar
ki, bütün əsərlərində hadisələr
yazıçının öz Vətənində – Ontario əyalətində
cərəyan edir.
Onun
şöhrət çələnginə yeni rənglər əlavə
etmiş son əsərlərindən “Nifrət, dostluq, məhəbbət
və nikah”(2001), eləcə də
“Qaçqın”(2007) hekayələri müasir cəmiyyətin
qadınları dözülməz iztirablara məruz qoyması
probleminə həsr olunub.
Müasir dünya ədəbiyyatında hekayə
janrının ən məşhur ustalarından sayılan yeni
Nobel laureatı ümumilikdə iyirmiyə yaxın kitabın
müəllifidir. Sonuncu kitabı 2009-cu ildə nəşr
edilmiş “Xoşbəxtlik həddindən artıq
çoxdur” adlı novellalar toplusudur. Hələlik,
axırıncı mətbu hekayəsi ötən ilin
yayında dərc edilmiş qocaman nasir - “Yəqin ki, bu, mənim
son hekayəm olacaq” - fikrini söyləmişdi. Bundan sonra qələmini yerə qoyan E.Munro həyat
tərzini də dəyişərək özünü
dünyadan təcrid etmişdi. Heç
kimlə ünsiyyət saxlamır, televizor və kompyuterə
baxmır, hətta telefon zənglərinə belə cavab
vermirdi. Bir sözlə, xanım Elis həyatla
vidalaşmağa hazırlaşırdı. Ancaq ümid
etmək olar ki, yazıçı şöhrətinin zirvəsi
sayılan ali mükafatla təltif
olunması ona yeni həyat və yaradıcılıq enerjisi
verəcəkdir.
İlham ABBASOV
Xalq qəzeti.- 2014.- 14 yanvar.- S. 6.