Ölkə ərazisinin “mavi yanacaq”la təchizatı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir

 

Ötən ilin yekunları

 

Azərbaycanın zəngin qaz ehtiyatları ölkə iqtisadiyyatının və əhalinin “mavi yanacaq”la tam təminatına imkan verir. Məhz bunun nəticəsidir ki, son illər ölkədə sosial infrastrukturun yaradılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən sayılan qazlaşdırmanın səviyyəsi getdikcə yüksəlir.

Bu sahədə dövlət siyasətini həyata keçirən ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarında geniş miqyaslı tədbirlər həyata keçirir. Bu məqsədlə yeni qaz xətləri çəkilir,  lazımi infrastruktur yaradılır, təmir-bərpa işləri getdikcə intensivləşir. Məhz bunun nəticəsidir ki, artıq bir neçə ildir ki, ölkəmizin hətta ucqar dağ kəndlərində yaşayan sakinlərin mənzillərində belə, “mavi yanacaq” şölələnir, insanlar bu təbii sərvətin istisinə qızınırlar. Bu da yerlərdə dərin razılığa səbəb olur, vətəndaşların sosial sahədə reallaşdırılan dövlət siyasətinə inamı artır. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu amili yüksək qiymətləndirərək demişdir: “ Qazlaşdırma ilə bağlı layihələr davam etdirilir. Demək olar ki, hər ay bir neçə kənddə qazlaşdırma işləri başa çatır. Bakıda 96 faizə çatmışdır. Yaxın aylarda əminəm ki, 100 faiz olacaqdır. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmalıyıq və biz növbəti illərdə buna nail olacağıq”.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və  “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində mühüm nailiyyətlər əldə edən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının nailiyyətlərindən ruhlanan  birliyin kollektivi ölkə  Prezidenti İlham Əliyevin qazlaşdırma ilə bağlı tapşırığını vaxtında yerinə yetirməklə yanaşı, qaz təsərrüfatının dinamik inkişafı istiqamətində də mühüm nailiyyətlərə imza atmışdır. İlk növbədə, qazlaşdırma və qaz təminatının bərpası işləri intensiv xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir. Ötən illərlə müqayisədə geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində görülən işlərin nəticəsi olaraq il ərzində 41 rayon üzrə 217 yaşayış məntəqəsinin təbii qazla təchizatı, həmçinin Balakən və Hacıqabul rayonlarının qazlaşdırılması tam başa çatdırılmışdır.

İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq  2014-cü il yanvarın 1-nə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-ya çatmışdır ki, onların da 19 min 830-u qeyri-əhali abonentidir. Cari ilin 1 yanvar tarixinə təbii qazla təmin olunmuş 1 milyon 579 min 85 əhali abonentindən əlavə, 2013-cü ilin sentyabr-dekabr aylarında çoxmərtəbəli  yaşayış binalarında, həmçinin fərdi qaydada qazlaşmış mənzillərdə 48 min 991 əhali abonenti qeydiyyata alınmışdır. Bütövlükdə isə ötən il ölkə üzrə ümumi abonentlərin sayı 167 min 536 nəfər artmışdır ki, bunun da  57 min 708-i Bakı, Abşeron və Sumqayıt, 109 min 828-i regionlar üzrədir. Yeri gəlmişkən, abonentlərin 701 min 645-i Bakı şəhəri, 946 min 261-i isə regionların   payına düşür.

2009-2013-cü illər ərzində “Azəriqaz” İB tərəfindən ölkə üzrə 490 min 337, o cümlədən Bakı şəhərində 149 min 533,  regionlarda isə 340 min 804 yeni əhali abonenti təbii qazla təmin olunmuşdur. Qaz sərfiyyatının dəqiq uçotunun aparılması, eləcə də itkilərin qarşısını almaq məqsədilə sayğaclaşma işləri də getdikcə intensivləşir. Ötən il  əhali abonentlərinin mənzillərində 449 min 157 məişət qaz sayğacı quraşdırılmış və ya əvəz olunmuşdur ki, onların da  263 min 905-ni “smart-kart” tipli  sayğaclar təşkil etmişdir. Bütövlükdə isə 2009-2013-cü illər ərzində  783 min 260-ı “smart-kart” tipli olmaqla  1 milyon 510 min 492 ədəd sayğac quraşdırılmışdır. Yeri gəlmişkən, “smart-kart” tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemlərin meydana çıxmasının qarşısını almaq məqsədilə əsaslı yeniliklər tətbiq edilmiş və müvafiq  islahatlar aparılmışdır. Belə ki, kütləvi ödənişlərin artması səbəbindən ötən ildən etibarən yenilənmiş proqram təminatının tətbiqinə başlanılmışdır. Bu isə təxminən 1 milyon abonentə keyfiyyətli xidmət göstərməyə imkan verir.

2013-cü ildə “Azəriqaz” İB çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində də mühüm göstəriciyə nail olmuşdur. Belə ki, birliyin bu istiqamətdə operativ fəaliyyətinin nəticəsi olaraq hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılmış və müvafiq sənədlər təqdim edilmiş 149 çoxmərtəbəli bina üzrə 30 min 374 mənzilə “mavi yanacağın” verilməsi təmin olunmuşdur. Müqayisə üçün deyək ki, 2012-ci ildə bu tədbir 60 binanı əhatə etmişdir. Yeri gəlmişkən, ölkə üzrə qazın satışını həyata keçirən  “Azəriqaz” İB müvafiq qurumların rəylərini və istismara qəbul aktlarını almış, aidiyyatı təşkilatlar tərəfindən razılaşdırılmış layihə-smeta sənədlərinin əslini, xarici və binadaxili qaz kəmərlərinin istismara qəbul aktlarını, tikinti pasportlarını, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısını və s. zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təminatında heç bir problem görmür.

İstehlakçılara fasiləsiz və normal rejimdə təbii qazın verilməsi, həmçinin istehlak olunan “mavi yanacağın” dəyərinin tərəfindən tam həcmdə və vaxtında ödənilməsi sahəsində vəziyyət də ürəkaçan olmuşdur. Belə ki, 2013-cü ildə “Azəriqaz”  İB-də əhali sektoru üzrə 2 milyard 201 milyon 571 min 619 kubmetr həcmində təbii qaz satılmış, yığımın səviyyəsi isə 101,98 faiz təşkil etmişdir. Bu onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalmış və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməmişdir. Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir.

Ötən illərdə olduğu kimi, hazırda da  birlikdə qaz təsərrüfatının inkişafı üçün görülən işlər davam etdirilir. Belə ki, müxtəlif diametrli qaz kəmərləri təmir-bərpa edilir, həyətlərdə olan qaz xətləri küçəyə çıxarılır və qaz sayğaclarının küçə xətlərinin üzərində quraşdırılması işləri davam etdirilir. Təbii qaz itkilərinin azaldılması məqsədilə əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni “smart-kart” tipli sayğaclarla əvəz olunur, istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri dəyişdirilir. Ötən il yerli qaz istismar sahələri tərəfindən istehlakçıların “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli borular vasitəsilə 423 084 paqonometr yeni qaz xətti çəkilmiş, 1560 ədəd qaztənzimləyici və 1071 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. Bununla yanaşı, il ərzində şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 9048,1 kilometr yeni qaz kəməri quraşdırılmışdır ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 1774,7 kilometr qaz kəməri əsaslı təmir olunmuşdur.

“Azəriqaz” İB texnoloji qaz itkilərinin azaldılması üçün də bir sıra tədbirlər görür. Belə ki, qəbul-təhvil nöqtələrində yerləşən ölçü qovşaqları uzun müddət istismarda olduğu və normativ-texniki sənədlərin tələblərinə cavab vermədiyi üçün yenidən qurulur. Xatırladaq ki, həmin ölçü qovşaqları vasitəsilə rayon qaz istismar sahələri, müəssisə və təşkilatlar qazla təmin olunur. Ölçü qovşaqlarından keçən qazın sərfiyyatını müəyyən etmək üçün müasir sərfölçmə cihazlarından və elektron tipli sayğaclardan istifadə olunur. Eyni zamanda, “Azəriqaz” İB-nin qəbul-təhvil nöqtələrində yerləşən hesablayıcıların fiziki və mənəvi cəhətdən köhnəlməsi və istismar müddətlərinin başa çatması ilə əlaqədar yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır. “Azəriqaz” İB-nin təhvil-qəbul nöqtələrində on gündən bir aparılan kimyəvi təhlillər zamanı alınan və hesablayıcı avadanlıqların yaddaşına daxil edilən qazın fiziki-kimyəvi göstəriciləri arasında əmələ gələn fərqlərin aradan qaldırılması, bu  məqsədlə təhlil avadanlıqlarının quraşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Belə ki, hazırda 15 nöqtədə analizlərin aparılması üçün xromotoqraflar quraşdırılmışdır. Bundan əlavə, “Azəriqaz” İB-nin daxili ölçü qovşaqlarında da  yenidənqurma işləri aparılır.

Təbii qazdan düzgün istifadə edilməsi qaydalarının yerlərdə bir daha abonentlərin nəzərinə çatdırılması, uyğunluq sertifikatı olmayan qaz cihazlarının istismardan çıxarılması, rezin boru birləşmələrinin ləğv edilməsi də “Azəriqaz” İB-nin əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə zirzəmilərdə, yarımzirzəmilərdə təbii qazdan istifadə hallarının qarşısının alınması istiqamətində müvafiq zəruri tədbirlər görülür, struktur bölmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, texnoloji rejimlərin nəzarətdə saxlanılması, abonentlərin növbədənkənar təlimatlandırılmasına nəzarət gücləndirilir.

Birlik tərəfindən  işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm işlər görülmüşdür. Belə ki, Nizami, Yasamal, Goranboy, Şabran,  Zaqatala, Naftalan qaz istismar sahələri üçün yeni inzibati binalar,  işçilərin soyunub-geyinmə otaqları, sanitariya qovşaqları olan binalar tikilərək istifadəyə verilmişdir. Bir sıra tabeli təşkilatların inzibati binalarında və köməkçi otaqlarında təmir-tikinti işləri aparılmış və bu sahədə aparılan işlər davam etdirilməkdədir. Bundan əlavə, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin sağlamlığının qorunması, əməyin mühafizəsi və ekologiya sahəsində qanunvericiliyin tələblərinin gözlənilməsi, habelə  birlikdə  beynəlxalq standartların tətbiqi istiqamətində aparılan işlər bütün il ərzində davam etdirilmişdir.

2013-2014-cü illərin payız-qış mövsümündə istehlakçıların təbii qazla etibarlı və təhlükəsiz təchiz edilməsi, abonentlərin təbii qazdan istifadə qaydaları ilə təlimatlandırılması və onların maarifləndirilməsi məqsədilə ötən ilin noyabr ayının 1-dən dekabr ayının 1-nə qədər ölkə ərazisində “Təbii qazdan təhlükəsiz istifadə aylığı” elan edilmişdir. Bu məqsədlə birlik tərəfindən xüsusi tədbirlər planı hazırlanmış və bütün struktur bölmələrin  rəhbərlərinə göndərilmişdir. Təbii qazdan təhlükəsiz istifadə aylığının keçirildiyi müddətdə birlikdə güçləndirilmiş iş rejiminə keçirilmiş, idarəetmə aparatında və bütün qaz istismar sahələrində məsul şəxslərdən ibarət növbətçilik təşkil edilmişdir. Ay ərzində xidməti ərazilərdə evdaxili qaz xətlərinə, qaz cihazlarına texniki baxış və profilaktiki xidmətin keçirilməsinə nəzarət gücləndirilmişdir ki, bunun nəticəsi olaraq 93745 abonentin mənzilinə texniki baxış keçirilmiş və 371 min 608 abonentə təbii qazdan təhlükəsiz istifadə qaydaları ilə əlaqədar növbədənkənar təlimatlar keçirilmişdir.

 “Azəriqaz” İstehsalat Birliyinin  layiq görüldüyü beynəlxalq sertifikatların əhatə dairəsinin genişləndirilməsi və beynəlxalq standartların tətbiqi ilə bağlı müvafiq tədbirlərin davamlı olaraq həyata keçirilməsi də diqqət mərkəzində saxlanılmaqdadır. Bütün bu uğurlarla kifayətlənməyən birliyin kollektivi 2014-cü ili də yüksək nailiyyətlərlə başa vurmaq, ölkənin qaz təsərrüfatının inkişafına mühüm  töhfələr vermək əzmindədir...

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 4.