Səbail rayonunun Bayıl sahəsi öz görkəmini sürətlə dəyişir

 

 Bayıl yaşayış sahəsində yerləşən “Riviera” mehmanxanasında Səbail rayon rəhbərliyinin, təsərrüfat xidmətləri və ictimaiyyət təmsilçilərinin iştirakı ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilmişdir. 2013-cü ildə rayonun Bayıl, 20-ci sahə ərazilərində  həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr   müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham  Əliyevin Bakı şəhərinin inkişafına, paytaxtın problemlərinin həllinə göstərdiyi diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və qonaqlar üçün hər cür şəraitin yaradılması ilə bağlı nəzərdə tutulan işlərdən danışmışdır. Başçı 2013-cü ildə rayonda görülmüş işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat vermişdir.

Qeyd edilmişdir ki, bu proqrama 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri salınmışdır. Ölkə başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl, 20-ci yaşayış sahəsini əhatə edən  nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir. Bakı Bulvarı Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətinə genişləndirilir, dənizkənarı ərazidə gözəl istirahət zonası yaradılır. Başçı sonda bildirmişdir ki, paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir.

Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namiq Muradov bildirmişdir ki, nümayəndəliyin fəaliyyətə başlaması ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti müvafiq təşkilati işlər aparmış, Bayıl yaşayış sahəsində nümayəndəlik üçün xüsusi yer ayrılmış, bina hər cür avadanlıqla təchiz olunmuşdur.

Ötən il Arif İsmayılov küçəsində 2 yeni yarımstansiya tikilərək şəbəkəyə qoşulmuş, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən inşa olunmuş, 163 saylı orta məktəbin binası, 33 saylı poliklinikanın əsas binası və  20-ci sahədə yerləşən 1 saylı şöbəsi əsaslı təmir olunmuşdur. 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası yaradılmışdır. 35 kilovoltluq yeni yarımstansiyanın, Səbail Rayon Pokurorluğunun 3 mərtəbəli inzibati binasının,  Müasir İstedadlar Məktəbi üçün idman və yataqxana komplekslərinin tikintisi davam edir.

Toplantıda  sakinləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

 

 R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 3.