Prezident İlham ƏLİYEV: Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır

 

Yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin ötən il qazandığı nailiyyətlər barəsində ətraflı məlumat verilmişdir. İlin yekunları bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır, dünya birliyinə inteqrasiyası daha da sürətlənir və beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir.

Dövlətimizin başçısı yekun nitqində 2014 - ildə qarşıda duran vəzifələrin icrası istiqamətində tapşırıq və tövsiyələrini də verdi. Təbii ki, ilk növbədə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, insanları ən çox narahat edən problemlərin aradan qaldırılması məsələləri diqqət mərkəzində olmuşdur. Bu gün əhalini narahat edən problemlərdən biri də bəzi təşkilatların hələ də korrupsiya və rüşvətxorluq bataqlığından xilas ola bilməməsidir. Bu sahədə qətiyyətli addımlar atılmasına baxmayaraq, bəzi məmurlar hələ də öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin müşavirəsində belələrinə bir daha xəbərdarlıq edərək dedi:“Keçən ildə olduğu kimi, bu ilkorrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaq”. Ölkə başçısı korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin gözəl nəticələri olduğunu vurğulayaraq bildirdi ki, bu sahədə kompleks tədbirlər görülür. Ötən il bu istiqamətdə görülmüş işləri diqqətə çatdıran möhtərəm Prezidentimiz müşavirədə demişdir: “Keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir. “ASAN xidmət”də göstəriləcək xidmətlərin sayı artırılmalıdır və bu il regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə, Sumqayıt şəhərlərində mərkəzlər vardır və səyyar xidmət də göstərilir. Biz bu il bölgələrdə ən azı dörd, bəlkə də beş “ASAN xidmət” mərkəzi tikməliyik, yaratmalıyıq və bu, investisiya proqramında da öz əksini tapmalıdır”.  Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, 2014-cü ildə bu sahədə daha da böyük addımlar atılacaq.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Ölkə başçısı hələ prezidentlik fəaliyyətinə başladığı ilk illərdə bu problemin aradan qaldırılması istiqamətində güclü siyasi iradə nümayiş etdirmişdir. 2003-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizə məqsədilə qanunlar qəbul edilmiş, beynəlxalq sənədlər ratifikasiya olunmuşdur. Bununla da Azərbaycanda korrupsiyaya qarşı mübarizədə siyasi iradə ortaya qoyulmuşdur. Həmin vaxtdan mütəmadi olaraq korrupsiyaya qarşı mübarizənin hüquqi bazası təkmilləşdirilmiş və bu sahədə daha qətiyyətli addımlar atılmışdır. Digər tərəfdən, dövlət başçısı bütün çıxışlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı öz fikirlərini açıq şəkildə bildirmiş, tövsiyələrini vermiş və qəti tələblərini qoymuşdur. Dövlətimizin başçısı bütün tədbirlərdə bidirir ki, korrupsiyaya qarşı mübarizədə səngimə olmamalıdır. Azərbaycan Prezidentinin bu mövqeyi korrupsiyaya qarşı mübarizədə ciddi siyasi iradə kimi qiymətləndirilməlidir. Çünki dövlət başçısı bununla bəyan etmiş olur ki, siyasi iradə ortadadır, korrupsiyaya qarşı mübarizə dövlətin prioritet siyasətidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Bu qanunun qəbul olunması həyata keçirilən əhəmiyyətli tədbirlərin bariz nümunəsi kimi dəyərləndirilir. Bu dəyərli sənəd korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının,vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu zəruri sənəd, habelə dövlət orqanlarında və yerli özünü idarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini də daşıyır. Korrupsiya və rüşvətxorluq cəmiyyətin sosial bəlası olduğundan və insanları daha çox narahat edən problemə çevrildiyindən ona qarşı təkcə inzibati mübarizə aparmaqla effektli nəticə gözləməyə dəyməz. Korrupsiyaya qarşı mübarizədə siyasi iradənin olması vacib amil kimi qəbul olunur. Göründüyü kimi, dövlətimizin başçısı da ölkəyə rəhbərliyə başladığı vaxtdan bu problemin aradan qaldırılması istiqamətində siyasi iradə nümayiş etdirərək qətiyyətli addımlar atmışdır.

Ölkədə korrupsiya ilə mübarizənin səmərəli surətdə həyata keçirilməsi üçün müvafiq dövlət orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaonun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmuşdur. Azərbaycanda bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmışdır. Bu qurumların əsas fəaliyyəti korrupsiya hallarına və onun inkişafına şərait yaradan amilləri aşkarlamaq, təhlil etmək və onlara qarşı ciddi tədbirlər görməkdir. Son illər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin daha da gücləndirilməsi, bu quruma yeni işçilərin cəlb olunması istiqamətində qətiyyətli addımlar atılmışdır. Onu da qeyd edək ki, bu sahədə çoxsaylı ixtisaslaşmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizə hallarının getdikcə gücləndirildiyini bildirmişbunu dövlət siyasətinin prioritetlərindən biri hesab etmişdir. Dövlətimizin başçısı demişdir: “Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır”.

Beynəlxalq təşkilatların son illər həyata keçirdiyi rəy sorğularının nəticələri də bunu təsdiqləyir. Onu da qeyd edək ki, dünyanın nüfuzlu qurumlarının müxtəlif sahələr üzrə keçirdiyi bir sıra rəy sorğularının nəticələrinə görə, Azərbaycan korrupsiya ilə mübarizədə MDB ölkələri arasında birinci olmuş, hətta inkişaf etmiş bir sıra Avropa ölkələrini də geridə qoymuşdur. Ölkəmizdə korrupsiyaya və ruşvətxorluğa qarşı dövlət səviyyəsində aparılan mübarizə diqqətdən yayınmamış və bu, beynəlxalq təşkilatların keçirdiyi rəy sorğusunun nəticələrində özünü büruzə vermişdir. Məsələn, “Transparency İnternational” təşkilatı 2013-cü ilQlobal Korrupsiya Barometri” hesabatını açıqlamış və bu sənəddə Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olunmuşdu.

Hesabata görə, Azərbaycanda respondentlərin 68 faizi hesab edib ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22 faiz göstəricisindən 3 dəfə artıqdır. İkinci nümunə isə dünyada korrupsiyanın səviyyəsi ilə bağlı olan göstəricidir. Belə ki, dünya üzrə respondentlərin 50 faizdən çoxu hesab edib ki, korrupsiyanın səviyyəsi son iki ildə artmışdır. Azərbaycanda isə respondentlərin 73 faizi hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi azalmışdır.

Bu ilin ilk ayında - yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunun birinci mərhələsini müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimatı keçirilmişdir. Bu da təsadüfi deyil. Azərbaycan artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib.

Antikorrupsiya Şəbəkəsinin 2013-cü il sentyabrın 25-də Parisdə keçirilmiş 12-ci Monitorinq Görüşündə qəbul edilmiş hesabatın dəyərləndirmə prosesinin tərkib hissəsi kimi Azərbaycan ictimaiyyətinə təqdimatı ilə əlaqədar keçirilən tədbirdə OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran qurumun İstanbul Fəaliyyət Planının layihə rəhbəri Tetyana Xavanska, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, ölkəmizin OECD ilə milli əlaqələndiricisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin məsul əməkdaşları, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Həmin tədbirdə qeyd edilmişdir ki, OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına müvafiq olaraq Azərbaycan Respublikası üzrə verilmiş tövsiyələrin icrası ilə əlaqədar 2013-cü il iyunun 3-dən 7-dək OECD Katibliyi, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan ibarət nümayəndə heyəti Bakıda ölkəmizin 3-cü raund dəyərləndirilməsi üzrə səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri dövlət qurumunun əməkdaşları ilə çoxsaylı səmərəli və işgüzar görüşlər keçirmişlər. Görüşlərdə nümayəndə heyəti tərəfindən son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, həyata keçirilmiş qanunvericipraktiki tədbirlər, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, habelə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu sahədə fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, istintaq olunan cinayət işləri və digər irəliləyişlər qeyd edilmişdir.

Ekspertlər qrupunun səfəri ilə əlaqədar hazırlanmış hesabat layihəsi OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 2013-cü il sentyabrın 23-dən 25-dək Parisdə keçirilmiş 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclasında müzakirəyə çıxarılaraq qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin 3-cü Raund Dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur. Bütün bunları yüksək dəyərləndirən Olqa Sarvan Bakıda keçirilən tədbirdə demişdir: “Azərbaycan beynəlxalq qurumlara korrupsiyaya qarşı mübarizə sahəsində diqqətlə yanaşır və bu istiqamətdə kifayət qədər uğurlar əldə etmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin modeli digər ölkələr üçün bu sahədə nümunə ola bilər”.

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə korrupsiyaya və ruşvətxorluğa qarşı mübarizə getdikcə daha geniş vüsət alır. Bu mübarizədə vəzifəsindən asılı olmayaraq heç kimə güzəşt edilmir. Azərbaycan Prezidenti İlham Əliyev bunu bir daha bəyan etdi. Ölkə başçısı Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndiriləcəyini vurğulayaraq demişdir:"Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də var. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır”.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2014.- 26 yanvar.- S. 4.