Türkiyə
mediası: 20 Yanvar Azərbaycan türklərinin
şan və şərəf günüdür
Son illər qüdrətli Azərbaycan Respublikasının apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizə dair həqiqətlər dünya birliyinə daha sıx şəkildə çatdırılmaqda, bu sahədə uğurlu addımlar atılmaqdadır. Zaman-zaman yadelli güvvələr tərəfindən “Odlar yurdu”nun başına gətirilən müsibətlər, xarici havadarlarına güvənən ermənilərin törətdiyi sistemli soyqırımlar dünyanın bir sıra kütləvi informasiya vasitələrində yayılır, beynəlxalq ictimaiyyət bu yolla məlumatlandırılır.
20 Yanvar faciəsi də Azərbaycan tarixinin qanlı səhifələrindən biridir və bu səhifədə xalqımızın hünərpərvərliyini, qəhrəmanlığını göstərən bir çox xüsusu məqamlar vardır. “Xalq qəzeti”nin siyasi-analitik qrupunun üzvü Rauf Əliyev — Kəngərlinin qardaş Türkiyənin nüfuzlu “Milliyət” qəzetinin bloq saytında (http://blog.milliyet.com.tr/20-ocak—azerbaycan-turkunun-san-ve-seref-gunu/Blog/?BlogNo=444728, www.turkbirligi.net saytında (http://turkbirligi.net/raufaliyev_yazilari.asp?goster=dos&id=9) və digər internet resurslarında “20 Yanvar - Azərbaycan türkünün şan və şərəf günü” adlı məqaləsi yayınlanıb. Həmin məqaləni “Xalq qəzeti”nin oxucularına təqdim edirik:
...20 yanvar 1990-cı il. Bu tarix qədim Azərbaycanın şanlı tarixində və xatirələrimizdə həm faciə, həm də zəfər günü kimi qalacaqdır. Bu günü zəfər günü adlandırırıq, ona görə ki, əliyalın Vətən övladları dünyanın ən böyük dövlətlərindən birinin — Sovet imperatorluğunun təpədən-dırnağadək ən müasir silahlarla silahlanmış ordusuna qarşı qorxmadan, cəsarətlə müqavimət göstərdi, “azadlıq” deyərək haykırdı, şərəfli ölümü qul kimi yaşamaqdan üstün tutdu.
Bir vaxtlar Anadoluda alovlanan azadlıq mücadiləsi bu dəfə Cənubi Qafqazda — Azərbaycanda alovlandı, milli özünüdərketmə prosesi getdi, insanlar arasında həmrəylik ən yüksək həddə çatdı. Azərbaycanlılar Sovet imperiyasının bütün qadağalarına və təhdidlərinə baxmayaraq azadlıq şüarını əlində bayrağa çevirdi, bunu bütün dünyaya duyurmağa çalışdı. Türkiyənin, türk dünyasının böyük şairi Mehmet Akif Ərsoyun Vətən sevgisiylə, ürək yanğısıyla qələmə aldığı şeirində olduğu kimi:
Mən əzəldən
bəridir hür yaşadım, hür yaşarım,
Hansı
çılğın mənə zincir
vuracaqmış?! Şaşarım!
Kükrəmiş
sel kimiyəm, bəndimi çiğnər,
aşarım,
Yırtarım
dağları, ənginlərə sığmam,
taşarım.
20 Yanvar gününü həm də faciə günü kimi xatırlayırıq. Ona görə ki, o müdhiş gecədə yüzlərlə silahsız və günahsız Azərbaycan türkü vəhşicəsinə qətlə yetirildi. Həqiqətən də, əgər bir dövlət öz vətəndaşlarını amansızcasına qətlə yetirirsə və bu qətliamın miqyası bütöv bir şəhəri əhatə edirsə, ölənlər arasında təkcə gənc müqavimətçilər deyil, uşaqlar, qadınlar, qocalar da vardırsa, bundan daha böyük faciə ola bilərmi?
1990-cı ilin yanvar hadisələrində Azərbaycan xalqı Sovetlərin son rəhbəri Mixayıl Sergeyeviç Qarbaçovun türk düşmənçiliyi ilə yoğrulmuş siyasətinin ölkəmiz üçün hansı acınacaqlı nəticələr doğuracağının bir daha şahidi oldu. Azərbaycan xalqı və dünyanın tərəqqipərvər qüvvələri bir daha anladı ki, humanizm prinsiplərini özünün əsas ideoloji xətti kimi bəyan edən SSRİ-i, əslində, çox qəddar metodlarla idarə olunan vəhşi təbiətli bir imperatorluqdur. Bundan əvvəl Qazaxıstanda və Gürcüstanda günahsız insanların qətlə yetirilməsi də bu həqiqətləri sübuta yetirirdi. Bu vəhşilik sovet imperiyasının, həm də əsarətində saxladığı millətləri qorxutmaq siyasətinin əsasını təşkil edirdi. Səbəb nə olursa-olsun, Azərbaycan türkləri Bakıda törədilən qırğınları heç vaxt unutmayacaq, bu hadisə bizim və gələcək nəsillərin yaddaşında sovet qoşunlarının zalımlıqla törətdiyi qırğınlar kimi qalacaqdır.
Hadisə belə baş vermişdi: 1990-cı il yanvar ayının ortalarından başlayaraq nümayişlərdə qətiyyətlə dövrün Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Tələb daha “yaxından duyulsun” deyə mitinqlərin yeri də dəyişdirilmiş, aksiya iştirakçıları Mərkəzi Komitənin binasının qarşısına qədər gəlmişdilər. Həqiqətən cəmiyyətdə gərginlik hər keçən gün artır, etirazçılar daha sərt çıxışlar etməyə başlayırdılar...
Azərbaycan torpaqları üzərində yox yerdən Ermənistan adlı saxta coğrafi ərazi yaradan ermənilərin bu dəfə də Dağlıq Qarabağa iddialı olmaları bütün Azərbaycan türklərini qəzəbləndirmişdi. Xüsusilə, gənclərimiz könüllü olaraq ermənilərə qarşı döyüşmək üçün avtobuslarla Qarabağa getmək istəyir, müharibə çağrışlarının sayı hər keçən gün artırdı. Sumqayıtda törədilən erməni təxribatları və bir çox digər hadisələr isə, guya qayda-qanunu bərpa etmək üçün SSRİ ordusunun təkrar Bakıya yeridilməsinə zəmin hazırlayırdı. Bundan xəbər tutan bəzi vətənpərvər gənclərimiz xalqı sovet ordusuna müqavimət göstərməyə səsləyirdi...
Əslində, Bakıda bir çoxları şəhərdə qırğın törədilə biləcəyi ehtimalının yüksək olduğunu bilirdi. Amma heç kim hadisələrin gedişatını dəyişdirmək gücündə deyildi. Şəhərin girişində barrikadalar quran əli silahsız gəncləri bu işləri görməyə vadar edən, buraya gətirən isə azadlıq eşqi idi. Həmin günlərdə hər birimizin ortaq dərdi Dağlıq Qarabağ problemi və azadlığın qazanılmasıydı...
Bu, beləydi. Ancaq silah olmadan dünyanın ən güclü ordularından biri olan SSRİ ordusuna müqavimət göstərmək mümkünmüydü? O vaxtlar heç kəs bunu düşünmürdü. Belə olan halda bir çox insanın, Vətən, millət fədaisi olan gənclərimizin şəhid olma ehtimalı artıq qaçılmaz idi. Buna baxmayaraq, gənclər heç nədən qorxmur, necə deyərlər, gülə-gülə ölümə gedirdilər...
19 Yanvar 1990-cı il gecə saatlarında Bakı səmasında ani bir işıqlanma oldu. Rus və ermənilərdən ibarət olan 26 minlik SSRİ ordusu Bakı üzərinə hücuma keçmişdi. Şahidlərin sözlərindən belə anlaşılırdı ki, əsgərlərə hər cür vəhşilik törətməyə tam icazə verilmiş, bəlkə də onlar bu barədə xüsusilə təlimatlandırılmışdılar. Hərbçilərin böyük əksəriyyətinin ermənilərdən ibarət olması isə hər şeyi açıqlayırdı: Türk düşmanı olan millətçi ermənilər Bakıya türk qanını içməyə gəlmişdilər.
Sovet tankı küçədə barrikada quran gənclərə doğru sürətlə yaxınlaşırdı. Birdən bir qrup gənc çiyin-çiyinə verərək tanka doğru addımlamağa başladılar. Yəqin inanırdılar ki, tank dayanacaq, onları əzməyəcək. Təəssüf ki, belə olmadı. Və gənclər tankın tırtıllarının altında qalaraq əzildilər. Bu zaman tankın üzərindəki iriçaplı silahlardan da hər tərəfə atəş açılırdı. Savaş meydanına dönən Bakı küçələrində sivil silahsız insanların qanı su yerinə axıdılırdı.
İşıqsaçan xüsusi silahların təsiri ilə şəhərdə hava birdən işıqlanır və yenə qaranlıq çökürdü. Elektriklər kəsildiyinə görə havada uçuşan güllələrin hansı istiqamətə yönəldiyini açıq-aşkar görmək mümkün idi. Sovet əsgərləri yaşayış evlərinə, binalara da atəş açırdılar. Dəhşət idi. Bizlərə sülh ordusu kimi təqdim olunan “Qızıl Ordu” dinc əhalini ucdantutma qırırdı. Bakının bütün küçələrindən fəryad səsləri yüksəlirdi. Bir neçə gənc yaralıları etibarlı bir yerə aparmağa çalışır, güllə yarası almış insanların iniltiləri insanı dəhşətə gətirirdi. Bunu görən əsgərlər yaralıları da, onları aparmağa çalışanları da, köməyə gələn təcili yardım maşınını da gülləboran etdilər.
Qanlı Yanvar gecəsində itkilərimiz çox ağır oldu: 140-dan çox Azərbaycan türkü şəhid oldu, 700 nəfərədək insan heç bir məlumatsız itgin düşdü. Yüzlərlə adam yaralandı, şikəst oldu. Bəzisi iki qolunu, bəzisi ayaqlarını itirdi, bəzisi isə dünya işığına həsrət qaldı. Belə bir dəhşətli gündə Azərbaycan dünyadan təcrid edilmiş, tək qalmışdı.
Gözlənilməz bir anda Moskvada DTK nəzarətində saxlanılan böyük türk oğlu Heydər Əliyev elə imperatorluğun paytaxtında cəsarətlə hadisələri pislədi. O, oğlu və silahdaşı İlham Əliyevlə və digər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin göstərişi ilə Bakıda törədilən qırğınları qınadı, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşısında hadisələrin iç üzünü açıb göstərdi, sovet rəhbərliyini ifşa etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin günahkarlarının cəzalandırılmasını tələb etdi. Daha sonra o, etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
Türk dünyasının böyük oğlu doğulub boya-başa çatdığı Naxçıvana qayıtdıqdan və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildikdən sonra da bu məsələni diqqətdə saxladı. Məhz onun təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1994-ci ildə Azərbaycan Milli Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinə nail oldu.
Bəli, Azərbaycanda Qanlı Yanvar faciəsi kimi xatırlanan 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi oldu. Qeyd etdiyimiz kimi, 20 Yanvar Azərbaycan xalqının tarixində, təkcə faciə günü kimi deyil, millətimizin şan və şərəf günü kimi yaddaşlarda yaşayır. O gün tökülən şəhid qanları bir mənada milli oyanış günəşinin qırmızı şəfəqlərinin əksinə çevrilmişdi. Məhz buna görədir ki, bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkanımız var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanla müharibədə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.
Hər il
yanvarın 20-də minlərlə insan
buranı ziyarət edir, Vətənin
azadlığı və istiqlalı uğrunda
canlarından keçmiş Azərbaycan
övladlarının əziz xatirəsini ehtiramla
yad edirlər. İllər ötsə də,
nəsillər dəyişsə də, şəhidlərimizin
xatirəsi ürəklərdə əbədi olaraq
yaşayacaqdır.
Xalq qəzeti.- 2014.- 19 yanvar.- S. 7.