Azərbaycan öz şəhidlərini heç vaxt unutmayacaqdır

 

Xətai rayonu

 

Paytaxtın Xətai  rayonunda qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirildi. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri, eləcə də ağır mənəvi, psixolojisosial nəticələri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, keçmiş sovet imperiyasının sonuncu rəhbərliyinin xalqımıza qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən başlıca məqsəd Ermənistanın əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit şərait yaratmaqdan ibarət olmuşdur.

R. Məmmədov daha sonra bildirdi ki, 24 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnikası və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanlara qarşı ağlasığmaz vəhşiliklər törətmişlər. Bu vəhşi aksiya nəticəsində çoxsaylı ölən və yaralananların olmasına baxmayaraq, imperiya cinayətkarları xalqımızın mübarizə əzmini qıra bilmədilər. O vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmişregionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilmədiyini, bəzi maraqlı qüvvələrin qanlı cinayətin unudulmasına çalışdıqlarını diqqətə çatdıran natiq bildirdi ki, yalnız ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verilmişdir.

Başçı   onu da qeyd etdi ki, zaman etibarilə o müdhiş gecədə baş vermiş qanlı olaylardan uzaqlaşsaq da, xalqımız Vətən şəhidlərini heç vaxt unutmur, ruhlarını həmişə yad edir. Xalqımızın milli-azadlıq hərəkatının ən parlaq səhifələrindən birini yazmış 20 Yanvar şəhidlərinin misilsiz qəhrəmanlıqlarının yetişməkdə olan gənc nəslimiz üçün örnək rolunu oynadığını diqqətə çatdıran R. Məmmədov faciəyə məruz qalmış ailələrə göstərilən dövlət qayğısından bəhs etdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirdi ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Tədbirdə çıxış edən digər natiqlər  ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində saxlanıldığını, 20 Yanvar faciəsi qurbanlarını qədirbilənliklə xatırlandığını yüksək qiymətləndirdilər.

Razim Məmmədov tədbirdə iştirak edənlərin qayğıları və problemləri ilə də yaxından maraqlandı və dedi ki, onlar ehtiyac hiss etdikləri zaman rayon icra hakimiyyətinə müraciət edə bilərlər.

Sonda tədbirdə iştirak edən  şəhid ailələrinə və  əlillərə maddi yardım göstərildi.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 10.