Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ölkəmizdə geniş qeyd olunur

 

 Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirmişdir.

Müxtəlif mənbələrdə qeyd olunan faktlardan belə aydın olur ki, gənc yaşlarından siyasi prosesləri yaxından izləyən M.Ə.Rəsulzadə 1902-ci ildə on yeddi yaşında  “Müsəlman gənclik təşkilatı”nı yaradır. Bəzi tarixçilər bu təşkilatı XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat kimi qiymətləndirirlər.  Müsəlman Demokratik Müsavat Cəmiyyəti adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da qısa müddət sonra İranda yaradılmış və burada başlanmış milli azadlıq hərəkatına yön vermişdi. 1904-cü ilin axırlarında Müsəlman Demokratik Müsavat Cəmiyyətinin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində Müsəlman Sosial-Demokrat Hümmət Təşkilatı yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmuşlar.  Məşədi Əzizbəyov,  Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş, 1904-1905-ci illər arası cəmi 6 nömrə işıq üzü görmüş qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur.

Qəzet öz nəşrini dayandırdıqdan sonra 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərinə və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır.

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür.  Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığına təsirsiz ötüşmür. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və başqaları) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil “İrane Nou” qəzeti 2-3 min nüsxə ilə İranın ən böyük söz, fikir meydanına çevrilir.

M.Ə.Rəsulzadə öz qələmi ilə İranda Avropa miqyaslı jurnalistika sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə,  M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Müasir Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”.  İranda həmin il mürtəce “Etidaliyyun” (“Mötədillər”) Partiyası yaradıldı. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdi. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdu.

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula getməli olur. O, Osmanlı imperiyasının paytaxtında Əlibəy Hüseynzadə və Əhmədbəy Ağaoğlu ilə görüşür, Yusifbəy Akçura oğlu, Ziya Göyalpbaşqa görkəmli alimlərlə həmsöhbət olur. Burada qaldığı müddətdə  “Gənc türklər” təşkilatına rəğbət bəsləyir, “Türk ocağı” cəmiyyətinə üzv oluronun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayanTürk yurdu” jurnalının fəal yazarlarından birinə çevrilir.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə Vətənə qayıda bilir. 1917-ci ilin fevral ayında Çar Rusiyasında burjua inqilabı baş verir. Həmin ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırılır.  Bu qurultayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atılır. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı baş tutur. M.Ə.Rəsulzadə Rusiyanı federativ əsaslarla yenidən qurmaq haqqında məruzə ilə çıxış edir. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul edir.

Artıq siyasi təşkilatlar arasında yeni birliklər də qurulmağa başlayırdı. 1917-ci il iyunun ikinci yarısında Müsəlman Demokratik Müsavat Partiyası ilə Türk Ədəm Mərkəziyyət Partiyası birləşərək, Müsavat Partiyası  adı altında çıxış etməyə başladı. Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Həştərxanda, Stavropolda, Kiyevdə, Tbilisidə, İrəvanda,  Daşkənddə, Təbrizdə, Rəştdə və İstanbulda təşkil olundu. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavatın birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlandı. Həmin dövr tarixinə Milli Azərbaycan Hərəkatı kimi daxil olmuşdur.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.

...Bugünkü müstəqil Azərbaycan Respublikası da Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndərimiz Heydər Əliyev dövlətçilikdə varisliyin əhəmiyyətini vurğulayaraq qeyd edirdi ki, bu, həm də bir xalqın əhəmiyyətli siyasi keçmişinin olduğunu göstərən amildir.

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin siyasi liderlərinin  xatirəsinin yad edilməsi və əbədiləşdirilməsi ilə bağlı sərəncamlar imzalamışdır. Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısının 2013-cü il  noyabrın 22-də imzaladığı sərəncamda qeyd olunur ki, 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Həmin sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyasına, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırıq verilmişdir ki,  birlikdə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsinlər.

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi sərəncam ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı.  M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin dövlət başçısına geniş məzmunlu məktub ünvanlayaraq, ona minnətdarlığını bildirməsi də, əslində Azərbaycan ictimaiyyətinin ümumi sevincinin təcəssümü idi.  Məktubda deyilirdi ki, sərəncam Sizin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyiniz bir töhfədir. Rəis Rəsulzadə onu da qeyd etmişdi ki, 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyev cənabları tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar sərəncam verilmişdir. Yenidən belə bir sərəncam imzalanması sevindiricidir. Bu, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir.

Onu da deyək ki, dövlət başçımızın sərəncamının icrası ilə əlaqədar ötən günlərdə Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbirlər planında görkəmli şəxsiyyət və dövlət xadiminin yubiley tədbirinin, “M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolumövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlikmövzusunda elmi sessiyanın keçirilməsi, M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar kitabxanalarda xatirə gecələrinin və kitab sərgilərinin təşkili, Türkiyə Cümhuriyyətinin Milli Kitabxanasında M.Ə.Rəsulzadəyə aid nəşrlərin faksimile surətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi, M.Ə.Rəsulzadənin həyat və yaradıcılığını əks etdirən fotostendin hazırlanması, onun həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələrin KİV-də dərc olunması, ölkə kitabxanalarında M.Ə.Rəsulzadə irsinin tədqiqatçıları ilə görüşlərin və “dəyirmi masa”ların keçirilməsi, Azərbaycan İstiqlal Muzeyində yubileyə həsr olunmuşTarixin bir səhifəsi” adlı sərginin və digər tədbirlərin təşkili xüsusi yer tutur.

Yanvarın 28-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş tədbir-sərgi keçiriləcəkdir. Tədbir-sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcəkdir.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, professor Şirməmməd Hüseynov, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova, tarixçi Ədalət Tahirzadə və rəssam Rəis Rəsulzadə çıxış edəcəklər.

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 5.