SOCAR-AQŞ
ötən il bir
sıra yeni uğurlara
imza atmışdır
Azərbaycanın neft sənayesinin inkişafına mühüm töhfələr verən SOCAR-AQŞ birgə müəssisəsi əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sifarişçi təşkilatlar tərəfindən qarşıya qoyulmuş bütün öhdəlikləri qəzasız, xətasız və səmərəli qazma əməliyyatları həyata keçirərək uğurla yerinə yetirmişdir. Belə ki, ötən il müəssisənin kollektivi 16900 metr əvəzinə, 18002 metr qazma işi həyata keçirərək plana 106,5 faiz əməl etmişdir. Hesabat dövründə nəzərdə tutulmuş 5 quyu əvəzinə 6 quyu tikinti ilə təhvil verilərək bu sahədə illik plan 120 faiz yerinə yetirilmişdir.
Bahar Enerji əməliyyat şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı Bahar və Qum dəniz yataqlarında qazma işlərini aparmaq üçün imzalanmış əməkdaşlıq müqaviləsi də 2013-cü ilin ən yaddaqalan uğurlarından olmuşdur. Xatırladaq ki, artıq bu yataqlarda 2 quyu qazılaraq sifarişçiyə təhvil verilmiş, 4 quyuda yeraltı təmir işləri həyata keçirilmişdir. Hazırda isə daha bir quyuda qazma əməliyyatları davam etdirilir.
2013-cü ilin oktyabrından SOCAR-AQŞ Azərbaycanda Günəşli yatağının dayaz hissəsində ilk dəfə olaraq 13 saylı platformadan 350 saylı horizontal istismar quyusunun qazılmasına başlamış və burada tikinti işlərini uğurla yekunlaşdırmışdır. Bu quyunun qazılması Azərbaycanın qazma sənayesi tarixində unikal hadisə kimi əlamətdar olmuşdur. Belə ki, ilk dəfə olaraq məhz bu layihənin reallaşdırılması məqsədilə Uralmaş 6000 PEM qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan yuxarı intiqallı qurğu TopDrive quraşdırılmışdır. Horizontal quyunun milli qazma müəssisəsi tərəfindən qazılması isə, heç şübhəsiz, təqdirəlayiq haldır. Xatırladaq ki, layihə dərinliyi 3450 metr olan 350 saylı quyu Fasilə Lay Dəstəsinə maksimum 84 dərəcə bucaq altında qazılmışdır.
Müəssisə ötən il sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində də yüksək uğurlara imza atmışdır. Belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməmiş, 3565 ton həcmində polimer-kimyəvi və neft əsaslı qazma şlamı və 1416 kubmetr həcmində müxtəlif məişət tullantıları toplanılaraq çeşidlənmiş və ulitizasiya edilmişdir. Bununla yanaşı, əməkdaşların peşə biliklərinin və bacarıqlarının artırılması məqsədilə yerli və xarici mütəxəssislər tərəfindən 33222 adam-saat təlim keçirilmişdir.
Bundan əlavə, 2013-cü
ildə
SOCAR-AQŞ Azərbaycanın kollec,
peşə
məktəbləri və
ali təhsil müəssisələrinin
tələbələri üçün Yay istehsalat təcrübə proqramını elan etmişdir. Proqramın tətbiqində əsas məqsəd neft və qaz sektorunda
karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin
müxtəlif struktur
bölmələrinin işlərində
yaxından iştirak etmək və təcrübə qazanmaq imkanı yaratmaqdan ibarət olmuşdur. 15 tələbə 2 aylıq
istehsalat təcrübəsi
keçmək hüququ
qazanaraq müəssisə
tərəfindən sertifikatla
təltif olunmuşdur.
Bununla yanaşı, proqramın icrasında daha çox fəallıq nümayiş etdirən tələbələr müəssisənin
işçi heyəti
sıralarına qəbul
edilmişdir.
M. YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 22 yanvar.- S. 13.