20 Yanvar– əsarətin
son gecəsi
Hər bir xalqın hansı dərəcədə milli birliyə, milli iradəyə və milli özünüdərkə malik olması məhz onun üzləşdiyi ən çətin anlarda mövcud proseslərə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 24 il əvvəl üzləşdiyimiz belə bir məqamda xalqımızın mübarizlik əzminin təzahürü, təzyiqlərə boyun əyməyən əzmkar iradə nümayiş etdirməsi tariximizə yeni bir mübarizə səhifəsi yazdı - Qanlı Yanvar səhifəsi. 20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 24 il ərzində bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşayiət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı? Cavabında isə hadisələrin şahidləri 20 Yanvar ərəfəsindəki son ayın, uzağı bir neçə ayların hadisələrini bir-bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar.
Mübahisələr bəzən bir-birimizi qınamağa qədər, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digər ifratçılığa qədər müxtəlifləşən mülahizələr yalnız bir fikirdə yekdil olurlar: belə sonluğu heç kim gözləmirdi.
Bəli, doğrudan da, o zaman çox az adam
inana bilərdi ki, dövlət öz vətəndaşına,
dinc vətəndaşına belə divan tuta bilər. Yəqin
ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin
nağıllarda olduğu kimi, həmişə
Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövhük.
Amma bəzən Şər də qalib gəlir, qısa
müddətə də olsa. 20 Yanvar məhz Şərin Xeyirə qalib gəldiyi bir
an idi - qısa bir an. Bu Şərin gəldiyi
yol isə bir aylıq, iki aylıq yol deyildi. Bu - çox uzaqdan gələn bir
yoldu. Bu yol 1814-cü ilin “Türkmənçay”ından gəlir,
bu yol 1828-ci ilin “Gülüstan”ından keçir. Nəhayət,
bu yolun bizə ən yaxın döngəsi 1920-ci ilin 28
aprelindən başlamışdı. 30-cu
illərin qaranlıq dolanbaclarından, 40-cı illərin
ağrı-acılarından, 50-60-cı illərin ağır
məhrumiyyətlərindən keçib gəlmişdik 20
Yanvara.
Bütün
bunlar çox uzun və çox üzüntülü bir
hekayədir - azadlıqsevər bir məmləkətin, insanpərvər
bir millətin, məğrur bir xalqın əsarət hekayəsidir.
20 Yanvar isə bu hekayənin son fəslidir. Bu fəsildə də
qarşımıza Şər çıxmışdı.
Növbəti dəfə düşmənlərimizin
hiyləsi ilə bizi təhdid edən namərd
qonşularımız vətən torpaqlarımıza göz
dikmişdilər. Ölkəmizin ərazi
bütövlüyünə qarşı aparılan məkrli
fəaliyyətlər, riyakar qəsdlər, SSRİ rəhbərliyi
tərəfindən açıq-aşkar xalqımıza
qarşı yürüdülən düşmənçilik
siyasəti xalqımıza artıq imperiya boyunduruğunda
yaşamağın daha ağır fəlakətlərə
yol aça biləcəyini anlatmaqdaydı. Xüsusən,
1988-ci ilin martında Sovet İttifaqı Kommunist
Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər
Soveti tərəfindən dolayısı ilə Dağlıq
Qarabağın Azərbaycanın tərkibindən
çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
haqqında” Qərarın qəbul edilməsi və 1989-cu ilin
yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin
“Dağlıq Qarabağda Xüsusi İdarəetmə
Forması yaratmaq haqqında” fərmanı ölkəmizin ərazi
bütövlüyünün pozulmasına qarşı ermənilər
tərəfindən planlı şəkildə icra olunan tədbirlərin
birbaşa imperiya rəhbərliyi tərəfindən dəstəkləndiyini
göstərirdi.
Bütün
bunlarla eyni zamanda Ermənistan ərazisində yaşayan azərbaycanlıların
öz tarixi torpaqlarından qovularaq çıxarılması
və buna SSRİ rəhbərliyi tərəfindən göstərilən
“görməməzlik” soydaşlarımıza qarşı həyata
keçirilən etnik təmizləmə siyasətinin məhz
İttifaqın “yardımı və strategiyası” ilə
baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan
SSR rəhbərliyinin isə baş verən proseslərə
sanki heç bir şey olmamış kimi, seyrçi
münasibət göstərməsi, özünü “bilməməzliyə”
və “eşitməməzliyə” vurması, ümummilli
maraqların müdafiəsi yolunda heç bir əməli
addımın atılmaması xalqın əsəblərini
tarıma çəkmiş, onu sonsuz dərəcədə
hiddətləndirmişdi. Mübarizə meydanında tək qaldığını
görən Azərbaycan xalqının səfərbər
olmaqdan başqa çarəsi yox idi. Bütün ümidlər
haqsızlığa qarşı həmişə öz etiraz
səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən
qanı bahasına
qorumağa hər zaman hazır olan və monolit
gücünü öz milli varlığında hiss edən Azərbaycan
xalqına idi. Azərbaycanlılara qarşı məqsədli
şəkildə həyata keçirilən bu fitnəkar siyasət
öz hüquqları və ərazi bütövlüyü
uğrunda meydanlara atılmış həmvətənlərimizin
ürəklərində azadlıq
yanğısını daha da alovlandırmışdı.
Artıq xalq mövcud olduğu bütün müddətdə sovet imperiyasının
yürütdüyü repressiv siyasəti öz tarixinə və
milli mənliyinə vurulmuş bir ləkə kimi
görürdü. Azadlıq eşqi ilə yanan vətən
övladları bu ləkəni öz qanları bahasına da olsa yumağa
hazır idilər.
O zaman
xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda
obyektiv səbəblər mövcud idi. Mərkəzi
hökümət tərəfindən milli mənafeyimizə
zidd siyasətin yürüdülməsi, bu siyasətin
qarşısının alınması üçün
ölkə rəhbərliyi tərəfindən heç bir tədbir
görülməməsi xalqla hakimiyyət arasında
yaranmış uçurumu daha da dərinləşdirməklə
kütləvi etiraz dalğasının baş
qaldırmasına rəvac vermişdi. Belə bir məqamda
insanların haqlı etirazlarını dinləmək,
mövcud problemlərin siyasi yolla həll edilməsinə
yönəlmiş addımlar atmaq əvəzinə,
imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl
atması - onun anti-humanist təbiətini və ən iyrənc
yollarla belə həyata keçirməyə hər an hazır olduğu imperialist siyasətini tam
aydınlığı ilə ifşa etmiş oldu. Meydanlara öz haqq səsini ucaltmaq, milli
heysiyyatını və milli mənliyini qorumaq əzmi ilə
çıxan fədakar vətən övladları
bütün gözlənilməzliklərə hazır idilər. Amma heç kim
bu gözlənilməzlikləri gözləmirdi.
Çünki sovet rəhbərliyinin 70 il
bir dam altında yaşadığı öz vətəndaşlarına
qarşı bu qədər qəddarlıq nümayiş etdirəcəyi
ağlasığmaz görünürdü.
Ölməz
şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Axı,
heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi
Vətən hissi ilə çırpınan, əli
silahsız, özü günahsız olan bu atalar, analar,
balalar, özünü dost kimi, qardaş kimi qələmə
verən bir ordunun əlində qətlə yetirilsin”. Lakin inanmaq istədiyimiz xoş sonluqlu ehtimal
özünü doğrultmadı. Soyuq 20 yanvar səhəri
açılmağa macal tapmamış bəşər tarixinin
insanlığa sığmayan ən faciəvi hadisələrindən
biri - Bakı küçələrində dinc
nümayişçilərin gülləbaranı baş verdi:
Azərbaycana, nəyin bahasına olursa-olsun milli mücadiləni
boğmaq və yatırtmaq məqsədi
ilə yeridilən rus qoşunları Bakıda və
respublikanın müxtəlif rayonlarında 131 nəfər
mülki şəxsi küçələrdə, evlərində,
avtomobillərində, iş yerlərində qətlə
yetirdi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs
olundu.
O
müdhiş gecənin aydınlığa dönməsi
Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə
işıq saldı. Xalq düşmən
tankının tırtılları altında
parçalanmış, sinələri düşmən
güllələrindən deşik-deşik olmuş
övladlarını qan gölündə tapdı. Bu -
Azadlığın bərpasına gedən yolda ilk şəhidlərin
verildiyi 20 Yanvar səhəri idi. Nə qədər
hüznlü və acı olsa da, xalq öz qəhrəman
övladlarını son mənzilə yola salmağa
özündə güc tapdı. Haqq, azadlıq yolunda
şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli
idisə, düşmən silahının nişangahında Vətənin
şəhidlərini layiqincə son mənzilə yola salmaq da
bir o qədər
namus və şərəf məsələsi idi. Xalq sarsılmadı, əyilmədi, qorxmadı.
Qanlı
faciənin qurbanları azadlığı uğrunda can verdiyi
Vətən torpağına yüzminlərin çiyinlərində
daşındılar və müqəddəs torpaqda əbədiyyətə
qovuşdular. Bu
müqəddəs torpaq hələ əsrin əvvəllərində
öz Vətəninin azadlığı və ərazi
bütövlüyü uğrunda canını qurban vermiş
soydaşlarımızı öz qoynuna almışdı.
Bütöv bir xalqın istiqlalı uğrunda
şəhid olmuş azadlıq carçılarının dəfn
edildiyi Şəhidlər Xiyabanı bu dəfə də eyni
amal uğrunda mübarizəyə qalxmış qəhrəman
oğullarını öz bağrına basırdı. O
qəhrəman oğulları ki, ucaldıqları məbəddən
əbədi və dönməz olan istiqlaliyyət yolumuza hər
zaman şəfəq saçır. O günə qədər
yəqin heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda
bu qədər qərənfil var! Sanki o qərənfillər
“öz ayaqları ilə” şəhidlərin qəbri
üstünə sərilməyə gəlmişdilər.
Onlar şəhidlərin al qanıtək məzarların
üzərinə çıxıb bu torpağın və bu
torpaqda uyuyan vətən övladlarının sipərinə
çevrilmişdilər.
Həmin günün mənzərəsi faciəvi
olduğu qədər də möhtəşəmdir.
Azadlığımızın bərpası yolunda ilk şəhidlərin
verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın,
milli məfkurənin dönməz oyanışının əyani
təcəssümü idi. Baş verən hadisələr
xalqımızın azadlıq arzusunun, müstəqillik
idealının 70 il davam edən sovet hərb
maşınının repressiyasına rəğmən
sönmədiyini, əksinə, yeni güc
qazandığını bir daha nümayiş etdirdi. Bununla, Azərbaycan
xalqı zülmə, ədalətsizliyə, repressiyaya və
zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin
sarsılmazlığını təkcə imperiya rəhbərliyinə
deyil, bütün dünyaya göstərdi və
özünün milli azadlığı uğrunda mübarizəsinin
dönməz olduğuna şübhə yeri qoymadı.
Qəhrəmanlıqla
dolu keçmişi, dövlətçiliklik ənənəsi
olan, böyük bir coğrafiyada dövlətlər
yaratmış, yadellilərə qarşı səfərbər
olub birgə mübarizə aparmış, dünya mədəniyyət
xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfəsini vermiş bir millət
uzun müddət əsarət altında yaşaya bilərdimi?
Öz keçmişindən sanki qan damarları ilə
axıb gələn
vətən sevgisi, milli özünüdərk,
zülmə, ədalətsizliyə boyun əyməmək
kimi hisslərə malik olan bir
xalq öz çiyinlərində bu əsarətin
ağırlığını, ağrı-acısını
çoxmu çəkəcəkdi? İyirminci əsrin
əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə
dayanaraq Şərqdə ilk demokratik dövlət quran bir xalq
qısa zaman kəsiyindən sonra yenidən imperiya
caynağına düşməsini uzun müddət necə qəbul
edə bilərdi?! 20 Yanvar faciəsi,
sözün əsl mənasında, xalqımızın milli
özünü dərkində yeni bir mərhələnin
başlanğıcı oldu. Xalq öz qərarını
verdi: Yolumuz -Azadlıqdır!
Siyasi və
iqtisadi böhranlar məngənəsində boğulan və
boğulduqca daha da azğınlaşan, 70 il özünə
bayraq etdiyi kommunizm ideyalarının iflası artıq
heç kimdə şübhə doğurmayan və dayaqları silkələnməyə
başlayan Sovet imperiyası bu
hadisəni törətməklə nəyə nail olmaq istəyirdi?
Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində
imperiyanın ucqar bir ölkəsində əvvəlcədən
qurulmuş plan əsasında dinc nümayişçilərin
gülləbaran edilməsinə qərar verənlər nəyə
ümid edirdilər? Az sonra - imperiya
çökəndən sonra aydın olacaqdı ki, bu qərarı
verənlərin və bu faciəni törədənlərin
özlərinin də bu suallara cavabları yox imiş. Baş verənlər isə Azərbaycan
xalqının milli
mübarizə əzmini və iradəsini
sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisəsi
öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə
bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının
yenidən daha
böyük vüsətlə alovlanmasına və Sovet
İttifaqının süqutunun daha da sürətlənməsinə
rəvac verdi. Bu hadisə Sovet İmperiyası
üçün “sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər
ölkədə mövcud problemlərin, baş
qaldırmış etirazların siyasi yolla həll
olunacağına ümidlər hələ də qalmaqda idi.
Lakin bir nəslin yaşaya biləcəyi qədər
ömür yaşamış imperiya özü ilə həmyaşıd
olan vətəndaş nəslinin
böyüklü-kiçikli hamısına atəş
açmaqla bu ümidləri tamamilə al-üst etdi.
O zamana qədər
hələ də Azərbaycanın müstəqilliyinə
müəyyən qədər skeptik yanaşanlar da bu hadisənin
baş verməsi ilə artıq imperiya boyunduruğunda
yaşamağın qeyri-mümkünlüyünü dərk
etdilər və milli azadlıq hərəkatının aktiv
iştirakçılarına çevrildilər. Bu faciəvi olay onilliklər ərzində insanlara
sırınan “humanist” əsaslı kommunizm
ideologiyasının puçluğunu sübut etdi və məhz
bu hadisədən sonra kommunist partiyasından kütləvi
istefalar, cəmiyyətin bütün təbəqələri
tərəfindən müxtəlif formalarda ifadə olunan
etirazlar İttifaqın hər yerini bürüdü və
onun dayaqlarını sarsıtdı. Həmin ərəfədə
SSRİ-nin bir çox respublikalarında İttifaq əleyhinə
etirazlar baş qaldırmışdı. Gürcüstan
və Baltikyanı ölkələrdə də hərbi
qoşun hissələri tərəfindən dinc
nümayişçilərə qarşı silah tətbiq
olunmuşdu. Lakin Azərbaycanda baş
qaldıran etirazlara qarşı törədilmiş 20 Yanvar hadisəsi
öz qəddarlığı, misli görünməmiş vəhşiliyi
və dağıdıcı miqyası ilə əvvəlki
olaylardan çox fərqlənirdi.
Xüsusi
qəddarlıqla müşayiət olunan kütləvi qətliam
aktının həyata keçirildiyi müddətdə
SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər
naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin
Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən
planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin
fövqəladə vəziyyət elan edilmədən
Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm
də beynəlxalq hüquq normalarının kobud şəkildə
pozulması demək idi. “Bakı şəhərində
fövqəladə vəziyyətin tətbiq edilməsi
haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
yalnız qanlı cinayət hadisəsi törədildikdən
sonra elan edilmişdi. Görünür, imperiya rəhbərliyinin
xalqımıza qarşı qəzəb hissi o qədər
güclü və hərbi təcavüz həyata keçirmək
niyyəti o
qədər qəti idi ki, törətdiyi qeyri-insanlıq
aktına əvvəlcədən “hüquqi don” geyindirməyə
belə ehtiyac duymamışdı.
Baş
verəcək hadisələrin və faciənin miqyası barədə
məlumatların geniş xalq kütləsinə
çatdırılmasının qarşısını almaq
məqsədi ilə Azərbaycan televiziyasının enerji
blokunun partladılması da qanlı cinayət əməlinin əvvəlcədən
müəyyən edilən plan əsasında həyata
keçirildiyini bir daha göstərir. Bununla
Respublika televiziyası və radiosunun verilişləri tamamilə
kəsilmiş və bütün ölkə ərazisində
informasiyasızlıq mühiti yaradılmışdı.
Ancaq həmişə millətləri
qaranlıqda və məlumatsızlıqda idarə etməyə
alışmış düşmənlərimiz bilmirdilər
ki, bu zaman insanların səsini bir-birinə çatdıran,
o səsləri xalqın səsinə çevirən yenilməz
bir qüvvə vardı bu millətin canında. -
Onların Azadlıq sevgisi! Bu sevgini boğmağa isə
heç bir yumruğun
gücü çatmayacaqdı!..
İmperiyanın
zor gücünə söykənmiş siyasəti ilə Azərbaycan
xalqının məğrurluğu
və qırılmaz iradəsi qarşılaşarkən,
hansı tərəfin məğlubiyyətə düçar
olacağı əvvəlcədən aydın idi. Sadəcə,
Mixail Qorbaçov
və onun ətrafındakı cinayətkarlar bunu
anlaya bilməzdilər. Yarandığı gündən etibarən,
xalqımıza qarşı qərəzli siyasət
yürüdən sovet imperiyası belə bir qəddarlıq
aktı ilə özünün düşmənçilik “ənənəsindən”
əl çəkmədiyini bir daha göstərdi. Qorbaçov başda olmaqla, İttifaqın
bütün vəzifəli şəxslərinin ciddi heç
nə olmamış kimi davranmaları, törətdikləri
qanlı cinayəti ört-basdır etmək cəhdləri Azərbaycan
xalqına qarşı olan qərəzin və nifrətin
açıq təzahürü idi. Azərbaycan
SSR rəhbərliyinin qanlı olay barədə bəyanat belə
verməməsi, belə bir çətin anda xalqın dərdinə
şərik çıxmaması xüsusilə təəssüf
doğuran məqam idi.
“Xalqın
tələbi və bir qrup deputatın təşəbbüsü
ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il
yanvarın 22-də yanvar faciəsi ilə bağlı
çağırılmış sessiyasına respublikanın
bir sıra siyasi və dövlət rəhbərlərinin gəlməməsi
isə onların xalqın taleyinə biganə
qaldıqlarını, törədilmiş cinayətdə bu və
ya digər dərəcədə iştirak etdiklərini bir
daha təsdiq etmişdir. Respublika rəhbərliyi
hətta şəhidlərin dəfn mərasiminə gəlməyi
belə lazım bilməmişdi” (20 Yanvar faciəsinin 10-cu
ildönümü haqqında Azərbaycan Respublikası
Prezidentinin fərmanından, 16 dekabr 1999, ¹ 228). Bu fakt bir
daha hakimiyyətlə xalq arasında o zaman dərin
uçurumun yarandığını və hakimiyyətdə təmsil
olunan şəxslərin xalqın iradəsini ifadə etmək
iqtidarında olmadığını göstərirdi.
Qanlı
yanvar faciəsindən sonra bu hadisəyə verilən
reaksiyalar və ya ümumiyyətlə hadisəyə
münasibət bildirilməməsi kimin kim olduğunu və
kimin hansı məqsədə
xidmət etdiyini tam aydınlığı ilə göstərdi.
Xalqın taleyüklü bir anında ümummilli lider Heydər
Əliyevin ən
faciəvi günlərindən birini yaşayan Azərbaycanın
xalqının acısına şərik çıxması -
onun öz xalqına olan sonsuz məhəbbətinin
ifadəsi idi. Sovet qoşunlarının Bakıda törətdiyi
qanlı hadisə ilə bağlı elə ertəsi gün
Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək
öz xalqına başsağlığı diləyən Heydər
Əliyev, xüsusi qəddarlıqla törədilmiş cinayətin
təşkilatçılarını və
icraçılarını cəsarətlə ittiham etdi və
onların cəzalandırılmasını tələb etdi. Bu qanlı faciənin önlənə bilməsi
üçün bütün imkanların mövcud olduğu
bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini
kökündən yanlış addım kimi qiymətləndirən
Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının
iradəsini qırmağın mümkün
olmadığını və olmayacağını
açıq şəkildə bəyan etdi. Bütün
təhlükələrə baxmayaraq, xalqımıza
qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının
elə həmin gün
imperiyanın mərkəzindən bütün dünyaya
bəyan edilməsi -xalqımızın üzləşdiyi ən
çətin məqamlarda Heydər
Əliyevin ümummilli mövqedən çıxış etmək
cəsarətini, onun təkcə xalqın qələbələrinin
deyil, həm də dərdinin önündə
dayandığını bir daha sübut etdi.
Cinayətin
törədildiyi vaxtdan keçən illər ərzində 20 Yanvar hadisələrinə lazımi siyasi-hüquqi qiymətin
verilməməsi də vacib məsələlərdən biri
idi. Mövcudluğunun mahiyyətində zorakılıq və
hegemonluq daşıyan imperiyanın onun rəhbərliyi tərəfindən
verilən göstəriş əsasında baş
vermiş bəşəri cinayətə
hüquqi qiymət verə biləcək qədər səmimiyyətə
və iradəyə malik olmadığı əvvəlcədən hər bir azərbaycanlıya məlum
idi. Ona görə də 1990-cı ilin
dekabrında SSRİ Baş hərbi prokurorluğunun hərbi
qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə
bağlı əməllərində cinayət tərkibi
görməyərək işə xitam verməsi heç kimi
təəccübləndirməmişdi. Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən
faciəli olayların araşdırılması ilə
bağlı yaradılmış İstintaq
komissiyasının fəaliyyətinin heç bir nəticə
və heç bir əsas olmadan dayandırılması isə
təəccüb
doğurmaya bilməzdi. Bu o zamankı
ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə
siyasi-hüquqi qiymət verə bilmək iqtidarında
olmadığını nümayiş etdirirdi.
Təəssüf
ki, daha sonra 1992-ci ilin 19 yanvarında qəbul edilmiş
“1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə
qoşunların yeridilməsi ilə əlaqədar faciəli
hadisələrin təfsilatının və səbəblərinin
təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti
komissiyasının işinin yekunlarına dair” Azərbaycan
Respublikası Ali Sovetinin Milli Şurasının qərarında
da ölkənin ali qanunverici orqanının qeyd olunan
komissiyanın fəaliyyətinin qənaətbəxş
olması ilə kifayətlənməsi, qanlı hadisənin
sifarişçiləri və icraçılarının
göstərilməməsi Azərbaycan xalqına qarşı
törədilmiş ən ağır cinayətlərdən
biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə
görə qiymət verilmədiyini bir daha təsdiqlədi.
20 Yanvar
hadisələrinin təkcə xalqımıza qarşı
deyil, bütün insanlığa qarşı cinayət olduğunu sübut
etmək, faciə qurbanlarının hüquqlarının
müdafiəsini təmin etmək, axıdılmış
günahsız qanların baiskarlarının cəzalandırılması
üçün siyasi, hüquqi zəmin formalaşdırmaq
olduqca önəmli məsələ idi. Məhz buna görə
Prezident Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi haqqında” 5 yanvar
1994-cü il tarixli fərmanında Azərbaycan Respublikası
Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə
qəbul olunmuş müvafiq qərarda yanvar hadisələrinin
əsl səbəblərinin açıqlanmadığı və
həqiqi günahkarların aşkar edilmədiyi nəzərə
çatdırıldı və Azərbaycan
Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə
tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə
Milli Məclisin xüsusi sessiyasının keçirilməsi tövsiyə edildi.
Beləliklə, Azərbaycan Respublikasının Milli Məclisi
20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə
müvafiq olaraq, 1994-cü ilin martında xüsusi qərar qəbul
etdi. Bu qərarın qəbul edilməsinin əhəmiyyəti
ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi
naminə küçələrə çıxmış
silahsız adamların qəddarcasına qətlə yetirilməsi
hərbi təcavüz və cinayət kimi qiymətləndirildi,
qanlı faciənin sifarişçiləri və icraçıları
açıq şəkildə bəyan edildi və bu cinayətin
istintaqını həyata keçirən hüquq mühafizə
orqanlarının fəaliyyətinin qənaətbəxş
olmadığı bildirildi. Bununla da, nəhayət
ki, qanlı faciəyə dövlət səviyyəsində
münasibət bildirilməsi təmin edildi.
Faciədən
24 il keçir. “Əbədi, dönməz
və sarsılmaz” müstəqilliyimizin
işığında yaşayan xalq hər il
yanvarın 20-də Şəhidlər Xiyabanına üz tutur,
azadlığımızın qandallarını
sındırmış şəhidlərimizi ehtiramla yad edirlər.
Şəhidlər Xiyabanını ziyarətə
gələn yüz minlərlə həmvətənimiz
azadlığımız uğrunda şəhid olmuş
soydaşlarımızın məzarı qarşısında
baş əyərək onların xatirəsini əziz tuturlar.
Prezident İlham Əliyevin Şəhidlər Xiyabanını
ziyarət edərkən vurğuladığı kimi: “Azərbaycan
xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, vətən
uğrunda özlərini qurban verən şəhidlərimizin
hamısının xatirəsini həmişə qəlbimizdə
yaşatmalıyıq. Hesab edirəm ki,
bugünkü müstəqil, qüdrətli Azərbaycan
xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban
vermiş insanların bu işdə böyük xidməti
olubdur. Bu da heç vaxt yaddan
çıxarılmamalıdır.”
Bəli, şəhidlər unudulmaz. Onlar xalqın
azadlığı yolunda canlarından da keçməyə hazır
olduqlarını göstərdilər və bu yolu getdilər.
Ölümə gedən yollar onları ölməzliyə
- əbədiyyətə, xalqımızı isə əbədi
azadlığa qovuşdurdu. Bu bir tarixdir.
Şərəfli bir tarix. Tarix
isə onu unudanları bağışlamır.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə
doktoru
Xalq qəzeti.-
2014.- 19 yanvar.- S. 3.