Azərbaycan
Memarlıq və İnşaat Universitetində
20 Yanvar şəhidlərinin xatirəsi yad edilmişdir
Yanvarın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının foyesindəki “Şəhidlərin xatirə guşəsi” önündə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş mərasim keçirildi.
Mərasimi giriş sözü ilə açan universitetin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə xanım Məmmədova tarixdə misli görünməmiş 20 Yanvar faciəsinin başvermə səbəblərindən və ağır nəticələrindən danışdı.
O qeyd etdi ki, erməni millətçilərinin Azərbaycana qarşı heç bir əsası olmayan ərazi iddialarına etirazını bildirmək məqsədilə küçələrə çıxmış əliyalın insanların üzərinə təpədən-dırnağadək silahlanmış sovet qoşun hissələrinin yeridilməsi, onların gülləbaran edilməsi dəhşətli faciəyə səbəb olmuşdur.
Rektor çıxışında 1990-cı ilin o qanlı-qadalı yanvar günlərində canlarını Vətən yolunda qurban vermiş övladlarımız arasında universitetimizin 2 tələbə və 2 məzunu olduğunu da ürək ağrısı ilə qeyd etdi.
20 Yanvar faciəsini sovet imperiyasının Azərbaycan xalqına qarşı ən qatı cinayəti adlandıran Gülçöhrə Məmmədova onu da əlavə etdi ki, xalqımızın başına gətirilən bu qanlı aksiyaya ilk hüquqi-siyasi qiymət verən, bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək sovet hakimiyyətinin bu əməlinə etirazını bildirən ulu öndərimiz Heydər Əliyev oldu. O, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Rektor çıxışının sonunda bildirdi ki, 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızı mənəvi cəhətdən sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.
Mərasimdə çıxış edənlərdən ictimai fənlər kafedrasının dosenti, əməkdar müəllim Bəhram Avılov və tikinti-iqtisad fakültəsinin III kurs tələbəsi Günay Məmmədova da 20 Yanvar faciəsindən söhbət açdılar. Çıxışlarda qeyd olundu ki, 1990-cı ilin 20 Yanvar hadisələri imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirdi.
Akif HACIYEV
Xalq qəzeti.- 2014.- 22 yanvar.- S. 14.