Qarabağ münaqişəsində itkin düşmüş
şəxslərin xatirəsinə abidə ucaldıldı
Dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun təşkilatçılığı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxıdan millət vəkili Elxan Süleymanovun dəstəyi ilə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulmuş abidənin açılış mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun sədri Şahin Camalov bildirdi ki, təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri müharibədə itkin düşmüş və ya şəhid olmuş şəxslərin ailə üzvlərinin hüquqi və psixoloji problemlərinin həllinə yardımçı olmaqdır. Fondun həyata keçirdiyi “İtkin düşmüş şəxslərin ailələrinin müşayiət edilməsi” layihəsinin əsas məqsədi isə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışının təmin edilməsi, peşəkar psixoloq fəaliyyətindən istifadə etməklə ailələrin psixoloji vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, səmərəli və pulsuz hüquqi yardımla təmin edilməsi olmuşdur. Məhz bu məqsədlə 2011-ci ilin yanvar ayından etibarən təşkilatın nəzdində İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəz fəaliyyət göstərdiyi müddətdə Bakı şəhərinin 4 rayonunu əhatə etmiş, ümümilikdə 500-ə yaxın itkin düşmüş şəxsin ailəsinə psixo-sosial sahədə dəstək göstərmişdir.
Qeyd edək ki, layihədə nəzərdə tutulan fəaliyyətlərdən biri də, həmin ailələrin cəmiyyətə yenidən uyğunlaşmasını təmin etmək üçün onlarla qrup görüşlərinin keçirilməsi olmuşdur. Həmin qrup görüşləri zamanı ailələrin əsas istəkləri öz ailə üzvlərinin xatirəsinin əbədiləşdirilməsi olmuşdur.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov çıxış edərək abidənin məhz Sabunçu rayonunun ərazisində – Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında qoyulduğuna görə təşkilatçılara öz minnətdarlığını bildirdi.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov öz çıxışında Qarabağ münaqişəsinin hələ də nizamlanmamasından, bu işdə Ermənistanın xarici havadarlarının dəstəyilə Azərbaycanın səsinin eşidilməməsi, hətta nüfuzlu beynəlxalq təşkilatların bu münaqişənin həllində maraqlı olmamaları barədə danışdı.
Daha sonra Milli Məclisin deputatı Fazil Mustafa, Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bələdiyyə sədri Nadir Əsədov və həyat yoldaşı itkin düşmüş Məlahət Hüseynova çıxış edərək bu abidənin qoyulmasının Qarabağ münaqişəsində yaxınları itkin düşmüş ailələr üçün böyük mənəvi dəstək olacağını bildirdilər.
Abidənin üzərindən ağ örtük götürüldü və üzərində Azərbaycan Respublikasının bayrağı və gerbi olan mərmər abidə iştırakçılara təqdim olundu.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 25 yanvar.- S. 6.