Dünya Bankı Azərbaycan
iqtisadiyyatının dinamik inkişaf edəcəyini
proqnozlaşdırmışdır
Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası getdikcə sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu daha da artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.
Son illər dövlət proqramlarının uğurla həyata keçirilməsi, qanunvericiliyin müasir iqtisadi fəaliyyətə uyğunlaşdırılması ölkə iqtisadiyyatında inkişaf bumuna səbəb olmuşdur. Bu, sosial-iqtisadi göstəricilərdən də aydın görünür. Belə ki, ötən il ölkədə 57 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8 faiz olmuş, qeyri-neft sektoru üzrə isə 9,8 faiz artım əldə edilmişdir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 4,4 faiz artaraq 6,132 manata çatmışdır. Əhalinin rifah halının göstəricilərində də müsbət dinamika nəzərə çarpmışdır. 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olmuşdur.
Ötən müddət ərzində inflyasiya cəmi 2,4 faiz təşkil etmiş və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olmuşdur. 2013-cü ildə əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çatmış və 34 faiz artım əldə edilmişdir.
Azərbaycanın maliyyə
qüdrətinin güclənməsi qeyri-neft
sənayesinin dinamik inkişafını təmin
etmişdir. Ötən il
sosial-iqtisadi
sahələrin inkişafı üçün
bütün maliyyə mənbələrindən
əsas kapitala 14,6 milyard
manat həcmində vəsait yönəldilmiş,
9,7 milyard manatlıq tikinti-quraşdırma
işləri görülmüşdür.
Əsaslı vəsaitin
74,1 faizini və ya 10,8 milyard manatını daxili investisiyalar təşkil etmişdir. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə
əsas kapitala yönəldilmiş vəsaitin
məbləği 14,8 faiz,
o cümlədən tikinti-quraşdırma
işlərinin aparılmasına sərf edilmiş
vəsait 26,7 faiz artmışdır. Məhsul
istehsalı obyektlərinin
inşasının aparılmasına
investisiyanın 50,6 faizi, yaxud 7,4 milyard manat sərf
olunmuşdur.
Prezident
İlham Əliyevin iştirak
etdiyi, artıq öz işini başa çatdıran Davos Forumunda da bu
ölkəmizin sosial
- iqtisadi uğurları
barədə ətraflı
söhbət getmişdir.
Forum iştirakçıları
Azərbaycanda gedən
iqtisadi yüksəlişə
diqqət çəkmiş
və ölkəmizlə
əməkdaşlıqda maraqlı
olduqlarını bildirmişlər.
Bu tədbir Azərbaycanın beynəlxalq
iqtisadi nüfuzunun daha da artmasına
və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanlarının
yaranmasına səbəb
olmuşdur.
Dünya İqtisadi Forumu iştirakçılarının Azərbaycana xüsusi maraq göstərməsi həm də ölkəmizin dünya iqtisadi münasibətlərindəki yeri ilə bağlıdır. Məlumdur ki, Azərbaycan son illər dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkələrindən biri kimi tanınmış, iqtisadi gücünə görə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Ölkəmizin iqtisadiyyatı hazırda region iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri respublikamızın dünya iqtisadiyyatındakı yerini möhkəmləndirmişdir.
Ölkəmizin tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və imzalanan hüquqi sənədlər çərçivəsində qurması, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin yaradılması, mövcud sosial-iqtisadi sabitlik və digər amillər sayəsində respublikamızla əməkdaşlığa can atan dövlətlərin sayı ildən-ilə artır. Bu baxımdan dövlət və hökumət başçılarının, aparıcı beynəlxalq şirkətlərin rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı Dünya İqtisadi Forumunda iştirakı Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılmasında, ölkəmizin tutduğu inkişaf xəttinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunmasında mühüm əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev forum çərçivəsində keçirdiyi görüşlərdə bir daha vurğulamışdır ki, ölkəmiz özünün dünyaya açıq olduğunu daxildə həyata keçirdiyi iqtisadi islahatlarla, yerli və xarici investorlara yaradılan əlverişli biznes mühitilə, beynəlxalq miqyasda isə gerçəkləşdirdiyi nəhəng enerji layihələrilə sübuta yetirmişdir. Azərbaycan müsbət beynəlxalq imicə malik, nüfuzlu, hər bir məsələdə öz sözünü deyə bilən dövlətdir. Ölkəmiz həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, onları ən yüksək səviyyədə keçirməklə bu sahədə böyük təcrübə əldə etmiş, beynəlxalq ictimaiyyətin etibarını qazanmışdır. Digər tərəfdən, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz, eləcə də qonşu region olan Mərkəzi Asiya nəinki Avrasiya məkanında, bütövlükdə qlobal miqyasda siyasi, iqtisadi, humanitar, təhlükəsizlik və digər sferalarda beynəlxalq əməkdaşlığın, inteqrasiyanın gerçəkləşməsi baxımından olduqca mühüm strateji əhəmiyyətə malikdir. Bu region uzaq Şərqi Qərbi Avropa ilə birləşdirən mühüm tranzit olmaqla bərabər, özünün iqtisadi imkanlarına, davamlı inkişafına görə də ayrı-ayrı dövlətlərin və şirkətlərin diqqətini cəlb edir. Bütövlükdə, Azərbaycanın uğurlu beynəlxalq siyasi, iqtisadi əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının sabitliyinə və inkişafına töhfədir. Eyni zamanda, Azərbaycan üçün beynəlxalq tərəfdaşlarla münasibətlərdə bərabərhüquqluluq, qarşılıqlı hörmət prinsipləri böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev forum çərçivəsində keçirilən görüşdə demişdir:-“Bu gün biz nəqliyyat şəbəkəsinin yaradılması istiqamətində Mərkəzi Asiya dövlətləri ilə birgə çalışırıq. Biz, eyni zamanda, Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə Avropaya birləşdirəcək mühüm dəmir yolu layihəsi üzərində çalışırıq. Əslində bu, Çindən Böyük Britaniyaya qədər uzanan yeni “İpək Yolu”dur və ümid edirəm ki, artıq gələn il istifadəyə veriləcəkdir. Bunların hamısı regional əməkdaşlığın müsbət əlamətləridir.
... Region dövlətləri vaxtilə 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir. Məsələn, 22 il əvvəl özəl sektorun ümumi daxili məhsulumuzda payı sıfır faiz idisə, bu gün bu göstərici 85 faizə bərabərdir...”.
Prezident İlham Əliyev demişdir ki, biz bu gün diqqətimizi iqtisadiyyatımızın şaxələndirilməsinə yönəldirik. Ötən il qeyri-neft sektorunda ümumi daxili məhsulun artımı 10 faizə qədər olmuş və ümid edirəm ki, növbəti 10 il ərzində eyni inkişaf tempi təmin ediləcəkdir.
Onu da qeyd etməliyəm ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artmış və iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Davos İqtisadi Forumu Azərbaycanı dünyada 39-cu yerə layiq görmüşdür. Bu, əsasən islahatların və təbii sərvətlərimizin düzgün istifadə edilməsi, insan kapitalına və infrastruktura yenidən sərmayələrin qoyulması və biznes imkanlarının yaxşılaşdırılması sayəsində mümkün olmuşdur”.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı Dünya Bankı tərəfindən də yüksək qiymətləndirilir. Bir neçə gün bundan əvvəl iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ilə görüşündə də ölkəmizin son illər əldə etdiyi uğurlardan ətraflı danışılmış, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, indiyədək bank tərəfindən Azərbaycana 50 layihə çərçivəsində 3,2 milyard dollar kredit ayrılmışdır. Hazırda 17 layihənin icrası davam edir.
Dünya Bankı ilə “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi üzrə əlavə maliyyələşmə sazişinin imzalanması da mühüm əhəmiyyət daşıyır. 2014-2016-cı illəri əhatə edən bu layihə çərçivəsində Balaxanı poliqonunun tam reabilitasiyası, ölkə üzrə məişət tullantıları strategiyasının, habelə müvafiq tədbirlər planının hazırlanması nəzərdə tutulur. Ekoloji layihələrin davamı olaraq Bakı şəhərindəki göllərin vəziyyətinin yaxşılaşdırılması sahəsində əməkdaşlığa dair müzakirələrin aparılması da məqsədəuyğun hesab olunmuşdur.
Yaxın gələcəkdə Dünya Bankının Azərbaycanla sənaye parklarının fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciklərin yaxınlığında pilot sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlığı da nəzərdə tutulur.
Dünya Bankı yaxın üç ildə Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyini proqnozlaşdırmışdır. Qurumun mütəxəssisləri ölkəmizlə bağlı iqtisadi proqnozların müsbət olduğunu bildirmişlər. Mütəxəssislər MDB məkanında Azərbaycanın iqtisadiyyatında müsbət meyllərin olacağını vurğulamışlar. Onların gəldiyi qənaətə görə, iqtisadiyyatı Rusiyadan asılı olan bir sıra postsovet ölkələrində, xüsusilə Ermənistanda bu il də artım müşahidə olunmayacaqdır. Qeyd edək ki, BMT-nin iqtisadiyyat və sosial məsələlər üzrə departamentinin ekspertləri də Azərbaycan iqtisadiyyatının inkişaf tempinin artacağını proqnozlaşdırmışlar.
İqtisadi proqnozlara görə, bu il Azərbaycanın sosial-iqtisadi uğurları daha da artacaqdır. Belə ki, 2014-cü ildə Azərbaycanda real iqtisadi artım 5,2 faiz olmaqla ÜDM istehsalı bazar qiymətləri ilə 58,569 milyard manat təşkil edəcəyi gözlənilir. Bu proqnoz “Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı”nda ifadə edilmişdir. Proqnoza əsasən, bu il neft sektoru üzrə ÜDM 1,5 faiz azalacaq, qeyri-neft sektoru üzrə isə 10 faiz artacaqdır. Bildirilir ki, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61,5 faiz, özəl sektorun ÜDM-də payı isə 83,2 faiz səviyyəsində proqnozlaşdırılır. Bu il üçün əhalinin gəlirlərinin həcmi 42,277 milyard manat və ya 2013-cü ilin proqnozlarına nisbətən 6,4 faiz çox, əhalinin xərcləri 29,244 milyard manat (+5,7 faiz ), orta aylıq əmək haqqı 479,4 manat (+5,4 faiz), inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2014-cü ildə iqtisadiyyata 18,4 milyard manat və ya 2,9 faiz çox investisiyaların yönəldilməsi gözlənilir. Bu həcmin 9,7 milyard manatı və ya 52,7 faizi dövlət investisiyalarının payına düşür. Bundan əlavə, gələn il 30,7 milyard dollar həcmində mal ixracı və 11,5 milyard dollarlıq idxal gözlənilir. Ortamüddətli proqnozlara görə, 2015-ci ildə iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə 6 faiz səviyyəsində proqnozlaşdırılır. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım gözlənilir. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə 7,8 faiz səviyyəsində proqnozlaşdırılır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 1.