“24 il əvvəl... 24 il sonra”
Hər il 20 Yanvar faciəsinin ildönümünü mədəniyyət ocaqları böyük ehtiramla qeyd edirlər. Bu münasibətlə keçirilən mərasimlərdə 20 Yanvar qırğınının şəhidləri yad edilir, bədii kompozisiyalar nümayiş olunur, rəsm və foto müsabiqələri keçirilir. Bu il də mədəniyyət müəssisələrimizin əksəriyyətində belə tədbirlərin keçirilməsinə başlanılmışdır.
Yanvarın 17-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “24 il əvvəl... 24 il sonra” adlı sərgi təşkil olunmuşdur. T.İsmayılov adına Təsviri və Tətbiqi Sənət Salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50 ədəd rəsm əsərinin sərgiləndiyi tədbirdə Milliyətçi Gənclər Təşkilatı və Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin üzvləri tərəfindən hazırlanan, 20 Yanvar faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunmuşdur. Sərgi yanvarın 23-dək davam edəcək.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də “20 Yanvar xalqımızın qan yaddaşıdır” adlı tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhəri 44 və 53 nömrəli orta məktəblərin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər, Asəf Zeynallı adına Musiqi Kollecinin şagirdlərinin ifasında isə musiqi parçaları səsləndirilmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində bu münasibətlə keçirilən tədbir daha təsirli və yaddaqalan olmuşdur. Tədbir Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun “İçərişəhər” Tarixi Muzeyi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuş, muzeyin foyesində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilmişdir.
Bu münasibətlə keçirilən tədbirlər respublikamızın əksər mədəniyyət müəssisələrində davam etməkdədir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 18 yanvar.- S. 15.