Rafael HARPAZ: İsrail
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə
ümid edir
İsrailin Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Rafael
Harpazın “Trend”ə müsahibəsi
– İsrail
və Azərbaycan arasında ikitərəfli münasibətləri
necə qiymətləndirirsiniz?
– İsrail və Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir. Ölkələr arasında dostluq əlaqələri və yüksək səviyyədə sıx siyasi əlaqələr mövcuddur. Dövlət başçıları ildə bir dəfə görüşürlər. Biz Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk. Bizim iqtisadi və enerji sahəsində də sıx əməkdaşlığımız var. İsraildə güclü Azərbaycan icması və burada yəhudi icması mövcuddur.
– İsrail
Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesinə aktiv şəkildə
cəlb olunmaq istəyirmi?
– İsrail və Azərbaycan arasında ümumi cəhətlərdən biri də odur ki, Azərbaycan da, İsrail də çox mürəkkəb geostrateji mühitdə yerləşirlər. Hesab edirəm ki, Azərbaycan çox müdrik siyasət aparır. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə deyə bilərəm ki, biz həqiqətən də münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Biz regionda qazandığımız təcrübəyə əsaslanırıq. İsrail Minsk qrupunun səylərini dəstəkləyir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.
Mən yanvarın 20-də Şəhidlər Xiyabanında oldum və oradakı hüznlü mərasimdə iştirak etdim. Bu hadisədə öz yaxınlarını itirən insanlarla tanış oldum. Siz müstəqillik əldə etdiniz və bundan sonra dərhal müharibə oldu. Eyni vəziyyət İsraildə də baş verdi.
– Enerji
sahəsində əməkdaşlıq perspektivlərini necə
qiymətləndirirsiniz? Azərbaycan və İsrail
dənizdə qaz hasilatı layihəsini həyata
keçirməyi planlaşdırırdı. Bu
layihə indi hansı mərhələdədir?
– İsrailin enerji sahəsində çox az təcrübəsi var. Sizin isə bu sahədə çox böyük təcrübəniz var. İsrail dənizdə böyük miqdarda təbii qaz ehtiyatları aşkar etmişdir. Biz Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməyi çox istərdik. Biz aşkar etdiyimiz təbii qaz ehtiyatlarının 40 faizini ixrac etmək qərarına gəlmişik. Hazırda İsrail öz enerji fondunu yaratmaq prosesini keçir. İsraildə təbii qaz sahəsində ekspertlər sayca çox azdır və buna görə də sizin təcrübənizi öyrənmək niyyətindəyik.
Biz sizi, həmçinin “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının qəbul olunması münasibətilə təbrik edirik. Bu, çox vacib bir məsələdir. Bu, Azərbaycan qazını Avropaya nəql edəcək. Biz həmçinin ümid edirik ki, gələcəkdə “Caspian Drilling Company” şirkəti İsraildə öz fəaliyyətini davam etdirəcək. Bu, sizin təcrübənizi bölüşmək istədiyimiz çox vacib bir sahədir. Biz həqiqətən də başlanğıc mərhələdəyik və bu sahədə əməkdaşlıq bizim üçün çox vacibdir.
– Azərbaycanın
turizm potensialı barədə nə deyə
bilərsiniz? İki ölkə
arasında turizm sahəsində əlaqələri
necə dəyərləndirirsiniz?
– Hesab edirəm ki, Azərbaycanın turizm potensialı çox böyükdür. Sizin çox gözəl ölkəniz var. Mən Şəki, Zaqatala, Qəbələ, Quba, Sumqayıt, Naxçıvan və Qobustanda olmuşam və bu yerlər çox gözəldir. Hesab edirəm ki, infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşıb. İsrailin Azərbaycanın Turizm Universiteti ilə xüsusi bir proqramı var ki, hər il demək olar, 20 azərbaycanlı bu proqram vasitəsilə 6 ay müddətinə İsrailə gedir, hotellərdə işləyir, təlim keçir və geri qayıdır. Biz bu rəqəmin bu il 100 nəfərə çatacağını gözləyirik. Hesab edirəm ki, potensial çox böyükdür. Düşünürəm ki, turizm gələcəkdə ölkənin iqtisadiyyatının vacib komponenti olacaq. Azərbaycan gözəl təbiətə malik ölkədir.
“Azərbaycan Hava Yolları” QSC-nin İsrailə birbaşa reysləri mövcuddur və mən bu reyslərlə səfər etdiyim zaman həmin reyslərin hər zaman dolu olduğunu görürəm. Bu, çox yaxşı bir əlamətdir. Hesab edirəm ki, potensial yüksəkdir.
– İki
ölkə arasında tibbi personalın
mübadiləsi sahəsində vəziyyət necədir?
– Tibb çox
vacib bir məsələdir.
Bunun bir neçə aspekti var. Mən Azərbaycanda çox yaxşı təchiz olunmuş bir neçə xəstəxanada olmuşam. Biz bir neçə ay bundan öncə Onkoloji Mərkəzlə müqavilə imzaladıq.
Hazırda biz onlar üçün 2014-cü il üzrə təlimlər sahəsində
iş planı tərtib etməyə hazırlaşırıq. İsrailin təlimlər
sahəsində çox
böyük təcrübəsi
var. Bu səbəbdən də
biz sizinlə tibb və texnologiyalar sahəsində öz təcrübəmizi paylaşmaqda
maraqlıyıq.
Biz, həmçinin Azərbaycana
öz texnologiyalarımızı
gətirməkdə maraqlıyıq. Müxtəlif sahələrdə, həmçinin
səhiyyə sahəsində
təlimlər keçmək
üçün İsrailə
gedən azərbaycanlıların
sayının artdığını
görürük. Bu, əməkdaşlıq edə
biləcəyimiz daha bir sahədir.
– Azərbaycanda tolerantlığı necə
dəyərləndirirsiniz?
– Azərbaycan tolerantlığa
bir nümunədir. Azərbaycanda olan tolerantlığı
başqa ölkədə
görməmişəm. Yəhudilər burada sülh
və təhlükəsiz
şəraitdə min illərdir
yaşayırlar. Biz bunu yüksək qiymətləndiririk və
buna görə Azərbaycana minnətdarıq.
Yəhudilər Azərbaycanda yaşamaqdan
qürur hissi duyurlar.
– Yaxın gələcəkdə iki
ölkə rəsmilərinin
qarşılıqlı səfərlərinin
təşkil olunması
gözlənilirmi?
– Ötən il
bir çox qarşılıqlı səfərlər
olub və bu yaxınlarda da bəzi səfərlər
gözləyirik. İsrailin İxracat
İnstitutunun rəhbəri
növbəti həftələr
ərzində Azərbaycana
səfər edəcək.
Biz hər iki
tərəfdən də
yüksək səviyyəli
nümayəndə heyətlərini
gözləyirik.
Qeyd etmək
istərdim ki, onkoloji sahədə imzalanan sazişlə yanaşı, biz diplomatik və xidməti pasportu olan şəxslər
üçün viza rejiminin sadələşdirilməsinə
dair ikitərəfli saziş imzalamışıq. Bu çox vacib bir sazişdir. Hazırda sözügedən saziş
ratifikasiya prosesindədir.
Hesab edirəm ki, bu ilin ortalarına
kimi saziş qüvvəyə minəcək.
İki ölkə arasındakı
əlaqələr çox
yaxşıdır və
yüksək səviyyəli
görüşlər çox
yaxın gələcəkdə
də davam edəcək.
Xalq qəzeti.- 2014.-
24 yanvar.- S. 5.