Cənubi Qafqazda “dondurulmuş”
münaqişələr
Dünyada münaqişə ocaqları kifayət qədərdir. Xüsusilə dondurulmuş və hələ də nizamlanmamış münaqişələr mövcuddur. Məsələn, Balkan yarımadası, Yaxın Şərq regionu, Dnestryanı münaqişə, Kosovo, Rusiya və Yaponiya arasında hələ də mövcud olan Kuril adaları problemi, Hindistan və Pakistan arasında Kəşmir problemi, hətta bu siyahını Efiopiya və Eritreya arasında bu gün də mövcud olan sərhəd problemlərinə qədər uzatmaq olar. Qafqaz regionu da bu baxımdan siyasi düyün nöqtələrindən biri hesab olunur. Xüsusilə, Qafqazın cənubu etnik müxtəlifliyin daha çox yayıldığı areal olduğu üçün burada münaqişələrin də sayı kifayət qədərdir. Rusiya politoloqu Sergey Markedonov qeyd edir ki, sovet dönəminin sonu və postsovet tarixində “Qafqaz” və “münaqişə” anlayışları assosiasiyalaşdırılmış oldu. XX əsrin 80-cı illərinin sonlarından başlayaraq Qafqaz Avrasiya qitəsinin daha kəskin etno-siyasi münaqişələri və müharibələrinin baş verdiyi bir regionuna çevrilmişdir. Postsovet məkanındakı 8 silahlı etno-siyasi və mülki münaqişələrdən 6-sı Qafqaz regionunda baş vermişdir.
Bunlar Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsi, Gürcüstan-Osetiya və Gürcüstan-Abxaziya münaqişəsi, Gürcüstanda vətəndaş müharibəsi, Rusiya daxilində Osetiya-İnquşetiya və rus-çeçen münaqişələridir. Nəticədə, Qafqaz regionu postsovet məkanında separatist qurumların bir növ dayaq nöqtəsinə çevrilmişdir
Tarixə ekskurs etsək görərik ki, cənubi Qafqazda vəziyyətin bu qədər dramatik formaya keçməsinin səbəbləri var. Əvvəla, qeyd edək ki, Cənubi Qafqazda çar Rusiyasının dövlət maraqlarının olması və “parçala, hökm sür!” siyasətini həyata keçirməsi bu barədə dəqiq fikir yürütməyə əsas verir. Çünki Qafqaz xalqlarının döyüşkən ruhunu zəiflətmək üçün yalnız “parçala və hökm sür !” siyasəti işə yaraya bilərdi. Burada ən ideal variant “erməni məsələsi” idi. “Erməni məsələsi” dedikdə, təbii ki, ermənilərin məzlum və türklərin təzyiqinə məruz qalan millət olmalarını əsas gətirməklə onları Cənubi Qafqaza köçürmək və burada bir erməni dövlətinin yaradılmasına və Rusiya üçün ən vacib sosial bazanın formalaşmasına nail olmaq idi. Bir müddət sonra çar Rusiyasının qurduğu plan və ermənilərə göstərdiyi maddi və mənəvi dəstək öz bəhrəsini verdi.
1918-ci il aprelin 22-də Cənubi Qafqazda yeni idarəetmə qurumu- Zaqafqaziya Seymi yaradıldı. Azərbaycanlı, gürcü və erməni deputatlar paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan etdilər. Lakin Seymin ömrü qısa oldu və cəmi bir aydan sonra dağıldı. Belə ki, mayın 26-da Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirildi. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu əsas gətirərək, federasiyadan çıxdıqlarını elan etdilər. Azərbaycan heyəti buna etiraz etmədi və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul etdi. Federasiyanın belə qısa müddət mövcud olmasının əsas səbəbi o idi ki, ermənilərin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları var idi. Mayın 26-da Gürcüstan, iki gün sonra isə Azərbaycan və Ermənistan dövlət müstəqilliyini elan etdi.
Ermənistanın öz müstəqilliyini elan etməsi isə sırf Azərbaycan torpaqlarının hesabına baş tutdu. Çünki həmin vaxt ermənilərin özlərinə siyasi mərkəz olaraq seçdikləri Gümrü türk qoşunları tərəfindən tutulduğu üçün milli hökumətimiz İrəvanı ermənilərə müvəqqəti güzəştə getməyə məcbur oldu. Doğrudur, sonrakı hadisələr, xüsusilə Ermənistanın digər Azərbaycan ərazilərinə iddiaları göstərdi ki, bu addım cümhuriyyət hökumətinin böyük səhvi idi. Lakin bu güzəştdən başqa heç bir diplomatik çıxış yolu da qalmamışdı. Beləliklə, əraziləri və sərhədləri müəyyən olunmuş bu üç dövlət sovet hakimiyyəti tərkibinə qatıldıqdan sonra da problemlər nəinki səngimədi, əksinə, yeni münaqişə ocaqları yarandı. Ermənilərin iddiaları susmadı və nəticədə bolşeviklərin diktəsi ilə Zəngəzur, Dərələyəz, Göyçə mahalları və Qazax bölgəsinin bir sıra çoxsaylı kəndləri ermənilərə güzəştə gedildi. Yüz minlərlə azərbaycanlı tarixi torpaqlarından Azərbaycan SSR-in müxtəlif aran rayonlarına sürgün edildi. Bundan başqa, Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmaqla daha bir münaqişə ocağının əsası qoyuldu. Bu da öz növbəsində bu muxtar qurumun və ətrafındakı rayonların Azərbaycandan qoparılması məqsədini güdürdü. Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Acarıstan, eyni zamanda, Axıska türklərinin didərgin düşməsinə səbəb olan Mesxetiya problemi və digər siyasi düyün nöqtələri yarandı. Bütün bu siyasət öz növbəsində sovet hökuməti tərəfindən həssas region olan Qafqazı idarə etmək üçün yaradılan məxfi planların tərkib hissəsindən başqa bir şey deyildi. Nəticə isə “parçala, hökm sür!”siyasəti bu dəfə də uğurlu alındı. Bölgə, sanki həlli çətin olan münaqişələrin sınaq meydanına çevrildi.
Qarabağ münaqişəsi
1921-ci il iyulun 5-də Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu qərar qəbul etdi: “ Müsəlmanlar və ermənilər arasında sülhün, aşağı və yuxarı Qarabağ arasında iqtisadi əlaqələrin, Azərbaycanla davamlı münasibətlərin qorunub saxlanılması zərurəti əsas götürülərək, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın və ona geniş regional muxtariyyət verilsin”. 1923-cü il 7 iyun tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “İnzibati mərkəzi Xankəndi (1923-cü ilin sentyabrında şəhərin adı dəyişdirildi və bolşevik-daşnak lideri S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı) olmaqla, Dağlıq Qarabağda muxtar vilayətin yaradılması” haqqında fərmanı qəbul edildi. Bunun əvəzində Ermənistanda yığcam halda yaşayan üç yüz min azərbaycanlıya isə Sovet hökuməti və Ermənistan SSR tərəfindən hətta mədəni muxtariyyət belə verilmədi. 1987-ci il noyabrın 18-də Mixail Qorbaçovun köməkçisi, akademik A.Aqanbekyanın Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsinin məqsədəuyğunluğu barədə bəyanatı milli zəmində münaqişənin daha da alovlanmasında və kəskinləşməsində həlledici rol oynadı. Bundan sonra İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü. 1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220 mindən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı. Dekabrın 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Nəticədə böyük dövlətlərin Ermənistana hərbi cəhətdən dəstək verdikləri bu qeyri-bərabər müharibədə Azərbaycan torpaqlarının 20 faizi işğal edildi.
Ermənistanın işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmasına dair BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq nəticə hələ də yoxdur. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında öz üzərinə vasitəçilik missiyasını götürən beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistana lazımi təzyiq göstərib onu sülh danışıqlarında konstruktiv mövqe tutmağa məcbur etmir, onu özünütəyinetmə prinsipi ilə manipulyasiya etməməyə çağırmırlar. Problem ondadır ki, Qarabağ münaqişəsinin nizama salınmaması Qafqaz regionundakı digər analoji münaqişələrə mənfi təsir göstərir, çünki bu münaqişələrin əksəriyyəti millətlərarası və etniklərarası xarakter daşıyır.
Abxaziya münaqişəsi
Abxaziya Gürcüstanın şimal-qərbində yerləşən separatçı bölgədir. 1992-ci ildən etibarən gürcü-abxaz münaqişəsi nəticəsində Gürcüstanın nəzarətindən çıxmışdır. Abxaziya Rusiya, Nikaraqua, Venesuella, Nauru və Vanutu istisna olmaqla, bütün başqa dünya dövlətləri tərəfindən Gürcüstanın bir əyaləti kimi tanınır. Abxaziyanın və Cənubi Osetiyanın əraziləri hüquqi cəhətdən Gürcüstanın tərkibində olsa da, hökumət tərəfindən nəzarət edilmir. Bu bölgələr həmçinin ABŞ Prezidentinin Administrasiyası və Avropa Komissiyası tərəfindən Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirilir. Şimalda Rusiya ilə (Krasnodar vilayəti və Qaraçay-Çərkəz Respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın digər regionları olan Sameqrelo və Zemo Svaneti ilə həmsərhəddir. Münaqişə öz həllini tapmadığından hələ də Gürcüstan üçün ən böyük “baş ağrısı” olaraq qalır.
(ardı
var)
Anar TURAN
Xalq qəzeti.- 2014.-
26 yanvar.- S. 5.