Qədim türk
torpağı Naxçıvanın muxtariyyət salnaməsi
Naxçıvan Muxtar Respublikası –
90
Azərbaycan
Prezidenti cənab İlham Əliyev 2014-cü il
yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90
illik yubileyinin keçirilməsi haqqında sərəncam
imzalamışdır.
Sərəncamda
qeyd olunduğu kimi: “Azərbaycanın qədim bölgəsi
Naxçıvan tarixən çətin sınaqlarla dolu
mürəkkəb və eyni zamanda şərəfli bir yol qət
etmişdir. Çoxəsrlik dövlətçilik
ənənələri olan bu diyar həmişə
xalqımızın zəngin mədəni irsini layiqincə
yaşatmış, yetirdiyi çox sayda görkəmli elm
xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri
ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında
əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına
bağlılıq nümayiş etdirərək dövlət
müstəqilliyimizin bərpası, qorunub saxlanılması və
möhkəmləndirilməsində müstəsna xidmətləri
vardır. Bu
gün yüksək potensiala malik olan muxtar respublika
bütün dövlət proqramlarını, infrastruktur layihələrini
böyük uğurla həyata keçirməsi sayəsində
ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz
aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal
iştirakçısıdır...”.
Naxçıvan Muxtar Respublikasının
yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli
hadisəsidir.
Bunu nəzərə alan Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
dördüncü çağırış Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında
2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət”
ili elan etmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikası çox mürəkkəb,
çətin və kəşməkəşli tarixi
inkişaf yolu keçmişdir. Vaxtı ilə coğrafi
cəhətdən Azərbaycanın mərkəzi ərazilərindən
olan Naxçıvan XX əsrin əvvəllərində Azərbaycandan
ayrı düşmüş, onunla sərhədi ərazi itirməsi
hesabına ləğv olunmuşdur. İri
kapitalist dövlətlərinin, xüsusilə Rusiyanın məqsədi
Naxçıvanı Ermənistana vermək, bununla türk
dünyasının bir-biri ilə əlaqəsini kəsmək
idi. Erməni daşnakları isə
yaranmış şəraitdən istifadə edərək Azərbaycanın
bir sıra torpaqlarını “böyük Ermənistana” qatmaq
siyasəti aparmışlar. Onların bu
niyyətlərində Naxçıvanın zəbt edilməsi
ilk planda durmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ingilislərin və amerikalıların dəstək və
yardımlarından istifadə edən erməni millətçiləri
Naxçıvanı işğal etməyə
çalışmışlar. Lakin qəhrəman
naxçıvanlıların mərdlik və igidliklə
apardıqları mübarizə məkrli düşmənlərin
arzularının reallaşmasına imkan verməmişdir.
Naxçıvanın qəhrəman əhalisi
Naxçıvan diyarını Azərbaycanın ayrılmaz tərkib
hissəsi hesab etmiş, Ana vətənə birləşmək
uğrunda inadla mübarizə aparmışlar.
Naxçıvanlıların
qəhrəmanlığından bəhs edən Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin başçısı
Nəsib bəy Yusifbəyli Azərbaycan parlamentindəki
çıxışında demişdir: “İgid
naxçıvanlılar, şərurlular... bu məsələni
özləri həll etdilər. Onlar həyatlarını,
ailələrinin şərəfini və var- dövlətlərini
riskə qoyaraq doğma torpağa-vətənə qovuşmaq
üçün ayağa qalxıb azad oldular və bununla da
hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları
bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi
görəndən sonra onların qanuni hüquqlarını
danmayacaqlar”.
Ermənistanın
Naxçıvana olan iddialarının artdığı bir
dövrdə - 1918-ci il iyulun 7-də Kazım Qarabəkir
Paşanın başçılığı ilə türk
ordusu Naxçıvana gəldi və erməni
özbaşınalığının
qarşısını aldı. Lakin Birinci
Dünya müharibəsində məğlub olduğuna və
Mudros müqaviləsinin şərtlərinə görə,
türk qoşunları Azərbaycanı, eləcə də
Naxçıvanı tərk etdi. Bu zaman
naxçıvanlılar qarşısında
çıxış edən Kazım Qarabəkir Paşa
bildirdi ki, “Naxçıvanın gələcək müqəddəratını
təmin etmək üçün burada bir hökumət
qurulması vacib və zəruridir. Zatən,
siz naxçıvanlılar milli azadlıq mübarizəsində
tarixə şanlı səhifələr
yazmışsınız. Dövlətçilik
hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş
meydanlarında düşmənə qələbə
çalaraq qazanmışsınız. Şərqin
qapısında, Naxçıvanda bir cümhuriyyət
qurulmalıdır”.
Naxçıvanlılar
bu diyarı erməni işğalından qorumaq
üçün 1918-ci il noyabrın 3-də
Araz-Türk Respublikası adlı cümhuriyyət
yaratdılar. Araz-Türk Respublikası hökumətinin
tərkibi sədrdən və 6 üzvdən ibarət idi.
Hökumətin sədri Əmir bəy Əkbərzadə
idi. Bu respublikanın ərazisinə
Naxçıvan qəzası, Ordubad dairəsi, Sürməli
qəzası, Üçmüəzzin qəzasının bir
hissəsi, Sərdarabad, İrəvan qəzasının bir
hissəsi - Uluxanlı, Qəmərli, Vedi, Şərur-Dərələyəz
qəzası, Mehri bölgəsi daxil idi. Sahəsi
8696 kvadratkilometrə çatırdı. Əhalisi
bir milyon nəfərdən artıq idi.
Araz-Türk Respublikasının yaradılmasında ən başlıca məqsəd bölgənin erməni işğalına düşməsinə imkan verməmək idi. Hökumətin rəhbərliyi bu istiqamətdə fəal iş aparırdı. Araz-Türk Respublikasının hərbi qüvvələrinin yaradılması və formalaşdırılmasında hərbi nazir İbrahim bəy Cahangiroğlunun böyük əməyi olmuşdur. Onun köməyi ilə qısa müddətdə silahlı qüvvələr təşkil olunmuş, 500 nəfərlik süvari alayı yaradılmışdır. Könüllü xalq dəstələri təxminən 20 tabordan ibarət idi. Taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi.
Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən taborlara Həsən Şahverdi oğlu, Ordubaddakı tabora İbrahimxəlil Axundov, Nehrəm taboruna Kəlbə Muxtar, Cəhri taboruna Kəlbə Kərim, Dizə taboruna Məmmədrza bəy, şəhər taboruna Hüseyn Əliyev komandanlıq edirdi. Respublika əhalisinin öz müstəqilliyini qorumaq əzmi o qədər böyük idi ki, doğma ocaq və torpaqlarını müdafiə edən könüllü dəstələr işğalçıları təkcə darmadağın etmir, həm də İrəvanın özünü qorxuya salırdı.
Respublika ərazisində milis idarələri və onların sahə şöbələri də yaradılmışdı. Bütün qüvvələr Naxçıvanın qorunmasına və idarə olunmasına yönəlmişdi. Könüllü müqavimət dəstələri erməni daşnaklarına layiqli cavab vermişdi.Xüsusilə, Şərur-Dərələyəz mahalındakı Zeyvə kəndi yaxınlığında baş verən döyüşdə Kəlbalı xanın rəhbərliyi ilə 6 min nəfərlik könüllü müqavimət dəstələri erməni hərbi qüvvələrini darmadağın etmişdilər.
Aralarında müəyyən fikir ayrılıqlarına baxmayaraq Naxçıvanın müdafiəsində Cəfərqulu xan, Kəlbalı xan, Kərim xan, Rəhim xan, Kamran xan və yerli ziyalılar çox böyük xidmətlər göstərmişlər. Kəlbalı xan respublika silahlı dəstələrinə komandanlıq edir, erməni hücumlarının qarşısını alırdı.
1919-cu ilin yanvarında ingilislər Naxçıvana gəldi
və burada general-qubernatorluq yaratdılar. Bir ay sonra Azərbaycan
Xalq Cümhuriyyətinin nümayəndələri də
Naxçıvana gəlib çıxdılar. Keçirilən müzakirələrdə siyasi, hərbi,
iqtisadi, maddi və mədəni məsələləri
özündə birləşdirən akt tərtib edildi.
Bu akt Naxçvanın könüllü surətdə
AXC-yə birləşməsi haqqında idi.
Naxçıvan əhalisi diyarın ingilislər tərəfindən
Ermənistana verilməsinə qarşı mübarizəyə
qalxdılar. Bununla əlaqədar Naxçıvan Müsəlman
Milli Şurasının üzvləri ingilis general qubernatoruna
məktub göndərdilər və öz qəti
etirazlarını bildirdilər. Məktubda Araz-Türk
Respublikası əhalisinin “bütün dünyanın və
bütün mədəni qüvvələrin azad həyat,
xalqların öz müqəddəratını həll etmək
hüququ haqqında qışqırdıqları bir vaxtda azərbaycanlılar
bizdən heç bir cəhətdən üstün olmayan, əksinə,
bir çox hallarda bizdən geri qalan ermənilərin qulu ola
bilməzlər”, - fikrinə gəlməsi faktı və səbəbləri
öz əksini tapmışdır.
Naxçıvandakı ingilis missiyası ermənilərin
respublika hüdudlarına hücumuna mane olmurdular və
onların fəaliyyətində ikili siyasət
özünü açıq-aşkar göstərirdi. Onlar bir tərəfdən
Naxçıvanın Azərbaycanın bir hissəsi
olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər
tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın
hakimiyyətinə verilməsi təklifi ilə
çıxış edirdilər. Naxçıvan
əhalisi bu siyasətə qarşı inadla mübarizə
aparırdı.
Naxçıvan
Milli Şurasının sədri Azərbaycan Respublikası
xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi məktubda
bildirirdi ki, biz özümüzü Azərbaycanın
ayrılmaz hissəsi hesab edirik və əminik ki, hər
hansı səbəbdən hərbi qüvvə ilə kömək
edə bilməsə də, heç olmasa top, tüfəng və
patronla Azərbaycan bizə kömək edəcəkdir. Və hətta Azərbaycan bundan da imtina etsə, biz
bu yolda canımızdan keçəsi olsaq belə, müqəddəs
vədimizi yerinə yetirəcəyik.
İngilis nümayəndələri çox canfəşanlıqla
Naxçıvanı erməni “idarəçiliyinə” vermək
istəyirdi. Müsəlman Milli Şurası və
Naxçıvan əhalisi buna qəti etiraz edirdilər.
Əhalinin bir müraciətində deyilirdi: “Ermənilərə
tabe olmaqla biz təkcə özümüzü yox, həm də
ömrü boyu bizə lənətlər oxuyacaq nəslimizi
alçaltmağa və təhqirə məruz qoyuruq və
buna görə də əlahəzrət general Devinin bizim
Naxçıvan, Şərur və Vedibasar
rayonlarımızın müvəqqəti də olsa erməni
hökumətinin idarəsinə verməsinə biz Allah tərəfindən
bütün diyarın əhalisinə bəxş edilmiş
azadlıq, arzu və meyllər üzərində
zorakılıq faktı kimi baxırıq”.
İngilis komandanlığının və Ermənistan
hökumətinin qərarlarına tabe olmayan naxçıvanlılar
erməni işğalçılarına qarşı
silahlı mübarizə aparırdı.
Respublikada süvari, top və
pulemyotları olan 6 min əsgərdən ibarət
yarınizami qoşun yaradılmışdı. Hərbi əmliyyatlar zamanı
naxçıvanlılar onların sayını təxminən
on min əsgərə və silahlı könüllülərə
çatdırdılar.
Erməni qoşunları dəfələrlə
Naxçıvana hücum etmiş və layiqli
cavablarını almışdılar. Naxçıvanın
şəhər və kəndlərinə hücumlarda təkcə
duşmənin nizami qoşunları deyil, erməni əhalisi də
iştirak edirdi. Ermənilər general-
qubernatorluq elan etsələr də, nə ingilis nümayəndələri,
nə də general-qubernator şəhərdə yerləşə
bilməmiş, onlar şəhərdən 3 km uzaqda - hərbi
kazarmada yerləşmişdilər. Kəlbalı
xanın başçılığı ilə
Naxçıvan xalq qoşunu daşnak qüvvələrini
darmadağın edib Naxçıvan və onun ətraflarından
qovdular.
Bu zaman
ermənilər bir neçə min adam, iki
top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800 erməni əsgəri və 8 zabiti əsir
alınmışdı. Bundan istifadə edən
respublika hökuməti öz nümayəndəsi Səməd
bəy Cəmillinskini müvəqqəti general-qubernator təyin
etdi, diyarı idarə etmək üçün zəruri olan
dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy diyar
qoşunlarının baş komandanı, Kəlbalı xan isə
onun köməkçisi (eyni zamanda Naxçıvan qoşun dəstəsinin
komandiri) təyin olundu.
1919-cu ilin yayında Naxçıvanda olan amerikalı
polkovnik Rey Naxçıvan Milli Şurasının sədri Cəfərqulu
xanla danışıqlar apardı. Polkovnik V.Haskel Naxçıvan,
Şərur və Dərələyəz qəzalarında
xüsusi zona və bu ərazidə Amerika
general-qubernatorluğu yaratmaq istəyirdi. Bununla əlaqədar
V.Haskel öz layihəsini N.Yusifbəyliyə təqdim etdi.
Bunu eşidən Cənub-Qərbi Azərbaycan müsəlmanlarının
ümumi iclasının sədri Əli Səbri Qasımov,
yerlilər cəmiyyətinin sədri Z.Məmmədov və
nümayəndə heyətinin üzvü A.Nəcəfov
hazırladıqları 10 maddəlik tələbnaməni
N.Yusifbəyliyə təqdim etdilər. Bu tələblərin
əsasını Naxçıvanı Azərbaycanın tərkibində
saxlamaq fikri dayanırdı.
1919-cu il sentyabrın əvvəllərində
Naxçıvan nümayəndələri Ə.S.Qasımov və
K.M.Əsgərov polkovnik V.Haskelə 10 bəndlik memorandum təqdim
etdilər. Görüş zamanı V.Haskel
Ə.S.Qasımovdan soruşdu ki, Naxçıvanın və
digər regionların əhalisi bu regionların erməni
hökumətinə verilməsinə necə baxar? Əli Səbri Qasımov bildirdi ki, əldə silah
ləyaqətli ölümü üstün tutaraq bu hökuməti
bütün qüvvələri ilə rədd edərlər.
Naxçıvan əhalisi polkovnik Reyə bildirdilər
ki, onlar azərbaycanlı general-qubernatordan başqa heç
kimi tanımaq istəmirlər. Əhalisi Azərbaycan
türkləri olan Naxçıvan, Şərur, Dərələyəz
rayonları, Vedibasar və Milistan Azərbaycanın ayrılmaz
hissəsidir.
Delli və Reyin missiyası süquta uğradı,
amerikalıların Naxçıvanda möhkəmlənmək
cəhdi baş tutmadı.
1920-ci ilin martında türk hərbi dəstələri
Naxçıvana gəldilər. Kəlbalı xan
Türkiyənin yüksək hərbi ordeni ilə təltif
edildi. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi idarəsi
isə daşnaklarla döyüşlərdə göstərdiyi
igidliyə görə ona general-mayor rütbəsi verdi.
1920-ci ilin aprelində Azərbaycan XI Qırmızı
Ordu tərəfindən işğal edildi, Azərbaycan Xalq
Cümhuriyyəti devrildi və Azərbaycanda Sovet hakimiyyəti
bərqərar edildi. Naxçıvanda Sovet hakimiyyəti iyulun
28-də elan edildi və Hərbi İnqilab Komitəsi
yaradıldı. Bir neçə gündən sonra -
avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri
M.Bektaşov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri
N.Nərimanova məktubla müraciət etdi: “Naxçıvan
xalqının böyük əksəriyyətinin qərarı
ilə Naxçıvan ölkəsi özünü Azərbaycan
Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab
edir”.
Çox qəribədir ki, Naxçıvanda olan
bolşevik ordusu Ermənistanla müharibə aparır, həm
də onlarla siyasi və diplomatik danışıqları davam
etdirirdi. Bu danışıqlarda Azərbaycanın hətta
mübahisəsiz torpaqlarının Ermənistana verilməsi məsələsi
müzakirə olunurdu. Bunu bilən N.Nərimanov Leninə
göndərdiyi məktubda yazırdı: “Dəhşətli
vəziyyət yaranmışdır. Mərkəz
Gürcüstanın və Ermənistanın müstəqilliyini,
Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni
zamanda həmin mərkəz Azərbaycanın tamamilə
mübahisəsiz ərazilərini Ermənistana verir...”.
Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli
mövqeyi və mübarizəsi ermənilərin
Naxçıvan barəsindəki planlarını pozdu. Bu işdə
iri dövlətlər də onlara kömək göstərə
bilmədilər. Məkrli niyyətlərini hələlik
pərdələyən ermənilər və Ermənistan
İnqilab Komitəsi 1920-ci il dekabrın
28-də Naxçıvanı müstəqil (Azərbaycanın
tərkibində yox - İ.H.) Sovet Respublikası
kimi tanımış və bu diyar ilə əlaqədar
iddialarından imtina etmişlər.
Beləliklə, bölgə əhalisi 1918-1920-ci illərdə
misilsiz çətinliklərə, təqiblərə,
müsibətlərə sinə gərərək milli ləyaqəti
uca tutdular, diz çökmədilər, erməni silahlı
quldur dəstələrinə layiqli cavab verdilər. Bu məsələdən bəhs
edən Ermənistanın birinci baş naziri O.Kaçaznuni
1923-cü ildə etiraf edirdi ki, “Müsəlman
Naxçıvanı və Şərurunda,...
müsəlman rayonlarında inzibati tədbirlərlə
qayda-qanun yarada bilmədik, silaha əl atmağa, qoşun yeritməyə,
dağıtmağa və qırğın törətməyə
məcbur olduq. Vedibasar, Şərur,
Naxçıvan kimi mühüm yerlərdə öz hakimiyyətimizi
hətta silah gücünə qura bilmədik, məğlub
olduq və geri çəkildik”.
Naxçıvan diyarının əhalisi özlərini
Azərbaycandan ayrı təsəvvür etmirdilər. Onlar hələ o vaxt öz
qəti fikrini belə ifadə etmişdilər: “Bu xalq mədəni
dövlətlərin alovlarında məhv olmağa razı
olar, amma Azərbaycandan ayrılmaz”.
1921-ci
ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin
keçirdikləri rəy sorğusunda Naxçıvanın
90 faiz əhalisi mahalın muxtar respublika hüququnda Azərbaycanın
tərkibində qalmasına səs verdi.
Naxçıvanın Azərbaycanın tərkibində
qalmasında B.Şahtaxtinskinin də böyük əməyi
və tarixi xidməti olmuşdur. O, 1921-ci il martın 1-də Leninə
göndərdiyi məktubda Naxçıvan, Zəngəzur,
Dağlıq Qarabağ ərazilərinin gələcəyindən
duyulan rahatsızlığı çatdırmış, bu
mahalların milli tərkibi və coğrafiyasına dair
arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd
məsələləri və xüsusilə də
Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər
vermişdi. Bu zaman Türkiyə nümayəndələrinin
Rusiya ilə apardığı danışıqlarda
Naxçıvan məsələsinə də önəm
verilirdi.
Beləliklə, referendumun nəticəsi,
B.Şahtaxtinskinin təklifi, Türkiyə tərəfinin tələbi
ilə Naxçıvan üzərində Azərbaycanın
suverenliyinin təmin edilməsi və ən nəhayət
Naxçıvan əhalisinin neçə illər
apardıqları inadlı mübarizə
Naxçıvanın Azərbaycanın tərkibində
qalmasına səbəb oldu. 1921-ci il martın 16-da Siyasi Büro
Azərbaycanın himayəsində Naxçıvan Sovet
Respublikasının təşkili barədə qərar qəbul
etdi və həmin gün imzalanan Moskva müqaviləsinin
3-cü maddəsində də bu cəhət öz əksini
tapdı: “Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində
göstərilən sərhədlərdə Azərbaycanın
himayəsi altında, həmin protektoratı Azərbaycanın
heç bir üçüncü dövlətə güzəştə
getməməsi şərti ilə muxtar ərazi təşkil
edir”.
Güney Qafqaz respublikaları ilə Türkiyə
arasında imzalanan Qars müqaviləsi (1921, 13 oktyabr)
Naxçıvanın ərazi mənsubiyyəti məsələsini
bir daha təsdiqlədi və onun sərhədlərini qəti
surətdə müəyyənləşdirdi. Beləliklə,
1917-ci ildən mübarizə aparan
naxçıvanlıların arzuları gerçəkləşdi,
bölgənin ərazi mənsubiyyəti məsələsi Azərbaycan
üçün qanuni və ədalətli qaydada həll
olundu.
1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət
statusundan muxtar respublikanın təşkilinə kimi çox-
saylı müzakirələr getmişdir. Bu müzakirələrdə
bir məsələ aydın idi ki, Azərbaycanın daxilində
Naxçıvanın muxtariyyət təşkil etməsi
bölgənin spesifik ərazi vəziyyəti-geosiyasi şəraiti
ilə bağlı idi. Naxçıvanın
Azərbaycandan aralı düşməsi, heç bir sərhədə
malik olmaması onun inzibati idarəçiliyinin qəza və
ya rayon hüquqlarında təşkil etməyə imkan
vermirdi. 1923-cü il iyunun 16-da
Naxçıvan muxtar diyar (ölkə) adlandırıldı.
1924-cü il yanvarın 4-də Zaqafqaziya
MİK Naxçıvan diyarını Naxçıvan MSSR elan
etdi. 1924-cü il fevralın 9-da Azərbaycan
MİK-in Rəyasət Heyəti Naxçıvan
diyarının Naxçıvan MSSR-ə çevrilməsi
haqqında dekret qəbul etdi.
Naxçıvanın
muxtariyyət statusunun hüquqi bazasının
yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş
Əsasnamə və 1926-cı il aprelin 18-də qəbul edilmiş
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci
Konstitusiyası ilə təsbit edildi. Naxçıvan
Muxtar Sovet Sosialist Respublikası sonrakı konstitusiyalarında
da Naxçıvan Azərbaycan Sovet Sosialist
Respublikasının tərkibində muxtar respublika kimi göstərilmişdir.
Naxçıvanın
muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində
1995-ci il noyabrın 12-də qəbul
edilmiş müstəqil Azərbaycan Respublikası
Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın
134-cü maddəsinin ilk bəndində deyilir:
“Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu
Konstitusiya ilə müəyyən edilir. Naxçıvan
Muxtar Respublikası Azərbaycan Respublikasının
ayrılmaz tərkib hissəsidir”.
Naxçıvan Muxtar Respublikasının yeni
Konstitusiyasında Naxçıvan muxtar dövlət kimi ifadə
olunmuş və onun Azərbaycan Respublikası tərkibində
demokratik, hüquqi, dünyəvi muxtar respublika olduğu təsbit
edilmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan Muxtar
Respublikasının təşkil olunmasının
ildönümləri dövlət səviyyəsində qeyd
olunmuş, 1949-cu ildə muxtar respublikanın 25, 1964-cü ildə
40, 1974-cü ildə 50 illik yubileyləri keçirilmişdir. Ölkəmiz müstəqillik
əldə etdikdən sonra ulu öndər Heydər
Əliyevin 1999-cu il 4 fevral tarixli fərmanı
ilə Naxçıvan Muxtar Respublikasının 75 illik
yubileyi qeyd edilmişdir. Yubiley tədbirlərində
iştirak edən və təntənəli yubiley iclasında
nitq söyləyən ümummilli lider Heydər Əliyev
demişdir: “Naxçıvanın muxtariyyəti tarixi hadisə
olubdur. Bu, çətin bir dövrdə
böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq
üçün xüsusən Moskva müqaviləsinin və
Türkiyə Cümhuriyyətinin imzaladığı Qars
müqaviləsinin burada böyük əhəmiyyəti
vardır. Naxçıvan Azərbaycanın
əsas torpağından ayrı düşdüyünə
görə Naxçıvanın
bütövlüyünü, təhlükəsizliyini,
dövlətçiliyini, muxtariyyətini gələcəkdə
də təmin etmək üçün Qars müqaviləsi
bizim üçün çox böyük, əvəzi olmayan
bir sənəddir”.
Ulu öndər Heydər Əliyevin
Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar
respublikanın yubileylərinin keçirilməsi istiqamətində
həyata keçirdiyi tədbirlər bu gün də
uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 9 fevral
2004-cü il tarixli Sərəncamı ilə
Naxçıvan Muxtar Respublikasının 80 illik, 6 fevral
2009-cu il tarixli Sərəncamı ilə 85 illik yubileylərinin
ölkəmizdə geniş qeyd olunması bunun bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 14 yanvar 2014-cü il tarixli Sərəncamında
göstərilir ki, Naxçıvan Muxtar Respublikasının
yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli
hadisəsidir.
Naxçıvan
Muxtar Respublikasının 85 illik yubiley tədbirlərində
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
Vasif Talıbov Naxçıvanın muxtariyyət statusunun
ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyətə
malik olduğunu bildirərək demişdir: “Naxçıvanın
muxtariyyət statusu ötən əsrin 90-cı illərində
Azərbaycanın müstəqillik uğrunda
apardığı mübarizə dövründə
mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər
Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti
dövründə Naxçıvan xalqımızın suveren
hüquqlarının təmin edilməsi uğrunda gedən
mübarizənin mərkəzinə çevrilsin”.
Bu gün muxtar respublikanın statusunun və sərhədlərinin
beynəlxalq təşkilatlar səviyyəsində
tanıdılması istiqamətində də ardıcıl tədbirlər
həyata keçirilir. 2012-ci il oktyabrın 16-18-də Avropa Şurasının
Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda
keçirilən 23-cü plenar sessiyasında qəbul olunan sənədlərin
birində Naxçıvan Muxtar Respublikası ilə
bağlı çox mühüm və tarixi əhəmiyyət
daşıya biləcək məqam əks olunmuşdur. Həmin hissə Ali Məclis sədrinin tövsiyəsi
ilə hazırlanmış və nümayəndə heyəti
tərəfindən Memoranduma daxil edilmişdir.
Sənəddə
qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının
konstitusion-hüquqi statusu Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına,
habelə hazırda qüvvədə olan 2 beynəlxalq
müqaviləyə əsaslanır. Bundan
başqa, qeyd olunmuşdur ki, muxtar respublikanın statusu həm
milli qanunvericilik, həm də beynəlxalq müqavilələrlə
müəyyən olunmuşdur. Maddənin
sənədə salınması Azərbaycan, xüsusilə
Naxçıvan Muxtar Respublikası üçün böyuk
siyasi əhəmiyyət kəsb edir.
İlk dəfədir ki, Naxçıvan Muxtar
Respublikasının statusunu, sərhədlərini müəyyən
edən 1921-ci ildə qəbul olunan Moskva və Qars beynəlxalq
müqavilələri beynəlxalq təşkilatın sənədlərində
hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilir. Ölkəmiz,
o cümlədən muxtar respublikamız üçün
mühüm olan beynəlxalq müqavilənın hüquqi
qüvvəsinin Avropa Şurası kimi nüfuzlu bir beynəlxalq
təşkilat tərəfindən tanınması,
şübhəsiz ki, ölkə və muxtar respublika rəhbərliyinin
bu sahədə apardığı fəal diplomatik fəaliyyətin
məntiqi nəticəsidir.
Ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar,
bu diyara tarixi səfərləri, ərazi
bütövlüyü və təhlükəsizliyi
üçün gördüyü tədbirlər, muxtariyyət
statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi
və həlli vacib olan digər məsələlərin həyata
keçirilməsi Naxçıvanın hərtərəfli
inkişafını təmin etmiş, regionu çiçəklənən
diyara çevirmişdir. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə
muxtar respublika 18 il ərzində hərtərəfli
inkişaf edir, əsl intibah dövrünü yaşayır. Həyatın bütün sahələrində əsaslı
dəyişikliklər baş vermiş və bu işlər bu
gün də sürətlə və ardıcıl davam
etdirilir.
Naxçıvanın Muxtar Respublika statusu bu bölgənin
90 illik tarixi taleyində, onun ərazisinin qorunub
saxlanılmasında və təhlükəsizliyinin təmin
edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə
Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi
qüdrətinin yüksəlməsinə və hərtərəfli
inkişafına da öz layiqli töhfəsini vermişdir.
Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda
Naxçıvanın atdığı cəsarətli
addımlar bütün Azərbaycan xalqı tərəfindən
rəğbətlə qarşılanmış, respublikada cərəyan
edən ictimai-siyasi proseslərə öz müsbət və
həlledici təsirini göstərmişdir. Naxçıvan
Muxtar Respublikası bu gün milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısı olub, ölkəmizin
iqtisadi qüdrətinin artırılması və intellektual
potensialının gücləndirilməsinə dəyərli
töhfələr verir”.
İsmayıl
HACIYEV,
AMEA Naxçıvan Bölməsinin
sədri, akademik
Xalq qəzeti.-
2014.- 26 yanvar.- S. 2.