2013 – Azərbaycan idmanı tarixində
medallarla ən zəngin il
Ötən
il həmvətənlərimizin beynəlxalq
yarışlarda 782 dəfə fəxri kürsüyə
yüksəlmələri ölkədə idmana dövlət
qayğısının daha bir parlaq təzahürüdür
Azərbaycan
idmançıları artıq tarixin növbəti səhifəsinə
çevrilmiş 2013-cü ili yüksək
nəticələr və təbii ki, yaxşı əhval-ruhiyyə
ilə başa vurmuşlar. Həmvətənlərimiz ötən
il müxtəlif miqyaslı yarışlarda, o cümlədən
dünya və Avropa çempionatlarında, Ümumdünya
Universiadasında, İslam Həmrəyliyi Oyunlarında və
digər mötəbər startlarda üst-üstə 782 medal
qazanmışlar ki, bu da ölkəmizin idman tarixində rekord
göstəricidir.
İdmanımızın
ən yaxşı nümayəndələrinə təqdim olunmuş medallardan
280-i qızıl, 233-ü gümüş, 269-u isə
bürünc mükafat olmuşdur. Müqayisə üçün diqqətinizə
çatdıraq ki, ötən il 2012-ci ildəkindən (735
medal) 47 artıq medal qazanılmışdır. Sevincini
yaşadığımız 782 medaldan 296-sı, o cümlədən
101 qızıl mükafat olimpiya növləri üzrə
yarışlarda, 486-sı qeyri-olimpiya növləri üzrə
turnirlərdə əldə olunmuşdur. Bu isə
bizdə idmanın olimpiya və qeyri-olimpiya növləri
arasında heç bir fərq qoyulmadığını,
onların hamısının inkişafına gündəlik
qayğı və diqqət göstərildiyini təsdiq edir.
Bu gün
geriyə boylanıb 2013-cü ildə keçilmiş yolu,
qazanılmış nailiyyətləri xatırlayarkən ilk
növbədə böyüklər arasında cüdo və boks üzrə dünya çempionatları
yada düşür. Avqustda tatami ustamız Elxan
Məmmədov əfsanəvi Pelenin vətəni Rio-de-Janeyroda
təşkil edilən dünya çempionatında 100 kq
çəki dərəcəsində bütün rəqiblərindən
yaxşı hazırlıq və yüksək ustalıq
nümayiş etdirərək ölkəmizə qızıl
medal qazandırdı.
Tarixi
nailiyyət idi! Cüdonun Azərbaycanda inkişaf etdirildiyi
uzun illər ərzində heç vaxt təmsilçimiz bu
növdə dünya çempionu ola bilməmişdi.
Bu boşluğu uzaq Braziliyada Məmmədov
doldurdu. İndi dünya idmanında ən parlaq simalardan
biri olan Elxan əvvəllər dünya çempionatında
bürünc mükafat qazanmış, digər mötəbər
yarışlarda, o cümlədən “Qran-Pri”lərdə fərqlənmiş,
Pekin və London Olimpiya Oyunlarında ölkəmizin şərəfini
qorumuşdu. Ötən il avqustun 31-dən
isə o, Azərbaycanda cüdo üzrə ilk dünya
çempionu adı daşımağa
başlamışdır.
Elxan Məmmədovun fəxri kürsünün zirvəsinə
məhz Rio-de-Janeyroda yüksəlməsi çox yaxşı
əlamətdir. İki ildən sonra XXXI Yay Olimpiya
Oyunları məhz bu şəhərdə təşkil
olunacaq və belə hesab edə bilərik ki, təmsilçilərimiz
Olimpiada - 2016-ya aparan yolda artıq öz kəsərli sözlərini
demişlər.
Cüdo kimi çox sevimli və populyar idman növündə
Olimpiya oyunları çempionlarımız var idi. Barselona - 22-də Nazim
Hüseynov Müstəqil Dövlətlər Birliyinin
yığma komandası heyətində bu növdə ilk azərbaycanlı
olimpiya çempionu kimi tarixə düşmüşdü,
Pekin - 2008-də Elnur Məmmədli müstəqil Azərbaycan
Respublikasına olimpiya
qızılı qazandırmışdı. Bu
gün isə bütün ölkəmiz cüdoçu
dünya çempionumuzun uğurundan böyük qürur
duyur.
Boksçularımız böyük qələbənin
sevincini Qazaxıstanın keçmiş paytaxtı Almatıda
yaşadılar. Orada keçirilən dünya
çempionatında birdən-birə üç rinq
ustamız çıxışlarını medalla başa
vurdu. Məhəmmədrəsul Məcidov
(91 kq-dan yuxarı) və Cavid Çələbiyev (56 kq)
çempion adı qazandılar, Teymur Məmmədov (91 kq)
bürünc mükafatçı oldu.
Əgər
Məcidovla Məmmədov əvvəllər də dünya
rinqində fərqlənməyi, 2011-ci ildə
paytaxtımızda böyük maraq və xoş bir həyəcanla
izlədiyimiz dünya çempionatında müvafiq surətdə
qızıl və gümüş medallar qazanmağı
bacarmışdılarsa, Çələbiyev öz idman həyatında
ən böyük hünəri məhz Qazaxıstanda göstərmiş, belə mötəbər
yarışda əla nəticəsi və qızıl
medalı ilə hamını yaxşı mənada təəccübləndirmişdir.
Cüdo kimi, boksun da dünya idmançılarının ən
ali məclisi Olimpiya oyunları
proqramında xüsusi yeri olduğunu nəzərə alsaq,
gündən-günə yaxınlaşmaqda olan Rio-de-Janeyro
Olimpiadasını böyük nikbinliklə gözləyə
bilərik.
Azərbaycan boksçularının olimpiya
sınaqlarında da baş rollardan birini oynayacaqlarına
ümid etməkdə haqlıyıq. Ölkədə digər
növlər kimi, boksun da inkişafı üçün
yaradılmış gözəl şərait belə bir qənaətə
gəlməyə, çempionlarımızın
sıralarının durmadan genişlənəcəyinə,
medallarımızın sayının artacağına ümid
etməyə ciddi əsas verir. Yığma
komandamızın Almatıda dünya çempionatında
ümumi hesabda Qazaxıstan və Kubadan sonra
üçüncü yeri tutması çox şeyə
sübutdur.
Bax beləcə,
Məcidov 2013-cü illə ikiqat dünya çempionu kimi
vidalaşdı, Çələbiyev də həyatında ən
mötəbər qələbəsinə ötən il sevindi, Məmmədov isə dünya
çempionatlarının ikiqat mükafatçısı
oldu. Əgər Məhəmmədrəsulla
Teymurun London Olimpiadası - 2012-dən Azərbaycana
bürünc medalla qayıtdıqlarını da xatırlasaq,
rinq ustalarımız, həqiqətən, əsl yüksəliş
dövrü yaşayırlar.
Bu
üç boksçu və cüdoçu Elxan Məmmədov
2013-cü ili bir də ona görə həmişə
xoş əhval-ruhiyyə ilə xatırlayacaqlar ki, respublika Gənclər
və İdman Nazirliyinin mütəxəssisləri ilin ən
yaxşı on idmançısını müəyyənləşdirərkən
onların adlarını birincilər sırasında çəkmişlər.
Yeri gəlmişkən,
həmin siyahıda ötənilki uğurlarından
böyük zövq aldığımız
idmançılarla yanaşı, digər cüdoçu,
dünya çempionatının bürünc mükafatçısı
Orxan Səfərov, sərbəst güləş üzrə
dünya çempionatının finalçısı Xetaq
Qazyumov, ağırlıqqaldıranların dünya
çempionatında bürünc medal qazanmış Firudin
Quliyev, onun kimi dünya çempionatında fəxri
kürsünün bürünc pilləsinə yüksəlmiş
taekvandoçu Radik İsayev, paralimpiyaçılar
arasında cüdo üzrə ikiqat Avropa çempionu İlham
Zəkiyev və ili Avropa çempionu kimi başa vurmuş
karateçi Rafael Ağayev də yer almışlar.
Ötən ilin ən mötəbər kompleks
yarışları Kazanda (Rusiya) keçirilmiş
Ümumdünya Yay Universiadası və İndoneziyanın
Palemanqa şəhərində təşkil olunmuş
İslam Həmrəyliyi Oyunları da idmanımızın
böyük qələbələri ilə yadda
qalmışdır. İstər Tatarıstan paytaxtında universiada dəsrlərindən
əla qiymətlər alaraq 4 qızıl, 5 gümüş və
7 bürünc medal qazanmış tələbələrimiz,
istərsə də İndoneziyada starta çıxan
idmançılarımız ölkəmizin idman şərəfini
layiqincə qorumuş, Azərbaycanın idman tarixinə yeni
parlaq səhifələr yazmışlar.
Təsadüfi
deyil ki, nümayəndə heyətlərimiz Ümumdünya
Universiadasından və İslam Həmrəyliyi
Oyunlarından qayıtdıqdan sonra ölkə
başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab
İlham Əliyev idmançıları və onların məşqçilərini
qəbul edərək, qazandıqları uğurları
yüksək qiymətləndirmiş, idmanımızın
beynəlxalq nüfuzunu daha da artırdıqları
üçün onlara təşəkkürünü
bildirmiş, çempionlara və mükafatçılara
yeni-yeni qələbə və medallar arzulamışdır.
Prezident İlham Əliyevin ötən ilin noyabr
ayında kişilərdən ibarət şahmat
komandamızın üzvləri ilə görüşü də
uzun müddət xatirələrdən silinməyəcək. Şəhriyar Məmmədyarov,
Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və
Qədir Hüseynovdan ibarət komandamız Varşavada 40-a qədər
ölkənin iştirakı ilə keçirilən Avropa
çempionatında Azərbaycanı qızıl medallarla
sevindirmiş və qrossmeysterlərimiz Polşa paytaxtından
Bakıya qayıdan kimi respublikamızın rəhbəri
çempionları qəbul edib onları böyük qələbə
münasibətilə təbrik etmişdi.
Xatırladaq ki, Varşavada müvəffəqiyyətdən
sonra Azərbaycan komandası ikiqat Avropa çempionu
olmuşdur.
Mahir şahmat ustalarımız 2009-cu ildə Serbiyanın
Novi-Sad şəhərində keçirilmiş qitə
birinciliyində qazandıqları uğuru dörd il sonra Polşada inamla təkrar etdilər.
Təəssüf ki, yeni ilin ilk günlərində
ölkəmizin ən nüfuzlu şahmatçılarından
biri, 2009-cu ilin çempion komandasının üzvü, beynəlxalq
qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfat etməsi
şahmat qələbəsindən doğan sevincə bir kədər
çaları da qatdı.
Şahmat komandamızın 2013-cü ildə Azərbaycanın
ən yaxşı komandası hesab edilməsi də
düzgün seçimdir. Yeni ildə də
qrossmeysterlərimizi, xüsusən də onların lideri Şəhriyar
Məmmədyarovu bir sıra məsul yarışlar gözləyir.
Ötən il sürətli şahmatda
dünya çempionu olmuş, FİDE-nin “Qran-Pri”
yarışlarının yekununda iddiaçıların bu
ilin mart ayında keçiriləcək turnirinə vəsiqə
qazanmış Məmmədyarov planetin ən hörmətli
qrossmeysterlərindən biri kimi öz böyük
uğurlarını daha da artırmaq əzmindədir.
Bütün əvvəlki illərdə olduğu kimi,
2013-cü ildə də Azərbaycanda yeni-yeni olimpiya idman
kompleksləri inşa edilib gənclərin istifadəsinə
verilmiş, idmanın maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Hazırda
respublikamızda fəaliyyət göstərən 40-dan
çox bir-birindən yaraşıqlı kompleks idmanın,
demək olar, bütün növlərinin nümayəndələrinə
təcrübəli məşqçilərin rəhbərliyi
altında səmərəli məşq etmək, öz
ustalıqlarını artırmaq imkanı verir. İdman komplekslərinin böyük zövqlə,
beynəlxalq tələblər səviyyəsində inşa
olunması xarici mütəxəssislər tərəfindən
də yüksək qiymətləndirilir. Bununla əlaqədar
məşhur qrossmeyster, Gürcüstan gənclər və
idman nazirinin müavini Zurab Azmayparaşvili ötən il müsahibələrindən birində
demişdir ki, Azərbaycanda əksər idman kompleksləri
yenidir və XXI əsrin standartlarına uyğun inşa
edilmişdir. Novi-Sadda Avropa çempionu adı qazanmış
şahmat komandamızın kapitanı olmuş
Azmayparaşvilinin həmin müsahibədə söylədiyi
daha bir fikir də bizim üçün çox qiymətlidir:
Mən bir şahmatçı kimi hesab edirəm ki, 2016-cı
ildə Ümumdünya Şahmat Olimpiadasını keçirmək
hüququ qazanması Azərbaycanın ən böyük
nailiyyətidir.
Həqiqətən, Azərbaycan idmanı əsl
inkişaf, tərəqqi, böyük qələbələr
yolundadır və bu yolun bundan sonra da yüksək fəallıq,
işgüzarlıq, ruh yüksəkliyi şəraitində davam
etdirilməsi üçün yaxşı zəmin
yaradılmışdır. Elə
idmanımızın 2014-cü ilə uğurla
başlaması da olduqca xoş əlamətdir. Yeni ilin birinci həftəsində Azərbaycanın
qadınlardan ibarət milli voleybol komandası Bakıda
keçirilən dünya çempionatının seçmə
turnirində Serbiya, İsrail və Estoniya yığmaları
ilə mübarizədə hər üç rəqibinə
qalib gələrək final mərhələsində oynamaq
hüququ qazandı. Hər hansı bir işdə ilə yaxşı
başlamaq isə mühüm şərtdir. Voleybol
ustalarımıza bu ilin sentyabrında İtaliyada keçiriləcək
dünya çempionatının final mərhələsini də
tam hazırlıqla qarşılamağı arzulayaq.
Yeni il idmanın digər növləri üzrə
də mötəbər yarışlarla zəngin olacaq. İndi biz fevralın 7-də Soçidə
başlanacaq Qış Olimpiya Oyunları ərəfəsindəyik.
Olimpiadada ölkəmizi beş idmançı
- iki fiqurlu konkisürən və üç nəfər
dağ xizəkçisi təmsil edəcək.
Bu il Azərbaycanın idman həyatında ən
mühüm istiqamətlərdən biri də, heç
şübhəsiz, birinci Avropa Oyunlarına
hazırlığın həlledici mərhələsi olacaq.
Bu kompleks yarışlar, artıq hamıya məlum olduğu
kimi, ilk dəfə keçiriləcək və onun təşkili
hüququnun gözəl paytaxtımız Bakıya etibar
olunması Azərbaycanın hər bir vətəndaşının
qəlbini iftixar hissi ilə doldurur, hamımız Avropa Olimpiya
Komitəsinin (AOK) ölkəmizə göstərdiyi yüksək
etimada görə qürur duyuruq. Ötən
ilin oktyabr ayında Azərbaycanın qonağı olmuş
AOK-un prezidenti Patrik Hikke Avropa Oyunlarına hazırlıqla
bağlı keçirilən mətbuat konfransında
Bakının bu mötəbər yarışa təşkilatçılıq
etməsini mühüm hadisə hesab etmişdir.
Həmin
mətbuat konfransında 2015-ci il iyunun 12-dən 28-dək
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına
hazırlığın yüksək səviyyədə
getdiyini qeyd edən cənab Hikke Azərbaycanda dövlətin
idmana göstərdiyi qayğını xüsusi
vurğulayaraq demişdir ki, Azərbaycan dövlətinin başçısı
İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması
burada idman siyasətinin düzgün istiqamətdə
aparılmasından xəbər verir.
AOK birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə
qərar verdikdən dərhal sonra bu böyük idman
bayramına mütəşəkkil hazırlığa
başlanılmışdır və qarşıdakı
yarışlar üçün yeni-yeni idman kompleksləri
inşa olunur.
Azərbaycanın birinci xanımı, Milli Məclisin
deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti
Mehriban xanım Əliyevanın başçılıq etdiyi
Avropa Oyunlarına hazırlıq üzrə təşkilat
komitəsi bu istiqamətdə işləri ardıcıl surətdə,
məqsədyönlü şəkildə həyata
keçirir. Oyunlar üçün inşa
olunan Olimpiya stadionu, Su İdmanı Sarayı və digər
idman bazalarında, eləcə də başqa sahələrdə
2015-ci ilin qitəmizdə ən mühüm idman hadisələrindən
biri olacaq Birinci Avropa Oyunlarına hazırlıq tam surətdə
davam edir. Şübhəsiz, həmişə olduğu
kimi, gələn ildə qonağımız olacaq bütün
idmançılar, məşqçilər, mütəxəssislər,
ayrı-ayrı idman təşkilatları və
federasiyalarının rəhbərləri, beynəlxalq idman
dairələrinin nümayəndələri Bakıda tarixdə
ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən,
burada onlara göstəriləcək əsl Azərbaycan qonaqpərvərliyindən
öz vətənlərinə zəngin təəssüratla
qayıdacaqlar.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2014.- 23 yanvar.- S. 5.