Milli taleyimizdə dönüş nöqtəsi”

 

 AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuşMilli taleyimizdə dönüş nöqtəsi” mövzusunda tədbir keçirilmişdir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın başına gətirilmiş qanlı faciə haqqında danışmışdır. Qeyd olunmuşdur ki, həmin gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş, xalq öz yenilməzliyi və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan etmişdir. Məhz 20 Yanvar hadisələri xalqımızın milli azadlığına qovuşmasına təkan vermişdir.

Bildirilmişdir ki, bu hadisələrin baş verməsindən bir neçə saat əvvəl insanların dünyaya çıxışını, informasiya almaq imkanlarını mümkünsüz etmək üçün Azərbaycan Televiziyası və Radiosunun enerji bloku partladılmışdır.

Bakıya 66 min 500 nəfərlik ordu yeridildiyi diqqətə çatdırılaraq, həmin qanlı hadisədə 147 nəfər insanın həlak olduğu, 744 nəfərin yaralandığı, yüzlərlə azərbaycanlının isə həbs edildiyi bildirilmişdir.

Rafael Hüseynov o zaman insanlara təhrif olunmuş informasiyaların verildiyini söyləmişdir. O, həmin dövrdə “Amerikanın səsi” radiosunun Azərbaycandakı müxbiri olduğunu diqqətə çatdıraraq hadisənin şahidlərinin səsini yazaraq, onların müsahibələrini telefon vasitəsilə Vaşinqtona ötürdüklərini və radio ilə həmin insanların harayının, etirazının, Bakıda baş verən faciənin dəhşətlərinin dünyaya çatdırıldığını demişdir.

Bildirilmişdir ki, ağır fövqəladə vəziyyət şəraitində hətta küçəyə çıxmağın da mümkünsüz olmasına baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı meydanlara axışaraq həmin gecənin günahsız qurbanlarını torpağa tapşırmaq üçün Şəhidlər Xiyabanına doğru irəliləmişdir.

Qeyd olunmuşdur ki, 20 Yanvar hadisələri faktiki olaraq SSRİ-nin süqutunun təməlini qoymuşdur.

Azərbaycan mətbuatının tamamilə susdurulduğu o günlərdə jurnalistlər də tariximizə yazılacaq şücaətlər göstərmişlər. “Kommunistin (indikiXalq qəzeti”nin) əlavəsi olan “Səhər” qəzetinin 20 Yanvar faciəsinə həsr edilmiş buraxılışı böyük tirajla çap edilmişbununla da jurnalistlərimiz Azərbaycanın mətbuat tarixində öz şərəfli imzalarını atmışlar.

Müstəqilliyin, istiqlaliyyətin mübarizəsiz, itkilərsiz, qan tökmədən əldə edilmədiyi vurğulanaraq qeyd olunmuşdur ki, Azərbaycan xalqı öz canı, qanı bahasına bu istiqlalı qurmuşdur.

Diqqətə çatdırılmışdır ki, yalnız ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir.

 

 Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 15.