Naftalan kurort zonasının bərpası

məqsədilə xüsusi plan hazırlanır

 

Azərbaycanın növbəti illər üçün yeni inkişaf konsepsiyası çərçivəsində

ölkənin bölgələrinin baş planlarının hazırlanmasına başlanmışdır.

 

Ölkənin turizm potensialının daha da gücləndirilməsi və mövcud imkanların inkişaf etdirilməsi məqsədi ilə müvafiq rayonların inkişaf sxemləri və baş planlar işlənilir. Hazırda dövlət başçısının sərəncamına uyğun olaraq, ölkənin unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı aparılır.

Hələ SSRİ dövründə burada çoxsaylı sanatoriyalar tikilsə də, sonradan bu tikintilərin əksəriyyəti yarımçıq qalıb. Şəhərin baş planını hazırlayan “Renessans Studio” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, ilkin plana əsasən, şəhərin müalicə-turizm şəraitinin daha da təkmilləşdirilməsi planlaşdırılır. Şəhərin bir hissəsi sanatoriya, digər hissəsi isə yaşayış üçün nəzərdə tutulur. Naftalanın maksimum şəkildə yaşıllaşdırılması, şəhərdə təqribən 500-600 ha yaşıllıq zonasının salınması təklif olunur.

Plana görə, əvvəllər 5 000 turist qəbul edən Naftalanın gələcəkdə 10 000 turist qəbul edəcəyi planlaşdırılır. Turizm obyektləri sırasında Naftalanda həm ailəvi, həm fərdi, həm də uşaqların valideynsiz istirahət etməsi üçün imkanlar yaradılacaq. Burada xüsusi kottec və mehmanxanaların inşası planlaşdırılır. Yeniliklərdən biri isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri - fərdi həyətyanı evlərin sayının artırılması olacaq. Bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bundan başqa, uzunluğu 1,7 km olacaq kanat yolunun çəkilməsi təklif olunur.

Hazırda üzərində gedən planda Naftalanda dünya standartlarına uyğun qolf meydançası, tennis kortu, atçılıq meydanı, istixanalar tikintisi məsələləri də yer almışdır.

Məlum olduğu kimi, hazırda Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında “Naftalan” adlı sanatoriya fəaliyyət göstərir. Vaxtilə bura məhz Azərbaycanın Naftalan şəhərindən 400 ton neft aparılmışdır. Odur ki, Naftalanı dünyada məşhur edən müalicə əhəmiyyətli neftin emalı üçün 10 hektarlıq sahədə farmasevtik zavodun inşa edilməsi planlaşdırılır. Bu zavodda əvvəllər olduğu kimi müalicəvi neftdən dərmanların hazırlanması nəzərdə tutulur.

Digər bir yenilik isə Naftalanda hava limanının inşası ilə bağlıdır. Beynəlxalq səviyyəli aeroportun tikintisi üçün 89 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Turistlərin və sərnişinlərin gediş-gəlişi rahat olması üçün hava limanının yaxınlığında avtovağzal kompleksi tikiləcək.

Qeyd edək ki, şəhərdə turizmsanatoriya mərkəzləri ilə yanaşı, mikrorayonların əraziləri də genişləndiriləcək.

 

Xalq qəzeti.- 2014.- 11 yanvar.- S.5.