“Azərsu” ASC

 

20 YanvarÜmumxalq Hüzn Günü ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilmişdir.  Əvvəlcə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, 1990-cı ilin 20 yanvarı ən faciəli günlərdən biri olmaqla yanaşı, Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. 24 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 137 mülki vətəndaş öldürülmüş, 600-dən çox insan yaralanmışdır. Həmin illərdə Azərbaycanın  haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir. Ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış etdiyini, imperiya siyasətini, Mixail Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə pislədiyini diqqətə çatdıran natiq bildirmişdir ki, ümummilli liderimiz 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra  faciəyə siyasi-hüquqi qiymətin verilməsi məsələsi həllini tapmış,  yanvarın 20-si ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir. Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi qurbanlarının  əziz xatirəsini həmişə  uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Kamil Həzrətquliyev və Təranə İmanovanın yaralandığı xatırlanmışdır.

Mərasimə dəvət olunmuş tarix elmlər doktoru, professor Şikar Qasımov əsrlər  boyu ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasəti tarixi faktlarla əsaslandırmış, ötən əsrin 80-cı illərinin sonunda SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasət apardığını və buna etiraz edən xalq kütlələrinin qarşısını almaq üçün imperiya rəhbərliyinin qırğına əl atdığını bildirmiş, amma bununla xalqımızın  mübarizə əzmini qırmağa müvəffəq olmadığını diqqətə çatdırmışdır.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov və 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova  çıxış edərək şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildirmişlər. Tədbirdə qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

 

M.YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 10.