Qədim yurdun tarixi və folklor örnəkləri yeni
nəşrlərdə
Artıq tarixə çevrilmiş 2013-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə bu qədim diyar haqqında bir neçə kitab işıq üzü görmüşdür. Bunlar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən hazırlanmış “Masallı folklor örnəkləri-I”, “Masallı” ensiklopedik toplusu, eləcə də F.Xələfli və N.Ədiloğlunun “Masallı-cənnət misallı”, F.Sadıqovun “Masallı folkloru” və digər əsərlərdir.
Cənub bölgəsinin gözəl məskəni
Masallı zəngin folklor örnəklərilə
tanınır. Elə Masallı toponiminin bir yozumu da
folklor nümunələri
olan misallarla bağlıdır. Yəni “məsəlli-misallı” diyar, sözlü-söhbətli
məmləkət, “məsəl
çəkənlər”in bol
olduğu yurd yeri. Müxtəlif zamanlarda burada
yaşayan insanlar şifahi xalq yaradıcılığının nümunələrini yaradıblar.
Yarım
əsrdən artıq
bir müddətdə
dünyanı dolaşan
“Halay” folklor qrupunun heyranedici çıxışlarını kim görməyib ki?.. Beynəlxalq “Qızıl buta” və “Qızıl balta” mükafatlarını
alan, haqqında
hələ sovet dönəmində Moskva televiziyasının film çəkdiyi
“Halay” bir növ Azərbaycan incəsənətinin qədimlik,
ilkinlik mücəssəməsinə
çevrilib. İki il öncə Masallının “Azərbaycanın
Folklor Paytaxtı” seçilməsinə haqq
verən əsas amillərdən biri də, heç şübhəsiz, “Halay”la
bağlıdır.
“Masallı folklor örnəkləri-I” adlı
sanballı kitabdakı
zəngin materialları
toplayıb tərtib edən filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat, nəşrin redaktoru isə Folklor İnstitutunun direktoru Muxtar İmanovdur. Kitab ərsəyə gələnə
qədər dağlara,
kəndlərə və
obalara elmi ekspedisiyalar təşkil olunub, yerli ziyalılar
da ağız ədəbiyyatının toplanmasında
fəallıq göstərib,
alimlərə yardımçı
olublar. Dörd yüz on səkkiz səhifəlik kitab “Tarixini folklorunda, sözünü tarixində
yaşadan diyar” adlanan əhatəli ön sözdən, “İnanclar”, “Dini rəvayətlər”, “Dini
nəsihətlər”, “Mənkabələr”,
“Əfsanələr”, “Məzəli
və qəribə əhvalatlar”, “Yaxın keçmişlə bağlı
əhvalatlar”, “Laylalar
və oxşamalar”, “Bayatılar”, “Ağılar”,
“Adət-ənənə”, “Toy adət-ənənələri”, “Halay” və “Xalq sənətləri” adlı bölmələrdən
ibarətdir. İbrətamiz rəvayət və
nəsihətlər, əsasən,
məkan adları ilə bağlı əfsanələr, düşündürücü
lətifə xarakterli
əhvalatlar maraqla oxunur. Yəqin ki, çoxları
“Ay lolo” sözləri
ilə başlanan nəğmələri dinləyib.
Amma heç də hamı bilmir ki, “lolo” yüyrük,
beşik deməkdir.
Kitabı oxuyanlar bunu
da öyrənirlər.
“Halay” isə
toplu, yığıncaq,
dairə mənasını
verir.
“Masallı” ensiklopedik toplusu isə ötən il
keçirilən ənənəvi
folklor festivalı ərəfəsində işıq
üzü görərək
tədbirə əlavə
rəng qatdı. İkinci
festival ulu öndər
Heydər Əliyevin
90 illik yubileyinə həsr edilmişdi və o da öz
möhtəşəmliyi ilə
yadda qaldı. Beş gün ərzində sərgilənən tədbirlər
unudulmaz təsir bağışladı və
öncəki festivalda
qazanılan uğurun təsadüfi olmadığını
bir daha göstərdi.
Toplu ən müasir poliqrafik formada, yüksək zövqlə hazırlanıb. Kitab Azərbaycan
və ingilis dillərində yazılıb.
Rayon icra hakimiyyətinin
rəhbərliyi kitabın
çapına hər
cür köməklik
göstərib. Mübaliğəsiz demək olar ki, bu toplu
Masallı üçün,
qəlbi yurd sevgisi ilə vuran hər bir ziyalı üçün qürur və iftixar aynası, müsafirlər
üçün əvəzsiz
töhfədir. Topluya onun
CD disk variantı da əlavə edilib.
Yüzlərlə gözəl foto, slaydla müşayiət olunan ayr-ayrı bölmələrdə Masallının
tarixi, təbiəti, sərvətləri, ekologiyası,
mədəni ənənələri,
turizm obyektləri, sosial-iqtisadi inkişaf dinamikası geniş əksini tapıb. Səhifələr zərif haşiyələrlə,
müşayiət yönümlü
yarımbaşlıqlarla bəzədilərək
daha da cəlbedici
və baxımlı olub. Nəfis toplu 166 səhifədən
və 21 bölmədən
ibarətdir.
Xatırladaq ki, Masallıda kitab çap etdirmək kimi nəcib təşəbbüsün
ilk “qaranquş”u hələ
2011-ci ildə yerli qələm sahiblərinin
ədəbi nümunələrinin
toplandığı “Masallının
söz çələngi”
toplusu olub. Həmin topluda
106 yazarın yaradıcılığına
müraciət edilib, maraqlı şeir və hekayələr cəmlənib. Sonra professor Fərahim
Sadıqovun “Masallı
folkloru” - I kitab həyata vəsiqə alıb.
Müəllifin eyni adlı ikinci kitabı isə qısa vaxtda Masallıda təqdim olunan sayca 7-ci nəşr kimi dəyərlidir. İcra hakimiyyəti
rəhbərliyinin dəstəyi
ilə çap olunan bu kitabda
Masallı folkloru elmi-pedaqoji, ekoloji cəhətdən təhlil
edilir, etnopedaqoji baxımdan şərh olunur. Tanınmış folklorşünasların rəyləri kitabın sanbalından soraq verir.
Fərahim Xələfli və
Nurəddin Ədiloğlunun
araya-ərsəyə gətirdiyi
“Masallı-cənnət misallı”
kitabı da müəlliflərin
böyük nailiyyəti
sayıla bilər. Müəlliflərin birinin tanınan
alim, digərinin isə istedadlı yazıçı-publisist olması
yurd sevgisindən rişələnmiş kitabın
daha da oxunaqlı
alınmasını təmin
edib. Yeri gəlmişkən, Nurəddin Ədiloğlu ilə BDU-nun jurnalistika fakültəsində birgə
oxuduğum və bədii yazılarına yaxından bələd olduğum üçün
onun ilhamına və qələminin gücünə inamım
var. Yazıçı dostumun
özünəməxsus dəst-xətti
bu kitabdakı yazılardan da aydın sezilir.
Kitaba Masallının
keçmişi və
bugünündən bəhs
edən etnoqrafik, bəzən də essevari oçerklər, məqalələr daxil edilib. Polemik düşüncələr maraqlıdır. Oxucular
bu kitab vasitəsilə Masallının
təbiəti, onun mədəni həyatı,
elm və mədəniyyət
adamları, milli qəhrəmanları, adətləri,
mətbəxi barədə
məlumatlarla tanış olaraq fərəh hissi keçirə bilərlər.
Onu da əlavə edək ki, rayon rəhbərliyinin
təşəbbüsü ilə yaradılmış
“Masallılar.az” adlı
internet saytı da bu gözəl diyarla bağlı məlumatlarla zəngindir və sosial şəbəkələrdə layiqli yerini tutub. “Masallı-cənnət misallı” kitabının son səhifəsində isə
qeyd olunur ki, Masallı haqqında maraqlı yazılar bu silsilədən nəşrə
hazırlanan növbəti
kitaba da daxil ediləcək.
Nəcib təşəbbüslər hər
zaman fərəh yaradır.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2014.- 14 yanvar.- S. 6.