Azərbaycanda gedən
dərin inkişaf prosesləri Almaniya mətbuatının diqqət mərkəzindədir
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi, siyasi, mədəni, humanitar, turizm, idman, enerji sahələrində sürətli inkişafı, beynəlxalq arenada və başqa istiqamətlərdə qazandığı nailiyyətlər, eyni zamanda, paytaxtımızda və regionlarımızda müasirləşməyə doğru atılan addımlar, aparılan islahatlar bu gün Qərb jurnalistlərinin, xüsusən Almaniyanın kütləvi informasiya vasitələrinin marağına səbəb olmuşdur.
Almaniyanın weltexpress.info internet portalında Azərbaycanın zəngin qədim və müasir tarixi, turizm imkanları, eyni zamanda, Bakının və ölkəmizin digər görməli yerləri, respublikamızın dərin və hərtərəfli inkişaf meylləri, sürətlə müasirləşən paytaxtımız və regionlarımız barədə oxuculara geniş məlumat verilmişdir.
İnternet portalı qədim Odlar Yurdu Azərbaycanın Rusiya Federasiyası, Ermənistan, Gürcüstan, Türkiyə və İran ilə həmsərhəd olduğunu xatırladaraq ölkəmizin qədim tarixi, 7 minillik tarixə malik daş salnaməmiz hesab olan Qobustan qayaları, bu məmləkətdə yaşayan insanların yüksək qonaqpərvərliyi barədə söhbət açır. Yazıda, həmçinin zəngin təbii ehtiyatlara malik olan ölkəmizin tarixin müxtəlif dövrlərində imperiyaların geostrateji hədəflərinə tuş gəldiyi xüsusi qeyd edilir.
Azərbaycanın son illərdə iqtisadi sahədə əldə etdiyi sürətli inkişafa toxunan internet portalı qısa statistik təhlilində göstərir ki, 2012-ci ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 5.464 avro təşkil etdiyi halda, Almaniya kimi inkişaf etmiş ölkədə isə müvafiq dövrdə bu rəqəm cəmi 3.280 avro civarında olmuşdur.
weltexpress.info internet portalında yerləşdirilmiş yazıda, eyni zamanda, İçərişəhər, Qız qalası, “Yanar dağ” və digər tarixi abidələrimiz, paytaxtımızın və ölkəmizin gündən-günə müasirləşən regionlarının tikinti bumunu yaşadığını bildirir. Portal Qəbələ, Quba və digər regionlarımızda aparılan genişmiqyaslı quruculuq işləri barədə təəssüratlarını oxucularla bölüşür.
Məqalədə bir məqam xüsusi vurğulanır ki, Azərbaycanın paytaxtı Bakı dünyanın nadir, qənirsiz şəhərlərindən biridir, onun gecələri möhtəşəmdir, tarixi tikililəri və müasir binaları bənzərsizdir. Yazıda buna əyani misal kimi artıq paytaxtımızın və dünyanın müasir memarlıq simvoluna çevrilən “Alov qüllələri” kompleksinin, Heydər Əliyev Mərkəzinin, “Baku Crystal Hall”un, Bakımızın beşulduzlu mehmanxanalarının adları çəkilir.
İnternet portalı almaniyalı
oxuculara tikintisi “Avesta” şirkəti tərəfindən
planlaşdırılan Xəzər dənizindəki adalar üzərində 1050 metr
hündürlüyündə inşa olunacaq “Azərbaycan qüllə”si haqqında da məlumat verir.
Xalq qəzeti.- 2014.- 17 yanvar.- S. 4.