İqtisad elminin aktual problemləri
İqtisadi
fəaliyyət digər fəaliyyət növlərindən
daha dəqiqliyi ilə fərqlənir. İqtisadi hadisə və
prosesləri, bunların əhatə olunduğu iqtisadi fəaliyyət
sahələrini öyrənən iqtisad elmi digər elmlər
kimi qarşısına çıxan problemləri həll etmək
üçün, ilk növbədə, onun şərtlərini
tapmağa çalışır. İqtisad elmləri doktoru,
professor İrşad Kərimlinin yenicə işıq
üzü görən “İqtisad elmi: aktual problemlər və
real yanaşmalar” adlı kitabı qarşıya çıxan
problemlərin araşdırılması və onların real həlli
yollarının tapılması mövzusuna həsr
edilmişdir. Kitab müasir iqtisadi problemləri sistemləşdirərək
onların daha kəskin xarakter alanlarının həll edilməsinin
ilkin və real şərtlərinin göstərilməsi
baxımından xüsusi dəyərə malikdir.
Müəllif
düzgün olaraq qeyd edir ki, digər cəmiyyət elmlərindən
fərqli olaraq iqtisad elminin həll edəcəyi məsələlərin
şərtləri onun öyrəndiyi obyektə daxil olan real
faktlardan, arqumentlərdən, statistik göstəricilərdən
və nəticələrdən daha çox asılı olur.
Bu isə iqtisadi maraqlara üstünlük verməklə bərabər,
onun iqtisadi hadisə və prosesləri irəlicədən təyin
etmək qabiliyyətini açıqlayır. Kitabda iqtisad
elminin digər cəmiyyət elmləri ilə müqayisədə
dəqiq tədqiqat metodlarının tətbiqinə
böyük imkanlar açan spesifik sahə elmlərinə də
malik olması xüsusi olaraq qeyd edilir.
Kitabda
iqtisadiyyatın mövcud vəziyyətinin bütün
gerçəkliyi ilə öyrənilməsi üçün
yalnız faktları və dəlilləri toplayıb onlarla
işə başlamağın kifayət etməməsi vurğulanır və qeyd edilir ki,
hər halda faktlar öz-özlüyündə heç nə
izah etmir. Müəllifin fikrincə, “əsaslı təhlil
üsulları ilə tamamlanan, həqiqi və sağlam
iqtisadi ümumiləşdirməni özündə birləşdirməklə
konkret faktların, arqumentlərin və formulların sistemləşdirilməsinə
əsaslanan nəticələrə gəlmək” çox
vacibdir. Qeyd olunur ki, müəyyən konkret şəraitdə
insanların istehsal-təsərrüfat fəaliyyətini
xarakterizə edən prosesləri və meylləri ifadə edən
qanunlar yalnız müəyyən əlverişli iqtisadi
mühitin mövcudluğunu tələb edir. Bu və ya digər
fikirləri, əldə olunan nəticələri əsaslandırmaq
üçün kitabda iqtisad elminin öyrəndiyi proseslər
təbiət elmlərinin öyrəndiyi proseslərlə
müqayisə olunur və xüsusi vurğulanır ki, iqtisad
elmi üçün öyrənilən mühiti və şəraiti
formalaşdırmaq, ümumiləşdirmək daha çətin
və məsuliyyətlidir.
Kitabda
diqqəti cəlb edən cəhətlərdən biri də
iqtisadiyyatın öyrənilməsi istiqamətində
aparılan araşdırmaların yalnız təcrübi məqsədlər
hesabına qurulmaması ideyasının əsaslandırılmasıdır.
Müəllif qeyd edir ki, araşdırmalarda təcrübi məqsədlərə
çatmağa səy göstərilsə də, hər halda
son məqsəd elmin öyrəndiyi mühitin
özünün məzmununa uyğun gəlməsidir.
Çünki bu proses elmin özü üçün fasiləsiz
bilik əldə etməsindən, ən vacibi, elmin təcrübi
məsələlərin həllinə yol açmasından irəli
gəlir. Doğrudan da hər bir araşdırmaya başlayarkən
onun təcrübədə tətbiqinin hansı nəticəni
verə biləcəyi əvvəlcədən məlum
olmalıdır. Lakin kitabda qeyd edildiyi kimi, heç də vacib
deyildir ki, bütün iş bilavasitə onun təcrübədə
tətbiqinə yönəldilsin. Əgər
araşdırmalardan əldə edilən nəticə təcrübədə
əsas məqsəd hesab edilərsə, onda fikrin məntiqi
inkişafının dayanmaq təhlükəsi yaranar, bununla
da əvvəlcədən nəzərdə tutulan konkret məqsədlə
birbaşa əlaqə qırılar.
Kitabda
milli iqtisadi artımı və inkişafı sürətləndirməkdə
təbii resurslardan iqtisadi
resursların istifadəsinə üstünlük verilməsi əsaslandırılır.
Sonuncu istiqamət prioritet olsa da müəllifin fikrincə, bütün hallarda insana, onun
yaradıcı və innovativ əməyinə
öz-özlüyündə deyil, daha çox insan
kapitalına çevrilmək meylinin açıqlanmasıdır.
Burada kollektiv fəaliyyət,
kollektiv əmək və kollektiv səy diqqətə
çatdırılmalıdır. Kitabda qeyd olunur ki, Azərbaycanda
milli istehsal-təsərrüfat fəaliyyətinin maddi-maliyyə şərtlərinin
artması və güclənməsi, daxili təsərrüfat
əlaqələrinin sıxlaşması, ümummilli məqsədə
çatmaqda kollektiv fəaliyyətin miqyası durmadan
genişlənir. Genişlənmə ölkədə milli
daxili gücün təsiri altında baş verir. Bu mənada
kitabda istehsal-təsərrüfat vahidlərinin (firmaların,
şirkətlərin, fermer və kəndli təsərrüfatlarının
və s.) konkret peşə yönümü, məşğuliyyət
növü müəyyən edilməklə yerlərdə
ayrı-ayrı təsərrüfatlardan başlamış,
inzibati-ərazi birliklərinə (müəyyən inzibati
rayonlara), bir neçə rayonu birləşdirən ərazilərə
(müəyyən iqtisadi bölgələrə), habelə bütövlüklə
ölkə ərazisinədək iqtisadi əlaqələrin təmin
olunması öyrənilir.
Müasir
iqtisadiyyat haqqında mühəndis,
həkim, texnoloq, hər
hansı iş adamı iqtisadçıdan daha yaxşı
danışa bilər. Lakin real faktları, statistik göstəriciləri
toplayıb təhlil aparmaq, düzgün nəticə çıxarmaq və
reallığı açıb göstərmək qabiliyyəti
yalnız iqtisadçıya xas olan keyfiyyətdir. Kitabda
iqtisadiyyatı və iqtisadi inkişafı əhatə edən
proseslərin kəmiyyət dəyişikliklərinin dəqiqləşdirilməsinə,
daha çox onun iqtisad yönümlü fənlərlə
öyrədilməsinə müəyyən münasibət
bildirilir.
Müasir
şəraitdə ən mükəmməl iqtisadi biliklərə
yiyələnməyin çox vacib olduğunu əsaslandıran
müəllif respublikamızda təhsil müəssisələrinin
profilindən asılı olaraq iqtisad elminin nəzəriyyəsinin
tədrisində daha təkmil istiqamətlərdən istifadənin
mümkünlüyünün zəruriliyini xüsusi
vurğulayır. Bu yolda səmərəli istiqamətlərin
çox olmasına baxmayaraq müasir tələblərə
daha çox uyğun gələn üç başlıca
istiqamətdə iqtisad elminin tədrisini təşkil etməyi
diqqətə çatdırır. Müəllifin fikrincə,
ən əvvəl iqtisadçı kadr
hazırlığı istiqamətində bütün təhsil
müəssisələrində iqtisad elminin nəzəriyyəsi
(iqtisadi nəzəriyyə) müstəqil fənn kimi tədris
olunmalıdır. Lakin mövcud təcrübənin baza
prinsipləri saxlanılsa da, bütün hallarda
mövzuların seçimi, hər bir mövzu üzrə
öyrəniləcək sualların quruluşu yalnız
normativ iqtısadiyyatla deyil, daha çox onların iqtisadi
reseptlərini, modellərini və bunlardan irəli gələn
mühakimələrin doğurduğu nəticələri
öyrətmək istiqamətində şərh olunmalıdır.
İkincisi,
iqtisad yönümlü təhsil müəssisələrində
iqtisad elminin nəzəriyyəsi ilə yanaşı, onun sahə
(məsələn, sənaye, tikinti, ticarət, nəqliyyat və
s.) elmləri və spesifik funksional (məsələn,
statistika, mühasibat, audit, bank işi, sığorta, təhlil,
maliyyə, demoqrafiya, iqtisadi riyaziyyat və s.) elmlər də
müstəqil fənlər kimi tədris olunmalıdır.
Üçüncüsü,
bu istiqamətdə yeni yanaşmanın zəruri olduğunu
qeyd edən müəllif qeyri-iqtisad yönümlü
ixtisaslar üzrə hazırlanan müasir mütəxəssislərin,
məsələn, həkimlərin, mühəndislərin,
müəllimlərin, aqronomların, zootexniklərin,
rejissorların və s. başqalarının
bütövlükdə iqtisadiyyat haqqında biliyə,
dünyagörüşünə malik olmalarını
müasir dövrün vacib tələbləri hesab edir.
Müəllifin
fikrincə, qeyri-iqtisad yönümlü təhsil müəssisələrində
iqtisadiyyatın əsaslarının öyrənilməsi
vacibdir. Dünya təcrübəsində (inkişaf etmiş
ABŞ, Yaponiya və Qərbi Avropa ölkələrinin
universitetlərində) ixtisas yönümündən
asılı olmayaraq bütün təhsil müəssisələrində
iqtisadiyyat fənni tədris olunur.
Bu
yazıda “İqtisad elmi: aktual problemlər və real
yanaşmalar” kitabında qaldırılan aktual iqtisadi problemlərdən,
onların həlli yollarından yalnız bəziləri barədə öz fikrimizi bildirdik. Yəqin ki,
oxucular kitab haqqında, orada irəli sürülən problemlər
və onların həllinə müəllif tərəfindən
edilən yanaşmalar barədə öz münasibətlərini
bildirəcəklər.
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri
doktoru, professor
Xalq qəzeti.- 2014.- 23 yanvar.- S. 6.