“İqtisadi
Azadlıq İndeksi – 2014” hesabatında Azərbaycan azad
ölkələr sırasına daxil edilmişdir
Azərbaycanın son illər əldə etdiyi sosial-iqtisadi uğurları nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapmışdır. Bununla əlaqədar bir neçə fakta diqqət yetirək. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar, o cümlədən Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri əksini tapmışdır.
Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir. “Doing Business, 2013” hesabatında da Azərbaycanın mövqeyi yaxşılaşmışdır.
Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 148 ölkə arasında 8-ci, əmək bazarının effektivliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci və innovasiyalara görə 50-ci yerdə qərar tutmuşdur. Xüsusilə makroiqtisadi sabitliyin ayrı-ayrı komponentləri üzrə Azərbaycanın mövqeləri isə həmin hesabatda daha güclüdür.
Azərbaycan inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir.
Burada digər bir məqama diqqət yetirək. Makroiqtisadi göstəriciləri
yaxşılaşdıran ilk növbədə inflyasiyanın
aşağı olmasıdır ki, ölkəmiz bu göstəriciyə görə
birinci yerdədir. Digər tərəfdən
Avropa ölkələrinin əksəriyyətində dövlət
borclanması, büdcə kəsirinin həcminin böyük
olduğu halda, respublikamız icmal büdcə
balansının artıqlığına görə
dünyada 15-ci yerdə qərarlaşmışdır.
Hesabatda
xüsusi vurğulanan başqa bir cəhət isə odur ki, Azərbaycanın
məcmu dövlət borcunun ÜDM-ə faiz nisbəti ölkəmizdə kifayət qədər
aşağıdır və bu göstəriciyə görə
respublikamız 13-cü yerdədir. “The Heritage
Foundation” təşkilatı isə bu yaxınlarda dünya
ölkələrində iqtisadi azadlıq səviyyəsini
xarakterizə edən ənənəvi illik “İqtisadi
Azadlıq İndeksi - 2014” hesabatını (“2014 Index of Economic
Freedom") açıqlamışdır.
Həmin hesabata əsasən, Azərbaycan iqtisadi
azadlıq səviyyəsinə görə 178 ölkə
arasında 81-ci yerdə qərarlaşmışdır. Xatırladaq
ki, İqtisadi Azadlıq İndeksi müxtəlif göstəricilər
əsasında hesablanır. Adı çəkilən
hesabata əsasən,
Azərbaycan iqtisadi azadlıq səviyyəsinə
görə 100 ballıq qiymətləndirmə sistemi ilə
61,3 bala malikdir. Son bir ildə respublikamızın göstəricisi
1,6 bal artmışdır. Nəticədə
Azərbaycan ilk dəfə olaraq “Orta azad” (Moderately Free)
ölkələr qrupuna daxil edilmişdir ki, bu da hesabat müəlliflərinin
fikrincə, ölkədə həyata keçirilən əhəmiyyətli
iqtisadi islahatların nəticəsidir.
Bu barədə
iqtisadçı alim, ekspert
Vüqar Bayramov bildirmişdir ki, indeksin hazırlanma
metodologiyası qanunun aliliyi (mülkiyyət haqları və
korrupsiyadan azadolma səviyyəsi), hökumətin
ölçüsü (fiskal azadlıq, hökumət xərcləri),
tənzimləmənin səmərəliliyi (biznes
azadlığı, əmək azadlığı, monetar
azadlıq) və açıq bazar (ticarətin
azadlığı, sərmayənin azadlığı, maliyyə
azadlığı) üzrə qiymətləndirmələrin
aparılmasından ibarətdir. Hər bir istiqamət
üzrə konkret hesablamalar aparılır. MDB-dən heç bir ölkə azad və ya əsasən
azad ölkələr qrupuna daxil edilməmişdir.
Hesabatda MDB-nin digər ölkələrinə verilən
ballar olduqca aşağıdır. Məsələn,
Rusiya hesabatda 140-cı, Ukrayna 155-ci yerdədir. Ümumiyyətlə, bu indeksın əsas məzmunu
hökumətin biznes fəaliyyəti üçün
hansı səviyyədə şərait yaratması ilə bərabər,
həmçinin dövlətin rolunun iqtisadiyyatda
ölçülməsi ilə bağlıdır. Hesabatda Fransa 70-ci yerdədir və Qazaxıstan
sözügedən ölkədən 3 pillə öndədir.
Amma bu heç də o anlama gəlməməlidir
ki, Qazaxıstan Fransadan iqtisadi baxımdan daha azad ölkədir,
sadəcə, Parisdə dövlətin iqtisadiyyata müdaxiləsi
yüksək olduğu üçün bu dövlət qismən
azad ölkələr qrupunda özünə yer
almışdır. Bu baxımdan, əslində
metodologiyanın yenidən işlənməsi olduqca vacib məsələdir.
V. Bayramov
sonda xatırlatmışdır ki, bütün bunlarla
yanaşı, Azərbaycanın yerinin 2013-cü ilə nisbətən
7 pillə irəliləməsi ölkəmiz üçün
müsbət haldır. Eyni zamanda, indeksdə Azərbaycanın
yerinin daha da yaxşılaşdırması üçün
metodologiyada əks olunan istiqamətlər üzrə
islahatların davam etdirilməsinə zəruri ehtiyac var.
Hesabatda dövlət borcunun aşağı səviyyədə
olduğu da xüsusi vurğulanmışdır. Həmçinin,
dövlət xərcləri, vergi, biznes, əmək, monetar,
ticarət, investisiya, maliyyə azadlıqlarının vəziyyəti
ilə bağlı olduqca pozitiv nəticələr
nümayiş etdirildiyi qeyd olunur.
Azərbaycan 42 Asiya-Sakit Okean ölkəsi arasında
13-cü yeri tutmuşdur və onun orta xalı orta regional və
qlobal göstəricilərdən daha yüksəkdir. Azərbaycan
iqtisadi azadlıq səviyyəsinə görə İtaliya,
Xorvatiya, Serbiya, Yunanıstan, Hindistan, Rusiya, Ukrayna kimi ölkələri
qabaqlamışdır.
Hesabatda qeyd edilir ki, son illər Azərbaycanda iqtisadi
azadlıqlar kifayət qədər genişlənmişdir. Ardıcıl
şəkildə həyata keçirilən silsilə
xarakterli böyük islahatlar nəticəsində Azərbaycan
orta azad ölkələr sırasına daxil olmuşdur.
Əgər reytinqdə 10 xallıq irəliləmə 9
ölkədən 10-u üçün yaxşı nəticə
hesab oluna bilərsə, Azərbaycan ümumi iqtisadi azadlıq
səviyyəsinin yaxşılaşmasında 31,3 xal toplayaraq
hər bir ölkə üçün ən yaxşı
göstərici sayıla biləcək nəticə
nümayiş etdirmişdir.
“Bir pəncərə” prinsipinin tətbiqi Azərbaycanda
biznesə başlamağı tam sadələşdirmişdir. Bunun
üçün zəruri prosedurların sayı 6-ya
endirilmişdir, minimal kapital isə tələb olunmur.
Hesabatda bildirilir ki, son illər neft və qaz hasilatı,
tikinti sektoru və iqtisadiyyata özəl investisiyalar
artmışdır. 2012-ci ilin iyununda Azərbaycan və
Türkiyə Avropanın Rusiya qazından
asılılığını azaldacaq TANAP layihəsini təsdiq
etmişlər.
Bu və digər hesabatlar bir daha təsdiqləyir ki, Azərbaycan
iqtisadi cəhətdən azad ölkədir. Azərbaycanda
əlverişli biznes, investisiya mühiti mövcuddur. Son
10 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə
artmış, ölkə iqtisadiyyatına 150 milyard dollardan
çox investisiya yatırılmışdır. Azərbaycanın
valyuta ehtiyatları 50 milyard dolları ötmüş,
işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 5,3 faizə enmişdir.
Bütün bu uğurlar liberal iqtisadi islahatların,
düşünülmüş, elmi əsaslara malik inkişaf
konsepsiyasının həyata keçirilməsi, siyasi iradə
nəticəsində mümkün olmuşdur və Azərbaycanın
dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə
çatmaq əzmindən xəbər verir.
Respublikamız
artıq bu gün
sıçrayışlı inkişaf nəticəsində
“aşağı gəlirli ölkələr” sırasından
“orta gəlirli ölkələr” sırasına qəbul
olunmuşdur. Qarşıda duran əsas hədəflərdən
biri isə “orta
gəlirli ölkələr” sırasının daha yüksək
şkalasına, bunun ardınca “yüksək gəlirli ölkələr”
cərgəsinə daxil olmaqdır. “Orta gəlirli
ölkələr” qrupunun daha yüksək şkalası
adambaşına düşən milli məhsulun 17-18 min
ABŞ dollarına çatdırılmasıdır. Azərbaycan
iqtisadiyyatının ildə təxminən 7-8 faiz
artmasının təmin olunması isə reallığa kifayət
qədər yaxın olduğundan və bundan əvvəl əldə
edilən nəticələr də bunu təsdiq etdiyindən
yaxın vaxtlarda respublikamızın “orta gəlirli ölkələr”
sırasının daha yüksək şkalasında yer
alacağı şübhə doğurmur.
BMT
yanında İnkişaf və Artım Komissiyasının son
məruzəsində qeyd edilmişdir ki, 1950-ci ildən sonra
belə bir inkişafa 13 ölkə nail olmuşdur. İndi Azərbaycanın tam imkanı vardır ki,
14-cü dövlət qismində çıxış etsin.
İnsan inkişafı indeksi baxımından Azərbaycan
yüksək nailiyyətlərin müəllifi kimi
çıxış edir. Belə ki, ölkəmizdə
həyata keçirilən məqsədyönlü siyasət
sayəsində inkişafın mühüm bazası və
göstəricisi olan insan kapitalının
formalaşdırılmasına hər zaman xüsusi diqqət
yetirilir. BMT İnkişaf Proqramının
insan inkişafı hesabatlarından da aydın
görünür ki, Azərbaycan bu istiqamətdə hətta
dünya üzrə qabaqcıl sayılan iki dövləti -
Çin və Hindistanı da arxada qoymuşdur.
Bazar
iqtisadiyyatı üçün səciyyəvi olan
qanunvericilik bazasının daha təkmil hala gətirilməsi,
müəssisələrin təsərrüfat fəaliyyətində
sahibkarlıq subyektlərinə geniş imkanlar verilməsi,
mülkiyyətin çoxnövlülüyünün təminatı,
qiymətlərin, eləcə də xarici ticarətin
liberallaşdırılmasına yol açan institusional
islahatlar yeni inkişaf mərhələsində Azərbaycana
növbəti böyük uğurlar
qazandırmışdır. Ölkəmizdə maliyyə və
kapitalın azad hərəkəti, qiymətli kağızlar,
sığorta, lizinq, fond birjalarının inkişafı,
idxal-ixrac əməliyyatlarının genişlənməsi, tədiyyə
balansında bir qayda olaraq müsbət saldonun qeydə
alınması, xarici iqtisadi fəaliyyət
prosedurlarının sadələşdirilməsi, qlobal
iqtisadiyyatda milli mənafelərin qorunması ilə uğurlu
inteqrasiya və digər amillər
Azərbaycanın inkişafını dinamikləşdirən
mühüm cəhətlərdir.
Ölkəmiz
son illər korrupsiyaya qarşı mübarizə sahəsində
də irəliləməkdə davam edir və indeksə daxil
edildiyi 2000-ci ildən bəri ötən il
ən yüksək nəticəsini göstərmişdir.
Korrupsiyaya
qarşı mübarizə sahəsində fəaliyyət
göstərən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatlarından
olan “Transparensy İnternational”ın təqdim etdiyi 2013-cü
ilin Korrupsiya Qavrama İndeksində Azərbaycan 2012-ci illə
müqayisədə 12 pillə irəliləmiş, eyni
zamanda, ölkəmizin qiymətləndirmə balı 27-dən
28-ə yüksəlmişdir.
“2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatı üzrə
Azərbaycanda respondentlərin 68 faizi korrupsiyaya qarşı
dövlət tərəfindən həyata keçirilən
mübarizə tədbirlərinin səmərəli
olduğunu bildirmişdir. Bu da dünya ölkələri
üzrə müəyyən edilmiş 22 faizlik göstəricidən
üç dəfə yüksəkdir.
Azərbaycanda korrupsiyaya qarşı mübarizə Prezident
İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətidir. Dövlət
başçısının təşəbbüsü ilə
beynəlxalq təcrübə nəzərə alınaraq
mütərəqqi antikorrupsiya qanunvericilik bazası
formalaşmış, mühüm institusional tədbirlər həyata
keçirilmişdir.
Dövlət
başçısı İlham Əliyev korrupsiyaya
qarşı mübarizənin davam etdirilməsində qətiyyətini
bir daha nümayiş etdirərək 2012-ci il sentyabrın 5-də
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər
üçün Milli Fəaliyyət Planı” və
“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət
Planı”nın təsdiq edilməsinə dair sərəncam
imzalamış, bu istiqamətdə həyata keçirilən
tədbirlərin davamlılığının təmin edilməsi,
normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi
əsas hədəflər kimi müəyyənləşdirilmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.-
2014.- 18 yanvar.- S. 12.