Müstəqil Azərbaycanın ən yeni tarixinə yazılan daha bir uğurlu il

 

Azərbaycanda uğurla  həyata keçirilən  sosial-iqtisadi strategiya ölkəmizi  dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına gətirib çıxarmışdır.  2013-cü  il Azərbaycanın ən yeni tarixinə növbəti inkişaf mərhələsi kimi yazılmışdır. Bu, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən göstəricilərdə də öz aydın ifadəsini tapmışdır. İclasda vurğulanmışdır ki, ötən il ölkədə 57 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz olmuş, qeyri-neft sektoru üzrə isə 9,8 faiz artım əldə edilmişdir.

Adambaşına düşən ümumi daxili məhsulun həcmi 4,4 faiz artaraq 6 min 132 manata çatmışdır. Əhalinin rifah halının göstəricilərində də müsbət dinamika nəzərə çarpmışdır. 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olmuşdur.

Ötən müddət ərzində inflyasiya cəmi 2,4 faiz təşkil etmiş və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olmuşdur. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çatmış və  34 faiz artım əldə edilmişdir. Dövlət və icmal büdcələrin vəsaiti, həmçinin xaricdən cəlb olunmuş kreditlər hesabına qeyri-neft sektorunun daha da sürətli  inkişafına zəmin yaradacaq mühüm  infrastrukturlar, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulmuş, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik Stansiyası istifadəyə verilmiş, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət almışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında demişdir: “Keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik”.

Ötən il böyük İpək Yolunun bərpasına və canlandırılmasına xidmət edəcək və transregional əhəmiyyətə malik olan yeni Bakı Dəniz Limanının, Bakı-Böyükkəsik dəmir yolunun yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri üzrə işlərin davam etdirilməsi məqsədilə  maliyyələşmələr davam etdirilmişdir. 2013-cü ilin iki mühüm hadisəsi xüsusilə qeyd edilməlidir.  Ötən il həm kosmik sənayenin əsası qoyulmuş, Azərbaycan peyki “Azərspace-1" fəzaya qaldırılmış,  həm də ölkəmizin neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi “Şahdəniz-2” investisiya sazişi bağlanmışdır. Bunlar tarixi nailiyyət, Azərbaycanın tarixi qələbəsidir.

Müstəqilliyimizin ilk illərindən ölkəmizdə normal investisiya mühitinin yaradılması və xarici kapital axınının təmin edilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Düzdür, 2005-ci ilədək iqtisadiyyata qoyulan investisiyanın böyük bir qismi enerji sektoruna yönəldilirdi, lakin sonralar bu tendensiya qeyri-neft sektorunun xeyrinə dəyişdi. Ümumiyyətlə, investisiya siyasəti Azərbaycan hökumətinin müəyyənləşdirdiyi  uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. İnvestisiya axınının təşviq edilməsində əsas məqsəd iqtisadiyyata xam vəsaitlərin daxil olması və istehsalat bazasının genişləndirilməsi, rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması kimi mühüm məsələlərin həllini sürətləndirməkdir.

Qeyri - neft sektorunun inkişafına mühüm təsir göstərən amillərdən biri də 2003-cü ildə  yerli istehsalın inkişafı ilə ölkənin ixrac qabiliyyətinin artırılmasını və investisiyaların cəlb edliməsini həvəsləndirmək məqsədilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun  (AZPROMO) yaradılması olmuşdur.  Bu qurum hökumətlə investorlar arasında əlaqələndirici rolunu oynamaqla özəl və dövlət sektorunda  əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Fond həmçinin  xarici investorlara investisiya yatırılacaq sahələrin müəyyənləşdirilməsində,  onların ölkəmizdəki fəaliyyətlərini asanlaşdırmaqda yardımlar göstərmişdir.

Hazırda Azərbaycanda adambaşına düşən xarici investisiyaların yüksək göstəricisi, hökümətin investorların ən ali səviyyədə hüquqi müdafiəsinin təmin etməsi, ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daimi artımı,  kənd təsərüfatında istehsalın təşviqi məqsədilə edilən vergi güzəştləri, ixtisaslı əmək ehtiyatlarının çoxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində aktiv iştirakı, ən əsası isə  ölkənin coğrafi mövqeyinin AvropaAsiya bazarlarına səmərəli çıxış imkanı yaratması münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır. Yuxarıda sadalanan əlverişli və münbit biznes mühitinin formalaşdırılması hətta Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hesabatlarında da öz əksini tapmış və Azərbaycan dünyanın 183 ölkəsi arasında 66-cı yerə layiq görülməklə biznesə başlamaq parametrləri üzrə inkişaf etmiş ölkələrlə bir sırada qərarlaşmışdır.

Əvvəldə qeyd etdiyimiz kimi, “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılmış və 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlamışdır. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən, xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. Altı  ay ərzində xarici ölkələrə təxminən  10 milyon ABŞ dolları həcmində ixrac xidmətləri göstərilmiş və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60-65 faizinin ödənilməsinə yönəldilmişdir. 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri də başa çatmışdır, yaxın vaxtlarda tender elan olunacaqdır. Müşahidə peyki özünün texnoloji göstəricilərinə görə ən yeni nailiyyətlər sırasındadır. 2017-ci ildə orbitə çıxarılması planlaşdırılan növbəti telekommunikasiya peykinin layihələndirilməsi üzrə işlər də davam etdirilmişdir.

2013 - ildə ölkəmizdə tikinti - quruculuq işləri geniş vüsət almışdır. Azərbaycanın maliyyə qüdrətinin güclənməsi qeyri-neft sənayesinin, o cümlədən tikinti sektorunun  dinamik inkişafını təmin etmişdir. Belə ki, sosial-iqtisadi  sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat həcmində vəsait yönəldilmiş, 9,7 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 74,1 faizini ya 10,8 milyard manatını daxili investisiyalar təşkil etmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 14,8 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 26,7 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 50,6 faizi, yaxud 7,4 milyard manat sərf olunmuşdur.

Ümumi inşaat işlərinin 79,9 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər. Ötən ilin yanvar–noyabr aylarında Azərbaycanın tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 16,9 faiz artaraq 318,7 milyon manat təşkil etmişdir.

Ötən il ən çox diqqət yetirilən sahələrdən biri yol tikintisi olmuşdur. Hazırda Bakı şəhərində yol şəbəkələri küçə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi yenidən qurulması, qəsəbə kənd əraziləri daxil olmaqla yolların, prospektlərin küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası yenidən qurulması, yerli əhəmiyyətli yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin tikintisi üzrə layihələr həyata keçirilir.

Yeri gəlmişkən, tikinti işləri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat kommunikasiya xarakterli inşaat layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Xatırladaq ki, regional dövlət proqramlarının  uğurlu icrası nəticəsində hazırda  kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindən birinə çevrilmişdir. Bu sahənin inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyır. 2013-cü ildə aqrar sahədə mühüm uğurlar əldə edilmiş, ərzaq təhlükəsizliyi daha da gücləndirilmiş, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlmişdir. Aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin subsidiyaların verilməsi davam etdirilmiş, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalı emalı genişləndirilmiş, müasir quşçuluq, heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 70 faizə qədəri  aqrar sektora ayrılmışdır. Hazırda kənd təsərrüfatının əsas sahələrindən olan üzümçülüyün inkişafı ilə yanaşı, emal sənayesinin inkişafına da təkan verəcək “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir.

2013-cü ildə  əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının da  icrası davam etdirilmiş, quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması emalı kompleksləri, aqroservislər yaradılmış, su təminatı meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş bu sahədə sabitliyə nail olunmuşdur.

2014-cü ildə ölkəmizdə  tikinti-quruculuq sahəsində geniş tədbirlərin reallaşdırılacağı gözlənilir. I Avropa Olimpiya Oyunlarına kimi paytaxtda bir neçə istiqamətdə yeni yol çəkiləcəyi nəzərdə tutulur. Yeni çəkiləcək yollar arasındakı ən böyük layihə Heydər Əliyev prospektinə paralel çəkiləcək yoldur. Bu yol Yasamal rayonundakı Qələbə dairəsindən başlayacaq Koroğlumetrostansiyasına qədər uzanacaq.

Bu il  Babək prospektinin yenidən qurulması planlaşdırılır. Burada yolun həm asfalt örtüyü dəyişdiriləcək, həm yol kənarları təmir ediləcək. Həmçinin, Mikayıl Əliyev Sərdar Səfərov küçələri yenidən qurulacaq. Bundan başqa, magistrallarda xüsusi elektron lövhələr quraşdırılacaq. Yolların işarələnməsi, yol kənarlarına həm ingilis, həm Azərbaycan dilində yazılı lövhələrin vurulması nəzərdə tutulur. Bu, turistlər üçün bir növ xəritə rolunu oynayacaq.

Müstəqil Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun hesabına təmin etmək, iri sənaye komplekslərinin yaradılması istiqamətində mühüm  tədbirlər həyata keçirməkdir. Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycan RespublikasındaSənaye ilielan edilməsi haqqında sərəncam imzalaması da məhz bununla bağlıdır. Qarşıdakı illərdə ölkə iqtisadiyyatının sənayeləşdirilməsi sürətləndiriləcək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə ediləcəkdir. Bununla da ölkə iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

 

Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 26 yanvar.- S. 1.