Təhsil
Kompleksində Azərbaycanın Milli Qəhrəmanı
Riad Əhmədova həsr olunmuş
tədbir keçirilmişdir
Yanvarın 25-də 132-134 nömrəli Təhsil Kompleksində bu təhsil müəssisəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuş tədbir keçirilmişdir.
Məktəbin tarix muzeyində Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən igid kəşfiyyatçı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr edilmiş xüsusi guşə təşkil edilmiş və burada qəhrəmanın həyat və fəaliyyətini, döyüş yolunu əks etdirən kitablar, fotoşəkillər sərgilənmişdir.
AzərTAc xəbər verir ki, ayrı-ayrı qurumların nümayəndələrinin, tanınmış ziyalıların, təhsil işçilərinin və şagirdlərin iştirak etdikləri tədbirdə əvvəlcə doğma Vətən yolunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi anılmışdır.
Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədovun məzunu olduğu bu məktəb barədə məlumat vermiş, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təhsil müəssisəsinin yüksək səviyyədə təmir olunduğunu və müasir avadanlıqla təchiz edildiyini xatırlatmışdır. Məktəbin məşhur məzunları olduğunu vurğulayan S.Xanlarova qeyd etmişdir ki, təhsil müəssisəsi tərəfindən həyata keçirilən “Məşhur məzunlar” adlı layihə üzrə ilk tədbir görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevaya həsr edilmişdir. Bu gün layihə üzrə növbəti tədbir məktəbin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuşdur.
Riad Əhmədovun mənalı və şərəfli ömür, şanlı döyüş yolundan danışan S.Xanlarova vurğulamışdır ki, bu tədbir Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunəsidir.
Azərbaycanımızın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı ilk illərdən Riad Əhmədov doğma Vətənin və torpağın müdafiəsi uğrunda mübarizənin ön cərgəsində olmuşdur. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdam və digər ərazilərimizin müdafiəsi uğrunda fədakarcasına mübarizə aparmışdır.
1992-ci il yanvarın 25-dən 26-na keçən gecə xəyanət nəticəsində uğursuzluqla başa çatan Daşaltı əməliyyatı R.Əhmədovun və onun bir çox silahdaşlarının son döyüşü olmuşdur. Mühasirəyə düşmələrinə baxmayaraq, Riad Əhmədovun başçılıq etdiyi dəstə böyük qəhrəmanlıqlar göstərmişdir.
Tədbirdə məktəblilər doğma Vətənə, torpağa, qəhrəmanlığa, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov bildirmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov barədə keçmiş zamanlarda danışmaq mümkün deyil. Mən R.Əhmədovu 1982-ci ildən tanıyıram. Bir yerdə işləmişik. O, xalqın, millətin, torpağın düşmənlərini tanıyırdı. Riad Əhmədov məkrli düşmənlərimiz olan erməni millətçilərini məhv etmək üçün döyüşə getmişdi. O, düşmən qarşısında əyilməzdi, ermənilərin üstünə pulemyotla ayaqüstə gedərdi və ucadan səslənərdi: “Baxın, üstünüzə Riad Əhmədov gəlir”. Riad əsl Azərbaycan kişisi idi.
Tanınmış bəstəkar Faiq Sücəddinov Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun vətənpərvərlik, qəhrəmanlıq, igidlik rəmzi olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Riad Əhmədov çox işıqlı bir gənc, doğma Vətənini, torpağını, xalqını, millətini, ailəsini sonsuz məhəbbətlə sevən insan idi.
Tanınmış yazıçı-publisist Şərəf Cəlilli dahi rəhbər, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vətənpərvərliyə daim xüsusi önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini bildirmişdir.
Azərbaycanın böyük
qəhrəmanlıq tarixindən bəhs edən Ş.Cəlilli
demişdir ki, Vətəni
vətən, milləti millət edən, onları ucaldan, tanıtdıran Azərbaycanın Milli Qəhrəmanı Riad
Əhmədov kimi igidlər, cəsurlar, fədakarlar,
əyilməzlər olmuşlar və
olacaqlar. Hər kəs alim, nazir ola bilər, amma hər kəs
Milli Qəhrəman, milli lider ola
bilməz.
Ş.Cəlilli vurğulamışdır ki,
mən Daşaltını
görən bir insanam. Şuşada, Murovda qurban
verən bir ailənin övladıyam.
Biz bütöv Azərbaycan deyəndə
Riad Əhmədovu xatırlayırıq. Riad ölməzliyin,
əbədiyyətin simvoludur.
O, ən ağır, ən çətin, ən qaynar döyüş nöqtələrində
düşmənə qarşı
böyük mətanətlə
vuruşmuşdur. Riad Əhmədovun
gözəl bir ailədən çıxdığını
xatırladan Ş.Cəlilli
qəhrəmanın əbədiyaşar,
ölməz olduğunu
vurğulamışdır.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun sinif yoldaşları və dostları çıxış
edərək igid kəşfiyyatçı ilə
bağlı xatirələrini
söyləmişlər.
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı Mehriban Əhmədova unudulmaz qardaşı ilə bağlı keçirilən
tədbirlərdən və
onun əhəmiyyətindən
bəhs etmişdir. Riad Əhmədovun
məzunu olduğu
132-134 nömrəli Təhsil
Kompleksi barədə fikirlərini bildirən M.Əhmədova qeyd etmişdir ki, bu məktəb bizim üçün çox doğmadır.
Biz bu təhsil
müəssisəsində oxumuşuq.
Riad bu məktəbdə təhsil almışdır.
Təhsil Kompleksi təhsilimizə,
ölkəmizə çox
böyük töhfələr
vermişdir.
Riad Əhmədovun
Azərbaycanın ilk milli
qəhrəmanlarından olduğunu
xatırladan M.Əhmədova
bildirmişdir ki, igid kəşfiyyatçını
tanıyanlar onu “alovlu vətənpərvər”
adlandırırdılar. Riad kimi
vətənpərvərlərin həyat və döyüş yolları
gənclərə örnəkdir.
Azərbaycanın Milli Qəhrəmanı
Riad Əhmədovun həyat yoldaşı
Elmira Əhmədova demişdir:
“Bu gün bizim ailəmiz üçün
unudulmaz və əlamətdar bir gündür. Biz Vətənin
rifahı, ölkənin
müstəqilliyi, xalqın
xoşbəxtliyi naminə
canını qurban vermiş qəhrəmanlarımızı
xatırlayırıq. Hər qəhrəman və qəhrəmanlıq hadisələri
fərdidir, lakin onların hər birini böyük ruh yüksəkliyi, ədalətə cəhd,
Vətənə məhəbbət
duyğusu birləşdirir.
Belə yüksək keyfiyyətlər
insanda varsa, özünü sınaq məqamlarında göstərir.
Riadın həyatı - vicdan və şücaət, Vətənə təmənnasız
xidmət nümunəsidir. Vətənini şəxsi marağından
üstün tutan Riad Əhmədov gələcək nəsillərin
firavanlığı üçün
öz canından keçmişdir. Biz Azərbaycanın bugünkü
uğurlu inkişafını
görəndə düşünürük
ki, qəhrəmanlarımız
əbəs yerə canlarından keçməmişlər".
E.Əhmədova vurğulamışdır ki,
Riad Əhmədovun ömür yolu və qəhrəmanlığı
müstəqil Azərbaycanın
gənclərinə nümunə
və istiqamət olmalıdır. Onlar da Vətəni
və xalqı həmin qəhrəmanlarımız
kimi sevməlidirlər.
Keçmişimizin qəhrəmanlıq səhifələri Vətənimizin
yeni müdafiəçilər
nəslini ruhlandıran
ən mühüm amildir. İgid kəşfiyyatçının
həyat yoldaşı
Azərbaycanın Milli
Qəhrəmanı Riad
Əhmədovun xatirəsinin
əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını
bildirmişdir.
E.Əhmədova, həmçinin Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevaya xalqımızın milli mənəvi dəyərlərinin
qorunması istiqamətində
həyata keçirdiyi
layihələrə görə
minnətdarlığını ifadə etmişdir.
Sonra “Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin ekranlaşdırdığı “Qayıt Riad” bədii-sənədli filmi
nümayiş etdirilmişdir.
Xalq qəzeti.- 2014.- 26 yanvar.- S. 4.