Dayanıqlı
inkişafa söykənən iqtisadiyyat ölkəmizin beynəlxalq
nüfuzunu artırır
Dayanıqlı inkişafa nail olan Azərbaycan Respublikasınının iqtisadi uğurları haqqında müasir dünyada çoxsaylı fikirlər səslənir. Bu gün ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətini daha inamla və müasir dövrün reallıqlarına uyğun həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir.
2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti, iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərənliliyinin yüksəldilməsi ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin olunmasına, bu sahədə əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Məhz bu siyasətin nəticəsi olaraq tarazlı və dayanıqlı inkişafını təmin edən Azərbaycan Respublikası qazandığı iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə və aparıcı dövlətlərdən birinə çevrilmiş, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Beləliklə, cənab Prezidentimizin hələ 2003-cü ildə andiçmə mərasimində bəyan etdiyi “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik” kimi reallığa söykənən fikirləri öz təsdiqini tapmışdır. Ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən iqtisadi kursun qorunub saxlanılması, onun beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, sosial həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxsaylı addımlar atılmışdır. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasındakı bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq dünya birliyinin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla müasir dövrün tələbləri səviyyəsində qurulmaqdadır.
Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Əlbəttə, bütün bunlar dövlət başçısının həyata keçirdiyi ardıcıl və qətiyyətli addımların real nəticəsidir. Akademik Ramiz Mehdiyevin söylədiyi kimi, “İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir”.
Dinamik və dayanıqlı inkişafın təmin edildiyi 2013-cü il də artıq arxada qalmışdır. Qazanılan uğurlar və əldə edilən böyük nailiyyətlər ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir”.
Makroiqtisadi göstəricilərin dinamikası, ötən ildə ölkə iqtisadiyyatının şaxələnməsinə yönəlmiş iqtisadi kursun uğurla icra olunmasını nümayiş etdirir. Belə ki, 2013-cü ildə ÜDM-nin həcmi artıq 57 milyard manata çatmış və əvvəlki ilə nisbətən real artım 5,8 faiz təşkil etmişdir. Bu zaman adambaşına düşən ümumi daxili məhsulun həcmi də 4,4 faiz yüksələrək 6 min 132 manat (təxminən 8 min ABŞ dolları) səviyyəsində olmuşdur.
Diqqət çəkən məqam odur ki, qeyri-neft sektoru üzrə artım daha yüksək həddə müşahidə olunmuş və 9,8 faiz artım əldə edilmişdir. Təbii ki, qeyri-neft sektorunun inkişafına üstünlük verilməsi dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Buna görə də müasir tələblərə cavab verən istehsal, sosial və bazar infrastrukturu şəbəkəsinin yaradılması, həmçinin səmərəli təsərrüfatçılıq və mütərəqqi idarəçilik üsullarından istifadə hallarının genişləndirilməsi zərurət kəsb edir. Bu baxımdan ölkəmizdə nəzərdə tutulmuş proqramlar əsasında həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində iri miqyaslı yol, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, kommunal, təchizat, elm, təhsil, səhiyyə, bir sözlə, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılmış, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilmiş, ərzaq məhsullarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaq istiqamətində mühüm addımlar atılmışdır.
Aparılan təhlillər göstərir ki, müasir dünya iqtisadiyyatında texnoloji inkişafın və dəyişkənliyin yeni dalğasının güclənməsi, sosial-iqtisadi inkişafda innovasiyaların rolunun yüksəldilməsi, çoxsaylı ənənəvi artım amillərinin təsirlərinin aşağı düşməsi və digər məsələlərin nəzərə alınması zəruridir. Bu baxımdan, 2020-ci ilə qədər olan dövrdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da inkişaf meyilləri iqtisadi sistemin yeni texnoloji bazasının formalaşmasına istiqamətlənməlidir. Bu inkişaf tendensiyası özünü informatika, nanotexnologiyalar, biotexnoloji və iqtisadiyyatın elmtutumlu sahələrində daha çox göstərəcəkdir. Həm də elmi-texniki potensialın və yüksək texnologiyalı istehsalın mövcudluğu ölkəmizin yüksək texnologiyalı məhsul və intellektual xidmət bazarlarında iştirak mövqeyinin güclənməsi, beynəlxalq bazarlara daha mütərəqqi elmtutumlu məhsulların çıxarılmasına nail olunması və müxtəlif istiqamətlərdə texnoloji liderliyin təmin edilməsinin mühümlüyünü zəruri edir. Bu istiqamətdə görülən tədbirlərdən biri kimi informasiya-kommunikasiya texnologiyaları sahəsində qazanılan uğurlar diqqəti daha çox cəlb edir. Məsələn, ölkəmizin tarixində ilk dəfə olaraq ötən il kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılmış və fəaliyyətə başlamışdır. Bu isə ölkə iqtisadiyyatının şaxələndirilməsi, eləcə də informasiya müstəqilliyi və təhlükəsizliyinin təmin edilməsi baxımından da qürurverici haldır. Nazirlər Kabinetinin iclasında möhtərəm Prezidentimiz bu barədə demişdir: “2013-cü ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır və statistik göstəricilər də bunu təsdiqləyir. Mən onların içində kosmik sənayenin yaranmasını qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, biz ilin əvvəlində 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etdik. Birinci Azərbaycan peyki “Azərspace - 1" fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir”.
Ötən il Azərbaycanda investisiya
mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar
atılmışdır. Həmin
müddətdə ölkə
iqtisadiyyatına rekord həcmdə
— 28 milyard dollar investisiya qoyulmuşdur. Diqqəti cəlb edən
məqam odur ki, bu vəsaitin 63 faizi, yaxud 17,5 milyard dolları
daxili sərmayələrin payına düşür. Qürurverici
haldır ki, iqtisadiyyata qoyulan daxili sərmayələr xarici sərmayələri
xeyli üstələyir. Artıq
bu tendensiya bir neçə ildir ki, sürətlə davam edir. Bu
proses, eyni zamanda, sağlam rəqabət mühitinin
formalaşmasına iqtisadiyyatın rəqabət qabiliyyətlilik
səviyyəsinin yüksəlməsinə də böyük təkan verərək
onu sürətləndirir.
Burada bir məqamı da xüsusilə qeyd etmək
lazımdır. Təbii ki, ümumi iqtisadi inkişaf
ayrı-ayrı sahələrin tərəqqisi əsasında əldə
edilir. Belə ki, ölkə
iqtisadiyyatının əsasını təşkil edən və
ÜDM-də xüsusi çəkisi 50 faizdən yüksək
olan sənaye sahəsi daha mühüm rol oynayır. Ölkə iqtisadiyyatında aparılan uğurlu
iqtisadi islahatların nəticəsidir ki, digər sahələrlə
yanaşı, sənayenin inkişafında da böyük
nailiyyətlər əldə olunmuşdur. 10 il ərzində
sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu isə, təbii
ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” nəticəsində
neft sənayesi və onunla bağlı olan infrastruktur sahələrin
inkişafı ilə
bağlıdır. Lakin qeyri-neft sənaye
sahələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Bu gün həmin sənaye sahələrinin
inkişaf perspektivlərində ön plana innovasiya yenilənməsi,
onun iqtisadi səmərəliliyi və rəqabət qabiliyyətliliyinin
artması əsasında iqtisadi artımın müasir tələblərinə
cavab verən sahə strukturunun formalaşması məsələləri
dayanır. Sözsüz
ki, sahənin xammal yönümlü inkişafı texnoloji
geriliyi və innovasiyalı inkişafı ləngidə bilər.
Həm də dünyada aparıcı mövqelərə
iddialı olan istənilən ölkənin inkişaf
strategiyası - son nəticədə elmi-texniki tərəqqinin
artım nöqtələri, sənaye məhsullarının rəqabət
qabiliyyəti, həmçinin yüksək həyat səviyyəsini
müəyyən edən fasiləsiz innovasiya
axtarışı əsasında təşəkkül
tapır. Bu
zaman sənaye sahələrinin səmərəli
artımının əsas amillərindən birini isə məhz
enerjiyə qənaət edən texnologiyalar təşkil edir. Təbii resursların tükənməsini nəzərə
alaraq elmtutumlu və enerjiyə qənaət edən yüksək
texnologiyaların tətbiqi zərurət kəsb edir.
Möhtərəm
Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin iclasında
bununla bağlı demişdir: “Sənaye istehsalının
artırılması ilə bağlı texnoparkların fəaliyyəti
xüsusi əhəmiyyət daşıyır. Bu
istiqamətdə artıq ilkin nəticələr vardır.
Sumqayıt Texnoparkı fəaliyyət göstərir.
Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə
başlayır. Digər şəhərlərdə,
Mingəçevirdə texnoparkın yaradılması nəzərdə
tutulur. Balaxanı Texnoparkının
yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə
demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin
hesabına təmin edilməlidir. Ümumi
daxili məhsulumuzun artımı da sənaye istehsalının
hesabına mümkün olacaqdır. 2014-cü
ildə metallurgiya sənayesinin inkişafı ilə
bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir”. Dövlət
başçısı tərəfindən 2014-cü ilin ölkəmizdə “Sənaye
ili” elan edilməsi də bu fikrin məntiqi təzahürüdür.
Aqrar sahənin
dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin
səmərəli təmin edilməsi də cari ildə
qarşıda duran prioritet məsələlərdən
biridir. Bütövlükdə, bu sahədə kənd təsərrüfatı
məhsullarını emal edən bölmələrin
inkişafının stimullaşdırılması, onların
ixracına dövlət himayəsinin artırılması,
maliyyə-kredit xidmətlərinin genişləndirilməsi,
daxili və xarici investisiyalarının təşviqi sisteminin
təkmilləşdirilməsi daxili bazarın yüksək keyfiyyətli ərzaq məhsulları
ilə təmin edilməsi məqsədilə zəruri tədbirlərin
həyata keçirilməsi, o cümlədən beynəlxalq
tələblərə uyğun standartların
hazırlanması, bu sahənin inkişafı ilə
bağlı fundamental elmi-tədqiqat işlərinin dövlət
tərəfindən dəstəklənməsi, həmçinin
kadr potensialının gücləndirilməsi mühüm məsələ kimi
qarşıda durur. Bunlarla yanaşı, kənd təsərrüfatı
və emal sənayesi məhsullarının ixracını təmin
edən potensial imkanların
düzgün müəyyənləşdirilərək istifadə olunması, bu sahədə
ekoloji cəhətdən beynəlxalq standartlara cavab verən məhsulların
həcmini əsaslı şəkildə artırmaqla
onların rəqabət qabiliyyətinin yüksəldilməsi məsələləri
də aktuallıq kəsb edir. Bu sahədə həyata
keçirilən uğurlu islahatlar nəticəsində
müsbət irəliləyişlərə nail olunmuşdur.
Cənab İlham Əliyev aqrar sahənin önəmini
vurğulayaraq qeyd etmişdir: “Kənd təsərrüfatının
inkişafı ilə bağlı mən giriş
sözümdə fikirlərimi bildirdim. Bir daha
demək istəyirəm ki, bu, növbəti illər
üçün qeyri-neft sektorunun inkişafı istiqamətində
prioritetlərdən biri olacaqdır. Ərzaq
təhlükəsizliyinin təmin edilməsi proqramı da icra
edilir. Son illərdə bu istiqamətdə
böyük addımlar atılmışdır, idxaldan
asılılığımız böyük dərəcədə
azalmışdır. Bu gün Azərbaycanda
bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi
məhsulların istehsalı tələbatımızı tam
ödəyir, bəzi sahələrdə hələ ki,
idxaldan asılıyıq. Ancaq, bildiyiniz
kimi, mən bu məsələ ilə bağlı dəfələrlə
öz fikirlərimi bildirmişdim. Bu
gün də demək istəyirəm ki, Azərbaycanda
bütün əsas ərzaq məhsulları tam şəkildə
öz tələbatımızı təmin etməlidir.
Yəni, bizdə istehsal olunan ərzaq məhsulları
tam şəkildə tələbatımızı təmin etməlidir.
Biz buna yaxınlaşırıq və
çalışmalıyıq ki, növbəti 5 il ərzində,
bəlkə də ondan da tez bir müddətdə 3-cü
regional inkişaf proqramının icrası başa
çatanda artıq ərzaq təhlükəsizliyi ilə
bağlı olan bütün məsələlər öz həllini
tapsın”.
2013-cü
ildə sahibkarlığın inkişafına dövlət dəstəyi
daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri
üzrə 4468 sahibkara 275 milyon manat güzəştli kredit
verilmişdir ki, bunun da 150 milyon manatını dövlət
büdcəsindən ayrılmış vəsait təşkil
edir. Ölkə rəhbərliyinin bu sahəyə
böyük diqqət və qayğısı nəticəsində sahibkarlıq fəaliyyəti
daha da təkmilləşərək keyfiyyət mərhələsinə
keçmişdir. Xüsusən də istehsal fəaliyyəti
ilə məşğul olan sahibkarlarımız nəinki
daxili bazarı keyfiyyətli məhsullarla təmin edir, həm də xarici
bazarlara rəqabət tələblərinə cavab verən Azərbaycan
məhsulları ilə çıxırlar. Göründüyü
kimi, ixrac potensialının artırılması və məhsul
nomenklaturasının daha da genişləndirilməsi
qarşıda duran əsas istiqamətlərdəndir. Ötən il infrastruktur sahələrinin
inkişafına da böyük diqqət yetirilmiş,
çoxsaylı sosial-mədəni və məişət obyektləri
tikilərək istifadəyə verilmişdir. Dövlətimizin
sosialyönümlü siyasətinin nəticəsidir ki, təkcə
ötən il minimum əmək
haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin
17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67
faiz çərçivəsində artımı təmin edilmiş,
dövlət sektorunda çalışanların əmək
haqları isə minimum 10 faiz artırılmışdır. Bu yöndə həyata keçirilən ən
böyük tədbirlərdən biri isə erməni qəsbkarlarının
işğalçılıq siyasəti nəticəsində
öz yurdlarından didərgin düşmüş məcburi
köçkünlərin həyat və mənzil şəraitinin
yaxşılaşdırılması tədbirlərinin
2013-cü ildə də davam etdirilməsi olmuşdur. Dövlətimiz öz vətəndaşlarının
sosial durumunun yaxşılaşdırılmasına da həmişə
xüsusi diqqət və qayğı ilə yanaşır.
Beləliklə,
ölkəmizin həyatında və cəmiyyətimizin
dayanıqlı inkişafında mühüm rol oynayan daha bir il arxada qalmışdır. 2014 - cü ildə isə
qarşımızda daha məsul vəzifələr və Azərbaycanın xoş,
uğurlu gələcəyi
naminə yerinə yetirilməsi vacib olan işlər durur.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad
elmləri doktoru, professor,
İlkin SOLTANLI,
institutun
şöbə müdiri, iqtisad
üzrə fəlsəfə
doktoru, dosent
Xalq qəzeti.- 2014.- 15 yanvar.- S. 3.