O, insanları xoşbəxt görmək arzusu ilə yaşayırdı

 

Xatırlama

 

 “Yaradıcılıq hər şeydən əvvəl zəhmətdir, dərin, maraqlı müşahidələr, yuxusuz gecələr, tez-tez təəssüflənmək, azca sevinmək deməkdir. Sonra yenə axtarışlar, gərgin, əzablı axtarışlardır əsl yaradıcılıq”. Bu sözlər  mərhum  yazıçı, kinorejissor, xalq artisti Həsən  Seyidbəyliyə məxsusdur. Bütün yaradıcılığı boyu Azərbaycan kino salnaməsinə qiymətli sənət incilərini bəxş edən  H.Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakıda anadan olmuşdur. O, 1938 -1939-cu illərdə Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunda, 1943 -1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır.

“Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963 - 1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifələrində işləmişdir. Yaradıcılığa yazıçılıqla başlayan  H.Seyidbəyli  maraqlı hekayə, povestlər qələmə almış, sonralar kinodramaturq  kinorejissor kimi məşhurlaşmışdı. “Azərbaycanfilm”  kinostudiyasında  rejissor kimi işlədiyi  dövr  onun yaradıcılıq bioqrafiyasında  xüsusi mərhələ təşkil edir.

Kinoda  fəaliyyətinə  Uzaq  sahillər”dən başlamışdı. Xalq yazıçısı İmran Qasımovla   eyniadlı  povestləri  əsasında birgə bu  filmə ssenari yazmışdılar. Kinorejissor Tofiq Tağızadə 1958-ci ildə ona  quruluş verdi.  Bu film  dünyanın  bir çox ölkələrinin kino ekranlarında müvəffəqiyyətlə nümayiş etdirilmiş  milyonlarla  tamaşaçının dərin rəğbətini qazanmışdır.

Onun dram əsərləri uzun müddət teatrların  repertuarına daxil olmuş, ədəbi-bədii keyfiyyətinə görə sonradan uğurlu ekran taleyi yaşamışlar. “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuş Həsən Seyidbəyli ilk dəfə 1947-ci ildə “Bakıdan Göy Gölədək” (ilk rəngli Azərbaycan  sənədli  filmi), bunun ardınca 1949-cu ildə “Quba bağlarında” və “Tərtərçay vadisində” (həm də ssenari müəllifi), “Böyük yol” kinooçerklərini lentə almışdır.

Kino tariximizin bir sıra ən parlaq səhifələri məhz Həsən Seyidbəylinin adı ilə bağlıdır. Onun ssenariləri əsasında “Doğma xalqımıza” bədii-sənədli, “Qızmar günəş altında”, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) bədii, “Əyri yolla qazanc”, “Yolda əhvalat” (hər ikisi İ.Qasımovla birgə) qısamatrejlı bədii, “Tural və Zəri”, “Sağ ol, dostumanimasiya, “Sovet Azərbaycanı” (I seriya, N.Yarovaya ilə birgə, Az.TV) televiziya, “Kamillik” sənədli filmləri yaradılmışdır. “Ömrün səhifələri” kinoalmanaxında intermediyanın müəllifi, “Onun bəlalı sevgisifilminin bədii rəhbəri olmuşdur.

H.Seyidbəyli kinorejissor kimi səkkiz tammetrajlı bədii filmə quruluş vermişdir. Bunlardan altısının həm də ssenari müəllifidir. 1962-ci ildə eyniadlı povesti əsasında çəkdiyi ilk bədii filmi - “Telefonçu qız” Azərbaycan kino sənətində mühüm mərhələ olmuşdur. Bundan sonra H.Seyidbəyli  “Möcüzələr adası”, “Cazibə qüvvəsi”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “O qızı tapın”, “Xoşbəxtlik qayğıları” bədii filmlərinə quruluş vermişdir.

Təsadüfi deyil ki, “Kimi daha çox sevirik” kinoalmanaxındakı “Cazibə qüvvəsi” novellası 1966-cı ildə Moskvada keçirilən idman filmlərinin I Ümumittifaq kinofestivalında idman mövzusunun poetik təcəssümünə görə diploma layiq görülmüşdür.  Bir neçə kitabın müəllifidir. Filmləri Ümumittifaq kino festivallarında prizdiplomlara layiq görülmüşdür. Sənətkarın  əsərlərindəki səmimilik, sadə ekran qəhrəmanları tamaşaçı  kütləsinin böyük marağına səbəb olmuşdur.

Dramatik üslubda yaradıcılıq kredosunu təsdiqləyən Həsən Seyidbəylinin “Nəsimi” filmi tariximizlə yanaşı, milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi, ümumilikdə qədim Azərbaycanın həyatını  dolğun  əks etdirir.

Onun filmlərinin süjet xətti məna baxımından kəsərli, dinamik və maarifləndirici xarakter daşıyır. Aktyor seçməkdə mahir olan rejissor Həsən Seyidbəyli öz quruluşlarında zahiri təmtəraqlara üstünlük vermədən kiçik obrazları belə filmin aparıcı qüvvəsi kimi təqdim edirdi. “Mənim seçdiyim qəhrəmanlar tipaj deyildir. Həmişə haqlarında düşündüyüm, yazdığım, hər gün həyatda təsadüf etdiyimekranda görmək istədiyim qəhrəmanlardır” - deyən Həsən Seyidbəyli bir ədib kimi müəlliflərin yaradıcılığına da həddindən artıq hörmətlə yanaşaraq ədəbi materialları gözdən salmamağa çalışır, özünün rejissor təxəyyülünün sintezi ilə qüsursuz ekran əsərləri, nümunəvi qəhrəmanlar yaradırdı. Ekrandakı qəhrəmanların gətirdikləri sitatlar, dialoqlar məzmununa görə həyat məktəbi sayılır, təlqin olunan milliliyə xas etik qaydalar cəmiyyətin estetik tərbiyəsində mühüm rol oynayır. O, müraciət etdiyi hər bir mövzudakı qəhrəmanlarının abidəsini yaradır, onların peşələrinə xüsusi rəğbət hissi oyadır, sanki həyatdakı nümunəvi mövqelərini alqışlayırdı. Məsələn, müəllimlərin (“Bizim Cəbiş müəllim”), rabitəçilərin (“Telefonçu qız”), qanun keşikçilərinin (“O qızı tapın”), neftçilərin (“Möcüzələr adası”) və s.  ekran həyatı dediklərimizi  bir daha təsdiq edir.

Ümumiyyətlə, XX əsrin ortalarından 80-ci illərə qədər çəkilən filmlərin böyük əksəriyyəti   ictimai-siyasi hadisələri təqdirəlayiq səviyyədə əks etdirdi. Müharibə mövzusu bizim kinoda şablonsuz həyat həqiqətlərinə əsasən ekranlaşdırılırdı, Azərbaycanın mövqeyi, insanların münasibəti çox böyük diqqətlə araşdırıldı. Məsələn, “Bizim Cəbiş müəllim” filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur. Bu filmdə kadrlar ötdükcə hadisələrin baş verdiyi həyətin divarları genişlənib, sanki bütün şəhəri əhatə edir, zavod və fabrikləri, bazarı, cəbhəyə əsgər göndərilən vağzalı bizə göstərir. Və biz müharibə Bakısının əhval-ruhiyyəsi ilə qarşılaşırıq. Filmin epizodlarında nadir hallarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin gətirdiyi bədbəxtlikləri xatırladan dərin kədər var. Son dəfə “Xoşbəxtlik qayğıları” filmini çəkdi. O, bu qayğı ilə yaşayırdı, insanları xoşbəxt görmək istəyirdi.

Həsən Seyidbəylinin peşəkar sənətkar, hörmətli şəxsiyyət olmasına səbəb insanlara, həyata bağlılığı, böyük sevgisi idi. Həsən Seyidbəyli 1980-ci il iyunun 25-də dünyasını dəyişdi. Bu böyük sənətkar yaddaşlarda gözəl insan, istedadlı yazıçı, kinodramaturqrejissor, ibrətamiz şəxsiyyət   kimi qalacaqdır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 15 yanvar.- S. 6.