Naxçıvan:
Babək rayonunda yeni sosial obyektlər istifadəyə verilmişdir
Bu günlərdə Babək qəsəbəsində avtomobil yolu, Babək Rayon Mərkəzi Xəstəxanasının və Tarix-Diyarşünaslıq Muzeyinin binaları istifadəyə verilmişdir.
Muxtar respublikada magistral yollarla yanaşı, şəhər və rayon mərkəzlərinin avtomobil yolları da yenidən qurulur. Ötən ildən başlayaraq Babək qəsəbəsinin Heydər Əliyev prospektində və qəsəbədaxili avtomobil yollarında əsaslı yenidənqurma işləri aparılmışdır. Yanvarın 23-də avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Hər bir yaşayış məntəqəsinin abadlığı onun yolundan başlayır. Çünki abad yol insanların rahatlığının, ümumilikdə isə ölkənin inkişafının göstəricisidir. Bu gün muxtar respublikamızda aparılan quruculuq işləri çərçivəsində yolların abadlaşması, yenidən qurulması diqqət mərkəzində saxlanılır. Babək qəsəbəsində də avtomobil yolları yenidən qurulmuş, 6,4 kilometr məsafədə yol genişləndirilərək asfalt örtük salınmışdır.”
Ali Məclisin sədri yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
* * *
Həmin gün Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının da açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması göstərilən tibbi xidməti keyfiyyətcə daha da yaxşılaşdırmış, ixtisaslı kadrların hazırlanması vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. “Heydər Əliyev ili” olan 2013-cü ildə ümumilikdə muxtar respublikada 20 səhiyyə müəssisəsi tikilmiş, 2 tibb müəssisəsi isə yenidən qurulmuşdur. Bu gün Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının istifadəyə verilməsi də rayonda səhiyyə xidmətinin səviyyəsini xeyli yüksəldəcəkdir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik etmiş, yaradılan şəraitdən səmərəli istifadə olunacağına və Babək Rayon Mərkəzi Xəstəxanasının muxtar respublikanın qabaqcıl səhiyyə ocaqlarından birinə çevriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. Bildirilmişdir ki, 4 mərtəbədən ibarət olan xəstəxanada poliklinika, ümumi stasionar, ginekologiya və doğuş, təcili və təxirəsalınmaz yardım şöbələri və hemodializ bölməsi fəaliyyət göstərir. Xəstəxananın şöbələrində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır.
* * *
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasında yaradılan şəraitlə də tanış olmuşdur.
Məlumat verilmişdir ki, qədim tariximizin və mədəni irsimizin öyrənilməsində, gələcək nəsillərə çatdırılmasında tarix-diyarşünaslıq muzeylərinin mühüm rolu vardır. Babək Rayon Tarix Diyarşünaslıq Muzeyi 1981-ci ildən fəaliyyət göstərir. Hazırda muzeyin fondunda ən qədim zamanlardan müasir dövrədək tarix, mədəniyyət, etnoqrafiya və arxeologiyaya aid 3884 eksponat qorunub saxlanılır. Əsaslı şəkildə yenidən qurulan muzey binası ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Binada işçilərin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Ali Məclisin sədri ümumtəhsil məktəbləri ilə əlaqələrin qurulması və şagirdlərin muzeyə cəlb edilməsi, tarix dərslərinin burada tədrisi, eləcə də fondun yeni eksponatlarla zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.
* * *
Babək qəsəbəsində bir sıra abadlıq işləri də görülmüş, rayon mərkəzində 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən Müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır. Bununla yanaşı, 2000 metr fiberoptik, 3110 metr yeraltı elektrik xətti və 200 metr qaz xətti çəkilmiş, 650 metr hasar tikilmişdir.
Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 5.