İqtisadi tərəqqi, sənayeləşən
səhra və özünəməxsus həyat tərzi
Mən bu ölkəyə ilk dəfə 2001-ci ildə getmişdim. 2006-cı ilin yanvarında - növbəti səfərdən qayıdandan sonra qələmə aldığım təəssüratlarda isə qeyd etmişdim ki, cəmi beş il əvvəl gördüyüm Məkkəni qətiyyən tanımaq mümkün deyildi. Çünki İslam dünyasının mərkəzi olan bu şəhər elə sürətlə inkişaf edir, müasirləşir, başdan-başa yenidən qurulur ki, adam inkişafın sürətinə inana bilmir. Əslində bu qəbildən olan ifadələri Britaniyada yaşayan bir soydaşımızdan əvvəllər də eşitmişdim.
O, əvvəlcə 1997-ci ildə, sonra isə 2005-ci ildə Bakıda olmuşdu. İkinci səfər zamanı paytaxtımızda gördüyü inkişaf tendensiyasını dilə gətirərkən demişdi ki, Bakını tanıya bilmədim. Doğrusu, o zaman mən belə güman etmişdim ki, qonağımız müstəqil Azərbaycan dövlətinə belə ürəkdən bağlı olduğuna görə təəssüratları zəngindir. Sonra özüm Səudiyyə Ərəbistanındakı inkişafın sürətini ikinci dəfə görəndə həmin məqam yadıma düşmüşdü. Qərəz, bu gün Avrasiyanın ən iti sürətlə inkişaf edən ölkələrindən birinə, bəzi həmkarlarımızın “səhrada cənnət yaradan”, digərlərinin isə “nağılları reallığa çevirən” adlandırdığı Səudiyyə Ərəbistanı Krallığına ötən aykı səfərimiz barədə təəssüratlarımızın bir hissəsini (Bəli, bir hissəsini. Çünki bu ölkə barədə olan təəssüratları yazmaqla tükənən deyil) bu qısa yazıda hörmətli oxuculara çatdırmaq istəyirik. Ancaq əvvəlcə bəzi xüsusi məqamları xatırlatmaq yerinə düşərdi.
Səudiyyə Ərəbistanı Krallığı deyilənə görə bütün peyğəmbərlərin vətəni olan və hər üç səmavi dinin nazil olduğu Ərəbistan yarımadasında yerləşir. İordaniya, İraq, Küveyt, Qətər, Ərəb Əmirlikləri, Oman və Yəmənlə qonşudur. Fars körfəzinə və Qırmızı dənizə çıxışları var. Dünyanın ərazicə 12-ci ölkəsidir. Bu ölkənin ərazisi 2 milyon 149 min kvadratkilometrdir. Əhalinin sayına görə isə ( 27 milyona yaxın) dünyada 46-cı yerdədir. Hər kvadratkilometrə 12 nəfər düşür. Ən böyük şəhərləri Ər - Riyad ( 4 milyondan çox ), Ciddə ( 3 milyon ), Məkkə (1 milyon 400 min) və Mədinədir ( 1 milyon). Ölkə 13 əyalətə (mintaqat ) bölünür. 30 böyük şəhər var. Bütövlükdə ölkədə hər kvadratkilometrə 12 nəfər düşsə də, Cizan əyalətində bu göstərici 117-dir. Bu baxımdan ikinci yeri tutan Məkkə əyalətində əhali sıxlığı hər kvadratkilometrdə 45 nəfərdir. Bu ölkə dünya xəritəsində bir sülalənin adıyla idarə olunan üç dövlətdən biridir. Onlar Səudiyyə Ərəbistanı Krallığı, İordaniya Haşımilər Krallığı və Lixteynşteyn Knyazlığıdır.
Yerli əhalinin əsas içkisi kofe və çaydır. Sarı rəngdə olan ərəb kofesi ənənəvi acılığı ilə seçilir. Onu ən kiçik fincanlarda hörmətli qonaqlara ayaqüstü paylayırlar. Adi kofeni isə lap tez-tez içirlər. Kişilərin əsas geyimi dişdaş və qutra, qadınların geyimi isə abay və hicabdır. Qışda bu geyimlərin qalın və tünd rənglisini geyinirlər. İctimai kino və teatr tamamilə qadağandır. Dəhran şəhərində əcnəbilər üçün bir kinoteatr fəaliyyət göstərir. Bəzi ölkələrin filmlərinə senzura qoyulsa da, ev videoları çox populyardır. İstirahət günləri bizim işlətdiyimiz təqvimin 4-cü və 5-ci günləridir. Ölkədə ən çox inkişaf etmiş idman növü futboldur. Krallığın milli futbol komandası 1984, 1988, və 1996-cı illərdə Asiya kubokunu qazanıb. Bu ölkənin basketbol və voleybol komandaları bir neçə yay olimpiya oyunlarında iştirak ediblər.
Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyatının əsasını neft ixracı təşkil edir. Bu ölkə dünyadakı neft ehtiyatlarının 25 faizinin sahibidir. Neft və qaz yataqları dünyanın ən böyük neft şirkəti olan Aramko şirkətinin (Ərəb-Amerika Korporasiyası) nəzarətindədir. Neft ixracı ölkə gəlirlərinin 90 faizini təşkil edir. Eyni zamanda büdcə daxilolmalarının 75 faizi neft gəlirlərindəndir. Bundan başqa, ümumi daxili məhsul istehsalının 45 faizi neft sənayesinin payına düşür. Rəsmi Ər-Riyad ən çox neft satan birinci ölkə kimi OPEK-də söz sahibidir. Ondan sonrakı yeri Rusiya Federasiyası tutur. Yeri gəlmişkən, ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalının artım tendensiyası son on ildə müntəzəm olaraq qorunur və indi bu göstərici 24 min dollardan çoxdur. Dünya bazarına çıxarılan səudiyyə nefti bazardakı neftin faizi etibariylə ildən-ilə artır. Əsas alıcılar isə Şərqi Asiya ölkələri və Amerika Birləşmiş Ştatlarıdır. Xatırladaq ki, 210 milyard dollarlıq xarici ticarətin 90 faizini neft məhsulları təşkil edir. ABŞ və Yaponiya başda olmaqla xarici ölkələrdən 65 milyard dollarlıq məhsul idxal olunur.
Əvvəlki səfərlərimizdə də eşitdiyimiz kimi son otuz ildə ölkənin sənaye sektoru iti sürətlə inkişaf edib. Aşağıda adını çəkəcəyimiz nəhəng neft-kimya müəssisələri bu sahəyə aid olan məhsulların istehsalı ilə yanaşı milyon tonlarla gübrə, polad, tikinti məhsulları da istehsal edirlər. Maraqlı məqamlardan biri də odur ki, sənayedə əsasən əcnəbi işçi qüvvəsindən istifadə olunur. Həm yerli, həm də əcnəbi işçilərdən vergilər zəkat və gəlir vergisi adıyla qəbul edilir. Məşğul əhalinin 12 faizi kənd təsərrüfatında, 25 faizi sənayedə, 63 faizi isə xidmət sahələrində işləyir. Xaricdən çoxlu sayda işçi qüvvəsi gəlsə də ( belə insanların sayı təxminən 8 milyondur) ölkə əhalisi arasında işsizlər də vardır.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanındakı əcnəbi işçi qüvvəsinin böyük əksəriyyəti xidmət sahəsində çalışır. Ölkənin otel sənayesində bu qəbildən olan insanlar üçün kifayət qədər iş yerləri vardır. Belə ki, hazırda Krallıq ərazisində 1600-dən çox otel-mehmanxana vardır. Bu qədər xidmət şəbəkəsinin böyük əksəriyyəti dünyanın inkişaf etmiş ölkələrinin “Şeraton”, “Hilton”, “Mariott” kimi brendləridir. Ər-Riyadda 400-ə yaxın, Məkkədə 305, Ciddədə 215, Mədinədə isə 150-dən çox otel fəaliyyət göstərir. Bu gün dünyanın təxminən 200 ölkəsindən Səudiyyə Ərəbistanının istənilən şəhərindəki otellərdə yer bronlamaq mümkündür. Onu da xatırladaq ki, bu qədər mehmanxanada boş yer tapmaq elə də asan məsələ deyil. Təkcə Qurban bayramında Məkkə və Mədinəyə 5 milyona yaxın zəvvar gəlir. Bundan başqa həmin müqəddəs yerləri il boyu ziyarət edənlərin ardı-arası kəsilmir. Üstəlik, son illər Səudiyyə Ərəbistanında hansısa beynəlxalq təşkilatın xətti ilə və ya yerli hökumətin təşkilatçılığı ilə beynəlxalq tədbir keçirilməyən bir ay olmur. İslam Əməkdaşlıq Təşkilatının, İslam Bankının və OPEK-in üzvü olan ölkələrin təmsilçiləri dövri olaraq burada toplaşırlar. Bundan başqa, bizim səhra kimi qəbul etdiyimiz Səudiyyə Ərəbistanında avropalıların böyük marağına səbəb olan çoxsaylı turizm obyektləri də mövcud imiş.
Ər-Riyad rəsmiləri ölkənin neft ehtiyatlarının işlənməsi üçün ABŞ mütəxəssisləri ilə əməkdaşlığa böyük önəm verdikləri kimi nəqliyyat infrastrukturunun yaradılmasında da rusiyalı mütəxəssislərlə əməkdaşlığa önəm veriblər. Əvvəllər dəmir yolu ancaq Ər-Riyadla Fars körfəzindəki dəniz limanlarını birləşdirirdi. Sonra “Şimal- Cənub” layihəsi deyilən 2400 kilometrlik dəmir yolu layihəsi işlənildi. Bundan başqa Məkkə və Mədinə şəhərlərini birləşdirən 440 kilometrlik dəmir yolunun çəkilməsi də qərara alınıb. Avtomobil yolları isə 180 min kilometrdir. Bu qədər yolun 50 min kilometri beynəlxalq əhəmiyyətlidir. Məkkə və Ər- Riyadda metro fəaliyyət göstərsə də, qalan şəhərlərin heç birində bu nəqliyyat vasitəsi yoxdur. Ancaq öyrəndik ki, yaxın illərdə Ciddə şəhərində də metro tikiləcək. Tramvay, trolleybus, avtobus kimi ictimai nəqliyyat vasitələri isə qətiyyən yoxdur.
Hava nəqliyyatı ilə bağlı maraqlı bir rəqəm öyrəndik. Belə ki, Səudiyyə Ərəbistanında 208 aeroport var imiş. Ancaq onlardan cəmi 3-ü beynəlxalq statusludur. Azərbaycanda isə beynəlxalq statuslu 6 aeroport var. Bu ölkənin xarici ticarətini əsasən Qırmızı dəniz sahillərindəki 6 və Fars körfəzi sahillərindəki 4 nəhəng dəniz limanları təşkil edir. Neft-qaz məhsullarının nəql edilməsini isə ümumi uzunluğu 7 min kilometrdən çox olan boru kəmərləri vasitəsiylə reallaşdırırlar.
Səudiyyə Ərəbistanının özünəməxsus xarici siyasəti və hərbi doktrinası mövcuddur. Məsələn, ölkədə 225 min hərbçi var və onların hamısı müqavilə əsasında hərbi xidmət keçir. Bu Krallıq hərbi büdcənin məbləğinə görə bütün dünyada ilk onluqdadır. Ordunun ixtiyarında olan silahların 85 faizi ABŞ-dan alınıb. Hazırda ölkənin özündə də zirehli hərbi texnika istehsal olunur. Xarici siyasət isə elə qurulub ki, bu siyasət nəticəsində Ər-Riyad Ərəbistan yarımadasında bütün məsələlərdə söz sahibidir. Diplomatiyanın əsas prioriteti bütün dünyada müsəlman xalqlarının maraqlarını təbliğ etmək və İslam ölkələrinin mənafeyinə xidmət etməkdən ibarətdir. BMT, Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, OPEK və digər beynəlxalq təşkilatların tribunasından İslam həmrəyliyi nümayiş etdirən Səudiyyə Ərəbistanı bütün sahələrdə öz məqsədinə nail olur. Bu məqamda bir məsələni xüsusilə vurğulamaq zərurəti var. Belə ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə İrəvanla heç bir diplomatik əməkdaşlıq qurmayan üç müsəlman ölkəsindən biri də Səudiyyə Ərəbistanı Krallığıdır. Digər iki ölkə isə Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikasıdır. Burada başqa bir məqamı da yada salaq. Rəsmi Ər- Riyad nə qədər İslam həmrəyliyi nümayiş etdirsə də, 2007-ci ildə dini tolerantlıq təşəbbüsü ilə çıxış edərək Vatikan dövləti ilə diplomatik münasibətlər yaradıb.
Təhsil sistemi əsrlərdən bəri dini təhsil üzərində qurulsa da, 1954-cü ildə ölkədə ilk dəfə olaraq Təhsil Nazirliyi yaradılıb. İlk universitet isə 1957-ci ildən fəaliyyət göstərir. Ötən əsrin son onillərindən etibarən ölkənin bütün uşaq və gənclərinə ibtidaidən aliyə qədər istənilən təhsil pulsuzdur. Hazırda ölkədə 8 universitet, 24 min məktəb və çoxsaylı kollec fəaliyyət göstərir. Dövlətin illik büdcəsinin dörddən birindən çoxu (26 faiz) təhsil sektorunun müasirləşdirilməsinə xərclənir. Bu qədər vəsaitin böyük hissəsi xaricdə təhsil alan gənclərin xərclərinin ödənilməsinə sərf olunur. Belə tələbələr isə yüz minlərlədir. Bu gün təkcə Amerika Birləşmiş Ştatlarında 100 mindən çox səudiyyəli tələbə oxuyur. Kanada, Avstraliya, Malayziya və bir sıra aparıcı Avropa ölkələrində oxuyan səudiyyəli gənclər təhsili başa vuran kimi öz ölkələrinə qayıdırlar. Çünki dövlət onları ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün oxutdurmuşdur. Xatırladaq ki, ölkə daxilində təhsil alan tələbələrin də bütün dərsliklərinin pulunu və tibbi xidmət haqlarını bilavasitə dövlət ödəyir.
İndi isə hər bir müsəlmanın görmək istədiyi bu arzuolunan ölkəyə növbəti səfərimizin təəssüratları barədə. Öncə xatırladaq ki, biz bu səfər zamanı Səudiyyə Ərəbistanı hökumətinin təşkil etdiyi “Səudiyyə Ərəbistanının Azərbaycan və Orta Asiya ölkələri ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri” adlı beynəlxalq konfransda iştirak etməli idik. Oraya konfransdan beş gün əvvəl getməyimiz isə bu ölkənin sürətli sosial-iqtisadi inkişafının əsas göstəricisi olan bəzi məqamlarla yaxından tanış olmağımıza kömək etmək məqsədi daşıyırdı. Bəzi mühüm səbəblər üzündən konfrans təxirə salınsa da, bizim üçün tərtib olunmuş proqrama artıqlaması ilə əməl olundu. Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan təxminən 20 nəfər mətbuat təmsilçisini bütün tədbirlərdə ölkənin Mədəniyyət və İnformasiya nazirinin müavini Əbdül Əziz Al Salam (onun Azərbaycan haqqında söylədiyi səmimi ürək sözlərini qəzetimizin 7 dekabr 2013-cü il tarixli nömrəsində hörmətli oxuculara təqdim etmişik) , xarici işlər nazirliyinin əməkdaşları və krallığın adıçəkilən ölkələrdəki səfirləri müşayiət edirdilər. Krallığın Azərbaycandakı səfiri Müsaid bin İbrahim Əl-Səlimi bizim Səudiyyə Ərəbistanı haqqında daha çox məlumat ala bilməyimiz üçün mümkün olan bütün addımları atırdı.
Əslində biz Krallığın iqtisadi potensialı və inkişafı ilə tanış olmalı idik. Ancaq səfər çərçivəsində bu ölkənin tarixi, mədəniyyəti, elmi, texnikası, səhiyyəsi, cəmiyyəti barədə o qədər faktlar öyrəndik ki, saymaqla qurtarası deyil. İnşallah, gələn yazılarımızda bu barədə dönə-dönə söz açacağıq. Təbii ki, bir çox məqamlar barədə bu yazıda danışmalıyıq.
Proqramın Ər-Riyada aid olan ilk tədbiri təkcə biz qonaqlar üçün deyil, eləcə də yerli rəsmilərin və diplomatların özləri üçün də həddən artıq maraqlı idi. Daş dövründən üzü bəri uzun bir tarixi əhatə edən muzeydə nəinki Səudiyyə dövlətinin və ərəblərin, hətta insanın formalaşması prosesinə aid çoxsaylı ekspozisiyalar var idi. Ən maraqlı eksponat isə ölkənin cənubundan - Yəmənlə sərhəd tərəfdən hələ 100 il əvvəl tapılmış bir meteroit parçası idi. Adi daş kimi görünən bu yad cisimin həcminə görə adama elə gəlir ki, onun ağırlığı 130-150 kiloqram olar. Amma sən demə bu daşın ağırlığı 3 tona yaxın imiş. “Laqunda”deyilən elektrik mişarı ilə onu bir neçə yerdən kəsmək istəsələr də, heç yarım santimetr də kəsə bilməyiblər. Ancaq həmin yerlərdən aydınca görünür ki, bu “daş” sırf metaldır.
Bizim üçün ən maraqlı olan məqamlardan biri də bugünkü qüdrətli Səudiyyə Ərəbistanı dövlətini yaratmış insanların xarici müdaxiləyə və daxili seperatçılara qarşı mübarizə illərində yaşadıqları əfsanəvi “Masmak” qalası idi. Bu qalanın torpaqdan və ağacdan hazırlanmış istənilən otağında, dəhlizində və hücrəsində olarkən sanki, hansısa tarixi hadisənin, prosesin iştirakçısına çevrilirdik. Qalada sığınacaq tapmış adamların istifadə etdiyi təxminən 25 metr dərinliyində olan su quyusu isə həqiqətən əfsanə xarakterli idi. Çünki səhranın ortasında yeri qazıb su çıxartmaq ancaq nağılda, əfsanədə ola bilərdi. “Masmak”da isə bu, reallıq idi. Ölkənin bugünkü reallıqlarını göstərən elm, təhsil, səhiyyə müəssisələrini, istehsalat ünvanlarını və müasir texnologiyaları görəndə isə - ərəb qardaşlarımız inciməsinlər -adam az qala Ərəbistanda olduğuna inana bilmir. Məsələn, Kərc şəhərində almanlarla müştərək yaradılmış nəhəng ərzaq məhsulları istehsalı şirkətində də olduq. Şirkətin bir korpusunda çörək, un məmulatları, müxtəlif növ sərinləşdirici sular, şirələr , digər korpusunda isə süd və süd məhsulları istehsal olunur. Hər iki obyektdə kifayət qədər gəzdik və ucu-bucağı görünməyən bu istehsalat proseslərində avtomatlaşdırılmayan bircə sex görə bilmədik. Həm Kərcə, həm Dammam, həm də Cübeylə gedərkən ölkənin müxtəlif yerlərində tingçilik müəssisələrini görürdük. Fars körfəzi boyunca elə yaşıllıqlar salınıb, elə gözəlliklər yaradılıb ki, istənilən qonaq dayanıb həmin yerlərdə beş-on dəqiqə istirahət etmək həvəsinə düşür.
Yuxarıda qeyd etdiyimiz kimi ölkə iqtisadiyyatının əksəriyyətini neft və neft məhsulları ixracı təşkil edir. Saxara, Sabukko, Sipsem şirkətləri bu sahədə Səudiyyə Ərəbistanına nə qədər çox səmərə gətirsə də, ölkənin ən böyük neft şirkəti “Aramko”dur. Rəsmi adı “Saudi - Aramko” olan (Ərəbistan-Amerika Neft Korporasiyası) bu qurum əslində bütün dünyanın ən yaxşı neft şirkətidir. Şirkət rəsmilərinin verdiyi məlumatda deyilirdi ki, dünyada neft deyiləndə dərhal yada düşən Səudiyyə Ərəbistanı olduğu kimi, neft şirkəti deyiləndə də öncə “Saudi- Aramko” yada düşür. Neft istehsalına görə dünya lideri olan bu şirkət eyni zamanda çox güclü neftayırma müəssisələri şəbəkəsinə malikdir. Bundan başqa şirkət qaz istehsalına və nəqlinə də nəzarət edir ki, buraya dünyanın ən müasir və güclü supertankerlərinə malik donanma da daxildir. Gündə ən azı 10 supertanker Aramko məhsulları ilə yüklənərək dünya okeanına çıxır. Şirkətin terminalları isə ildə bu qəbildən olan 9000 (doqquz min ) tankerə xidmət edir. 1933-cü ildə yaradılmış şirkətin baş ofisi Dəhran şəhərindədir. Səudiyyə neftinin 99, dünya neftinin isə 25 faizi məhz Dəhrandan idarə olunur. Şirkətin Rabih, Tanura, Ər-Riyad, Ciddə və xüsusən Yanbu şəhərlərində möhtəşəm neftayırma müəssisələri vardır. Qurumun Cübeyldə quraşdırılan neftayırma və neftkimya müəsisəsi Total şirkəti ilə müştərək idarə olunacaq. Bundan başqa, Aramko DOV, Sumitimo Ximikal (Yaponiya), Konoko- Filipps və digər beynəlxalq neft şirkətləri ilə təxminən 70 milyard dollar dəyəri olan birgə layihələrin reallaşdırılması üzərində işləyir.
Səfər çərçivəsində şahidi olduğumuz bir çox digər fakt, rəqəm və məlumatlar barədə növbəti yazılarımızda söz açacağıq. Buraya səfərin sonunda Məkkeyi- Mükərrəmi ziyarət etməyimiz, ötən əsrin 30-cu illərindən etibarən qorunub saxlanılan ərəb evində məhz həmin illərə xas axşam yeməyinə qonaq olmağımız, Fars körfəzi sahilində əsrarəngiz axşam gəzintisi, Aramkonun Dammam ofisində görüşdüyümüz , xalqımıza üz ağlığı gətirən mütəxəssis soydaşlarımız, Kral Universitetinin elmi nailiyyətləri (təkcə elektrikin özündən deyil, bütövlükdə elektriklə bağlı olan istənilən cihazdan qorxan bu sətirlərin müəllifi həmin universitetin laboratoriyasında 220 voltluq cərəyanı açıq əllə tutdu və onu nə üçün “tok vurmadığnın” cavabını almağa çalışdı), ölkə iqtisadiyyatının və cəmiyyət həyatının bir çox başqa məqamları daxil olacaq. Görüşdüyümüz adamların Azərbaycana münasibəti barədə qeydlərimizi də növbəti yazılarımızda qələmə alacağıq. Hələlik isə fikirlərimizi belə yekunlaşdıraq ki, bu ölkəyə son səfərimizdə Səudiyyə Ərəbistanını sənayeləşən səhra, yaşıllaşan çöllüklər kimi gördük. Ev sahibi olan ərəblər isə sözün həqiqi mənasında İslam əxlaqının yüksək nümunəsini yaşadırlar.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 23 yanvar.- S. 6.